Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-935/2023 10.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdeh “Bakı Mühəndislik Universiteti” X2rşı “universitetin hərəkətlərinin qanunsuz hesab edilməsi və təhsil haqqı ödəməkdən azad olunması” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 03 fevral 2023-cü il tarixli, e-2(012)-1526/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Bakı Mühəndislik Universiteti” X2rşı “universitetin hərəkətlərinin qanunsuz hesab edilməsi və təhsil haqqı ödəməkdən azad olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Mühəndislik Universitetinin ondan təhsil haqqı tələb etməsinə, onu imtahanlara buraxmamasına, o cümlədən 2-ci semestr və növbəti ilin dərslərini almasına mane olmasına (qadağan etməsinə) dair hərəkətlərinin qanunsuz hesab edilərək, onun 23 yaşınadək təhsil haqqından azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 03 fevral 2023-cü il tarixli, e-2(012)-1526/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdeh “Bakı Mühəndislik Universiteti” X2rşı “universitetin hərəkətlərinin qanunsuz hesab edilməsi və təhsil haqqı ödəməkdən azad olunması” barədə iddia ərizəsinin icraata qəbulundan imtina edilmiş və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmışdır (hakim Məlahət Abbasova). Qərardaddan narazı olan İddiaçı şikayət verərək Abşeron Rayon Məhkəməsinin 03 fevral 2023-cü il tarixli, e-2(012)-1526/2023 nömrəli qərardadının ləğv edilməsini və iddia ərizəsinin icraata götürülməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, 14 avqust 2004-cü ildə anadan olmuş, 2021ci il tarixində orta məktəbi bitirdikdən sonra Bakı Mühəndislik Universitetinin “Pedaqoji” fakültəsinin “kimya müəllimliyi” ixtisasına qəbul olmuşdur. Həmin ilin sentyabr ayından universitetin 1-ci kurs tələbəsi kimi güzəştli şərtlərlə (ödənişsiz) təhsil almağa başlamışdır. 2-ci kurs tələbəsi olduğu Bakı Mühəndislik Universiteti onun 18 yaşının tamam olması səbəbilə güzəştli şərtlərlə aldığı təhsilə xitam vermək qərarına gəlmişdir. Baxmayaraq ki, həmin vaxtdan, yəni Universitetə qəbul olduğundan bu yana iddiaçının maddi vəziyyətində hər hansı bir dəyişiklik baş verməmişdir. İddiaçı yenə də ana və atadan məhrum şəkildə yaşlı nənəsinin himayəsində yaşayır və onun sosial təminatı hesabına dolanır. Halbuki valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, habelə onların arasından 23 yaşınadək olan şəxslərin sosial müdafiəsi üzrə dövlət təminatının məzmununu və tədbirlərini müəyyən edən, həmin təminatın verilməsi və həyata keçirilməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun “Təhsil üzrə təminatlar” başlıqlı 5-ci maddəsinə əsasən, bütün tipdən olan dövlət təhsil müəssisələrində təhsil alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər həmin təhsil müəssisəsini bitirənədək tam dövlət təminatına götürülürlər. Bakı Mühəndislik Universitetinin atdığı qanunsuz addımdan Abşeron Rayon Məhkəməsinə iddia ərizə ilə müraciət olunmuş və məhkəmə işi icraata götürməkdən boyun qaçıraraq bununla bağlı qərardad qəbul etmişdir. Bakı Mühəndislik Universitetini o halda inzibati orqan hesab etmək mümkün olardı ki, göstərdiyi fəaliyyət sahəsi dövlət tərəfindən və ölkə hüdudları daxilində başqa bir orqan tərəfindən göstərilməsin. Ölkədə isə təhsil müəssisəsi olaraq fəaliyyət göstərən onlarla universitetlər var. Qərardadda qeyd olunub ki, o, məhkəmədən öncə cavabdeh olaraq qoyulmuş aidiyyəti orqana müraciət etməli, imtina verildiyi təqdirdə isə məhkəməyə müraciət etməlidir. Qeyd etmək lazımdır ki, qanunvericilikdə sahəvi mübahisəyə aid imperativ norma yoxdur ki, iddiaçı mütləq şəkildə məhkəmədən öncə publik hüquqi şəxs olan cavabdehə rəsmi müraciət etməli, rəsmi imtina aldıqdan sonra məhkəməyə müraciət etməlidir. Qərardadın bu hissəsi bir mənalı şəkildə tərəfin hüquqlarını lüzumsuz şəkildə məhdudlaşdırmaqdan başqa bir şey deyildir. Bakı Mühəndislik Universitetindən iddiaçıya bildirilmişdir ki, təhsil haqqını ödəməyəcəyi təqdirdə imtahana buraxılmayacaqdır. Bu artıq sözügedən universitetin ortaya qoyduğu iradə ifadəsidir. Bundan sonra yenidən rəsmi qaydada universitetə müraciət etməyin hansı məntiqi əsasa sökəndiyi qeyri-müəyyəndir. Qeyd olunması zəruri olan hallardan biri də sözügedən məsələ ilə bağlı o, müvəqqəti təminat tədbiri ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək 2023-cü ilin yanvar ayında keçiriləcək semestr imtahanlarında iştirakına maneələrin yaradılmasını cavabdeh Bakı Mühəndislik Universitetindən müvəqqəti olaraq dayandırmasını xahiş etmişdir. Ərizəni Abşeron Rayon Məhkəməsi icraatına götürərək 16(012)-172/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardad qəbul etmişdir. Onun müvəqqəti təminat tədbiri ərizəsi təmin olunaraq ona 2023-cü ilin semestr imtahanlarında iştirakına maneələrin yaradılmasını Bakı Mühəndislik Universitetinə qadağan edilmişdir. Bu məntiqdən yola çıxsaq bir daha əmin olmaq olar ki, qəbul edilmiş qərardad tam və obyektiv araşdırılmadan qəbul edilmişdir. Bildirilməlidir ki, univeritetdə təhsil almağa başlanılmamışdan öncə onunla cavabdeh arasında təhsil müqaviləsi bağlanışmışdır bu isə özü-özlüyündə mübahisənin mülki xarakter daşıdığı və belə olan halda isə mübahisəyə mülki qaydada baxılması məcburiyyəti yaranır. Abşeron Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli, e-2(012)-1526/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 03 fevral 2023-cü il tarixli, e-2(012)-1526/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Məlahət Abbasova). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 03 fevral 2023-cü il tarixli, e-2(012)- 1526/2023 nömrəli qərardadı ləğv edilməli, İddiaçı cavabdeh “Bakı Mühəndislik Universiteti” X2rşı “universitetin hərəkətlərinin qanunsuz hesab edilməsi və təhsil haqqı ödəməkdən azad olunması” tələbinə dair mülki iş mahiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, mübahisəyə mülki qaydada deyil, inzibati icraat qaydasında baxılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İnzibati hüquq münasibətləri (idarəçilik sahəsində ümumi (publik) hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində yaranır və bilavasitə dövlət idarəetmə fəaliyyətinin həyata keçirilməsi prosesində inzibati orqanların vəzifə və səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlıdır. Göründüyü kimi, belə hüquq münasibətlər publik hüquq sahəsində yaranmaqla münasibətin tərəfi kimi mütləq qaydada inzibati orqan çıxış edir, həmin orqanın fəaliyyəti ictimai idarəetmə ilə bağlı olur və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşaiyyət olunur. Nəzərə alınmalıdır ki, inzibati hüquq münasibətlərini digər hüquq münasibətlərindən fərqləndirən xüsusiyyətlərdən biri həmin münasibətlərin hakimiyyət-tabeçilik prinsipi əsasında qurulmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual 2.2-ci maddəsinə görə isə, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh “Bakı Mühəndislik Universiteti” X4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»nda inzibati orqan sırasına daxil edilməmişdir. Göründüyü kimi, hazırkı iş üzrə ona qarşı iddia tələbi irəli sürülmüş cavabdeh inzibati orqan deyildir. Buna görə də inzibati orqan olmayan cavabdehlə iddiaçı arasında hər hansı bir inzibati hüquq münasibəti mövcud deyildir. İnzibati hüquq münasibətinin mövcud olmadığı halda isə inzibati mübahisə də mövcud deyildir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iddia tələbi predmet və subyekt tərkibinə görə inzibati xarakterli olmadığından hazırkı iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında deyil, mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə çıxarılmış qərardad ləğv edilməklə mülki iş mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək, qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhəkəməsi üçün məcburidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 03 fevral 2023-cü il tarixli, e-2(012)-1526/2023 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh “Bakı Mühəndislik Universiteti” X2rşı “universitetin hərəkətlərinin qanunsuz hesab edilməsi və təhsil haqqı ödəməkdən azad olunması” tələbinə dair mülki iş mahiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-935/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-935/2023
10.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver