Məhkəmə qərarları › İş №2(105)-931/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-931/2025

27.08.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-931/2025 27.08.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X11 (sədrlik edən və məruzəçi), X1 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, X katibliyi, İddiaçı nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, Şamaxı Regional "Asan Xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh5 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı miras əmlakı qəbul etmə faktının müəyyən edilməsi, həmin əmlakın vərəsəlik yolu ilə iddiaçının mülkiyyətinə verilməsi və mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(029)-226/2025 nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İşin halları JN-351 KOD 30122038 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Qusar rayon Ləcət bələdiyyəsinin 01 may 2002-ci il tarixli 26 saylı qərarı ilə X7 Qusar rayon Ləcət kəndi ərazisindən 28 ha torpaq sahəsi satılmışdır. AZ-İİ 159513 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2021-ci il tarixdə ölmüşdür. xx.xx.2025-ci il tarixli **********459, **********460 və **********461 saylı notarial qaydada təsdiq olunmuş ərizələrdən görünür ki, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 Qusar rayonu, Ləcət kəndində yerləşən, JN-351, KOD 30122038 saylı dövlət aktı əsasında X3 mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin miras əmlak kimi İddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə, həmin miras əmlakın vərəsəlik yolu ilə İddiaçı mülkiyyətinə verilməsinə və İddiaçı mülkiyyət hüqüqunun dövlət reyestrində qeydiyyata alınmasına etiraz etmirlər. Birinci instansiya məhkəməsində icraat İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, Şamaxı Regional "Asan Xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh5 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun atası mərhum X3 miras kütləsinə daxil olan, “Torpağa mülkiyyət hüququna dair” JN-351, KOD 30122038 saylı dövlət aktı əsasında mülkiyyətində olan Qusar rayonu Ləcət kənd ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 28 ha torpaq sahəsinin miras əmlak kimi onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, həmin miras əmlakın vərəsəlik yolu ilə onun mülkiyyətinə verilməsi və onun mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasının Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, onun X2 ilə anası Cavabdeh4 07 avqust 1985-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Onların birgə nikahından 3 övladları qardaşı Cavabdeh2, Cavabdeh1 və o anadan olmuşdur. Onların hər üçü yetkinlik yaşına çatmış və ailə qurmuşdur. X2 xx.xx.2021-ci ildə vəfat etmişdir. Atasından ona bir çox əmlak, o cümlədən Qusar rayonu Ləcət kənd ərazisində yerləşən “Torpağa mülkiyyət hüququna dair” JN-351, KOD 30122038 saylı dövlət aktı əsasında kənd təsərrüfatı təyinatlı 28 ha torpaq sahəsi miras qalmışdır. Anası onun xəbəri olmadan miras əmlakı iki qardaşı ilə birlikdə öz adına keçirməyə cəhd etmişdir. Bu məqsədlə onu avtomaşına dair vərəsəliyə qol çəkmək adı altında, atasının miras əmlakı olaraq evin sonuncu övladı kimi ona verdiyi, Qusar rayonu Ləcət kəndində yerləşən JN-351, KOD 30122038 saylı dövlət aktı əsasında mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 28 ha torpaq sahəsini də öz adına keçirmək istəyir. X15 cavan yaşında, yəni 59 yaşında qəflətən vəfat etmiş, məhz buna görə sənədləşmə işlərini sağlığında aparmaq mümkün olmamışdır. Halbuki, miras əmlak olaraq bu torpaq sahəsinin məhz mərhum atası tərəfindən ona bağışlanılması ilə bağlı ailə üzvləri kifayət qədər məlumatlı olmuşlar. Onlar indi bu faktı dansalar da, onlarla aralarında tərtib olunmuş akt bu faktı təsdiq edir. Əgər məhkəmədə bu faktı etiraf etməyəcəkləri təqdirdə, aktı sübut qismində məhkəməyə təqdim edəcəkdir. Həmçinin, o, atasının mübahisəli torpaq sahəsi üzrə vərəsəsi olaraq faktiki həmin torpaq sahəsindən təyinatı üzrə tək istifadə edir. Bu halı təsdiq edəcək şahidləri də vardır. Sadəcə, ailə daxili mübahisə, yəni anası ilə həyat yoldaşı arasında baş vermiş münaqişə nəticəsində, anası özü ilə birlikdə digər iki qardaşını da ona qarşı qaldırmış, onu həyat yoldaşını evdən çıxarmayacağı təqdirdə heç bir miras əmlakdan pay almayacağı barədə hədələmişdir. Atasının sağlığında mübahisəli torpaq sahəsi atası tərəfindən ona verilmişdir. O, həmin torpaq sahəsini hazıra qədər istifadə edir. Həmin torpaq sahəsini miras əmlak olaraq faktiki sahiblik etmiş və hazıra qədər edir. Eyni zamanda miras əmlakı faktiki idarə edir. Göründüyü kimi, iş üzrə cavabdeh olan anası və iki qardaşı miras predmeti olan torpaq sahəsindən istifadə etməmiş, həmin sahəyə getməmiş, həmin sahənin məhz mərhum atası tərəfindən ona verilməsini faktiki qəbul etmişlər. O, həmin sahədən təyinatı üzrə hazırkı dövrədək istifadə edir, həmin sahədə taxıl əkir və miras əmlaka faktiki sahiblik edir. Həmin torpaq sahəsini miras əmlak olaraq faktiki sahiblik etmiş və hazıra qədər edir. Eyni zamanda miras əmlakı faktiki idarə edir. Cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq onlar, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək bildirmişlər ki, həqiqətən İddiaçı həmin torpaq sahəsini faktiki olaraq vərəsə kimi qəbul etmişdir. Həmin torpaq sahəsində dənli bitkilər əkməklə hazıradək istifadə edir. Onlar heç vaxt həmin torpaq sahəsində olmamışlar və həmin torpaq sahəsindən istifadə etməmişlər. Buna görə iddia tələbini tam qəbul edirlər. Onlar həmin torpaq sahəsinin miras əmlak kimi İddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə, həmin miras əmlakın vərəsəlik yolu ilə İddiaçı mülkiyyətinə verilməsinə və İddiaçı mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasına etiraz etmirlər. İddianı tam etiraf edirlər. İddianı etiraf etmənin hüquqi nəticələri onlara aydındır. Məhkəməyə gəlməyə imkanları olmadığına görə məhkəmə iclaslarını onların iştirakları olmadan keçirilməsini və iddia tələbinin tam təmin olunmasını məhkəmədən xahiş etmişlər. Qusar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(029)-226/2025 nömrəli qətnaməsi ilə ərizənin təmin edilməsi, İddiaçı atası mərhum X4 miras kütləsinə daxil olan, “Torpağa mülkiyyət hüququna dair” JN-351, KOD 30122038 saylı dövlət aktı əsasında mülkiyyətində olan Qusar rayonu Ləcət kənd ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 28 ha torpaq sahəsinin miras əmlak kimi İddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, həmin miras əmlakın vərəsəlik yolu ilə İddiaçı mülkiyyətinə verilməsi, İddiaçı mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasının Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir (hakim Əli Cəlilov). Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139.3, 139-1.1, 139-1.1.4, 1133.1, 1133.2, 1159.1, 1159.1.1, 1243.1, 1243.2, 1243.3, 1255-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 308-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi apellyasiya şikayəti verib, Qusar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(029)-226/2025 nömrəli qətnaməsinin ləğv edib, iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, “Torpağa mülkiyyət hüququna dair” JN-351, KOD 30122038 saylı dövlət aktı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitablarında qeydiyyatdan keçməmişdir, elektron məlumat bazasında olan xəritə üzərində (DWG) və torpaqların elektron kadastruçotu informasiya sistemində (TEKUİS) öz əksini tapmamışdır. Bununla da torpaq sahəsinin yerləşdiyi yer sənəd üzrə məlum deyildir. Həmin torpaq sahəsinin digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi məhkəmə tərəfindən müəyyən edilməmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsində daşınmaz əmlaka mülkiyyət hüququnun yaranma anı göstərilmişdir. Həmin hüquq onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmçinin, sözügedən torpaq sahəsi ilə bağlı bundan əvvəl inzibati qaydada məhkəmə mübahisəsi olmuşdur. Belə ki, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2- 1(118)-638/2020 nömrəli qərarı ilə iddiaçı X3 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin” 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş 10 mart 2006-cı il tarixli JN: 351 KOD 30122038 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Qusar rayonu Ləcət (Həzrə) bələdiyyəsi ərazisində yerləşən 28 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi iddia tələbi təmin edilmişdir. Həmin qərardan cavabdeh “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin” 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. İş apellyasiya icraatında olduğu zaman iddiaçının vəkili və nümayəndəsi X5 məhkəməyə ərizə ünvanlayaraq iddia tələbini geri götürdüyünü, əlavə sübutlar topladıqdan sonra yenidən məhkəməyə müraciət edəcəyini bildirmişdir. Buna görə də Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(105)-29/2021 nömrəli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli,2-1(118)-638/2020 saylı qərarı ləğv edilmiş, iddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət XidmətiYanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı “torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair ərizəsi geri götürülmüş hesab edilmiş və bu əsasla da iş üzrə icraata xitam verilmişdir. Həmçinin, sözügedən qətnamə ilə xx.xx.2015-ci il tarixli “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı kobud surətdə pozulmuşdur. Belə ki, sözügedən Plenum qərarının 5.1-ci bəndinə əsasən İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Plenum qərarının müvafiq bəndindən də göründüyü kimi, mülkiyyət hüquqlarının qeydiyyata alınması inzibati orqanın faktiki xarakterli hərəkətidir və bu qəbildən olan mübahisələrə inzibati məhkəmələrdə baxılmalıdır. Lakin Qusar Rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə mülki iş üzrə icraat zamanı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi cavabdeh qismində icraata cəlb edilmiş və müvafiq torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi qoyulmuşdur. Qətnamə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1, 2.2.1- 2.2.4-cü maddələrinin tələblərinə zidd olaraq məhkəmə və ərazi aidiyyəti qaydalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1.