Məhkəmə qərarları › İş №2(105)-945/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-945/2022

18.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-945/2022 18.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil Babalı oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 2 saylı Sumqayıt Ərazi İdarəsinə və Maraqlı şəxs qarşı çıxarışların etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Sumqayıt Şəhər Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(060)- 6636/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim R.Qoşqarlı) iddianın rədd edilməsi, İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, Saray bağlar massivi 1968 ünvanlı, 0.2294 ha bağ sahəsinə Maraqlı şəxs adına verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1961-ci ildə Sumqayıt şəhəri, Saray bağlar massivi 1968 ünvanlı bağ sahəsi (0.2294 ha) almışdır. Həmin bağ sahəsinə 13.04.2012-ci il tarixdə, № **********, reyestr № **********56, seriya MA № ******* olan Çıxarış alınmışdır. DƏDRX 2 saylı Sumqayıt Ərazi İdarəsindən qeyd etdiyi torpağın ilkin özəlləşdirilməsinə dair toplanmış və cavabdehə təqdim olunmuş bütün sənədlərin surətlərinin ona verilməsini və həmçinin sonradan addan ada keçirilməsinə dair şəxslər barədə ona yazılı məlumat vermələrini xahiş etmişdir. Vəkil sorğusu tələb etdilər. Həmin sorğuya 02 mart 2020-ci il tarixli **********79 saylı cavabda bildirilir və görünür ki, ona məxsus bağ sahəsinə 21 avqust 1985-ci il tarixli 1656 nömrəli icarə müqaviləsi və Azərbaycan Respublikasının Dövlət Xəritəçəkmə Komitəsinin 28.07.2010-cu il tarixli 3482 nömrə ilə uçota alınmış AN 278392 seriyalı torpaq sahəsinin planı və ölçüsünə əsasən Sumqayıt şəhəri, Saray bağlar massivi ünvanında yerləşən 1968 nömrəli 0.2294 ha bağ torpaq sahəsi üzərinə İddiaçı tam mülkiyyət hüququ 13.04.2012-ci il tarixli, № ********** nömrəli çıxarış ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.Qanunun mənasına görə əqdin bağlanılması üçün ilkin zəruri olan şərtlərdən biri tərəflərin iradə ifadəsidir. O, bildirmək istəyir ki, onun tərəfindən heç vaxt özəlləşdirmək üçün heç bir yerə müraciət etməmiş və bunun üçün hər hansı bir şəxsə etibarnamə və yaxud vəkalətnamə verməmişdir. Həmçinin o, həmin ünvanda-1968 nömrəli bağ sahəsini 1961-ci ildə almışdır. DƏDRX 2 saylı Sumqayıt Ərazi İdarəsinə ona verilmiş vəkil sorğusunun cavabı üçün narazılığını bildirdikdə cavab verdilər ki, yalnız məhkəmənin sorğusu olduqda bütün sənədlərin surətləri məhkəməyə verilə bilər. Hesab edir ki, dövlət qeydiyyatına alınma tərəfindən aparılmadığı üçün hər hansı bir saxtakarlığa yol verilmişdir. Bu səbəbdən qeyd etdiyi çıxarış etibarsız hesab edilməlidir və ondan sonra hər hansı bir özgəninkiləşdirmə etibarsız hesab olunmalıdır. O, 2012-ci ildə ağır xəstəlik keçirmişdir. Bu səbəbdən qardaşı oğlu Maraqlı şəxs onu notariat kontoruna apararaq ondan müqavilə bağlamağı xahiş etmiş və bildirmişdir ki, hər hansı xəstəlik və ağırlaşma baş verərsə və ümumiyyətlə çətin günlərində onu tək qoymayacaq və ona zəruri maddi və mənəvi köməkliyini göstərəcəkdir. Hətda o, öz aralarında ona baxmayacağı halda ona məxsus bağı geri qaytaracağını nəzərinə çatdırmışdır. O, qardaşı oğluna inanmışdır. Bir il yarımdan çoxdur ki, o, yeriyə bilmir. Ayağı sınıb və yaşı ilə bağlı sağalma prosesi demək olar ki, getmir. Hazırda maddi və mənəvi yardıma ehtiyacım var. Qardaşının oğlu Mahir isə heç zəng belə vurmur. Səkkiz aydan artıqdır ki, o, cavabdehə əbəs yerə inandığını anlamış və hesab edir ki, bu müqavilə məhkəmə tərəfindən etibarsız hesab edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozmaqla qəbul olunmuşdur. Məhkəmə qətnamə çıxararkən mülki iş üzrə dəlillərə və sübutlara düzgün qiymət verməmişdir. Qətnamə əsassızdır. Məhkəmənin gəldiyi nəticə üçün bütün faktiki halları aydınlaşdırmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi Vəkil Babalı oğlu apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdeh və maraqlı şəxsə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini öz iddia tələbini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməməsi və əsaslandırdığı halları sübut edə bilməməsi ilə əsaslandırmış və gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri, 329.1, 337.1, 337.1,337.3-337.5., 339, 666.1, 667.1, 668.1.1, 673.1,2, 673.2.2, 673.4-cü maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək bu nəticəni mübahisələndirmişdir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddia tələbini rədd edən birinci instansiya məhkəməsi iddia tələbinə maddi hüquqi normalarını düzgün tətbiq etməmişdir. İşdən görünür ki, iddia tələbinin predmetini çıxarışın etibarsız hesab edilməsi təşkil edir. Lakin tərəflər arasında yaranmış mübahisəni həll edən birinci instansiya məhkəməsi iddia tələbinə münasibətdə Mülki Məcəllənin 666, 337, 354.2, 375.2-ci maddələrinə istinad etmişdir. Qeyd edilməlidir ki, iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Avropa Məhkəməsi dəfələrlə qeyd etmişdir ki, istənilən hüquq sistemində norma nə qədər dəqiq tərtib olunsa da, məhkəmə şərhi qaçılmazdır. Anlaşılmayan məqamların izah olunmasına hər zaman ehtiyac olacaq. Müəyyənlik arzuedilən olsa da, bəzən lüzumsuz sərtliklə müşaiyət oluna bilər, halbuki hüquq dəyişən şəraitlə addımlamaq xüsusiyyətinə malik olmalıdır. Müvafiq olaraq bir çox qanunlar qaçılmaz terminlərin istifadəsi ilə tərtib olunmuşlar ki, onlar az və ya çox dərəcədə qeyri-müəyyəndir, onların şərhi və tətbiqi təcrübədən asılıdır. Hüquq müddəasının müxtəlif cür təfsir olunması özü-özlüyündə öncədən görmə tələbinin pozulmasına gətirib çıxarmır. İşlərə baxılarkən məhkəmələrin üzərinə qoyulmuş rol ondan ibarətdir ki, onlar bu cür şübhələri təfsirlə aradan götürsünlər. (Böyük Palatanın CentroEuropa 7 S.R.L. və X5rşı iş üzrə 7 iyun 2012-ci il tarixli Qərarı, §141; X3 və digərləri Polşaya qarşı iş üzrə 17 Fevral 2004-ci il tarixli Qərarı, § 65; X1rşı iş üzrə 20 May 1999-cu il tarixli Qərarı § 34). Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin (Mülki Prosessual Məcəllənin 386-cı maddəsi). Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (MPM-nin 385.1.1-ci maddəsi). Məhkəmə kollegiyası apellyasiya şikayəti üzrə hüquqi dəyərləndirmə apararaq aşağıdakı əsaslara görə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir. İşdən görünür ki, iddia tələbi Maraqlı şəxs adına verilmiş 24 oktaybr 2012-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi barədədir və həmin çıxarış 20 oktyabr 2012-ci il tarixli bağışlama müqaviləsinə əsasən sonuncunun adına qeydə alınmışdır. İşin digər halı isə ondan ibarətdir ki, sonuncu da öz növbəsində həmin çıxarış əsasında sözügedən torpaq sahəsini 30.06.2016-cı il tarixdə alqı-satqı müqaviləsi əsasında Vəli Məmmədov, 18.03.2018-ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında isə torpaq sahəsi Tərlan Məmmədovun adına qeydə alınmış və 08.09.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 0,10 hissəsi Salman Quliyevin adına qeydə alınmış, yerdə qalan 0,1294 hissə üzərində isə Tərlan Məmmədovun mülkiyyət hüququ saxlanılmışdır. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisələndirdiyi çıxarış mövcud bağışlama müqaviləsi əsasında əldə edildiyindən və eləcə də həmin çıxarış başqa şəxslərlə bağlanmış əqdlər əsasında ləğv olunaraq yeni çıxarış verildiyindən, iddia tələbi təmin edilə bilməz. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 2 saylı Sumqayıt Ərazi İdarəsinə və Maraqlı şəxs qarşı çıxarışın etibarsız hesab edilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar