Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-964/2024 13.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X7 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Şabran Rayon Məhkəməsinin 22 fevral 2024-cü il tarixli, 2(031)-73/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15097,65 manat pulun və ödənilmiş 136 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh oğlu - X3 ilə xx.xx.2010-cu il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2014-cü il təvəllüdlü X10 adlı iki uşağı anadan olmuşdur. Ailə həyatı qurduqdan sonra ünvan 1 ünvanına gəlin köçmüşdür. Həmin mənzil dövlət mənzil fonduna aid olmuşdur. Sonradan həmin mənzil özəlləşdirilmiş və satılmışdır. Onun həmin mənzildə qeydiyyatı olmuş və 12 il həmin mənzildə yaşamışdır. 2022-ci ilin aprel ayının əvvəllərində Sumqayıt şəhəri, 9-cu mkr., ev ¾ ünvanında yerləşən 13 saylı mənzil satılmış və ünvan 2ınmışdır. Həmin mənzil alındıqdan sonra o, cavabdeh və onun ailə üzvləri ilə birlikdə həmin mənzilə köçüb orada yaşamışdır. Həmin mənzil alınarkən anası Bədəlova X1 29 mart 2022-ci ildə 8000 manat məbləğində kredit götürərək ona vermiş və o da öz növbəsində həmin pul vəsaitini cavabdehə borc olaraq vermişdir. Həmin mənzil 70000 manata satılmış və hazırkı mənzil isə 76500 manata alınmışdır. Mənzil alındıqdan sonra həmin mənzildə təmir işləri də görülmüşdür. Bunun üçün də keçmiş həyat yoldaşı da bankdan 8000 manat pul vəsaiti götürmüşdür. Həmin müqavilə üzrə anası keçmiş həyat yoldaşına zamin durmuşdur. Həmçinin o, cavabdehə əlavə olaraq 3000 manat da pul vermişdir. Yəni ümumilikdə cavabdehə 11000 manat pul vermişdir. Bundan əlavə o, 8000 manat kreditə görə 4097.65 manat faiz ödəməlidir. Ailə münsibətləri pisləşdiyi üçün Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə X3 ilə nikahları pozulmuşdur. Nikah pozulduğu günə kimi onlar bir ünvanda yaşamışlar. Nikah pozulduqdan sonra cavabdeh və onun ailə üzvləri onu evdən qovmuşlar. O, bu barədə polisə şikayət etmiş və ona izah olunmuşdur ki, iş mülki xarakterli olduğundan məhkəməyə müraciət etməlidir. Həmçinin, cavabdeh onun qeydiyyatdan çıxarılmağı ilə bağlı Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Cavabdeh və onun ailə üzvləri onun həmin evdə yaşamağına imkan vermirlər. Həmçinin borc olaraq götürülmüş pul vəsaitini də ona qaytarmırlar. Ona görə də hesab edir ki, cavabdehə verdiyi 11000 manat pul faizi ilə birlikdə yəni, 15097.65 manat məbləğində olan pul və ödənilmiş 136 manat dövlət rüsumu cavabdehdən alınıb ona verilməlidir.
3. Cavabdeh nümayəndəsi Vəkil2 xx.xx.2023-cü il tarixdə iddia ərizəsinə etiraz vermiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edəcək hər hansı bir sənəd və ya digər sübut növünü məhkəməyə təqdim etmədiyindən iddia ərizəsi rədd edilməlidir. İddia ərizəsinin əsasının bir hissəsindən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə əsas məqsədi, 2010-cu il tarixdə mənzilə gəlin köçdüyünü və həmin mənzilə şəxsiyyət vəsiqəsi üzrə qeydiyyata alınmış, lakin həmin mənzil satılaraq yenisi alınan zaman mənzilin alınması üçün verilmiş pulun bir qismini anasının adına kredit götürərək cavabdehə verdiyini, bundan əlavə cavabdehə əlavə olaraq 3000 manat ümumilikdə 11000 manat pul verdiyini, həmin pulun 8000 manat hissəsini bankdan götürdüyü üçün faizi ilə birlikdə hesablandığı halda cavabdehin ona 15097,65 manat borcunun olduğunu bildirmişdir. Amma buna baxmayaraq, iddiaçı anası tərəfindən bankdan götürülmüş və ona verilmiş 8000 manat pulun cavabdehə borca verdiyini sübut edəcək hər hansı bir sübut növü məhkəməyə təqdim etməmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən göründüyü kimi iddiaçı cavabdehin oğlu - X3 ilə xx.xx.2010-cu il tarixdə rəsmi nikaha daxil olmuş və həmin nikaha xx.xx.2023-ci il tarixdə xitam verilmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən göründüyü kimi qeyd olunan mənzillər əvvəldən iddiaçının həyat yoldaşı olmuş Rauf Osmanovun atası Cavabdeh mülkiyyətində olmuşdur. Göründüyü kimi iddiaçı həmin mənzilin alınması üçün hər hansı bir pul vəsaiti xərcləməsini sübut edə bilməmişdir. Belə nəticəyə gəlmək olar ki, iddiaçı həmin mənzildə onunda pay hüququnun və ya mənzildən istifadə hüquqlarının olduğunu cavabdehdən tələb etmiş, lakin cavabdeh onunla oğlu Rauf Osmanov arasında nikaha xitam verilməsi və iddiaçının həmin mənzildə yaşamaması səbəbindən iddiaçının qeydiyyatdan çıxarılması üçün Sumqayıt İnzibati Məhkəməsinə iddia verməsi səbəbindən cavabdeh formal əsaslarla həmin tələbini pula çevirmək qərarına gəlmiş və nəticədə heç bir mötəbər sübutu olmayan, formal əsalarla hazırlanmış iddia ərizəsi ilə məhkəməyə müraciət edərək borcu tələb etmək qərarına gəlmişdir. Onuda qeyd edir ki, iddiaçı iddia ərizəsində özü də etiraf edir ki, cavabdehin oğlu X3 ilə birgə nikahda olduqları müddət ərzində Rauf Osmanovun adına 8000 manat bankdan kredit götürülmüşdür. Bu hissəyə münasibətdə qeyd edir ki, Rauf Osmanov iddiaçı ilə birgə nikahda olduqları müddət ərzində bankdan kredit götürmüş, lakin həmin kredit evin alınmasına və ya təmir edilməsinə deyil iddiaçının işi ilə əlaqədar olaraq xarici ölkələrə səfər etməsi üçün iddiaçı üçün xərclənmişdir. Ailə Məcəlləsinin müvafiq maddəsinin və həmin maddənin şərh eilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarına əsasən birgə nikah dövründə əldə olunmuş borcun tələb edilməsi üçün cavabdehin oğlu X3 da həmin pulun tələb edilməsi üçün müstəqil tələb irəli sürən üçüncü şəxs qismində iddiaçıya qarşı ərizə ilə məhkəməyə müraciət edəcək. İddiaçı Cavabdeh qarşı 15097,65 manat borc tələbinə dair iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Şabran Rayon Məhkəməsinin 22 fevral 2024-cü il tarixli, 2(031)-73/2024 nömrəli qətnaməsi ilə (hakim Könül Mirzəfərova) iddia tələbi təmin edilməmiş, iddia tələbi üzrə ödənilmiş 136 (yüz otuz altı) manat dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı anası Rəsmiyə Bədəlova tərəfindən götürülmüş xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən kreditin məhz cavabdehə verilməsini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin, kredit müqaviləsinin 1.3-cü bəndindən görünür ki, kredit Şahid1 şəxsi istehlak məqsədi üçün verilmişdir. Odur ki, bu hal da kreditin məhz Şahid1 şəxsi ehtiyyacları üçün istifadə olunduğunu, həmin kreditin cavadehə verilmədiyini təsdiq edir. İddiaçı anası tərəfindən bankdan götürülmüş və ona verilmiş 8000 manat pulun Cavabdeh borca verməsini, həmçinin həmin mənzilin alınması üçün hər hansı bir pul vəsaiti xərcləməsini sübut edə bilməmiş və bu halın təsdiq edən hər hansı bir mötəbər sübutu və ya sənədi məhkəməyə təqdim etməmişdir. İddiaçı tərəfin məhkəməyə təqdim etdiyi şahidlərin ifadələrinə qiymət verərək qeyd edir ki, həmin şahidlər birbaşa İddiaçı anası və xalasıdır. İddiaçı tərəfin lehinə ifadə verən şahidlərin onunla yaxın qohumluq münasibətində olması verilən ifadələrin mötəbərliyinə əsaslı şübhələr yaranır. Məhkəmə bu cür sübutları iddianın təmin edilməsi üçün əsas götürə bilməz. İddiaçı ilə Cavabdeh arasında mənzilin alınması, orada təmir işlərinin görülməsi, ümumilikdə sonuncuya pul verilməsinə dair hər hansı yazılı razılaşma da mövcud deyildir.
