Məhkəmə qərarları › İş №e-2(012)-4538/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4538/2025

16.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4538/2025 16.09.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Abşeron Rayon Qeydiyyat Şöbəsi) şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1961-ci il təvəllüdlü anası X1 xx.xx.2025-ci il tarixdə ünvan 1 ünvanda vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin mərhum anası xx.xx.1961-ci il təvəllüdlü X5 xx.xx.2025-ci il tarixdə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində vəfat etmişdir. Mərhumun vəfat etməsi ilə bağlı X11 Stansiyasına məlumat verilmişdir. Bakı şəhəri Təcili və X4 Stansiyasının 02 saylı bölməsinin X11 briqadasından gəlib qeydiyyat apararaq xx.xx.2025-cü tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir. Ərizəçi ölüm haqqında şəhadətnamə almaq üçün xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ “Abşeron rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi Şəxsə rəsmi ərizə ilə müraciət etsə də, xx.xx.2025-ci il tarixli, 18-1-20/2-E- 24xx-xx-2516/2025 saylı müraciətə əsasən səbəb olaraq göstərilmişdir ki, X1 ölümünün baş vermə səbəbi məlum olmadığına görə onun adına ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Dəfn üçün birdəfəlik müavinətin alınması üçün ölüm haqqında şəhadətnamə lazım olduğundan həmin müavinəti ala bilmir. Bu barədə xx.xx.2025-ci il tarixdə Abşeron rayon Qeydiyyat Şöbəsinə müraciəti əsasında cavab olaraq bildirmişlər ki, X1 adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ərizəçiyə mərhum anası X2 məxsus ölüm haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır. Mərhum anası X1 ölüm haqqında şəhadətnaməsi ərizəçiyə dəfnə görə verilən müavinətin alınmasına və zəruri sənədlərin əldə edilməsinə görə lazımdır. Ərizəçinin cəhd etməyinə baxmayaraq, anasının ölümü haqqında şəhadətnaməsini əldə edə bilməmiş, nəticədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, göstərilənlərə əsasən ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, vəfat edən şəxs onun anasıdır. Məmmədli kəndində rəhmətə getmiş və orada da dəfn olunmuşdur. Mаrаqlı şəхs Abşeron Rayon Qeydiyyat Şöbəsi məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə mülki işə mаrаqlı şəхsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -AA******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1985-ci il tarixdə anadan olmuşdur. -AA6696077 seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1961-ci il tarixdə anadan olmuşdur. -Azərbaycan SSR Abşeron rayon Məhəmmədi kənd icraiyyə komitəsi tərəfindən verilmiş xx.xx.1985-ci il tarixli, Xİ ЖГ 340137 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1985-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 47 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X6, anası X3r. -RTTTYM Sabunçu TTTYS 2 saylı bölməsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıq vərəqəsindən görünür ki, X5 xx.xx.2025-ci il, saat 08:46-da ünvan 1 ünvanda vəfat etmişdir. Ölümün ilkin səbəbi həkimə qədər ölümdür. -Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “Abşeron Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən ölüm haqqında şəhadətnamənin verilməsinə dair müraciətlə bağlı Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli, 18-1-20/2-E-24xx-xx-2516/2025 saylı cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın təsdiq edilməsi barədə 05 nömrəli qərarının 4.3-cü bəndinə əsasən “ölüm haqqında tibbi şəhadətnamə” ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. X1 ölümünün baş vermə səbəbi məlum olmadığına görə onun adından “ölüm haqqında tibbi şəhadətnamə” tərəflərindən verilmir. -Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Abşeron Rаyоn Qеydiyyаt Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-16-5/8-15-1941/2025 saylı cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ərizəçi ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınmasının imkan xaricində olduğu bildirilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, ərizəçi onun bacısı, mərhum isə anasıdır. Mərhum şəkər xəstəsi idi, tibbi yardım çağırsalar da, gec gəlmiş, xx.xx.2025-ci il tarixdə artıq anası vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, ərizəçi onun qonşusudur. Mərhumun təzyiq problemi olmuş, xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, X5 ərizəçinin anası olmuş, xx.xx.2025-ci il tarixdə ünvan 1 ünvanda yaşadığı evdə ölmüşdür. X1 ölüm faktı ərizəçinin izahatı və şahidlərin ifadəsi ilə, həmçinin məhkəməyə təqdim edilmiş sənədlərlə təsdiq olunur. Göründüyü kimi, şahid ifadələrində X1 xx.xx.2025-ci il tarixdə ünvan 1 ünvanda vəfat etməsi təsdiq edilmişdir. Hazırda müvafiq həkim arayışı olmadığına görə, ərizəçi anasının ölümü haqqında şəhadətnaməni ala bilmir. İşin məhkəmə iclasında araşdırılan halları, tədqiq olunmuş sənədlər və şahid ifadələri ilə tamamilə sübuta yetirilmişdir ki, həqiqətən, ərizəçinin anası X5 xx.xx.2025-ci il tarixdə ünvan 1 ünvanda ölmüşdür. Mülki Prosessual Məcəllənin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göründüyü kimi, ərizəçi mərhumun ölümünü qeyd etdirə və bu haqda şəhadətnaməni başqa qaydada ala bilmədiyindən bununla bağlı məhkəməyə müraciət etmişdir. Ölümün qeyd edilməsi ərizəçiyə dəfnə görə verilən müavinətin alınması və müvafiq sənədlərin hazırlanması üçün lazımdır. Məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin mülkiyyət hüququnun müəyyən edilməsi üçün hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası 12 aprel 2019-cu il tarixli qərarının 9.4-cü bəndinə əsasən şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1961-ci il təvəllüdlü X1 xx.xx.2025-ci il tarixdə ünvan 1 ünvanda ölməsi faktı müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1961-ci il təvəllüdlü X1 xx.xx.2025-ci il tarixdə ünvan 1 ünvanda ölməsi faktı müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar