Məhkəmə qərarları › İş №2(105)-924/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-924/2025

16.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-924/2025 16.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Hacıyev Vahid Məcid oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 20 fevral 2025-ci il tarixli, 2(012)-611/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ İşin halları

1. Abşeron Rayon Məhkəməsinin 02 iyun 2023-cü il tarixli, 1(012)-353/2023 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törətilməsində təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş, cəzanın icrası müddəti cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək gücündə saxlanılması, zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddianın baxılmamış saxlanılması və zərərçəkmiş şəxs İddiaçı vurulmuş ziyanla bağlı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah edilməsi, hökmün icrasının Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilməsi hökm edilmişdir. 2.Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(105)-492/2023 saylı qərarından görünür ki, Cavabdeh Azarbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(012)-353/2023 saylı hökmü Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. 3.Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(102)-457/2024 nömrəli qərarından görünür ki, Cavabdeh müdafiəçisi X5 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Cavabdeh barəsində olan 13 sentyabr 2023-cü il tarixli, 1(105)-492/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

Birinci instansiya məhkəməsində icraat

4.İddiaçı cavabdehə qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh cinayətkarcasına təqsirli hərəkətləri nəticəsində İddiaçı sağlamlığına vurulmuș ziyana görə 6924,19 manat, həmçinin çəkilməli olan xərclərin əvəzi kimi 8000 manat, mənəvi zərərə görə 10000 manat olmaqla, cəmi 24924,19 manat məbləğində pulun, eyni zamanda 120 manat məbləğində ödənilmiş dövlət rüsumunun və vəkilin göstərdiyi hüquqi yarıma görə ödənilmiş 321 manat pulun Cavabdeh tutulub İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 5.İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 07 dekabr 2022-ci il tarixdə, saat 13:00 radələrində icarə əsasında idarə etdiyi göy rəngli “Opel Astra” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilini onun yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısında saxlaması və ona guya ki, avtomobilin üzərinə çirkli su atdığını bildirməsi səbəbindən yaranmış mübahisə zamanı sağ qolunu əli ilə qəsdən dəmir darvazaya vuraraq və ayağı ilə sol ayağına qəsdən zərbə endirərək sağ mil sümüyünün tipik yerini qapalı dəyişən sınığı, sol bazu və sol bud nahiyələrinin qançırları ilə müşayiət olunan bədən xəsarətləri yetirməklə dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Cavabdeh onun sağlamlığına qəsdən az ağır xəsarət yetirməsi faktına əsasən xx.xx.2023-cü il tarixdə Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət iși başlanılmış, həmin iş üzrə o, zərərçəkmiş şəxs qismində tanınmış, X3 isə Azarbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmușdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(012)-353/2023 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törətilməsində təqsirli bilinərək ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmişdir. Həmin iş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin Abşeron rayon şöbəsinin 14 dekabr 2022 ci il tarixli, 2858 saylı rəyindən görünür ki, 1956-cı il təvəllüdlü İddiaçı məhkəmə-tibbi ekspertizasına və adına olan tibbi sənəddə qeyd olunanlara əsasən onun bədəni üzərində aşkar edilmiş xəsarətlər-sağ mil sümüyünün tipik yerini qapalı dəyişən sınığı, sol bazu və sol bud nahiyələrinin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir; 07 dekabr 2022-ci il tarixdə insan bədəninin hissələrinin (əl, təpik və s.) təsirindən əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş materiallarında olan təkrar məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X8” X11 Abşeron rayon şöbəsinin 21 fevral 2023-cü il tarixli, T77/2023 nömrəli rəyindən görünür ki, İddiaçı sağ mil sümüyünün tipik yerinin qapalı yerdəyişən sınığı, sol bazu və sol bud nahiyələrinin qançırları olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, 07 dekabr 2022-ci il tarixdə kənar şəxs tərəfindən yetirilən zərbələr nəticəsində yarana bilərdi, dərəcəsinə görə mil sümüyünün sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Sağ mil sümüyünün sınıq fraqmentasiyalarının xarakteri lokal hədəfli küt zərbə trayektoriyasına uyğunluğu göstərir. İddiaçı bədənində aşkar edilmiş xəsarətlər qısa müddət ərzində yetirildiyindən onların ardıcıllığı barədə dəqiq fikir söyləmək mümkün olmamışdır. Mübarizə və ya özünü müdafiə xarakterli xəsarətlərin təyini məhkəmə-tibb ekspertlərinin səlahiyyətlərinə aid deyildir. Xəsarətlərin əlçatan nahiyədə olmasına baxmayaraq onların xarakteri və xüsusiyyətləri şəxsin özü-özünə yetirə bilməsini inkar edir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(105)-492/2023 nömrəli qərarı ilə Cavabdeh Azarbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(012)-353/2023 nömrəli hökmü Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(102)-457/2024 nömrəli qərarı ilə məhkum Cavabdeh müdafiəçisi X5 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Cavabdeh barəsində olan 13 sentyabr 2023-cü il tarixli, 1(105)-492/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh ona qarșı törətdiyi cinayət əməli onun az ağır xəsarət almağı ilə nəticələnmis, hadisədən sonra uzun müddət müalicələr almışdır və bu gün də müalicələri davam edir. Belə ki, aldığı xəsarət sağ mil sümüyünün tipik yerinin qapalı yerdəyişən sınığı ilə müşayiət olunduğundan həkimlər tərəfindən birinci dəfə düzgün bitişdirilə bilmədi. Sınığın əyri birləşməsi isə sonradan Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının həkimi tərəfindən “sağ mil sümüyünün tipik yerinin bitişmiş əyri köhnə sınığı” kimi qiymətləndirildi. Lakin sağ mil sümüyümdə olan ağrılar artaraq dözülməz hala çatdığından həkimlər yenidən konsilium keçirmək məcburiyyətində qaldılar. Keçirilmiş konsiliumun nəticəsi barədə radioloq X6 rəy verərək bildirdi ki, “kohnə sınıqlar xronik kompresson sınıq kimi yazılır. Təzə sınıq mövhumu yoxdur. Radiologiyada sınıq sözü elə təzə sınığa aiddir”. Beləliklə onun sağlamlığına dəymiş zərərlə bağlı müxtəlif xərclər çəkməyinə baxmayaraq, sağ mil sümüyü əyri bitişdiyinə görə müalicələri davam etdiyindən çəkiləcək yeni xərclərlə üzləşmək və bundan sonra da ahıl yaşında dəfələrlə yaşadığı Tərtər rayonundan Bakıya gəlmək məcburiyyətində qalmışdır. X1 təqsirli hərəkətləri nəticəsində hazıradək ona aşağıdakı miqdarda maddi zərər dəymişdir: 1. Telefon danışıq kartlarının alınması üçün – 84 manat (68 ədəd danışıq kartları və 3 ədəd Azercell balans artırma qəbzləri); 2. xx.xx.2022-ci il tarixdən bu günə kimi Tərtər-Bakı, Bakı-Tərtər, Bakı-Bərdə, Bakı-Kürdəmir istiqamətində avtobusdan istifadəyə görə - 69,08 manat. 3. Bakı kartla avtobusdan istifadəyə görə - 108 manat; 4. Taksi xidmətindən istifadəyə görə - 318 manat; 5. 4 ədəd disklərin alınması və yığılması üçün - 50 manat; 6. DVD-foto diskin alınması və yığılması üçün - 52 manat; 7. Ərizələr, izahatların yazılması va sənədlərin surətlərinin çıxarılması üçün - 150 manat; 8. Hadisə zamanı mobil telefonun yerə düşməsi nəticəsində telefona dəymiş zərər - 350 manat; 9. Hadisə zamanı sınmış eynəyin yenisinin alınması üçün - 105 manat; 10. Müayinə və müalicələr üçün həkimlərə çəkilən xərclər (USM, rentgenlər, ilkin fizioterapiya, sol çiyin, sol diz, sağ qol-bilək) –605 manat; 11. İstanbul NS Klinikasında MRT müayinəsi (sağ qol-bilək, əl) üçün - 145 manat; 12. Sağ bilək maneji üçün - 25 manat; 13. Sol diz maneji üçün - 45 manat; 14. xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək baxıcı üçün ödənilmiş - 500 manat; 15. xx.xx.2022-ci il tarixdən bu günədək iynələrin vurulması üçün tibb bacısına ödənilmiş – 200 manat; 16. Sənədlərin göndərilməsi üçün poçt xərci – 9,61 manat; 17. xx.xx.2022-ci il tarixdən bu günədək dərman preparatlarının alınması üçün –543,58 manat; 18. Qəbzsiz dərmanlar 167 manat; 19. Cinayət işində vəkil ödənişi – 100 manat; 20. Cinayət işində etibarnamə üçün – 19 manat;

21. Mülki işdə etibarnamə üçün – 18 manat; 22. Yasamal Hospitala ödənilmiş - 104 manat;

23. Yasamal Hospitala ödənilmiş - 60 manat; 24. Güvən Kilinikaya ödənilmiş 55 manat; 25. X2 üçün ödənilmiş 450 manat; 26. Çəkilmiş digər xərclərə görə Kapital Bankdan alınmış 2000 manat əsas borc, 396,92 manat faiz borcu olmaqla, cəmi 2396,92 manat; 27. Qarabağ Klinikaya ödənilmiş – 40 manat; 28. İstanbul NS Klinikasında MRT müayinəsi (sol diz üçün) 155 manat. Beləliklə də, ümumilikdə Dadașov Gülümbala Əlimədət oğlunun təqsirli hərəkətləri nəticəsində onun sağlamlığına vurulmuş ziyana görə 6924,19 manat məbləğində xərc çəkilmişdir və həmçinin bundan sonra 8000 manat xərc də çəkilməlidir. İstanbil NS Klinikasının xx.xx.2023-cü il tarixli sol diz oynağının MRT incələməsi, İstanbil NS Klinikasının xx.xx.2023-cü il tarixli mil-bilək oynağının MRT müayinəsi, Respublika Klinik Xəstəxanasının ambulator xəstənin tibbi kartasından xx.xx.2024-cü il tarixli çıxarış, Respublika Klinik Xəstəxanasının xx.xx.2024- cü il tarixli kranial KT müayinəsi və sairə sənədlərdən müayinə və müalicələrin bundan sonra da ömürlük davam edəcəyi aydın şəkildə görünür. Lakin hazırkı vaxta qədər Cavabdeh tərəfindən vurulmuş ziyana görə heç bir xərc ödənilməmişdir. Bunun nəticəsində isə o, mənəvi sarsıntı keçirmiş və ağır iztirab çəkmiş, ona mənəvi zərər vurulmuşdur. Bütün bunların səbəbi isə Cavabdeh cinayətkarcasına təqsirli hərəkətləri olmuşdur. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə gedişatında iddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək, məhkəmədən Cavabdeh cinayətkarcasına təqsirli hərəkətləri nəticəsində İddiaçı sağlamlığına vurulmuș ziyana görə İddiaçı tərəfindən çəkilmiş xərclərin əvəzi kimi 7325,29 manat, həmçinin çəkilməli olan xərclərin əvəzi kimi 8000 manat, mənəvi zərərə görə 10000 manat olmaqla, cəmi 24924,19 manat məbləğində pulun, eyni zamanda 120 manat məbləğində ödənilmiş dövlət rüsumunun və vəkilin göstərdiyi hüquqi yarıma görə ödənilmiş 321 manat pulun Cavabdeh tutulub İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək, məhkəmədən Cavabdeh cinayətkarcasına təqsirli hərəkətləri nəticəsində İddiaçı sağlamlığına vurulmuș ziyana görə İddiaçı tərəfindən çəkilmiş xərclərin əvəzi kimi 7325,29 manat, həmçinin çəkilməli olan xərclərin əvəzi kimi 8000 manat, mənəvi zərərə görə 10000 manat olmaqla, cəmi 25325,29 manat məbləğində pulun, eyni zamanda 120 manat məbləğində ödənilmiş dövlət rüsumunun və vəkilin göstərdiyi hüquqi yarıma görə ödənilmiş 321 manat pulun Cavabdeh tutulub İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 6.Cavabdeh və onun vəkili Nümayəndə birinci instansiya məhkəməsində iddianı qəbul etməmiş, V.F.Kazımadə qeyd etmişdir ki, iddianı qəbul etməsə də, Cavabdeh humanistlik baxımından iddiaçıya maksimum 3000 manat pul ödəməyə hazırdır, lakin 5000 manat vəsaiti ödəməyə maddi imkanı çatmır. 7.Abşeron Rayon Məhkəməsinin 20 fevral 2025-ci il tarixli, 2(012)-611/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh maddi zərərin əvəzi kimi 3000 manat, mənəvi zərərin əvəzi kimi 500 manat olmaqla, cəmi 3500 manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 55 manat pulun alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. 8.Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 20 fevral 2025-ci il tarixli, 2(012)-611/2025 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

9.Cavabdeh apellyasiya şikayətində göstərir ki, birinci instansiya məhkəməsi hazırkı mülki iş üzrə iddianın təmin edilməsi qənaətini əsaslandırmaq üçün “Cavabdeh təqsirli hərəkəti nəticəsində İddiaçı maddi ziyan dəymişdir. İddiaçı bu zərərin miqdarının 7325,29 manat təşkil etdiyini göstərmişdir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab etmişdir ki, iddia bu hissədə qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, işdə bu barədə mötəbər sübutlar (fotoşəkillər, qəbzlər və tibbi arayışlar) mövcuddur və məlum hadisə nəticəsində iddiaçının az ağır xəsarət alması ilə ona 3000 manat məbləğdə maddi ziyan dəyməsi (bu hissəyə həmçinin vəkilə çəkilən xərc də daxil edilir) ağlabatan olduğundan məhkəmə iddia tələbini bu hissədə qismən əsaslı hesab edir” kimi subyektiv mövqeyini sərgiləməsi tam əsassızdır. Çünki həm məhkəmə iclasında onun şəxsən və nümayəndə və vəkilinin mövqeyi bundan ibarət olmuşdur ki, baxmayaraq ki tibbi xidmətlər ölkədə pulsuzdur iddiaçının iddasında imtina etməsi və məsələnin qarşılıqlı razılıq əsasında həll edilməsi üçün o, iddiaçıya (zərərçəkənə) tibbi xidmətlərin bir hissəsini (yenidən müayinə, lazım olan dava dərmanların alınmasını) qarşılamağa hazır olduqlarını bildirmişlər. Lakin, məhkəmə bunu sanki qismən etiraf kimi qəbul edərək 3000 manat maddi ziyanla yanaşı həm də ondan 500 manat mənəvi ziyanın da tutulması qənaətinə gəlmişdir. Bu isə heç bir halda yolverilməz idi. Sübutlara qiymət verən birinci instansiya məhkəməsi iddiaçı tərəfindən təqdim olunan qəbzləri (3000 manata nisbətində) sadalamaqla bunu əsaslandırmağa çalışmış, lakin nəzərə almamışdır ki, həmin qəbzlərin həqiqətən də iddiaçının səhhəti ilə bağlı olmasını araşdırmamışdır. Bu isə öz növbəsində maddi ziyana nisbətdə mötəbər sübut kimi qiymətləndirilə bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə qanunsuz və əsassız olduğundan ləğv edilməli, iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməlidir.

İşdə iştirak edən şəxslərin izahatları

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

11. Cavabdeh xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, törətdiyi əmələ görə cəzasını almışdır və hazırda ayağında elektron qolbaq vardır. Ona görə də onu heç kim rəsmi olaraq işə götürmür, yalnız taksi fəaliyyəti ilə məşğul ola bilir. Həmçinin birinci instansiya məhkəməsində o iddiaçının qolu ilə bağlı ona dəyən zərərin tərəfindən qarşılanacağını bildirmişdir. Sonrakı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının başqa vaxta təxirə salınmasını bildirmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 68. Özbaşınalıqdan müdafiə və vicdanlı davranış hüququ İİ. Cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır.

13. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar ...82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

15. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

16. Belə ki, Cavabdeh 07 dekabr 2022-ci il tarixdə, saat 13:00 radələrində qonşusu İddiaçı ilə avtomobilini sonuncunun yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısında saxlaması və İddiaçı avtomobilinin üzərinə çirkli su atmasını bildirməsi səbəbindən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncunun sağ qolunu əli ilə qəsdən dəmir darvazaya vuraraq və ayağı ilə sol ayağına qəsdən zərbə endirərək İddiaçı sağ mil sümüyünün tipik yerini qapalı dəyişən sınığı, sol bazu və sol bud nahiyələrinin qançırları ilə müşayiət olunan bədən xəsarətləri yetirməklə dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vurması yuxarıda istinad edilən qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən olunan işin mübahisəsiz halıdır.

17. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək qənaətini onunla əsaslandırmışdır ki, Cavabdeh təqsirli hərəkəti nəticəsində İddiaçı maddi ziyan dəymişdir. İddiaçı bu zərərin miqdarının 7325,29 manat təşkil etdiyini göstərmişdir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab etmişdir ki, iddia bu hissədə qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, işdə bu barədə mötəbər sübutlar (fotoşəkillər, qəbzlər və tibbi arayışlar) mövcuddur və məlum hadisə nəticəsində iddiaçının az ağır xəsarət alması ilə ona 3000 manat məbləğdə maddi ziyan dəyməsi ağlabatan olduğundan məhkəmə iddia tələbini bu hissədə qismən əsaslı hesab etmişdir. Kollegiya qeyd edir ki, iddiaçı birinci instansiya məhkəməsinin iddianın qismən təmin olunmasına dair gəldiyi nəticə ilə razılaşmış, qətnamədən apellyasiya şikayəti verməmişdir.

18. Yuxarıda qeyd olunanlara əsasən cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə nəticə etibari ilə razılaşaraq qeyd etməyi zəruri hesab edir ki, baş vermiş cinayət hadisəsi nəticəsində iddiaçının sağlamlığına zərər dəymişdir. Mülki qanunvericilikdə şəxsin sağlamlığına zərər yetirilməsi ilə əlaqədar zərərin ödənilməsi əsaslarını müəyyən edən konkret hüquq normasının nəzərdə tutulmaması bu barədə iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz və belə tələb Mülki Məcəllənin 21-ci maddəsinə əsaslanmaqla irəli sürülə bilər. Mülki Məcəllənin 14-cü maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Başqa şəxsə zərər vurulması həmin maddə ilə hüquq və vəzifə doğuran əsas kimi nəzərdə tutulmuşdur (Mülki Məcəllənin 14.2.6-cı maddəsi). Bu hüquq normasındakı “qanunvericilikdə nəzərdə tutulmasa da” ifadəsi isə bilavasitə Məcəllə ilə nəzərdə tutulmayan hallarda belə zərərin ödənilməsi ilə bağlı tələbin irəli sürülməsi üçün əsas yaradır.

19. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iddianı qismən təmin edən birinci instansiya məhkəməsi işin faktiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

20. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 20 fevral 2025-ci il tarixli, 2(012)-611/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar