Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-920/2025 19.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi İddiaçı “şəxsin müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi” barədə ərizəsinə dair iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X7 və X1 ibarət tərkibdə, X8 qızının katibliyi ilə, Ərizəçi İddiaçı “şəxsin müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi” barədə ərizəsinə dair Şamaxı Rayon Məhkəməsinin 06 may 2025-ci il tarixli, e-2(074)-982/2025 saylı qərardadından ərizəçi İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsindəki icraat
1. Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, X4 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. Şamaxı Rayon Məhkəməsinin 06 may 2025-ci il tarixli, e-2(074)-982/2025 saylı qərardadı ilə (hakim Natiq İsmayılov) ərizəçi İddiaçı “şəxsin müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi” barədə ərizəsinin məhkəmənin icraatına qəbul olunmasından imtina edilməsi və İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə ödənilmiş (mədaxil qəbz nömrəsi ********** olan) 100 manat rüsumun İddiaçı qaytarılması qərara alınmışdır.
3. Həmin qərardaddan ərizəçi İddiaçı şikayət verərək, Şamaxı Rayon Məhkəməsinin 06 may 2025-ci il tarixli, e-2(074)-982/2025 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir.
4. Şamaxı Rayon Məhkəməsinin 19 may 2025-ci il tarixli, e-2(074)-982/2025 saylı qərardadı ilə (hakim Natiq İsmayılov) şikayət təmin edilməmiş, şikayətin işlə birlikdə baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Şikayətin və ona qarşı etirazın dəlilləri
a) Şikayətin dəlilləri
5. Şikayət onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə məsələnin inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğu qənaətinə mövcüd qanunvericiliyin normaları səhv təfsiri nəticəsində gəlmişdir. Ölüm şəhadətnaməsi almaq üçün Şamaxı regional “ASAN xidmət” X6 müraciət edilmiş, lakin şöbənin 3-16-5\8-15-308\25 saylı xx.xx.2025-ci il tarixli cavab məktubu ilə şəxsin ölümünü təsdiq edən sənədin olmaması səbəbi ilə imtina olunmuşdur. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Hesab edir ki, ölümün qeyd edilməsi faktının müəyyən edilməsi inzibati qaydada mümkün olmadığı üçün (qeydiyyat şöbəsinin verdiyi imtina məktubu bunu təsdiq edir) məhkəmə qaydasında həll edilməlidir. Hal hazırda ərizəçi vərəsəlik, sosial təminat və s. mühüm hüquqlardan istifadə edə bilmir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, buraxılmış səhvlərin düzəldilməsinə dair qanunvericiliyin normalarına istinad etmişdir ki, hesab edir ki, hazırkı işdə hər hansı səhvin düzəldilməsindən söhbət getmir. Hazırki işdə tələb ölümün qeydə alınması faktının müəyyən edilməsidir ki, bu da mülki məhkəmə icraatı qaydasında həyata keçirilir. İnzibati orqana qanunvericilik itirilmiş qeydlərin bərpası səlahiyyətini versə də, bəzi hallarda bu cür qeydlərin bərpası üçün daha ətraflı, daha geniş araşdırılma tələb olunur və inzibati orqan tərəfindən bu cür geniş araşdırmanın aparılmasının mümkün olmadığını nəzərə alaraq qanunverici inzibati orqan tərəfindən akt qeydinin bərpası mümkün olmadığı təqdirdə bu vəzifəni mülki məhkəmələrin üzərinə qoymuşdur. İnzibati icraat qaydasında məhkəmə tərəfindən inzibati orqanın üzərinə öhdəliyin icrası vəzifəsi qoyulur ki, hazırkı iş üzrə inzibati orqanın müraciət edən vətəndaş qarşısında belə bir öhdəliyi qanunvericilikdə nəzərdə tutulmamışdır. Bəli əgər söhbət akt qeydində nömrələrin və başqa məlumatların səhv olmasından və onların düzəldilməsindən getmiş olsaydı, bu halda həmin səhvin aradan qaldırılması inzibati orqanın üzərinə düşərdi və inzibati orqanın müvafiq hərəkətləri (hərəkətsizliyini) inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilməsi mümkün olardı. Lakin hazırkı işin mahiyyəti hər hansı səhvin aradan qaldırılması ilə əlaqəli olmadığından ölümün qeydə alınması faktının müəyyən edilməsi mülki məhkəmənin üzərinə düşür.
b) Şikayətə qarşı etirazın dəlilləri
6. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
7. Maddə 153. İddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina 153.1. Məhkəməyə daxil olan ərizə hökmən daxil olduğu gün qeydiyyatdan keçməlidir. 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; (...)
8. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
9. Maddə 310. Ərizənin məzmunu və ərizəyə baxılması 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. (...)
10. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
11. Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək (...)
12. Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.
13. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 nömrəli Qərarı 1.2. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.3. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. 1.4. Lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 1.7. Hakim hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəni qəbul edərkən bu faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olub-olmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mövcudluğunu yoxlamalı, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu aydınlaşdırmalı, lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü, həmçinin müəyyənləşdirilməsi xahiş edilən faktı təsdiq edən sübutların təqdim olunmasını ərizəçiyə təklif etməli, hazırlıq mərhələsində hakim işə baxılmasında maraqlı olan şəxsləri və müvafiq orqanları müəyyən etməli, onların və ərizəçinin məhkəmə iclasında iştirakını təmin etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxslər qismində hüquqlarına aid məsələ həll edilən fiziki və hüquqi şəxslər və ya qətnamənin qanuni qüvvəyə minməsi ilə müvafiq hərəkətləri yerinə yetirmək vəzifəsi yaranan fiziki və hüquqi şəxslər cəlb edilirlər. 9.1. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patolojianatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər.
14. İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydalarının “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası: 4.1. “Ölüm haqqında tibbi şəhadətnamə’' (bundan sonra “şəhadətnamə”) mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. 4.2. Ölüm hadisəsi yaşayış yerində (kənd və qəsəbə istisna olmaqla) baş veribsə Təcili və X3 Stansiyasının (TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyətini təsdiq edən sənəd əsasında “Xəbərdarlıq vərəqəsi”ni bu qaydanın 4.1-ci bəndində qeyd olunan tibb müəssisələrinə təqdim etmək üçün doldurur (2 nömrəli əlavə) və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq orqanına (bundan sonra “hüquq-mühafizə orqanı”) məlumat verir. Ölüm hadisəsi rayonun (şəhərin rayonu istisna olmaqla) kənd (qəsəbə) yerində baş veribsə, kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri ölüm hadisəsini təsdiq edir və hadisə barədə hüquq-mühafizə orqanına məlumat verir. Zorakı ölümə şübhə olduğu hallarda, həmçinin ölüm hadisəsi qeyri yaşayış sahələri və ümumi istifadədə olan ərazilərdə baş veribsə, TTTYS-in həkimi və ya kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri hüquqmühafizə orqanlarının nümayəndəsi gələnə qədər meyitin yanında gözləməlidir. 4.3. Ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. (...) 4.7. Şəhadətnamədə bilavasitə ölümə səbəb olmuş xəstəlik, travma və ya digər hallar və ölümün baş verməsinə təsir etmiş, lakin onun birbaşa səbəbi olmamış digər vacib hallar da ardıcıllıqla qeyd olunmalıdır. Ölümün səbəbi “Xəstəliklərin və Sağlamlıqla Bağlı Problemlərin X2 (XBT-10)” üzrə kodlaşdırılmalıdır. 4.8. Şəhadətnamə həkim və ya feldşer tərəfindən “Ölüm haqqında tibbi şəhadətnamə” elektron registri vasitəsilə doldurulur, məlumatı dolduran şəxs və tibb müəssisəsinin rəhbəri tərəfindən elektron imza ilə imzalanır. Şəhadətnamənin verilməsi üçün müraciət edən şəxs vəfat edənin və özünün şəxsiyyətini və qohumluq əlaqəsini təsdiq edən sənədləri tibb müəssisəsinə təqdim etməlidir. Tibb müəssisəsi tərəfindən qeyd edilən sənədlər yoxlanıldıqdan sonra vəfat edənin müraciət etmiş ailə üzvü və ya qohumu şəhadətnaməni elektron xidmət vasitəsilə əldə edə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
15. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
16. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, şikayətin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
18. Ailə Məcəlləsinin 194.1-ci maddəsinə əsasən, ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə həmin gün informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür.
19. MPM-in 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
20. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” Publik hüquqi şəxs “Respublika Təcili və X3 Mərkəzi” publik hüquqi şəxsin 21 aprel 2025-ci il tarixli, 18-1-88/2-X-42-165/2025 saylı məktubunun surətindən görünür ki, xx.xx.2025-ci il tarixində saat 10:52-də “Respublika Təcili və X3 Mərkəzi” publik hüquqi şəxsin Mərkəzi Çağrı Xidmətinə (103) Nəsimi rayonu, “StarLab” Tibb Mərkəzinin yanı ünvanından naməlum kişinin adına “qıcolma” səbəbi ilə çağırış daxil olmuşdur. Çağırışı Nəsimi TTTYS bölməsinin həkimi Sevinc Səfərova icra edərək, ünvanda Vüqar adlı şəxsə (ətrafdakıların demələrinə görə) (təxminən 50-55 yaş) məxsus meyit ilə rastlaşmış “Həkimə qədər ölüm. Kişi cinsli meyit” diaqnozu qoymuşdur. Meyit 19-cu polis bölməsinin baş leytenantı Emin Novruzova təhvil verilmiş və hadisə barədə 19-cu polis bölməsinin kapitanı Muradov məlumatlandırılmışdır.
21. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarın surətindən görünür ki, toplanmış 25-3-2-2/315-0303 (54-C-25) nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilməsi və qərarın surəti məlumat vermiş şəxsə göndərilməklə, qərardan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora, yaxud məhkəməyə şikayət vermək hüququnun izah edilməsi qərara alınmışdır.
22. Göründüyü kimi ərizədən və ona əlavə edilmiş sənədlərdən belə aydın olur ki, mərhum iş yerində vəfat etmiş, bu barədə “Respublika Təcili və X3 Mərkəzi” publik hüquqi şəxsin Mərkəzi Çağrı Xidmətinə, o cümlədən polisə məlumat verilmiş və müvafiq araşdırmalar aparılmışdır.
23. Birinci instansiya məhkəməsi qərardadda göstərmişdir ki, “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda ölümün baş vermə səbəbi məlum olan və olmayan digər hallarda tibbi şəhadətnamənin hansı orqanlar tərəfindən verildiyi müəyyən edildiyindən hazırki ərizəyə məhkəmədə baxılmalı deyildir. Belə olan halda məhkəmə hesab edir ki, ərizəçi tibbi şəhadətnamənin verilməsi üçün müvafiq tibb müəssisəsinə müraciət etməli, tibbi şəhadətnamənin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etməlidir.
24. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 nömrəli Qərarında qeyd edilmişdir ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər.
25. Göstərilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir və qeyd edir ki, şikayətin dəlilləri iş üzrə birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas olmadığından, şikayət təmin olunmamalı, Şamaxı Rayon Məhkəməsinin 06 may 2025-ci il tarixli, e-2(074)-982/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı:
Şikayət təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin 06 may 2025-ci il tarixli, e-2(074)-982/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.