6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 389.1, 390.1, Mülki Prosessual Məcəllənin 76.1, 77.1,119.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı apellyasiya şikayəti verərək Şabran Rayon Məhkəməsinin 22 fevral 2024cü il tarixli, 2(031)-73/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə belə nəticəyə gəlmişdir ki, tərəflər arasında mənzlin alınması, orada təmir işlərinin aparılması üçün pul vəsaitinin kim tərəfindən ödənilməsinə dair müqavilə mövcud deyildir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində qeyd etdikləri əsassızdır. Məhkəmənin gəldiyi nəticə ilə razılaşmır. O Cavabdeh oğlu X3 ilə xx.xx.2010-cu il tarixdə Sumqayıt şəhər Qeydiyyat Şöbəsində rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş, birgə nikahdan xx.xx.2013-cü il təvəllüdlü Ömər və xx.xx.2014-cü il təvəllüdlü Banu adlı iki uşağı doğulmuşdur. Ailə həya qurduqdan sonra ünvan 1 ünvanına gəlin köçmüş, həmin mənzil dövlət mənzil fonduna aid olmuşdur. Sonradan həmin mənzil özəlləşdirilmiş və satılmışdır. Həmin mənzildə qeydiyyatda olmuş və 12 il həmin mənzildə yaşamışdır. 2022-ci ilin aprel ayının əvvəllərində ünvan 3 ünvanında yerləşən 13 saylı mənzil satılmış və ünvan 4nmışdır. Həmin mənzil alındıqdan sonra cavabdeh və onun ailə üzvləri ilə birlikdə həmin mənzilə köçüb orada yaşayıb. Bildirir ki, həmin mənzil alınarkən anası Şahid1 "xxxx"dan 29 mart 2022-ci ildə 8000 manat məbləğində kredit götürərək ona vermiş və o da öz növbəsində həmin pul vəsaitini cavabdehə borc olaraq vermişdir. Həmin mənzil 65000 manata satılmış və hazırkı mənzil isə 75000 manata alınmışdır. Mənzil alındıqdan sonra həmin mənzildə təmir işləri də görüldü. Bunun üçün də keçmiş həyat yoldaşı da bankdan 8000 manat pul vəsati götürmüşdür. Həmin müqavilə üzrə anası keçmiş həyat yoldaşına da zamin durmuşdur. Həmçinin cavabdehə əlavə olaraq 3000 manat da pul vermişdir. Yəni ümumilikdə cavabdehə 11000 manat pul vermişdir. Bundan əlavə 8000 manat kreditə görə 4097.65 manat faiz ödəməlidir. Ailə münasibəti pisləşdiyi üçün Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-747/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə X3 ilə nikahı pozulmuşdur. Rəsmi nikah pozulduğu günə kimi bir ünvanda yaşamışlar. Nikah pozulduqdan sonra cavabdeh və onun ailə üzvləri onu evdən qovmuşlar. Bu barədə polisə şikayət etmiş və ona izah olunmuşdur ki, iş mülki xarakterli olduğundan məhkəməyə müraciət etsin. Həmçinin qeyd edir ki, cavabdeh onun qeydiyyatdan çıxarılmağı ilə bağlı Sumqayıt İnzibati Məhkəməsinə müraciət edib. Cavabdeh və onun ailə üzvləri həmin evdə yaşamağına imkan vermirlər. Həmçinin borc olaraq götürülmüş pul vəsaitini də qaytarmırlar. Ona görə də hesab edir ki, cavabdehə verdiyi 11000 manat pul faizi ilə birlikdə yəni, 15097.65 manat cavabdehdən alınıb ona verilməlidir. Həmçinin dövlət rüsumu kimi ödədiyim 136 manat pul da cavabdehə aid olunmalıdır. Məhkəmə iclasında iddiaçı tərəf olaraq iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirməyinə baxmayaraq məhkəmə iddia tələbini əsassız olaraq təmin etməmişdir. Belə ki, məhkəmədə iştirak edən şahidlər iddia tələbi üzrə qeyd olunan halları təsdiq etmişlər. Cavabdeh tərəf isə iddia tələbinə dair etirazlarının əsası kimi istinad etdiyi hallara dair hər hansı sübut təqdim etməmişlər. İş materillarından görünür ki, şahidlərdən biri Şahid1 həm də cavabdehin oğlu Rauf Osmanova da zamin durmuşdur. 29 mart 2022-ci ildə Şahid1 bankdan 8000 manat kredit götürür, xx.xx.2022-ci ildə Şahid1 Rauf Osmanova bankdan götürdüyü 8000 manata görə zamin durur, xx.xx.2022-ci ildə cavabdeh özünə məxsus mənzili 65000 manata satır, xx.xx.2022-ci ildə isə cavabdeh 75000 manata yeni ev alır. Bu hal onu təsdiq edir ki, götürülmüş pul vəsaitləri məhz evin alınması və onun təmiri üçün xərclənib. Çünki bu halı iddiaçı tərəfindən dəvət olunan şahidlər təsdiq ediblər. Cavabdeh tərəf isə formal olaraq iddia tələbinə etiraz edirlər. Hər hansı bir mötəbər sübut təqdim etmirlər. Kredit müqaviləsinin 1.3-cü bəndində qeyd olunan kreditin Şahid1 şəxsi istehlak məqsədi üçün verilməsinin qeyd olunması o demək deyil ki, o, həmin pulu öz şəxsi istehlak məqsədi üçün istifadə edib. Şahid1 məqsədi o olub ki, həmin pul vəsai ilə qızının həyat şəraiti daha yaxşı olsun. Hesab edir ki, məhkəmə daha dərin düşünərək, ədalətli qərar verməli idi. Yoxsa hüquqdan sui-isfadə edərək, iddiaçının pul vəsaitini ələ keçirib daha sonra isə onun evdən çıxmasına nail olan cavabdehin xeyrinə qanunsuz qərar verməli deyildi.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
b) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, təmsil etdiyi şəxsin anası xx.xx.2022-ci il tarixində 8000 manat məbləğində “Ekspress Bank”dan kredit götürmüşdür. İş materiallarında olan evin alınması, eyni zamanda kredit götürülməsi ilə bağlı sənədlərdən görünür ki, onlar eyni vaxta təsadüf edir. İddiaçının anası 8000 manat məbləğində kredit götürmüş və həmin vəsaiti evin alınması üçün cavabdehə vermişdir. Bununla yanaşı sonradan iddiaçının əri də evin təmiri üçün 8000 manat məbləğində kredit götürmüş, həmin müqavilənin təminatı kimi iddiaçının anası ilə zaminlik müqaviləsi bağlanmışdır. Təmsil etdiyi şəxs evin təmir işləri ilə bağlı 3000 manat məbləğində vəsait də vermişdir. Ümumilikdə isə 11000 manat məbləğində pul verilmişdir. Götürülmüş kreditin üzərinə 4097,65 manat faiz məbləği gəlmişdir ki, həmin məbləğ də tələb olunur. Ev satılıb yeni ev alındıqdan sonra təmsil etdiyi şəxsi həmin mənzildən qovub çıxarmışdır. Həmin dövrdə iddiaçı ilə əri boşanma ərəfəsində olmuşlar. Bundan sonra cavabdeh iddiaçının mənzildən pasport qeydiyyatının çıxarılması ilə bağlı inzibati məhkəmədə iddia qaldırmış və iddia təmin olunmuşdur. Mediasiya zamanı cavabdehin oğlu özü şəxsən ona 5000 manat verməklə məsələnin bağlanmasını təklif etmişdir. Qaynana ilə pul mübahisəsini əks etdirən səs yazıları da mövcuddur ki, onları məhkəməyə təqdim etmişlər. Birinci instansiya məhkəməsinə şahidlər təqdim etmişlər, onlar da qeyd edilən məbləğin cavabdehə borc verildiyini təsdiq etmişlər. Pul təmsil etdiyi şəxs vasitəsilə cavabdehə evin alqı-satqısı, eyni zamanda təmir işlərinin aparılması üçün verilmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı əsassızdır. Ona görə də birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin olunması barədə qərar qəbul etməyinizi xahiş etmişdir. Suallara cavabda isə bildirmişdir ki, pul cavabdehə verilmişdir. Pul vəsaitinin cavabdehə verilməsinə dair sübutları səsyazısı və şahid ifadələridir.
11. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək izahatında göstərmişdir ki, səsyazısı iddiaçı və oğlu arasında olan danışıqdan ibarətdir. 11000 manat məbləğində pul vəsaitini oğluna nə üçün verdiyini bilmir. Səs yazısına diqqətlə qulaq asılanda belə başa düşülür ki, iddiaçı oğlundan evli olduğu hər il üçün 1000 manat pul tələb edir. Evi özü üçün almış, sonra rayona getmişdir. İddiaçının anası müalicə və qızının toyu ilə əlaqədar kredit götürmüşdür. Daha sonra faizi aşağı olduğundan oğluna da həmin yerdən kredit götürməsini təklif etmişdir. Suallara cavabda isə bildirmişdir ki, evi özü üçün almışdır. Həmin evdə, həm də rayonda yaşamışdır.
12. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirmişdir ki, iddiaçının nümayəndəsi və vəkili iddia tələbini milli-mental dəyərlərlə əsaslandırır və qeyd edir ki, ər-arvad olmuşlar və onlar arasında hər hansı yazılı sövdələşmə olmamışdır. Müqavilələrin tarixinin həmin tarixlə eyni vaxta təsadüf etdiyini əsas götürürərək iddia tələbi irəli sürmüşlər. Hansı ki, bu da bir ehtimaldır. Hesab edir ki, qarşı tərəf iddianın əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Görünür ki, iddiaçının hər hansı dəlili yoxdur. Təqdim edilən sübutların işlə heç bir əlaqəsi yoxdur. Ona görə apellyasiya şikayəti tamamilə əsassız və qanunsuzdur. Səs yazısında iddiaçı 11000 manat pul verdiyini desə də, onu evin alınması üçün verdiyini demir. Həmçinin iddiaçı 11000 manat pul vəsaitini cavabdehin oğluna vermişdir. Səsyazısı cavabdehə deyil, onun oğluna məxsusdur. Hesab edirik ki, iddia tələbi cavabdehin oğluna qarşı irəli sürülməlidir. Əgər pul Raufa verilmişdirsə ondan da tələb olunmalıydı. Bundan əlavə iş materiallarına təmsil etdiyi şəxsin kredit götürməsi ilə bağlı sənədlər mövcuddur. İddiaçının cavabdehə borca pul verdiyini iddia etdiyi tarixdə cavabdeh bu kredit müqaviləsini bağlamışdır. Səs yazısı isə Konstitusiya Məhkəməsinin qərarına görə yalnız tərəflər arasında olan münasibətlərə görə sübut qismində qəbul oluna bilər. Buna görə də apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. 13.Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq müstəqil tələb sürməyən üçüncü şəxs X3 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbərləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İşdə olan sübutlar
14.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, iddiaçının anasıdır. Cavabdeh yaşadıqları evi 69000 manata satmış, evi satdıqdan sonra cavabdeh 4 otaqlı ev tapmış, həmin 4 otaqlı evi 76500 manata almışlar. Evi alarkən pulları çatmamış və kürəkəni ona evin pulunu düzəltmək üçün bankdan kredit götürülməsini xahiş etmişdir. Bankda kürəkəninə az pul verdiklərinə görə o, ona “Expressbank" ASC-də zamin durmuş, sonra evin təmiri üçün pul lazım olmuş və qızına görə gedib öz adına 8000 manat bankdan pul götürüb qızına vermişdir. Onlar müəyyən qədər evi təmir etdirmişlər, lakin sonra evin qapılarını çıxartmışlar. Evin qapılarının olmadığından iş yoldaşları ilə oynadığı 3000 manat lotereya pulunu götürüb qızına vermiş, hal-hazıra kimi verdiyi pulları ona geri qaytarılmamışlar. 8000 manat adına götürdüyü krediti qızı ilə birlikdə ödəyirlər. Satılan ev cavabdehin adına olmuş, yeni alınan ev də cavabdehin adına alınmışdır. Əvvəlcədən bilmişdir ki, ev qaynatanın adına alınacaq. Lotereya pulunu qızına vermiş, qızı da yoldaşına vermişdir. 15.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, o iddiaçının xalasıdır. Bacısı bankdan 8000 manat pul götürüb qızı Cəmiləyə vermiş və həmin puldan başqa 3000 manat oynadığı lotareya pulunu da qızı Cəmiləyə vermişdir. Bacısı müəllimə işləyir təxminən iyun, iyul ayları olardı lotereya almışdır. Cəmilə evlərini böyütmək məqsədi ilə yeni ev almaları barədə məlumatı olmuşdur. Evi alarkən onların pulları çatmamış, bacısı da bankdan pul götürüb Cəmiləyə vermişdir. Təzə ev alınandan sonra Cəmilə həmin evdə yaşamışdır. Ev Cəmilənin qaynatasının adına olmuşdur. 16.xx.xx.2022-ci il tarixli, AN-l ******* tarixli alğı-satqı müqaviləsindən görünür ki, satıcı Osmanov Əlimirzə Veysəl oğlu Sumqayıt şəhəri, 9-cu mkr., 3/4 nömrəli evin 13 nömrəli mənzilini alıcı X2 65000 manat məbləğə satmışdır. 17.29 mart 2022-ci il tarixli, 200804-169856/1 saylı kredit müqaviləsindən görünür ki, Şahid1 22 faiz dərəcəsi ilə, 48 ay müddətinə ödəmək şərti ilə şəxsi istehlak məqsədi ilə 8000 manat məbləğində "Expressbank” ASC-dən kredit götürmüşdür. 18.31 mart 2022-ci il tarixli 200804-372129/1 saylı zaminlik müqaviləsindən görünür ki, "borclu” X3 "Expressbank” ASCdən götürdüyü 8000 manat kredit borcuna görə təşkilat qarşısında öz öhdəliklərini yerinə yetirənədək “zamin” Şahid1 birlikdə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. 19.xx.xx.2022-ci il tarixli AN-l ******* tarixli alğı-satqı müqaviləsindən görünür ki, satıcı X4 oğlu Sumqayıt şəhəri, Sumqayıt şəhəri, 10-cu mkr., 51 nömrəli evin 20 nömrəli mənzilini alıcı Osmanov Əlimirzə Veysəl oğluna 75000 manat məbləğə satmışdır. 20.İş materiallarında olan, hazırkı iş üzrə müstəqil tələb sürməyən üçüncü şəxs qismində cəlb edilmiş cavabdehin oğlu X5 ilə iddiaçı arasında olan danışıqdan ibarət səs yazısından müəyyən olunur ki, iddiaçı keçmiş əri olan iddiaçının oğluna evdən çıxmaq istəmədiyini, evə görə anası tərəfindən ona 11000 manat pul verdiyini, banka borclu olduğunu və həmin 11000 manat pulu evə görə onlara verildiyini bildirib pulu tələb etməklə yanaşı, evdən çıxarılması ilə əlaqədar əlavə olaraq kompensasiya tələb etdiyini bildimiş, iddiaçının oğlu isə evdən çıxacağı təqdirdə evin satılaraq onun 11000 manatının qaytarılacağını bildirməkdədir. 21.İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən, 136 manat dövlət rüsumu ödəmişdir.
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikası Mülki Məcəlləsi
152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.2. əmlakdan istifadə hüququ; 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
161. Əşyanın mülkiyyətçisi hüququ ilə əşyaya sahib olan öz əşyasının sahibidir, əşyanın hər hansı başqa sahibi özgə əşyasının sahibidir. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
23.Mülki Prosessual Məcəllə
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5. Qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
24. Şabran Rayon Məhkəməsinin 22 fevral 2024-cü il tarixli, 2(031)-73/2024 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qimsən təmin edilməli, Şabran Rayon Məhkəməsinin 22 fevral 2024-cü il tarixli, 2(031)-73/2024 nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılaraq, iddia tələbi qismən təmin edilməlidir.
26. İddianı rədd edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının anası tərəfindən xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən götürülən borc müqavilənin şərtinə əsasən şəxsi istehlak məqsədi üçün verilmiş, həmin pulun yeni evin alınması ilə əlaqədar borc qismində, o cümlədən 3000 manat pulun təmir xərci qismində cavabdehə verilməsi ilə bağlı iddiaçı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edə bilməmişdir. İddiaçı tərəfin məhkəməyə təqdim etdiyi şahidlər isə iddiaçının anası və xalası olmaqla, onların verdiyi ifadələr isə mötəbər sübut kimi qəbul edilə bilməz.
27. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında borc müqaviləsindən irəli gələn münasibətlərinin yaranmasının sübut edilmədiyini əsas gətirərək iddianı rədd etmişdir. Halbuki, iddiaçının iddia ərizəsindən göründüyü kimi o, sahiblik və istifadə hüquqlarının pozulması ilə əlaqədar və əsassız varlanmadan irəli gələn münasibətlər üzrə hazırkı iddianı qaldırmış, iddiaçının da tələbinin maddi hüquqi əsasını məhz həmin münasibətlər təşkil etmişdir ki, bununla da birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının pozulması ilə çıxarılmışdır.
28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbini pozaraq, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş səs yazısından ibarət sübuta qiymət verməmişdir. Hərçənd ki, iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş, işin mübahisəsiz halı kimi iddiaçı ilə cavabdehin oğlu olan və hazırkı iş üzrə müstəqil tələb sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X5 arasında olan danışıqdan ibarət səs yazısından müəyyən olunur ki, iddiaçı keçmiş əri olan iddiaçının oğluna evdən çıxmaq istəmədiyini, evə görə anası tərəfindən ona 11000 manat pul verdiyini, banka borclu olduğunu və həmin 11000 manat pulu evə görə onlara verildiyini bildirib pulu tələb etməklə yanaşı, evdən çıxarılması ilə əlaqədar əlavə olaraq kompensasiya tələb etdiyini bildimiş, iddiaçının oğlu isə evdən çıxacağı təqdirdə evin satılaraq onun 11000 manatının qaytarılacağını bildirməkdədir. Həmçinin, işin mübahisəsiz halı kimi iddiaçının cavabdehin arvadı ilə danışığında da iddiaçı 8000 manat pulun bankdan borc götürüldüyünü, 3000 manatın isə əlavə olaraq verildiyini bildirsə də, qarşı tərəf buna etiraz etməməkdədir.
29. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, işdə olan sübutlarlardan görünür ki, xx.xx.2022-ci il tarixli, AN-l ******* tarixli alğı-satqı müqaviləsindən görünür ki, satıcı Osmanov Əlimirzə Veysəl oğlu Sumqayıt şəhəri, 9-cu mkr., 3/4 nömrəli evin 13 nömrəli mənzili 65000 manat məbləğə satmış, iddiaçının anası olan Şahid1 29 mart 2022ci il tarixli 200804-169856/1 saylı kredit müqaviləsi üzrə "Expressbank” ASC-dən 8000 manat məbləğində borc pul götürmüş, xx.xx.2022-ci il tarixli AN-l ******* tarixli alğı-satqı müqaviləsinə əsasən isə Osmanov Əlimirzə Veysəl oğlu Sumqayıt şəhəri, Sumqayıt şəhəri, 10-cu mkr., 51 nömrəli evin 20 nömrəli mənzilini 75000 manata almışdır. Göründüyü kimi cavabdehin əvvəlki evini satmasından iki gün sonra iddiaçının anası tərəfindən bankdan 8000 manat borc pul götürülmüş, həmin borcun götürülməsindən bir həftə sonra isə yeni ev alınmışdır.
30. Məhkəmə kollegiyası qeyd edir ki, mənzillərin alqı-satqısında və bankdan borcun götürülməsindəki xronologiya, iş materiallarında olan səs yazısı və şahid ifadələrinin qarşılıqlı qiymətləndirilməsi iddiaçı tərəfindən yeni mənzilin alınması və təmiri ilə əlaqədar cavabdehə birbaşa və ya oğlu vasitəsi ilə 11000 manat pulu verilməsini sübut etməkdədir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin 11000 manat pulun verilməsinin sübut olunmaması ilə bağlı gəldiyi nəticə əsassız və qanunsuz hesab olunur.
31. Məhkəmə kollegiyasının iclasında isə müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh oğlu - X3 ilə xx.xx.2010-cu il tarixdə rəsmi nikaha daxil olmuş və ünvan 1 ünvanına gəlin köçmüşdür. Həmin mənzil xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfindən 65000 manata satılmışdır. Həmin tarixdən iki gün sonra isə iddiaçının anası olan Şahid1 29 mart 2022-ci il tarixli kredit müqaviləsi bankdan 8000 manat məbləğində borc pul götürmüşdür. xx.xx.2022-ci il tarixdə isə cavabdeh Osmanov Əlimirzə Veysəl oğlu Sumqayıt şəhəri, Sumqayıt şəhəri, 10-cu mkr, 51 nömrəli evin 20 nömrəli mənzilini 75000 manata almışdır. İddiaçının anası tərəfindən götürülmüş 8000 manat pul məbləği iddiaçıya verilmiş, iddiaçı da həmin məbləği mənzil şəraitinin yaxşılaşdırılması ilə əlaqədar yeni mənzilin alınması üçün,daha sonra isə anasının verdiyi 3000 manatı isə mənzilin təmiri ilə əlaqədar qaynatası olmuş hazırkı iş üzrə cavabdehə vermişdir. Ailə münsibətləri pisləşdiyi üçün iddiaçı ilə cavabdehin oğlu arasında bağlanmış nikah 01 iyun 2023-cü il tarixdə pozulmuşdur. Ailə münasibətləri pisləşənədək iddiaçı yeni alınmış mənzildə yaşamış, daha sonra isə həmin mənzildən çıxarılmışdır.
32. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ailə münasibətlərinə güvənərək, mənzil şəraitinin yaxşılaşdırılması üçün özgə əşyasının sahibi qismində, özünündə istifadəsində olacaq mənzilin alınması üçün borclanmaqla cavabdehə maddi dəstək qismində yardım göstərmiş, lakin yeni mənzil alındıqdan və təmir edildikdən qısa müddət sonra ailə münasibətlərinin pisləşməsi səbəbindən alınmasına və təmir olunmasına xərc çəkdiyi evdən çıxmaq məcburiyyətində qalmış, bununla da yeni alınmış mənzilin ehtimal etdiyi faydalı xüsusiyyətlərindən demək olar ki, yaralana bilməmişdir. Hərçənd ki, iddiaçı həmin xərclərə görə hazırkı vaxtda da digər şəxslər qarşısında öhəliyi qalmaqdadır. Belə olduğu halda isə cavabdeh iddiaçının vəsaiti heabına mənzil şəraitini yaxşılaşdırmaqla, əsassız şəkildə varlanmış hesab olunur. İddiaçının cavabdehin mülkiyyətində olan mənzildə yaşadığı müddətdə həmin evə faktiki olaraq sahiblik etmək və istifadə etmək hüququ etimada əsaslanan tərflərin ailə hüquq münasibətlərindən irəli gəlmişdir ki, iddiaçı da məhz bu münasibətlərə güvənərək vicdanlı sahib qismində daha dəyərli mənzilin alınması və təmiri üçün xərc çəkmişdir. İddiaçının çəkdiyi xərcin əvəzi qismində yaxşılaşmış mənzildən istifadə edə bilməməsi faktı çəkdiyi xərcin əvəzinin ödənilməsini tələb etmək hüququnu ona vermişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi mənzilin alınması və təmiri üçün verilmiş 11000 manat pul məbləği hissəsində əsaslı olmuşdur.
33. Məhkəmə kollegiyası kreditin götürülməsi ilə ödənilməli olan 4097,65 manat faiz məbləğinə münasibətdə isə qeyd edir ki, həmin xərcin yaranması riski iddiaçının öz üzərində olmaqla, cavabdeh həmin məbləğə münasibətdə varlanmamaqla yanaşı, həmin xərcə görə digər məsuliyyəti də müəyyən olunmamaqdadır. Buna görə də məhkəmə kollegiyası həmin hissədə iddianı əsassız hesab etmişdir.
33. Məhkəmə kollegiyası cavabdeh tərəfin təqdim edilmiş səs yazısının sübut qismində qəbul edilməli olmaması ilə bağlı dəlilinə münasibətdə isə qeyd edir ki, N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 12 aprel 2021-ci il tarixli qərarında qeyd etmişdir ki, insanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Hazırkı işin hallarına görə isə iddiaçının evin alınması və təmiri ilə bağlı verilmiş pul məbləği ilə əlaqədar müstəqil tələb sürməyən üçüncü şəxslə bağlı danışığı həmin münasibət çərçivəsində yaranmış mübahisənin həllində istifadə olunması şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Hərçənd ki, müstəqil tələb sürməyən üçüncü şəxs məhkəmə iclasına gəlməmiş və yaranmış mübahisə ilə əlaqədar iddiaçının iddiasına münasibət də bildirməmişdir.
34. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şabran Rayon Məhkəməsinin 22 fevral 2024cü il tarixli, 2(031)-73/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 11000 manat və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi qismində 90 manat tutularaq, iddiaçıya verilməlidir.
35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Şabran Rayon Məhkəməsinin 22 fevral 2024-cü il tarixli, 2(031)-73/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdeh 11000 manat və dövlət rüsumunun əvəzi qismində 90 manat olmaqla, cəmi 11090 (on bir min doxsan) manat alınaraq, İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. İddiaçı tərəfindən kassasiya şikayəti verilə bilməz. Qətnamədən kassasiya şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.