-ci maddəsinə əsasən Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin məcəllənin 2.2, 2.2.1-2.2.4-cü maddələrinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia);inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsində göstərilir ki, inzibati orqan- Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslərdir. Azərbaycan RespublikasıMülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan RespublikasıMülki Prosessual Məcəlləsinin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Bu baxımdan hesab edirik ki, ilk növbədə mübahisənin ümumi və ya inzibati məhkəməyə aidiyyatı, o çümlədən ərazi aidiyyatı müəyyən edilməli və bundan sonra iddiaçının iddia tələblərinə səlahiyyətli məhkəmə tərəfindən tam, hərtərəfli və obyektiv araşdırma aparılmaqla, hüquqi qiymət verilməlidir. Yuxarıdakılardan da göründüyü kimi Qusar Rayon Məhkəməsi tərəfindən həm mübahisənin məhkəmə aidiyyəti bağlı qanunvericiliyin tələbləri kobud surətdə pozulmuş, həm də daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmiş əmlak barəsində vərəsəlik qaydasında mülkiyyət hüququ müəyyən etmişdir. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri İddiaçı apellyasiya şikayətinə etiraz ünvanlayaraq apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçı etirazını onunla əsaslandırmışdır ki, mərhum atasının hüquqları dövlət reyestrində qeydiyyata alınıb və bunu təsdiq edən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi və həmin X12 və Layihə İnstitutu tərəfindən tərtib və təsdiq edilmiş “Torpağa mülkiyyət hüququna dair” JN-351 Kod 30122038 saylı dövlət akt verilmişdir. Torpaq üzərində hüquqlara dair Dövlət aktlarının hazırlanması verilməsi və qeydiyyat həmin dövrdə keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən aparılırdı. Hansısa məlumatların sənədlərin qeydiyyat kitablarında yaxud elektron baza xəritə (DwJ) məlumatlarında öz əksini tapmaması vətəndaşın deyil, qeydiyyat orqanlarının problemidir. Belə problemlərin yaranması vətəndaşın təqsirinin deyil, aidiyyəti qurumların vəzifəli şəxslərin öz vəzifələrini layiqincə yerinə yetirməmələrinin idarəçiliyin uçot-nəzarət işinin düzgün təşkil edilməməsinin nəticəsidir. Atası sağlığında hazırda ona miras qalmış Qusar rayonu Ləcət kənd ərazisində yerləşən 28 hektar torpaq sahəsinin mülkiyyətində olmasını təsdiq edən “Torpağa mülkiyyət hüququna dair” JN-351, KOD 30122038 saylı dövlət aktı əsasında mülkiyyət hüquqlarının təsdiq edən yeni formalı sənəd olan Çıxarışın alınması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş, imtina verildiyi üçün Sumqayıt İnzibati Məhkəməsində iddia qaldırmışdır. Onun iddiası təmin olunmuş çıxarışın verilməsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestru publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərində qoyulmuşdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi apellyasiya şikayəti vermişdir. İnzibati iş Sumqayıt apellyasiya məhkəməsində baxılarkən atası vəfat etmişdir. Bu səbəbdən də atasının nümayəndəsi və vəkili iddianı geri götürmüşdür. Qusar Rayon Məhkəmə\sinin qətnaməsi Ali Məhkəməsinin inzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair xx.xx.2015-ci il tarixli Qərarına zidd olması barədə bildirir ki, qətnamə qərara zidd deyil. Belə ki, həmin qərarında 17-ci bəndində qeyd olunur: Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Göründüyü kimi apellyatorun şikayətdə qeyd etdiyi dəlillər əsassızdır və verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı nümayəndəsi Vəkil apellyasiya şikayətinə etirazda göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş üzrə cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 62. Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə 2.2.1. Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 2.0.1. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. Maddə 2.0.2. İnzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 2.2. Mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir. Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Maddə 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Maddə 384.0.5. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Maddə 402.2.4. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadından kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası MPM-nin, İcra haqqında Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair» 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunmalıdır. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyri-müəyyənlik yaranması ilə yanaşı, məhkəmə tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015ci il tarixli qərarının 2-ci bəndində qeyd edilmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisə tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin qərarın 4-cü bəndinə əsasən, inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Həmin qərarın 16.3-cü bəndinə əsasən, ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə verilmiş iddia ərizəsindəki tələblərdən birinə mülki məhkəmə icraatı qaydasında, digərinə isə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduqda, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə həmin (inzibati tələbə aid) hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin inzibati tələbə aid hissəsinin qəbulundan imtina olunmalı, həmin tələb üzrə ərizə məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə inzibati tələbə aid hissədə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Apellyasiya şikayətindən görünür ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi Qusar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(029)-226/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qusar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(029)-226/2025 qətnaməsi “miras əmlakın vərəsəlik yolu ilə onun mülkiyyətinə verilməsi və onun mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasının Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə edilməsi” hissəsində ləğv edilməli, mülki iş üzrə icraata həmin hissədə xitam verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə icraata xitam verilməsi üçün mülki prosessual qanunvericilikdə müəyyən edilmiş əsaslar mövcuddur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli, 4 saylı qərarında qeyd edilmişdir ki, xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”na əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri inzibati orqanlar hesab edilir. Belə ki, iddianın məzmunundan görünür ki, iddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsindən Qusar rayonu, Ləcət kəndi ərazisindən 28 ha torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi və onun mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasının həvalə edilməsini xahiş edir. Qeyd olunan hərəkətləri aparan qurum isə inzibati orqan hesab edildiyindən şərh olunan səbəblərdən mübahisəyə inzibati məhkəmədə baxılmalı idi. Buna baxmayaraq, Qusar Rayon Məhkəməsi iddia ərizəsini icraatına qəbul etmiş və işə mahiyyəti üzrə baxmışdır. Qeyd olunanlarla yanaşı, izah olunur ki, bu qərardad onun hazırkı tələblə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin normaları mülki məhkəmə icraatının gedişini, həmçinin mülki prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin aparılması və onların mümkünlüyünü müəyyən edir. Məcəllədə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur. Odur ki, məhkəmə müdafiəsi hüququnun vacibliyinə baxmayaraq, o mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” AR Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək, onun əsas mahiyyətinə toxunmamalıdır. Mülki prosessual qanunvericilikdə nəzərdə tutulan məhdudiyyətlərlə bağlı qeyd olunmalıdır ki, hüquq və vəzifələrin həcminin prosessual qaydalar çərçivəsində məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət etməlidir. Eyni zamanda, yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv etməməlidir. Bu məhdudiyyətlər hər hansı şəxsin iradəsindən asılı olmayaraq, müvafiq hüquqa mütənasib şəkildə qanunvericinin müəyyən etdiyi hədlər çərçivəsində düzgün tətbiq edilməlidir. Məhkəmə kollegiyası qanunvericiliyin qeyd olunan normalarına istinad edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qusar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(029)-226/2025 qətnaməsi “miras əmlakın vərəsəlik yolu ilə onun mülkiyyətinə verilməsi və onun mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasının Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə edilməsi” hissəsində ləğv edilməli, mülki iş üzrə icraata həmin hissədə xitam verilməlidir. Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 263-264, 384.0.5, 398-401 və 402.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Qusar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(029)-226/2025 qətnaməsi “miras əmlakın vərəsəlik yolu ilə onun mülkiyyətinə verilməsi və onun mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasının Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə edilməsi” hissəsində ləğv edilsin. Mülki iş üzrə icraata iddia tələbinin “miras əmlakın vərəsəlik yolu ilə onun mülkiyyətinə verilməsi və onun mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasının Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə edilməsi” hissəsində xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar