Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-970/2021 22.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, İddiaçı: İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili: X1 iştirakları ilə, İddiaçı Cavabdeh Tibb Müalicəxanasına qarşı dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Qusar Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim A.Y.Vəliyev) İddiaçı Cavabdeh Tibb Müalicəxanasına qarşı dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddianın təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh Tibb Müalicəxanasına qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tibb müalicəxanasından 2000 manat məbləğində maddi ziyanın, 5000 manat məbləğində mənəvi ziyanın və 30 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun burnunun ucu qabarıq, forması donqar olmuşdur. Qərara gəlmişdir ki, burnunu estetik əməliyyat etdirsin. Bu səbəbdən də, Qusar şəhərində yerləşən Cavabdeh özəl tibb müalicəxanasına müraciət etmiş və orada Nizami həkimlə görüşmüşdür. Daha sonra isə ona septoplastik (məhdud edilmiş rinolastika) əməliyyatı olunacağını bildirmişlər. Əməliyyat olunmazdan əvvəl ona təxminən 800 manat ödəniş etdirmişlər. Bundan əlavə, o, təxminən 300 manat yenidən ödənişlər etmişdir (dərman və yoxlanışlar üçün). Onun burnunda estetik əməliyyat aparılmalı olmuşdur. Belə ki, onun burnunun ucu şişkin, yəni toppuş olmuş və istəmişdir ki, burnunun xarici görnüşündə dəyişiklik olsun. xx xxxx 2018-ci il tarixdə axşam saatlarında əməliyyatdan çıxmışdır. Onu əməliyyat edən həkim Nizami Rüstəmov ona əməliyyatdan sonra 2 gün müalicəxanada qalacağını bildirsə də, əməliyyatın səhəri günü onu evə buraxmışdır. Həmin əməliyyatdan bir müddət keçdikdən sonra o, nəfəs almada əziyyət cəkmişdir. Üzündə əlavə şişlər və ağrılar əmələ gəlmişdir. Lakin, o, əməliyyat olmamışdan əvvəl hec bir əziyyət cəkməmişdir. Əməliyyat olub evə gəldikdən sonra bir necə gün evdə ağrılardan nəfəs ala bilməməyindən və şişlər əmələ gəlməsinə ğörə o, yenidən Cavabdeh tibb müalicəxanasında həkim işləyən N.Rüstəmovun yanına getmişdir. Həkimə iradlarını və şikayətini bildirsə də, həkim ona yenidən müalicələr yazmış və həmin müalicələr 6 ay davam etmişdir. O, həmin müalicələri 6 ay etdirsə də, sonar heç bir xeyri olmamış və heç bir dəyişiklik görməmişdir. Bununla bağlı o, həkimlə görüşmüş və həmin zaman həkim ona bildirmişdir ki, nəfəs alma narahatlığına görə o, əməliyyat olunmalı və əlavə ödəniş etməlidir, lakin, xarici görünüşdəki qüsura dəyişiklik olunmayacaqdır. O, həkimə bildirmişdir ki, o, burnunun xarici görnüşünə görə müraciət etmiş, ancaq əlavə olaraq da nəfəsalmada problemi yaranıb, həkim isə bildirmişdir ki, nəfəs alma rahatlaşacaq, müvvəqəti cətinlikdir, keçib gedəcəkdir. O, əməliyyat olmamışdan əvvəl nəfəs almasından heç bir şikayəti olmamışdır. Dəfələrlə o, həkimin qəbulunda olsa da, hər dəfə ona müxtəlif müalicələr və dərmanlar yazdıraraq onu aldatmışdır. Sonuncu dəfə o, bir necə adiyyəti üzrə orqanlara şikayət etdikdən sonra o, “OKİ“ klinikasının baş həkiminin qəbulunda olmuş və həmin zaman ona bildirilmişdir ki, heç bir yoxlanış etmədən cəkdiyi xərcin yarısını, yəni 500 manatı qaytara bilərlər, ya da yenidən əməliyyat edə bilərlər, ancaq o, yarı ödəniş etməlidir. Daha sonra yoxlanış üçün onu əməliyyat edən həkimin otaqına göndərmişlər, lakin həkim N.Rüstəmov işdə olmadığından başqa həkim müayinə etmişdir. Müayinə zamanı həkimlər rusca danışmışlar və onun başa düşməməyi üçün burnunda problem olduğu halda, ona bildirilmişdir ki, heç nə yoxdur və onu yola vermişlər. O, burnunun əməliyyatına görə müalicəxanaya 800 manat, iynə-dərmana isə 1200 manat pul xərcləmişdir. Əməliyyat olunandan sonra onun nəfəsalması tamamilə çətinləşmiş, burnunun ucundakı şişkinlik isə qalmışdır. Həmin vaxtdan o, dəfələrlə həkimlərin yanına gəlib-getmiş, iynə və dərmanlara xeyli vəsait xərcləmiş, hər dəfə Xaçmaz rayonundan Qusar rayonuna gəlib-getmişdir. Bununla bağlı xeyli xərcləri çıxmışdır. Əlavə olaraq ona narkoz verilib, həmçinin burnuna görə ikinci əməliyyata girməlidir və ona mənəvi zərər dəymişdir. Bunu isə 5000 manat hesablayır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətinə heç bir dəlil gətirmədən göstərmişdir ki, məhkəmə tərəfindən Mülki Məcəlləsinin 21, MPM-nin 88, 103.1-ci maddəsinin tələblərini pozulmuşdur. Qusar Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(029)-532/2020 saylı qətnaməsini ləğv edərək, ekspertizanın qərarının ona gec verilməsini, onun halhazırda müalicəyə ehtiyacının olmasının, ona dəyən maddi və mənəvi ziyanın ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, iddia ərizəsinə və şikayətə uyğun izahat verdi, onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdehin nümayəndəsi A.Y.Məhərrəmova apellyasiya şikayətini qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və şikayətin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini rədd edərkən, cavabdeh tərəfindən iddiaçıya maddi və mənəvi ziyanın vurulmasının sübuta yetirilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İşdə olan ******* saylı xəstəlik tarixindən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdə Cavabdeh özəl tibb müalicəxanasının cərrahiyyə şöbəsinə daxil olmuş, xx.xx.2018-ci il tarixdə çıxmışdır. İşə əlavə olan Cavabdeh özəl tibb müalicəxanası tərəfindən tərtib edilmiş xx.xx.2018ci il tarixli “cərrahi müdaxiləyə, xüsusi proseduraya və ya tibbi müdaxiləyə razılıq”dan görünür ki, İddiaçı cərrahi müdaxilənin nəticələri izah edilmiş və sonuncu cərrahi müdaxiləyə öz razılığını vermişdir. İş üzrə keçirilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X2” publik hüquqi şəxs tərəfindən verilmiş məhkəmətibbi ekspertizasının 322/KEŞ saylı xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, 1997-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, məhkəmə-tibbi və mütəxəssis müayinələrinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası belə nəticəyə gəlmişdir ki, İddiaçı adına Cavabdeh X3 tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2018-ci il tarixdə mərkəzin cərrahiyyə şöbəsinə daxil olduqdan sonra aparılmış müvafiq müayinələr əsasında ona “Hündür burun” diaqnozu təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq xx.xx.2018-ci il tarixdə İddiaçı burun nahiyəsində “Rinoplastika” cərrahiyyə əməliyyatı icra edilmiş, əməliyyatdan sonrakı dövr fəsadsız keçmiş və xx.xx.2018-ci il tarixdə xəstə kafi vəziyyətdə evə yazılmışdır. Əməliyyat taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. İddiaçı üzərində icra edilmiş cərrahiyyə əməliyyatı səhiyyə sistemində qüvvədə olan mövcud təlimat qaydalarına uyğun olmuşdur. İddiaçı mütəxəssis müayinəsi zamanı icra edilmiş cərrahiyyə əməliyyatından sonra hal-hazırda onun burun nahiyəsinin xarici görünüşündə patologiyanın olmadığı, burun çəpərinin isə orta xətdə olduğu və tənəffüsün sərbəst olduğu müəyyən edilmişdir. İddiaçı üzərində təkrar cərrahiyyə əməliyyatına göstəriş yoxdur. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X2” publik hüquqi şəxs tərəfindən verilmiş məhkəmətibbi ekspertizasının 322/KEŞ saylı xx.xx.2020-ci il tarixli rəyini müzakirə edərək həmin rəyi tam, dolğun və əsaslı hesab edərək işin hallarını müəyyən edən əsas sübut kimi qəbul edir. Beləliklə, məhkəmə islasında müəyyən olundu ki, İddiaçı xx.xx.2018-ci il tarixdə Cavabdeh özəl tibb müalicəxanasının cərrahiyyə şöbəsinə daxil olduqdan sonra aparılmış müvafiq müayinələr əsasında ona “Hündür burun” diaqnozu təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq xx.xx.2018-ci il tarixdə İddiaçı razılığı əsasında onun burun nahiyəsində “Rinoplastika” cərrahiyyə əməliyyatı icra edilmiş, əməliyyatdan sonrakı dövr fəsadsız keçmiş və xx.xx.2018-ci il tarixdə xəstə kafi vəziyyətdə evə yazılmışdır. Əməliyyat taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. O.Əhmədxanəvanın üzərində icra edilmiş cərrahiyyə əməliyyatı səhiyyə sistemində qüvvədə olan mövcud təlimat və qaydalara uyğun olmuşdur. İddiaçı mütəxəssis müayinəsi zamanı icra edilmiş cərrahiyyə əməliyyatından sonra hal-hazırda onun burun nahiyəsinin xarici görünüşündə patologiyanın olmadığı, burun çəpərinin isə orta xətdə olduğu və tənəffüsün sərbəst olduğu müəyyən edilmişdir. İddiaçı üzərində təkrar cərrahiyyə əməliyyatına göstəriş yoxdur. Həmin hallar yuxarıda göstərilən məhkəmə tibbi ekspertizasının məlum rəyi ilə tam təsdiq olunmuşdur. Odur ki, Cavabdeh özəl tibb müalicəxanası tərəfindən İddiaçı hər hansı maddi və ya mənəvi zərərin vurulması məhkəmədə öz təsdiqini tapmamış, əksinə təkzib olunmuş, iddiaçı tərəfindən bu barədə heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaysan Respublikasının Mülki Məsəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Beləliklə, məhkəmə kollegiyası tərəfin apellyasiya şikayətində heç bir dəlil göstərməməsini nəzərə alıb, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qusar Rayon Məhkəməsinin bu iş üzrə xx xxxxxxx 2020-ci il tarixli 2(029)-532/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-970/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-970/2021
22.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver