Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-951/2022 06.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi hakim), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1, İddiaçı, Cavabdeh2 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 2(060)-5531/2021 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 2(060)-5531/2021 nömrəli qətnaməsi ilə (hakim G.C.Tanrıverdiyeva) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul və vurulmuş mənəvi ziyan tələbinə dair iddia qismən təmin edilib, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2.000 (iki min) manat məbləğində pul və ödənilmiş 12 (on iki) manat dövlət rüsumunun alınaraq İddiaçı qaytarılması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh2 apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 2(060)-5531/2021 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2000 manat məbləğində borcun, 3000 manat məbləğində mənəvi ziyana görə təzminatın və dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 24.09.2020-ci il tarixdə ona müraciət edərək pul lazım olduğunu bildirmiş və həmin gün ondan borc olaraq 2000 (iki min) manat pulu 3 ay müddətinə qaytarmaq şərti ilə almışdır. Həmin vaxt özünün şəxsiyyət vəsiqəsini, xarici pasportunu və vergi şəhadətnaməsini girov olaraq qoymuşdur. Bundan əlavə Cavabdeh2 cavabdehə zamin durmuş və bu barədə hər iki cavabdeh iltizam vermişlər. Lakin bu vaxta kimi həmin puldan ona bir manat da olsun qaytarılmamışdır. Bir müddət sonra Cavabdeh1 xarici pasportunu ondan geri almışdır. Cavabdehin onu aldatması, pulunu qaytarmaması, müxtəlif bəhanələr gətirməklə onu get-gələ salması nəticəsində ona mənəvi ziyan da dəymişdir ki, o həmin ziyanı 3000 (üç min) manat məbləğində qiymətləndirir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh2 verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 14 sentyabr 2021-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, rəsmi iş yeri olmadığına görə Sumqayıt şəhərində səyyar formada xırda alverlə - meyvə-tərəvəz satışı ilə məşğuldur. İddiaçı da təxminən bir - iki il olar ki, müştəri kimi tanıyır. 2020-ci ilin sentyabr ayında iddiaçının yaşadığı həyətdə - Sumqayıt şəhəri, 14-cü məhəllədə meyvə-tərəvəz satdığı zaman iddiaçı ona təklif etmişdir ki, əgər ozünə və yaxud dost-tanışına faizə pul lazım olarsa, qızıl əşya, telefon, bahalı saat, sənəd, pul kartı və s. girov qoymaqla ona müraciət etmək olar. O, bu barədə Taleh adlı tanışına demiş, bu söhbətdən təxminən bir neçə ay sonra Cavabdeh1 ona müraciət edərək ona pul lazım olduğunu və həmin qadına müraciət edə biləcəklərini soruşmuşdur. Ertəsi gün o, İddiaçı yaşadığı həyətdə meyvə-tərəvəz satdığı zaman Taleh ona zəng vurub həmin qadını soruşmuş, həmin qadının ondan müyvə alması demişdir. Çox keçmədən Cavabdeh1 iddiaçıya məxsus yaşayış evinin həyətinə gəlmiş və iddiaçı ilə görüşmüşlər. İddiaçı Talehi bir neçə dəfə onun yanında gördüyü üçün tanımışdır. Onlar iddiaçının yaşadığı mənzilə daxil olub dəhlizdə söhbət etmiş və Taleh bəzi sənədlərini, telefonunu və 1 ədəd qızıl qol saatını İddiaçı təhvil verib, ondan borca 300 manat məbləğində pul istəmişdir. İddiaçı isə Talehə 1.000 manat məbləğində pul verdiyi barədə yazılı iltizama qol çəkdirmiş və bildirmişdir ki, pulu qaytaranda bu iltizamı Talehin özünə verəcək ki, cırıb atsın. Bundan sonra iddiaçı ona demişdir ki, Taleh öz üzərində məsuliyyət hiss etsin deyə, «sən də onun verdiyi iltizama qol çək». O da ona inanıb Talehin yazdığı iltizama imza etmişdir. Ertəsi gün iddiaçı Talehə 300 manat pul vermiş və bundan sonra o, həmin qadına və yaxud onun evinə yaxın getməmişdir. Bir müddət sonra sonra Taleh onun və Elvin adlı qohumunun yanında iddiaçıya 100 manat pul qaytarmış və sonuncuya təklif etmişdir ki, telefonu və qızıl saatı satıb pulunu özünə götürə bilər. Lakin, iddiaçı onun bu təklifi ilə razılaşmamış və 300 manat pulunu tələb etmişdir. Həmin vaxt Taleh saat və telefonun özünə qaytarılmasını və həmin əşyaları sataraq pulunu artıqlaması ilə qaytarmağı təklif etmiş, lakin iddiaçı yenə də, onun bu təklifi ilə razılaşmamışdır. Şəxsən özü üçün heç vaxt iddiaçıdan borca pul almamış və keçirilən məhkəmə iclaslarında iştirak etməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada Cavabdeh1 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən Cavabdeh1 iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Sumqayıt Şəhər Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 2(060)-5531/2021 saylı qətnaməsindən ancaq Cavabdeh2 tərəfindən apellyasiya şikayəti verildiyindən birinci instansiya məhkəməsinin qətnaməsi ona aid hissədə araşdırılır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh2 aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materaillarında olan əlyazma ilə yazılmış 24.09.2020-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh1 25.12.2020-ci il tarixədək qaytarmaq şərtilə İddiaçı 2000 manat məbləğində borc pul almışdır. İşdə olan digər əlyazma ilə yazılmış 24.09.2020-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh2 Cavabdeh1 İddiaçı götürdüyü 2000 manat məbləğində borcla əlaqədar ona zamin durmuşdur. Birinci instansiya məhkəməsi iddia ərizəsinin pul tələbinə dair hissəsində təmin edilməsi nəticəsinə gələrkən hesab etmişdir ki, tərəflər arasında 24.09.2020-ci il tarixli borc müqaviləsi imzalanmış, İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirsə də, cavabdehlər müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə borc yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (MM-nin 740.1 və 740.2-ci maddələri). Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (MM-nin 442, 443.1 və 445.2.1-ci maddələri). Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (MM-nin 471 və 472.1-ci maddələri). İşin faktiki halları ilə müəyyən olur ki, Cavabdeh2 borclunun borc müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin olaraq iddiaçı qarşısında məsuliyyəti öz üzərinə götürmüşdür. Eyni zamanda müəyyən olur ki, İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirsə də, Cavabdeh2 borclunun borc müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin olaraq iddiaçı qarşısında məsuliyyəti öz üzərinə götürmüş olduğu öhdəliklərini yerinə yetirməmiş və nəticədə borc yaranmışdır. Məhkəmə kollegiyası işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin mübahisələndirən hissəsində düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Cavabdeh2 apellyasiya şikayətinin dəlillərini təsdiq edən heç bir sübut təqdim etməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin Cavabdeh2 aid hissəsində apellyasiya qaydasında dəyişdirilmədən və apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki kollegiyasının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İşdən görünür ki, iddia tələbinin mübahisələndirilən hissəsi 2000 manat olduğundan və həmin məbləğ qanunvericilikdə qətnamədən şikayət verilməsi üçün nəzərdə tutulmuş məbləğdən az olduğundan, həmin qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 verdiyi apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 2(060)-5531/2021 saylı qətnaməsi Cavabdeh2 aid hissəsində dəyişdirilmədən saxlansın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-951/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-951/2022
06.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver