Məhkəmə qərarları › İş №2(105)-956/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-956/2024

13.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-956/2024 13.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X10 ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi Vəkil2, Cavabdeh2 (eyni zamanda digər Cavabdeh1 nümayəndəsi) iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 28 fevral 2024-cü il tarixli, 2(060)-62/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 övladı - xx.xx.2011-ci il təvəllüdlü X4 dəymiş ziyan ilə əlaqədar 10729.36 manat maddi ziyan, 50000 manat mənəvi ziyanın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi dəqiqləşmə verərək, cavabdehlər X5 və X6 xx.xx.2011-ci il təvəllüdlü X1 cinayət əməli nəticəsində dəymiş ziyana görə 16.169.20 manat və mənəvi ziyana görə 100000 manat pulun alınıb İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlər bir ailənin üzvü olmaqla qonşudurlar. xx.xx.2022-ci il tarixdə saat 18:00 radələrində övladı - X7 həyətdə oynayarkən cavabdehlərin övladı təxminən 13 yaşında olan qonşu X8 atdığı daş oğlu Yusifin sol gözünə dəymiş, bu hadisədən 15 dəqiqə sonra oğlu Yusif bu barədə ona bildirmiş, o da Ömərin anasına yəni, X2 bu barədə demiş və sonuncu onların evinə gəlmişdir. Həmin gün cavabdehlər onun övladı Yusifin səhhəti ilə maraqlanmamış, ertəsi gün isə Ömərin anası Turac və adını bilmədiyi əmisi onlarla “Zərifə Əliyeva” adına göz xəstəxanasına gəlmiş, həmin gün müalicə xərclərini ödəsələr də, sonrakı günlərdə gəlməmiş və müalicə xərclərini ödəməmişlər. Hazırda oğlu Yusifin səhhəti pisdir, onun sol gözünün görmə qabiliyyətinin itirməsi ehtimalı vardır. Hadisə olan gündən cavabdehlərin oğlunun müalicəsinə olan biganə münasibətindən məcbur olub xx.xx.2022-ci ildə Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmişdir. İş üzrə araşdırma başlanılmış və xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. AR Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X11”-nin xx.xx.2023-cü il tarixli, 1488 saylı ekspert rəyində X3 bədəni üzərində qeyd olunan xəsarətlərin küt əşyanın təsirindən yarandığı xəsarətlərin dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3-dən çox hissəsinin dayanıqlı itirilməsinə səbəb olan sağlamlığa ağır zərərvurmaya aid olduğu göstərilmişdir. Tibbi rəydən də göründüyü kimi oğlunun sağlamlığına ağır zərər vurulmuş, o əmək qabiliyyətini itirmişdir. Qərarda göstərilir ki, xx.xx.2009-cu il təvəllüdlü X13 cinayət törədərkən 14 yaşı tamam olmadığından AR CM-nin 20-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb edilə bilməz. Hal-hazırda isə oğlunun Türkiyə Respublikasında əməliyyat olunması zərurəti yaranmışdır. İndiyə qədər çəkdiyi maddi və mənəvi zərəri dillə ifadə etmək mümkün deyildir. xx.xx.2022-ci il tarixdən onlar mənəvi iztirab içindədirlər. Oğlunun bu durumu onu həm mənəvi, həm də maddi cəhətdən ağır duruma salmışdır. Cavabdehlər isə sanki heç nə olmamış kimi həyatlarını yaşayırlar. Cavabdehlər onun digər övladlarını təhqir edirlər. Oğlunun müalicəsi ilə bağlı 8229.36 manat qəbzlərlə sübut edə biləcəyi vəsait xərcləmişdir. Bundan əlavə təqribən 2500 manatlıq dərmanlar və s. (nəqliyyat xərci, iş vaxtının itirilməsi) xərc çəkmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 28 fevral 2024-cü il tarixli, 2(060)-62/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada maddi ziyana görə 8921.05 manat və mənəvi zərərə görə 1000 manat pulun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi və iddianın verilməsinə görə 119.21 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (hakim Əfqan Ələkbərov). Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 28 fevral 2024-cü il tarixli, 2(060)-62/2024 nömrəli qətnaməsinin qismən ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, övladının bilavasitə cavabdehlərin oğlu Ömərin törətmiş olduğu əməl nəticəsində gözündən ağır xəsarət almağı, həmin hadisə nəticəsində ailələrinə dəymiş maddi və mənəvi zərər arasında səbəbli əlaqənin olması mülki iş materialları ilə, cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarla da təsdiq olunur. Cavabdehlər, həmçinin Ömər məhkəmədə verdikləri izahatlarında bu faktı inkar etməmişlər. Bu baxımdan Yusifin həmin hadisə nəticəsində xəsarət almağının onlar üçün ağır mənəvi məhrumiyyətlərə səbəb olması açıq aşkardır. Cavabdehin təqsiri üzündən övladına dəymiş mənəvi zərərin bütövlükdə 100000 manat məbləğində qiymətləndirilməsi onun keçirdiyi mənəvi və fiziki sarsıntı və iztirablar üçün ağlabatan kompensasiya hesab edilə bilər. Belə ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Övladının cinayət əməli nəticəsində xəsarət almağı işin mübahisə edilməyən halı olduğu kimi, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində mənəvi iztirab və sarsıntı keçirməyi, yəni mənəvi ziyan çəkməyi də mübahisə doğurmur. Birinci instansiya məhkəməsi övladının keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakterini və ağırlığını, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alaraq tələb etdiyi həddə maddi və mənəvi zərərin tutulmasını təmin etməli olduğu halda qətnaməni formal sözlərlə əsaslandıraraq iddianı qismən təmin etməklə sadalanan hüquq normalarının tələblərini pozmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak Cavabdeh2 öz adından, eyni zamanda nümayəndəsi olduğu Cavabdeh1 adından apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada maddi ziyana görə 9050.75 manat və mənəvi zərərə görə 2000 manat pul tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir: İş materiallarında olan xx.xx.2022-ci il tarixli epikriz raporundan görünür ki, “Şüşəyəbənzər cismin çıxarılması, ön giriş (açıq fəza texnikası. Şüşəyəbənzər cismin çıxarılması, ön giriş (dəyişdirilmə ilə birlikdə)) Vitrektomi (sol göz) və Tor qişanın ayrılmasının drenajla bərpa növləri Vitrektomi 2. Kesi aynı göz (sol göz)” əməliyyatları aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X21 “Bakı Baş Səhiyyə Mərkəzi” X21 12 №-li Uşaq Poliklinikasının iddiaçının nümayəndəsi Vəkil2 müraciətinə ünvanlanan xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, İddiaçı övladı xx.xx.2011-ci il təvəllüdlü X7 xx.xx.2019-cu il tarixdən poliklinikanın qeydiyyatındadır. Periodik olaraq oftalmoloq müyinəsindən keçmiş, axırıncı müayinə xx.xx.2022-ci il tarixdə olmuş, gözləri sağlam olmuşdur. Ananın dediyinə görə xx.xx.2022-ci ildə uşağın sol gözünə daş dəymişdir. xx.xx.2022-ci il tarixdə poliklinikaya müraciət etmişdir. Diaqnoz: OS-travmadan sonrakı vəziyyət, ön kamerada hemoftalm. Milli Oftalmologiya Mərkəzinə göndəriş verilmişdir. xx.xx.2022-ci il tarixdə MOM-da müayinədən keçmişdir. Diaqnoz: OS-göz almasının ağır dərəcəli kontuziyası, hemoftalm, hifema. Vis OD-1,0 Vis OS - düzgün işıq duyğusu. xx.xx.2022-ci il tarixdə MOM-dan gətirilən rəyə əsasən diaqnoz: sol gözün ağır dərəcəli kontuziyasından sonrakı vəziyyət, hifema, hemoftalm, oftalmohipertenziya, buynuz qişanın ödemi, (H21,0; H44,8; H40,3, H17). xx.xx.2022-ci il tarixdə Batıgöz Klinikasında vitrektomiya əməliyyatı keçirilmiş, şüşəvari cisim təmizlənmiş, yırtıqlar təsbit edilmiş, tor qişa bərpa edilmişdir. Diaqnoz: Tor qişanın cırılması və qopması. Uşağın müalicəsi davam edir. İş materiallarında olan Sumqayıt şəhər 2 nömrəli tam orta məktəbin verdiyi xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Vİ sinif şagirdi X7 İ sinifdən bu məktəbdə oxuyur. Oxuduğu müddət ərzində X7 özünü bacarıqlı, tərbiyəli bir şagird kimi tanıtmışdır. O, özünün intizamı ilə həmişə yoldaşlarına nümunə olmuşdur. 2022-ci ilin sentyabr ayında Yusif Vəlizadənin gözündə problem olduğu üçün dərsə davamiyyəti ardıcıl olmamışdır. 1-ci yarımil sonuna qədər davamiyyət olmamışdır. 1-ci yarımilin sonlarında bacısının köməyi ilə məktəbə gəlmiş, summativlərdə iştirak etmiş, qiymətləndirilmişdir. 2-ci yarımilin əvvəllərində ara-sıra dərslər buraxmış, amma summativlərdə iştirak etmiş, qiymətləndirilmişdir. Valideynin ərizəsinə əsasən şagird tez-tez dərs buraxmış, həkimlərdən arayış gətirmişdir. İş materiallarında olan AR Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X11”-nin xx.xx.2023-cü il tarixli, 1488 saylı ekspert rəyindən görünür ki, X3 bədəni üzərində qeyd olunan xəsarətlərin küt əşyanın təsirindən yarandığı xəsarətlərin dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3-dən çox hissəsinin dayanıqlı itirilməsinə səbəb olan sağlamlığa ağır zərərvurmaya aid olduğu göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən məhkəmənin sorğusuna əsasən məktubla göndərilən X8 izahatından görünür ki, o, izahatında “xx.xx.2022-ci il tarixdə qonşumuz Yusif və başqa uşaqlarla raqatka ilə daş ataraq oyun oynayırdıq. Həmin vaxt mən əlimdə olan raqatka ilə kənar bir yerə atan zaman bilməyərəkdən Yusifin daş gözünə dəydi. Mən dərhal ona yaxınlaşdım, gözünə baxdım gördüm ki, gözünü ovxalayır, sonra Yusif kənarda olan bulağa gedib üzünü yudu və mən də oradan uzaqlaşıb evimizə getdim. Və anama bildirdim ki, bilməyərəkdən daş atdım o da Yusifin gözünə dəydi. Həmin vaxt anam məni danladı” bildirmişdir. İş materiallarında olan birinci instansiya məhkəməsinin sorğusu əsasında məhkəməyə ünvanlanmış İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X4 Batıgöz klinikasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfinin təsdiq edilməsi haqqında qərarında sıra nömrələri 2.6.106 (Tor qişanın ayrılmasının drenajla bərpa növləri) və 2.6.107 (Şüşəyəbənzər cismin çıxarılması, ön giriş (Açıq fəza texnikası. Şüşəyəbənzər cismin çıxarılması, ön giriş (dəyişdirilmə ilə birlikdə)) olan xidmətlər icra edilmişdir. Bu xidmətlərə görə agentlik tərəfindən özəl tibb müəssisəsinə ümumilikdə 1300 manat ödənilmişdir. İş materiallarında olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanılmış xx.xx.2022-ci il tarixli CP/04762/89/11 saylı Kredit Sazişindən görünür ki, Bank tərəfindən İddiaçı illik 13,50% dərəcəsi 3000 (üç min) manat məbləğində nağd pul krediti verilmişdir. Kreditin müddəti 24 aydır. Həmin müqavilə üzrə xx.xx.2022-ci il tarixli kassa məxaric orderindən görünür ki, Əliyeva X14 3000 manat pul vəsaitini kassadan təhvil almışdır. İş materiallarında olan İcbari Tibbi Sığorta üzrə X15 tibb müəssisələrində tibb xidmətlərinin göstərilməsi üçün xx.xx.2023-cü il tarixli göndəriş vərəqəsinin surətindən görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X4 planlı tibbi xidmətin göstərilməsi üçün o, X16 göndərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 14796 nömrəli çekdən görünür ki, "xxxx" MMC-yə (VÖEN**********) Yusif Vəlizadənin sol gözündə tor qişanın ayrılmasının drenajla bərpa növləri (2200 manat) və şüşəyəbənzər cismin çıxarılması, ön giriş (Açıq fəza texnikası. Şüşəyəbənzər cismin çıxarılması, ön giriş (dəyişdirilmə ilə birlikdə) (2300 manat)) cərrahi əməliyyatlarının icrası üçün iddiaçı tərəfindən ümumilikdə 4500 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 26672 nömrəli çekdən görünür ki, "xxxx" MMC-yə (VÖEN**********) Yusif Vəlizadənin sol gözündə Pupilloplasti (3200 manat) və Genel Anestezi (170) cərrahi ənəliyyatlarının icrası üçün iddiaçı tərəfindən ümumilikdə 3370 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən məhkəməyə təqdim olunan ödəniş qəbzlərindən müəyyən olunur ki, iddiaçının övladı üçün müvafiq dərmanlara görə cəmi 1051.05 manat ödəniş edilmişdir. Məhkəmə kollegiyası həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Məcəllənin Məcəllənin 21.1-ci maddəsinə əsasən müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1103.1-ci maddəsinə əsasən on dörd yaşınadək olan yetkinlik yaşına çatmayanın (azyaşlının) törətdiyi mülki hüquq pozuntusu nəticəsində dəyən zərər üçün onun valideynləri (övladlığa götürənlər) və ya qəyyumu, zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, məsuliyyət daşıyırlar. İşin araşdırılmış hallarına əsasən müəyyən edilir ki, xx.xx.2009-cu il təvəllüdlü X13 xx.xx.2022-ci il tarixdə hadisəni törədərkən 14 yaşına çatmamış, həmçinin X13 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsində verdiyi izahatda hadisəni törətdiyini etiraf etmişdir.Cavabdeh2 məhkəmə kollegiyasının iclasında uşağın gözünün kor olmasının hadisə ilə əlaqəli olub-olmamasını mübahisələndirsə də, məhz hadisədən kənar təsirlərdən olmasını təsdiq edən sübutu təqdim edə bilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən xx.xx.2011-i il təvəllüdlü X1 xx.xx.2009-cu il təvəllüdlü X13 tərəfindən ziyan vurulduğundan cavabdehlər onun əməlinə görə maddi və mənəvi məsuliyyət daşıyırlar. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı faktiki olaraq 16.000 manatın xərcləndiyini bildirsə də, məhkəməyə təqdim etdiyi qəbzlərlə ümumi olaraq 9.050,75 manatı sübuta yetirə bilmişdir.Lakin birinci instansiya məhkəməsi hesablamada texniki səhvə yol verərək dəymiş maddi ziyanı 8921,05 manat məbləğində müəyyən etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası iddia tələbinin “mənəvi ziyanın ödənilməsi” hissəsi ilə bağlı hesab edir ki, bu hissədə birinci instansiya məhkəməsi iddia tələbini qismən, yəni 1000 manat məbləğində təmin etməklə tam düzgün nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyası mənəvi zərərin ödənilməsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 2-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X9 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Bununla yanaşı, məhkəmə kollegiası qeyd edir ki, mənəvi zərər bir tərəfdən hüquqa zidd əməl nəticəsində şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalmadırsa, digər tərəfdən onun meydana gəlməsi üçün şəxsin bu azalmanı hiss etməsi, psixoloji sarsıntı və iztirab keçirməsidir. Mənəvi zərər anlayışına şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalma kimi yanaşma ona dəlalət edir ki, bəzi hallarda baş vermiş faktın özü mənəvi zərərin vurulmasının dəlili kimi qəbul edilir və bu faktın başqa dəlillərlə sübuta ehtiyacı olmur. Məhkəmə kollegiyası, iddiaçının mənəvi zərərin ödənilməsi tələbinə bu baxımdan yanaşaraq hesab edir ki, xx.xx.2022-ci il tarixdə saat 18:00 radələrində övladı - X7 həyətdə oynayarkən cavabdehlərin övladları təxminən 13 yaşlarında olan qonşu X8 məhz “quşatanla (raqatka ilə)” atdığı daş oğlu Yusifin sol gözünə dəyməsi və övladının görmə qabiliyyətinin itirilmə ehtimalı onun uzun sürən məhkəmə proseslərində tərəf qismində iştirak etməsi faktı özü-özlüyündə iddiaçının psixoloji sarsıntı və iztirab keçirməsi və buna müvafiq olaraq ona mənəvi zərər dəyməsi qənaətinə gəlmək üçün kifayət edir və bu faktların əlavə sübutlarla təsdiqinə ehtiyac yoxdur. Məhkəmə, mənəvi zərərin hansı miqdarda tutulması ilə bağlı bildirir ki, Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 10-cu bəndində görə, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.” Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23cü maddələrinin şərh edilməsinə” dair 31 may 2002-ci il tarixli Qərarına görə, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Məhkəmə kollegiyası, iddiaçının məruz qaldığı maddi zərərin ümumi məbləğini, iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıları, habelə işin sair diqqətəlayiq hallarını, xüsusi ilə də ziyanın “quşatan” vasitəsi ilə yetirilməsini, bununla əlaqədar cavabdehlərin öz övladını düzgün tərbiyə etməməklə təqsirlilik dərəcəsini nəzərə alıb, hesab edir ki, cavabdehlərdən iddiaçının xeyrinə mənəvi zərərin əvəzi kimi 2000 (iki min) manat məbləğində pulun tutulması ədalətli və məqsədə müvafiqdir. Odur ki, mənəvi zərər tələbi həmin həcmdə təmin olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada maddi ziyana görə 9050.75 manat və mənəvi zərərə görə 2000 manat pul tutularaq İddiaçı ödənilməlidir. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 28 fevral 2024-cü il tarixli, 2(060)-62/2024 nömrəli qətnaməsi dəyişdirilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada maddi ziyana görə 9050.75 (doqquz min əlli manat, yetmiş beş qəpik) manat və mənəvi zərərə görə 2000 (iki min) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar