Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-92/2024 20.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər X4, X9 və Cavabdeh3, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X29 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil2, cavabdehlərin vəkili və nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər X4, X9 və Cavabdeh3 qarşı çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2(012)-99/2021 nömrəli qətnaməsindən cavabdehlər X16 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Abşeron Rayon İcra Hakimiyyəti başçısının 969 nömrəli, xx.xx.2011 tarixli sərəncamı ilə İddiaçı Xırdalan şəhəri ərazisində istifadəsində olan 0,03 ha torpaq sahəsində bir mərtəbəli fərdi yaşayış evinin tikilməsinə icazə verilmişdir. Vətəndaşa tapşırılmışdır ki, tikintisinə icazə verilmiş torpaq sahəsi üzərindəki mülkiyyət hüquqlarını aiddiyyatı təşkilatlarla həll etsin.
2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin **********51 nömrəli, xx.xx.2019 tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdən görünür ki, ərizəçi İddiaçı müraciətinə baxılmış və fərdi yaşayış evinin **********87 reyestr nömrəli dövlət reyestrindən çıxarışla başqa şəxslərə - Cavabdeh1, X16, Cavabdeh3 məxsus olan torpaq sahəsinin üzərində inşa edildiyi müəyyən edildiyindən ərizənin icrasından imtina edilmişdir.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən Abşeron rayonu, Xırdalan şəhərində 0.051 ha torpaq sahəsi Cavabdeh1, X16 və Cavabdeh3 ümumi birgə pay hüququ əsasında ********** qeydiyyat nömrəsi ilə xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 974 nömrəli reyestr kitabının 36 nömrəli vərəqində qeydiyyata alınmışdır.
Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdehlər X4, X9, Cavabdeh3, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı daşınmaz əmlak barəsində dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən və istifadəsində olan 0,03 ha torpaq sahəsi üzərində X10, X16 və Cavabdeh3 mülkiyyət hüquqlarını müəyyən edən **********87 nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, istifadəsində olan torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilməsi barədə Abşeron Rayon İcra Hakimiyyətinə müraciət edilmişdir. Abşeron Rayon İcra Hakimiyyəti başçısının 969 nömrəli, xx.xx.2011 tarixli sərəncamı ilə Xırdalan şəhəri ərazisində istifadəsində olan 0,03 ha torpaq sahəsində bir mərtəbəli fərdi yaşayış evinin tikilməsinə icazə verilmişdir. Adı çəkilən sərəncamda həmçinin göstərilmişdir ki, vətəndaş tikintisinə icazə verilmiş torpaq sahəsi üzərindəki mülkiyyət hüquqlarını aiddiyyatı təşkilatlarla həll etməlidir. Bundan sonra iddiaçı 29 may 2019-cu il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən fərdi yaşayış evi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin **********51 nömrəli, xx.xx.2019 tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişlə həmin ərizənin icrasından imtina edilmişdir. Ərizənin icrasının mümkün olmaması səbəblərindən biri kimi fərdi yaşayış evinin **********87 reyestr nömrəli dövlət reyestrindən çıxarışla başqa şəxslərə - X10, X16, Cavabdeh3 məxsus olan torpaq sahəsinin üzərində inşa edildiyi göstərilmişdir. Sözügedən torpaq sahəsi uzun müddətdir ki, iddiaçının mülkiyyətindədir. 1993-cü ildən etibarən həmin torpaq sahəsi üzərində atası tərəfindən tikilən fərdi yaşavış evində yaşayır. Adıçəkilən şəxslərin həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının hansı əsaslarla əmələ gəlməsi barədə məlumatı belə yoxdur. 30 ilə yaxındır ki, torpaq sahəsi iddiaçının istifadəsində olub, bu müddət ərzində hər hansı problemlə qarşılaşmamışdır. Mülkiyyətçilərin torpaq sahəsi ilə bağlı hər hansı tələbi mövcud olmayıb, indi isə cavabdehlər torpağa öz iddialarını irəli sürürlər. Bildirirlər ki, həmin torpaq sahəsi özəlləşdirmə dövründə müəssisənin əmək kollektivinə daxil olan işçilərindən biri kimi atalarına verilmişdir. Onların sözlərinə görə, ataları müəssisənin direktoru olmuşdur. Bu torpaq sahəsi isə ataları tərəfindən onlara bağışlanılmışdır. İddiaçı 1993-cü ildən orada yaşayır və özəlləşdirmə prosesi dövlət proqramı kimi ilk dəfə 1995-1998-ci illərdə həyata keçirilmişdir. Həmin müddət ərzində yaşadığı torpaq sahəsinin özəlləşdirilən torpaq olması ilə bağlı hər hansı hərəkət edilməmişdir. Torpaq sahəsinin cavabdehlərin adına daşınmaz əmlakın dövlət reyestrdən çıxarışın hansı əsaslarla əmələ gəlməsi sual altındadır. Abşeron Rayon İcra Hakimiyyəti başçısının sərəncamından da görünür ki, torpaq sahəsi üzərində fərdi yaşayış evi tikilməsinə icazə verilən zaman heç bir mülkiyyətçi orada yox idi. Hətta həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını aidiyyatı təşkilatlarla həll etməyi ilə bağlı sərəncamda göstəriş qeyd olunmamışdır. Abşeron Rayon İcra Hakimiyyəti başçısının sərəncamı təsdiq edir ki, iddiaçının həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqları var. İstifadəsində olduğu müddət ərzində torpaqdan istifadəyə görə vergilər və fərdi yaşayış evində yaşadığı müddət ərzində kommunal ödənişlər iddiaçı tərəfindən ödənilmişdir.
6. Abşeron Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2(012)-99/2021 nömrəli qətnaməsi ilə (hakim Habil Əhmədov) iddia təmin edilərək, İddiaçı istifadəsində olan Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən 0,03 ha torpaq sahəsi üzərində Cavabdeh1, X16 və Cavabdeh3 mülkiyyət hüquqlarını müəyyən edən **********87 nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi qət edilmişdir.
7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə baxışı zamanı ekspertiza təyin edilmiş və ekspertizanın rəyində X2, X7, Cavabdeh3 adına xx.xx.2018-ci il tarixdə **********87 reyestr nömrəli dövlət reyestr nömrəsi ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 974 nömrəli reyestr kitabının 36 nömrəli vərəqində qeydiyyata alınmış Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0,051 ha torpaq sahəsinin koordinatları əsasında coğrafi yerləşməsini yer səthi üzərində bildirən mərz nişanı və ya hasar olmadığına görə 0.051 ha torpaq sahəsinin naturada harada yerləşməsini təyin etmək mümkün olmamışdır. Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2011 tarixli, 969 nömrəli sərəncamına əsasən İddiaçı Xırdalan şəhəri ərazisində istifadəsində olan bir mərtəbəli fərdi yaşayış evinin tikintisinə icazə verilməsi nəzərdə tutulan 0,03 ha torpaq sahəsinin koordinatları X2, X7, Cavabdeh3 adına xx.xx.2018-ci il tarixdə **********87 reyestr nömrəli dövlət reyestr nömrəsi ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 974 nömrəli reyestr kitabının 36 nömrəli vərəqində qeydiyyata alınmış Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0,051 ha torpaq sahəsinin koordinatları daxilində 0,0258 ha hissəsi yerləşdiyi müəyyən olunmuşdur. Ekspert rəyindən göründüyü kimi cavabdehlərə məxsus 0,051 ha torpaq sahəsinin koordinatları daxilində iddiaçıya məxsus 0,03 ha torpaq sahəsinin 0,0258 ha hissəsinin yerləşdiyi müəyyən olunmuşdur.
8. Məhkəmə ekspert rəyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi ilə qiymətləndirib sübut kimi qəbul edərək qeyd etmişdir ki, cavabdehlərin mülkiyyət hüquqlarının qeydiyyatı aparılarkan həmin torpaq sahəsinin başqa şəxsin istifadə və sahibliyində olmaqla orada müafiq icra hakimiyyətinin sərəncamı ilə tikilmiş evin olması daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən nəzərə alınmamış və torpaq sahəsi qeydiyyata alınarkən həmin sahədə mübahisənin olmasına diqqət yetirilməmişdir.
9. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1, 2.3, 8.0.4, 139.1, 139.2, 149.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 78.1, 107, 119.1-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən cavabdehlər X16 və Cavabdeh3 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdirlər.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli torpaq sahəsi ünvan 1 ünvanında yerləşən təmir tikinti səyyar mexaniki dəstəyə məxsus olmuşdur və onun sahəsi 10439.8 kv.m təşkil edirdi. Daha sonra xx.xx.2002-ci il tarixində həmin sahə mərhum atası X15 və onunla ümumi birgə payçı olan X32 tərəfindən özəlləşdirilərək dəyəri tam ödənilmiş və mülkiyyət hüququ ümimi birgə pay hüququ əsasında onlara məxsus olmuşdur. Sonradan atası uzun müddət yataq xəstəsi olmuş və xx.xx.2011-ci il tarixində uzun sürən xəstəlikdən sonra dünyasını dəyişmişdir. Hazırki iş üzrə iddiaçı atasının yataq xəstəsi olmasından sui-istifadə edərək Abşeron Rayon İcra Hakimiyyəti başçısının 969 nömrəli, xx.xx.2011 tarixli sərəncamını onlara məlum olmayan əsaslarla əldə etmişdir. Bundan sonra X11 - X5 qızı qismində, X16 – X5 nəvəsi qismində və Cavabdeh3 – X5 qızı qismində vərəsəliyi qəbul etmişdirlər. Sonradan 2018-ci ildə paylı mülkiyyətdə olan digər payçı X33 ilə aralarında mübahisəli torpaq sahəsinə dair məhkəmə mübahisəsi olmuş və aşağıdakı şərtlərlə barışıq sazişi məhkəmə tərəfindən təsdiqlənmişdir: Tərəflər razılaşır ki, iddiaçı X33 öz iddia tələbindən tam imtina edir və Abşeron rayonu, Xırdalan qəsəbəsi, Z.Tağıyev 1 ünvanında yerləşən torpaq sahəsində bu sazişin 3 və 4-cü bəndlərində qeyd edilmiş şəkildə bölgü aparılır. Tərəflər razılaşır ki, Abşeron rayonu, Xırdalan qəsəbəsi, Z.Tağıyev 1 ünvanında yerləşən 0.0434 ha sahəsi çıxarış nömrə ******* (DƏDRX tərəfindən verilmiş bölgü eskizində 1 №-li sahə kimi qeyd edilmiş) və Abşeron rayonu, Xırdalan qəsəbəsi, Z.Tağıyev 1 ünvanında yerləşən 0.051 ha sahəsi olan çıxarış nömrə ******* (DƏDRX tərəfindən verilmiş bölgü eskizində 2 №-li sahə kimi qeyd edilmiş) cavabdehlər Cavabdeh3, X16 və Cavabdeh1 natura şəkilində ayrılaraq mülkiyyətinə verilir. Tərəflər razılaşır ki, Abşeron rayonu, Xırdalan qəsəbəsi, Z.Tağıyev 1 ünvanında yerləşən 0.0437 ha torpaq sahəsi çıxarış nömrə ******* (DƏDRX tərəfindən verilmiş bölgü eskizində 4 №-li sahə kimi qeyd edilmiş) və Abşeron rayonu, Xırdalan qəsəbəsi, Z.Tağıyev 1 ünvanında yerləşən 0.0737 ha torpaq sahəsi çıxarış nömrə ******* (DƏDRX tərəfindən verilmiş bölgü eskizində 3 №-li sahə kimi qeyd edilmiş) iddiaçı X24 natura şəklində ayrılaraq mülkiyyətinə verilir. Bundan sonra sazişin icrası olaraq mübahisəli torpaq sahəsi Cavabdeh3, X16 və Cavabdeh1 ümimi birgə paylı mülkiyyətinə keçmişdir. Qeyd edilməlidir ki, mübahisləli torpaq sahəsi daima onların mülkiyyətində olmuşdur, belə olan halda heç bir icra hakimiyyəti həmin torpaq sahəsinə dair hər hansı sərəncam vermək hüququna malik ola bilməzdi. İşə baxılarkən onların iştirakı təmin edilməmiş, qətnamənin surəti onlara təqdim edilməmiş, iş barəsində məlumatı iddiaçı X17 digər işdə cavabdeh qismində çıxış edərək məlumat verdiyində onlara bəlli olmuşdur. Məhkəmə işə baxarkən onların iştirakını təmin etməməsi ciddi pozuntu olmaqla yanaşı ədalətli araşdırma prinsipi ilə bir araya sığmır. İcra hakimiyyəti başçısının yalnız dövlət mülkiyyətində olan torpaq sahələrinə münasibətdə onların üzərində sərəncam vermək hüququ müəyyən edilmişdir, lakin hal-hazırda məhkəmə mübahisə edilən torpaq sahəsinin mülkiyyətçisini müəyyən etmədən onu sahibsiz torpaq sahəsi kimi hesab edərək, icra hakimiyyətinin başçısının sərəncamının hüquqi qüvvəsini üstün hesab etmişdir. Məhkəmə işin bütün hallarını araşdırmamış, cavabdehlərin torpaq üzərində mülkiyyət hüququnun yaranmasının hüquqi əsaslarını müəyyən etməmişdir. Baxmayaraq ki, məhkəmə tikintitexniki ekspertiza təyin etmiş, lakin əsas tələb olunan halları araşdırmamışdır. Məhkəmə DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsinə sadə formada belə sorğu verməmiş, cavabdehlərin torpaq üzərində mülkiyyət hüququnun yaranmasının əsaslarını, tarixini və torpaq sahəsinin statusunu müəyyən etməyərək qətnamə qəbul etmişdir. İddiaçı öz iddia ərizəsində 29 may 2019-cu il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etməsini, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin **********51 nömrəli, xx.xx.2019 tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişlə həmin ərizənin icrasından imtina edilməsini, ərizənin icrasının mümkün olmaması səbəblərindən biri kimi fərdi yaşayış evinin **********87 reyestr nömrəli dövlət reyestrindən çıxarışla başqa şəxslərə - X11, X16, Cavabdeh3 məxsus olan torpaq sahəsinin üzərində inşa edilməsini qeyd etməsinə baxmayaraq bu hallar məhkəmədə sual doğurmamışdır. Məhkəmə bu hallara lazımı hüquqi qiymət verməmiş, onların xüsusi mülkiyyətinə heç bir aidiyyatı olmayan icra başçısının sərəncamı əsasında mülkiyyət hüququnun itirilməsinə gətirmiş qətnamə qəbul etmişdir. Bundan başqa iddiaçı öz iddia ərizəsində belə torpaq sahəsinin cavabdehlərin adına daşınmaz əmlakın dövlət reyestrdən çıxarışın hansı əsaslarla əmələ gəlməsi sual altında olmasını qeyd etməsinə baxmayaraq məhkəmə bu halları araşdırmamışdır. Daha sonra iddia ərizəsində qeyd edilir ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının sərəncamından da görünür ki, torpaq sahəsi üzərində fərdi yaşayış evi tikilməsinə icazə verilən zaman heç bir mülkiyyətçi orada yox idi. Bütün bunlara baxmayaraq məhkəmə işin tam obyektiv araşdırmasına dair heç bir hərəkət etməmiş, sadəcə iddiaçının mövqeyindən çıxış edərək iddianı təmin etmişdir. Məhkəmə sübutları qiymətləndirərkən yerli icra hakimiyyətinin başçısı tərəfindən verilmiş sərəncam əsasında vətəndaşın mülkiyyət hüquqununun ləğv edilməsi özü-özlüyündə mümkünsüzdür. Belə ki, hətta fərz etsələr ki, sərəncam qanuni və əsaslı qəbul edilmişdirsə, o zaman həmin sərəncam əsasında şəxsin yalnız istifadə hüququ ehtiva oluna bilər, belə olan halda cavabdehlərin mülkiyyət hüquqnun ləğv edilməsi hüququ mütənasibliyi pozmuş olur. Barəsində şikayət verilən qətnamə artıq icra edilmişdir. Buna dair xx.xx.2021-ci il tarixli **********90 saylı Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən göndərilmiş məktub var, həmin məktuba əsasən Abşeron Rayon Məhkəməsinin 2(012)- 99/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi icra edilmiş və X12, X16 və Cavabdeh3 mülkiyyət hüquqlarını müəyyən edən **********87 nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış ləğv edilmişdir. İşin hallarından göründüyü kimi, qətnamə əsassız olmaqla yanaşı həm də qanunsuzdur, belə qətnamə ləğv edilməli və icrada dönüş olmalıdır ki, cavabdehləri pozulmuş mülkiyyət hüquqları bərpa edilmiş olsun.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlərin vəkili və nümayəndəsi Nümayəndən apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
14. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş iddiaçının vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
15. Məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası:
16. Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.
17. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. (...)
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
18. Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
19. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. (...)
20. Maddə 157. Mülkiyyətin müdafiəsi (...) 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər/ (...) 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
21. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
22. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
23. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
24. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
25. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. (...)
26. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
27. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...) Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
28. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətinin dəlillərinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir.
30. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən verilmiş dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında xx.xx.1998-ci il tarixli, 010610 nömrəli şəhadətnamənin surətindən görünür ki, Abşeron rayonu, Xırdalan qəsəbəsi, H.Z.Tağıyev küçəsi, ev 1-də yerləşən İxtisaslaşdırılmış Təsərrüfatlarası Təmir-Tikinti Səyyar mexaniki dəstənin əmlakını X15, X32, X8, X18, X25, X13, X6 almışdırlar.
31. Müəssisənin alqı-satqısına dair xx.xx.1998-ci il tarixli müqavilə alıcı qismində əmək kollektivi tərəfindən vəkil edilmiş X15 ilə bağlanmışdır.
32. Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satqısına dair 178 nömrəli, xx.xx.2002-ci il tarixli müqavilənin surətindən görünür ki, X15 və X32 xx.xx.1998-ci il tarixli, 10610 saylı “Mülkiyyət hüququ haqqında” şəhadətnamə əsasında özəlləşdirilmiş ünvan 3 ünvanında “İxtisaslaşdırılmış təsərrüfatlarası təmir tikinti səyyar mexaniki dəstə”nin yerləşdiyi torpaq sahəsinin tikinti və infrastuktura altında yerləşən hissəsini (10439,8 m2) satın almışdırlar.
33. Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahələri üzərində mülkiyyət hüququnu təsdiq edən xx.xx.2002-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, X15 və X32 həmin torpaq sahəsini özəlləşdirmişdirlər.
34. İşə əlavə edilmiş Dövlət Notariat Arxivi tərəfindən təqdim edilmiş alqı-satqı müqavilələrinin surətlərindən (səh.15-56) görünür ki, X15 və X14 aldıqları 10439,8 m2 torpaq sahəsini müxtəlif hissələr şəklində müxtəlif şəxslərə satmışdırlar.
35. C.Hüseynov xx.xx.2011-ci il tarixdə vəfat etmiş və torpaq sahəsindən miras qoyana məxsus pay üzərində onun vərəsələri Cavabdeh1, X7 və Cavabdeh3 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
36. Birinci instansiya məhkəməsi işin qeyd edilən hallarını araşdırmamış və qeyd etmişdir ki, cavabdehlərə ümumi birgə mülkiyyət hüquq əsasında verilmiş çıxarışdan görünür ki, həmin çıxarış onlara xx.xx.2018-ci il tarixində verilmişdir. Çıxarışın tarixindən məlum olduğu kimi iddiaçı cavabdehlərdən uzun illər əvvəl torpaq sahəsindən istifadə etmiş, həmin torpaq sahəsini və üzərindəki evi 2019-cu il tarixində özəlləşdirmək istəyərkən çıxarışla cavabdehlərə məxsus olan torpaq sahəsi iddiaçının istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşdüyündən mülkiyyət qeydiyyatının aparılmasından imtina edilmişdir.
37. Məhkəmə çıxarışın 2018-ci ildə verildiyini qeyd etsə də, müvafiq araşdırma aparmamış və mübahisəli torpaq sahəsinin 2002-ci ildən özəlləşdirildiyini nəzərə almamışdır.
38. İddiaçı bildirmişdir ki, onun atası da torpaq sahəsini X1 almışdır, lakin təqdim edilən alqı-satqı müqavilələrindən görünür ki, iddiaçının atası ilə C.Hüseynov arasında hər hansı alqı-satqı müqaviləsi bağlanmamışdır.
39. Abşeron Rayon İcra Hakimiyyəti başçısının 969 nömrəli, xx.xx.2011 tarixli sərəncamı ilə İddiaçı Xırdalan şəhəri ərazisində istifadəsində olan 0,03 ha torpaq sahəsində bir mərtəbəli fərdi yaşayış evinin tikilməsinə icazə verilmişdir.
40. İş materiallarından görünür ki, iddiaçının mübahisəli torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən hər hansı hüquqmüəyyənedici sənədi yoxdur. İddiaçının istinad etdiyi sərəncam torpaq sahəsinə dair deyil, onun üzərində yerləşən fərdi yaşayış evinə dair verilmişdir.
41. Digər tərəfdən, cavabdehlər Cavabdeh1, X16 və Cavabdeh3 mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsinə əsas olan sənədlər qüvvədədir, həmin sənədlər hər hansı şəxs və orqan, o cümlədən iddiaçı tərəfindən mübahisələndirilməmiş və ləğv edilməmişdir. İddiaçının inşa etdiyi tikilinin cavabdehlərin mülkiyyətində olan mübahisəli torpaq sahəsində tikilməsi halı isə onları torpaq sahəsi üzərində mülkiyyət hüququndan məhrum etmir.
42. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.
44. Göstərilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni işin hallarına uyğun hesab etmir və qeyd edir ki, mülkiyyət toxunulmaz olduğundan və dövlət tərəfindən müdafiə edildiyindən, mübahisəli torpaq sahəsinə dair iddiaçının hər hansı hüququnun olmasını təsdiq edən sənəd olmadığından, mövcud iddia tələbi əsassızdır və təmin edilməməlidir.
45. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
46. Həmin Məcəllənin 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinə görə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
47. Beləliklə, məhkəmə kollegiyası işin araşdırılmış hallarına və iş üzrə tədqiq edilmiş sübutlara əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2(012)-99/2021 nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməməlidir.
48. İş materiallarına birinci instansiya məhkəməsinin qətnaməsinin icra edilməsi barədə sənəd əlavə olmadığından məhkəmə kollegiyası həmçinin qeyd edir ki, icrada dönüş məsələsinə MPM-in 236-1.3-cü maddəsinə əsasən sonradan baxılması mümkündür.
49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2(012)-99/2021 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, X9 və Cavabdeh3 qarşı Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən və istifadəsində olan 0,03 ha torpaq sahəsi üzərində Cavabdeh1, X16 və Cavabdeh3 mülkiyyət hüquqlarını müəyyən edən **********87 nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.