Məhkəmə qərarları › İş №2(105)-924/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-924/2021

22.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-924/2021 22.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Ağayeva Elnarə Nəriman qızının katibliyi, İddiaçı Georgiyeviçin, tərcüməçi X7 iştirakı ilə, İddiaçı Georgiyeviçin cavabdehlər Xaçmaz rayon 1 saylı Notariat Ofisinə, X8 və X4rşı notariat əməliyyatının, vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, alqı-satqı müqaviləsinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli, 2(067)-1946/2020 saylı qətnaməsindən cavabdeh X11 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Xaçmaz Rayon Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim İ.Xəlilov) iddianın təmin edilməsi, Xaçmaz rayon 1 saylı Notariat Ofisi tərəfindən aparılmış 14.11.2019-cu il tarixli, 2V-1232 reyestr saylı notariat əməliyyatı, 14.11.2019-cu il tarixli, 2V-1232 reyestr saylı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, 17.06.2020-ci il tarixdə X11 və X12 arasında bağlanmış alqı-satqı müqaviləsi və X5 adına ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** saylı 02.07.2020-ci il tarixli çıxarış etibarsız hesab edilməsi qət edilmişdir. Cavabdeh X11 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, mərhum X2 miras qalmış Xaçmaz şəhəri, X18 küçəsi, ev 9 a ünvanında yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 0,038 ha torpaq sahəsinə münasibətdə Xaçmaz rayon 1 saylı Notariat Ofisi tərəfindən aparılmış 14.11.2019-cu il tarixli, 2V-1232 reyestr saylı notariat əməliyyatının düzgün hesab edilməməsi və X6 adına miras qalmış əmlaka mülkiyyət hüquqların qeydiyyatı haqqında çıxarışın etibarsız sayılması və onların yaratdığı hüquqi nəticələrin ləğv ediməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, atası X3 anası X10 1947-ci il tarixdə ailə həyatı qurmuşlar. Onların birgə nikahlarından o, xx.xx.1948-ci ildə anadan olmuşdur. Anası vəfat edəndən sonra atası ikinci dəfə ailə qurmuşdur. İkinci nikahdan 1979-cu ildə ögey bacısı X12 anadan olmuşdur. Anası 1970-ci ilin mart ayında, atası isə 2011-ci ildə vafat etmişdir. Atası vəfat etməmişdən əvvəl qızı Marinaya, yəni ögey bacısına vəsiyyətnamə qoymuşdur. Ona görə də atasının ölümü ilə əlaqədar Xaçmaz şəhəri, X18 küçəsi, ev 9 a ünvanında yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 0,038 ha torpaq sahəsindən ibarət miras qalmış əmlaklara vəsiyyət üzrə vərəsəsi qızı Marina olmuşdur. Atasının qoyduğu vəsiyyətnaməyə əsasən miras əmlak Marinaya keçməli idi. Miras qalmış əmlakdan vərəsə olduğundan onun da məcburi payı var. Yelina Marina miras qalmış əmlakı öz adına rəsmiləşdirmək üçün birinci növbədə Notariat ofisindən vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsi almalı idi. Ona görə də ona bildirmişdir ki, birlikdə Notariat ofisinə getməlidirlər və orada göstərilən sənədə imza etməlidir. Bununla da evin yarısı onun olacaq. O, da belə başa düşmüşdür ki, məcburi payı almaqdan ötrü bu hərəkəti etməlidir və ona görə də imza etmişdir. Azərbaycan Republikası ƏMDK yanında DƏDRXnin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilən arayışdan ona məlum olmuşdur ki, Xaçmaz rayon 1 saylı Notariat Ofisi tərəfindən aparılmış 14.11.2019-cu il tarixli, 2V-1232 reyestr saylı vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsi alandan sonra miras qalmış Xaçmaz şəhəri, X18 küçəsi, ev 9 a ünvanında yerləşən fərdi yaşayış evini Marina öz adına rəsmiləşdirib, sonra da həmin yaşayış evini Xaçmaz rayon 1 saylı Notariat Ofisinin 17 iyun 2020-ci il tarixli, 4Ə-968 reyestr saylı alqı-satqı müqaviləsinə əsasən X5 adına özgəninkiləşdirib. O, milliyətcə rus olmaqla azərbaycan dilini səlist bilmir, bu barədə notariat orqanında da bildirmişdir, lakin sözünə fikir verən olmamışdır. Belə ki, notariat kontorunda ona tərcüməçi dəvət olunması təklif olunmayıb. Tərcüməçi ilə təmin olunmadığından Notariat ofisi qanun pozuntusuna yol verməklə hüquqlarını pozmuş, nəticədə miras qalmış əmlakdan ona çatası məcburi paydan məhrum olmuşdur. O, hesab edir ki, Xaçmaz rayon 1 saylı Notariat Ofisi tərəfindən hüquqlarını pozmaqla apardığı notarial hərəkətlər düzgün deyildir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh X1 Rayon Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qeyri-qanuni və əsassızdır. Birinci instansiya məhkəməsində işə birtərəfli və səthi baxılmış, məhkəmə tərəfindən işin həqiqi halları hərtərəfli araşdırılmamış və tərəflərin qarşılıqlı münasibətlərinə düzgün hüquqi qiymət verilməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı Georgiyeviç apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsi xahiş etdi və izahatında göstərdi ki, o rusdillidir və azərbaycan dilində yazıb oxuya bilmir, eləcə də notariat orqanında imtina alınması vaxtı Fateh Soltanov da onunla birgə iştirak etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən cavabdeh X11 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehlər Xaçmaz rayon 1 saylı Notariat Ofisinə, X9 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2. maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və iddiaçının izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddia tələbini təmin edən birinci instansiya məhkəməsi İddiaçı 12.04.2015-ci il tarixli ərizəyə əsasən Xaçmaz rayon Notariat Ofisinə gedərək, bacısı Marina Yelinanın xeyrinə vərəsəlikdən imtina etməsi barədə ərizə versə də, notariat işi aparılan zaman onun tərcüməçi ilə təmin edilməməsi və ərizənin hüquqi nəticələrinin ona izah edilməməsi, bununla da iddiaçı mirasda məcburi pay hüququndan məhrum olması ilə əsaslandırmış, gəldiyi nəticənin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 1133.1, 1134.1, 1145, 1146, 1151.1, 1151.2, 1159.1.1, 1193, 1203.1, 1203.2, 1203.3, 1166, Notariat haqqında Qanunun 9-cu və 13-cü maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmayan cavabdeh Fateh Soltanov vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv olunmasını, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İşdən görünür ki, iddia tələbi vərəsəlik şəhadətnaməsinin, alqı-satqı müqaviləsinin və çıxarışın etibarsızlığı barədədir. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, X14 Yakimenko ilə 1947-ci ildə ailə qurmuş və onların bu nikahlarından 1948 və 1953-cü il təvəllüdlü Vladimir, Aleksandr adlı uşaqları anadan olmuş, anaları Tamara 1970-ci ildə dünyasını dəyişdikdən sonra atası Georgi Svetlana adlı qadınla 1976-cı ildə rəsmi ailə qurmuş və onların bu nikahlarından da 1979-cu ildə Marina adlı qızları dünyaya gəlmişdir. Georgi 2011-ci ildə, Svetlana isə 1989cü ildə ölmüşdür. Mübahisəli mənzil tam mülkiyyət hüququ əsasında Georgi Yakimenkoya məxsus olmuş və sonuncu da həmin mənzili 28.08.2001-ci il tarixdə qızı Marinaya vəsiyyət etmişdir. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquq və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun F.Bayramovun şikayəti üzrə 20 iyul 2017-ci il tarixli qərarı). Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır (Mülki Prosessual Məcəllənin 2.1. maddəsi). İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı mərhum atası Georgi Dmitriyeviçin vəfatından sonra onun vəsiyyət üzrə vərəsəsi Marina Georgiyevna ondan miras qalmış əmlaka vəsiyyətnamə üzrə şəhadətnamə almış, iddiaçı da 12.04.2015-ci il tarixli ərizəyə əsasən Marina Yelinanın xeyrinə vərəsəlikdən imtina etməsi barədə ərizə vermiş, lakin bu zaman o rus dilli olduğu üçün tərcüməçi ilə təmin edilməmiş və ərizənin hüquqi nəticələri ona izah edilməmişdir. Nəticədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 9, 13-cü maddələrinin tələbləri pozulmaqla iddiaçı mirasdakı məcburi pay hüququndan məhrum edilmişdir. İddiaçı öz tələbinin əsası kimi bacısı tərəfindən ona mirasdan pay veriləcəyi adı altında aldadılaraq notariusa getməsini qeyd etmişdir. Notariat haqqında Qanunun 9 və 13-cü maddələrinə əsasən notarius öz vəzifələrini yerinə yetirərkən: 1) fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərməlidir; 2) hüquqi məlumatsızlığın onlara vura biləcəyi ziyanın qarşısını almaq üçün notariat hərəkətlərinin aparılması nəticələri barədə onlara xəbərdarlıq etməlidir; 3) bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına əməl etməli, peşə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar ona məlum olan məlumatları gizli saxlamalıdır. Notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxs kargüzarlığın aparıldığı dili bilmirsə və ya notariat hərəkətinin hər hansı dildə aparılmasını xahiş edirsə, notarius imkan daxilində tərəfindən rəsmiləşdirilən sənədlərin mətnlərini arzu edilən dildə tərtib edir və ya mətn tərcüməçi tərəfindən ona tərcümə edilir. Lakin işdən, eləcə də iddiaçının izahatından göründüyü kimi sonuncu rusdilli olmasına baxmayaraq, notarius tərəfindən notariat hərəkətlərinin aparılması zamanı qanunvericiliyin qeyd olunan tələblərinə əməl edilməmiş və nəticədə iddiaçı miras əmlakdan məcburi pay hüququndan (Mülki Məcəllənin 1193-cü maddəsi) məhrum edilmişdir. Azərbaycan Respublikasında mülkiyyət hüququ müxtəlif üsullar, o cümlədən əqd (müqavilə) üzrə əldə edilir. Dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir (Konstitusiya Məhkəməsi Plenumunun 27.10.2004-cü il tarixli qərarı). Cavabdeh F.Soltanovun alqı-satqı müqaviləsini və çıxarışı qanunvericiliyin tələbinə uyğun əldə edilməklə vicdanlı alıcı hesab edilməsi barədə apellyasiya şikayətinin dəlillərinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, vicdanlılıq faktı əşya verilənə qədər mövcud olduğundan, F.Soltanov həmin müqavilə üzrə vicdanlı olmasına təsdiq edən tutarlı sübut məhkəmə kollegiyasına təqdim etməmişdir. Əksinə cavabdeh X15 Notariat ofisinə ünvanladığı ərizədən görünür ki, sonuncunu etibarnamə əsasında cavabdeh Fateh Soltanov təmsil etmiş və həmin ərizədə də başqa vərəsələrin olmadığı göstərilmişdir və apellyasiya şikayətində qeyd etdiyi kimi onun adına verilmiş etibarnamə əsasında miras əmlaka dair çıxarışın əldə edilməsi üçün reyestr xidmətinə müraciət etmişdir. Bununla yanaşı həmçinin qeyd olunmalıdır ki, iddiaçı apellyasiya baxışı zamanı izahatında da göstərmişdir ki, 2015-ci ildə notariusa gedərkən cavabdeh Fateh Soltanov da onunla birlikdə olmuş və həmin vaxt onun iştirakı ilə komputerdə tərtib edilmiş mirasdan imtina barədə ərizənin imza edilməsinə nail olmuşdur. Göründüyü kimi Fateh Soltanov əqd bağlanmamışdan əvvəl həmin mənzilin alınmasında maraqlı olduğundan, istər iddiaçının notarial qaydada mirasdan imtina barədə ərizənin alınmasında, o cümlədən vəsiyyət üzrə vərəsə Marinanın verdiyi etibarnamə əsasında mərhum Georginin adına çıxarışının alınmasında və Marinanın adından notarial qaydada ərizənin verilməsində sonuncunu təmsil etməklə, bütün bu hərəkətlərin həyata keçirilməsində iştirak etmişdir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır (Konstitusiya Məhkəməsi Plenumunun 16.11.2016-cı il tarixli qərarı). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, şəhadətnamənin, alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsızlığı barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslıdır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar