Məhkəmə qərarları › İş №2(105)-973/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-973/2023

28.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-973/2023 28.07.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Əhmədov Elman Məmməd oğlu və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi Nümayəndə1, Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh ASC-yə qarşı Sumqayıt şəhəri, Koroğlu prospektində (avtovağzal ərazisi) və ünvan 1 ünvanına aid olan su xəttinə qanunsuz qoşulmuş xətlərin həmin xətdən ayrılması və cavabdehin öz vəsaiti hesabına zədələnmiş borunun yenisi ilə əvəz edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2(060)-1153/2021 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Sumqayıt şəhəri, Koroğlu pr, 106A ünvanda, 0,00802 hektar torpaq sahəsində yerləşən 63,7 kvadrat metr daşınmaz əmlak İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində 93 nömrəli reyestr kitabının 11 nömrəli vərəqində ********** reyestr nömrəsi ilə qeydiyyata alınmışdır.

2. İddiaçı1 ilə "xxxx" MMC arasında bağlanmış 01 aprel 2021-ci il tarixli icarə müqaviləsinə əsasən, İddiaçı1 mülkiyyətində olan Sumqayıt şəhəri, Avtovağzal ərazisi, Koroğlu küçəsində yerləşən 16 kvadrat metr torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsini 100 manat icarə haqqı qarşılığında "xxxx" MMC-yə icarəyə vermişdir.

3. Cavabdeh ASC və İddiaçı1 arasında 08 may 2021-ci il tarixli Su təzhizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan müqaviləyə əsasən, Sumqayıt şəhəri, Avtovağzal ərazisi, Koroğlu küçəsində yerləşən 16 kvadrat metr torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinin su ilə təhciz edilməsi 20 mm olan boru vasitəsi ilə həyata keçirilir.

4. Sumqayıt Sukanal İdarəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 may 2011-ci il tarixli, 68 nömrəli qərarı əsasında və Cavabdeh ASC-nin 11 may 2011-ci il tarixli 40 saylı əmri ilə həmin cəmiyyətin struktur vahidi kimi yenidən təşkil edilmişdir.

5. Qazıntı işləri aparılması üçün 29 iyun 1999-cu il tarixli, 10 nömrəli orderin kserosurətinə əsasən, Həsənov Şamxal Həşim oğlu Sumqayıt şəhəri, Koroğlu prospekti, Avtovağzalın qarşısında ½ düyüm truba xəttinin çəkilməsi üçün “Sumqayıt Sukanal” İdarəsindən razılıq alınmışdır.

6. “Sumqayıt Sukanal” İdarəsi tərəfindən İddiaçı1 ünvanlanmış 03 noyabr 2020-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, sonuncunun özünə məxsus olması bildirilən su xətlərinin ona aid olduğunu bildirən rəsmi sənəd yoxdur və hazırda həmin su xətləri “Sumqayıt Sukanal” İdarəsi tərəfindən istismar edilir. İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı1 cavabdeh “Sumqayıt Sukanal” İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhəri, Koroğlu prospektində (avtovağzal ərazisi) və ünvan 1 ünvanına aid olan su xəttinə qanunsuz qoşulmuş xətlərin ayrılması və zədələnmiş borunun yenisi ilə öz vəsaiti hesabına əvəz edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, vurulmuş maddi zərərə görə 10000 manatın, mənəvi zərər görə 10000 manatın cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçının razılığı ilə cavabdeh Sumqayıt Sukanal İdarəsi əsl Cavabdeh ASC ilə əvəz edilmişdir.

9. Eyni zamanda, iddiaçının nümayəndəsi vəsatət verərək ünvan 1 ünvanı İddiaçı2 adına olduğundan həmin hissədə iddiaçının əsl İddiaçı2 ilə əvəz edilməsini xahiş etmiş, həmin vəsatət təmin olunmuşdur.

10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, Koroğlu prospektində, (avtovağzal ərazisi) və Sumqayıt şəhəri 20 məhəllə ev 101-də su ilə təchiz edən su xəttinə iddiaçının hər hansı icazəsi olmadan kənar obyektlərə gedən başqa xəttlər qoşulmuşdur. Digər obyektlərin iddiaçıların şəxsi mülkiyyəti hesab olunan su xəttinə qoşulmasından sonra su təchizatında ciddi problemlər yaranmış və bunun nəticəsində su nasosu quraşdırmaq məcburiyyətində qalmışdır. Uzun müddət ərzində isə işlədilən su nasosları tez-tez sıradan çıxmış və bunun nəticəsində iddiaçılara maddi ziyan dəymişdir. Bundan əlavə həmin nasosların istismarı nəticəsində onlar izafi elektrik enerjisi işlətmək məcburiyyətində qalmış, buna görə əlavə vəsait ödəməli olmuşlar. Sözügedən qanunsuzluğun aradan qaldırılması üçün cavabdehə dəfələrlə edilən şifahi və yazılı müraciətlərin heç bir müsbət nəticəsi olmamışdır.

11. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, cavabdeh hazırda iddiaya cavab verməli olan şəxs deyildir, çünki nümayəndəsi olduğu təşkilat tərəfindən yalnız vətəndaşlar tərəfindən istifadə edilən su xətlərinin sərfiyyətinin hesablanması üçün sayğac quraşdırılmışdır. Qeyd olunan su boru xətlərinə qoşulmanı cavabdeh təşkilat həyata keçirmir, iddiaçının öz vəsaiti hesabına çəkdirdiyi su xəttinə əlavə xətlərin qoşulması cavabdeh təşkilatın məsuliyyətinə aid deyildir. Eyni zamanda iddiaçı tərəfindən həmin su xətlərinin çəkilməsi ilə bağlı icazə verilməsi barədə heç bir sənəd cavabdeh təşkilatda müəyyən edilməmişdir.

12. Sumqayıt Şəhər Məhkəməsinin (hakim A.Süleymanova) 2(060)-1153/2021 nömrəli iş üzrə 09 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

13. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddia iddiaya cavab verməli olmayan şəxsə qarşı verilmişdir. Belə ki, iddiaçının iddianın əsası kimi göstərdikləri hazırki cavabdeh qismində qoyulan təşkilatın hərəkətləri nəticəsində baş verməmişdir. Ona görə də, iddia tələbi rədd edilməlidir.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 54, 88, 217.4-cü maddələrinə istinad etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

15. İddiaçılar İddiaçı1 və İddiaçı2 qətnamədən birgə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

16. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər T.O.Quliyev sədrlik edən və məruzəçi, G.F.Tağızadə və L.M.Məmmədova) 04 avqust 2021-ci il tarixli, 2(105)-2028/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə yeni qərar qəbul edilmiş və iddia tələbi rədd edilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıların mübahisələndirdiyi su boru xətti onların xüsusi mülkiyyətində olmayıb, cavabdeh təşkilatın balansındadır, həmin xəttin zədələnməsi və onların hüquqlarının pozulması halları müəyyən edilməmişdir. İddiaçılar tələblərinin əsasını təsdiq edən başqa bir sübut təqdim edə bilməmiş, həmin halları sübuta yetirə bilməmişlər.

18. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Mülki Məcəllənin 21.1, 21.2, 139.1, 139-1.1, 139-1.1.1, 152.1, 1096, 1097.1-ci, MPM-in 4.1, 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etmişdir.

c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat.

19. İddiaçı (vəkil X1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Ə.G.Nurməmmədov - sədrlik edən və məruzəçi, A.Q.Hüseynov və İ.R.Xələfov) 28 fevral 2022-ci il tarixli, 2(102)-1220/2022 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

21. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, baxılan işdə tərəflərin subyektiv tərkibi (fərdi sahibkar – hüquqi şəxs), eyni zamanda tələbin iddiaçının fərdi sahibkarlıq fəaliyyətini həyata keçirdiyi icarəyə verilmiş qeyriyaşayış obyektinin fəaliyyəti ilə bağlı müəyyən edildiyi halda işə baxan məhkəmələr mübahisənin məhkəmə aidiyyatını müəyyən etmədən işi icraata qəbul edərək baxmış, iddianın ümumi məhkəmədə baxılması yolverilənliyi müzakirə edilməmiş, apellyasiya instansiyası məhkəməsi bu hala əhəmiyyət verməmişdir.

22. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi MPM-in 24.2, 24.3, 25.1, 26.1, 152.1, 152.1.3, 387.2, 418.4, 418.4.9, 407.2, 416.1, 418.3-cü maddələrinə istinad etmişdir.

ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

23. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 avqust 2022-ci il tarixli, 2(105)1113/2022 nömrəli qətnaməsi ilə (hakimlər İ.K.Dəmirov - sədrlik edən və məruzəçi, T.Q.Məmmədov və Z.T.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.

24. Kassasiya instansiyası məhkəməsinin mübahisənin aidiyyəti ilə bağlı göstərişinə müvafiq məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma nəticəsində müəyyən olunmuşdur ki, hazırkı iş üzrə İddiaçı1 hüquqi statusu 2 saylı Ərazi Vergilər Departamentinin “Vergi ödəyicisi haqqında ümumi məlumat” siyahısında “fərdi sahibkar” kimi deyil, “vətəndaş” kimi qeyd olunmuşdur. Buna görə yuxarıda qeyd olunan MPM-nin 24.2-ci maddəsinə əsasən hazırkı iddia tələbi üzrə mübahisənin ümumi məhkəməyə aid olduğu müəyyən edilir.

25. Apellyasiya instansiyası məhkəməsi mübahisənin mahiyyəti üzrə həlli ilə bağlı bildirmişdir ki, birinci instansiya məhkəməsinin qənaətinə görə iddiaçıların iddianın əsası kimi göstərdikləri su xəttinə qanunsuz qoşulma cavabdeh qismində qoyulan təşkilatın hərəkətləri nəticəsində baş verməmişdir. Bundan əlavə, iddiaçılar iddia tələbini əsaslandığı hallarla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişlər. Cavabdehin nümayəndəsi isə mübahisə predmeti olan su boru xətlərinə cavabdeh tərəfindən qoşulmanın həyata keçirilmədiyini göstərmişdir. MPM-nin 54-cü maddəsinə əsasən iddia tələbi hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə, işi xitam etmədən ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Birinci instansiya məhkəməsi verilmiş tələb daxilində işə baxaraq, məhkəmə araşdırması zamanı işin müəyyən edilmiş faktiki hallarına qiymət verərək bu nəticəyə gəlmişdir ki, iddia iddiaya cavab verməli olmayan şəxsə qarşı verildiyindən rədd olunmalıdır.

26. İşə yenidən apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi verilmiş iddia tələbi ilə əlaqədar birinci instansiya məhkəməsinin iclasında bildirdiyi eyni hüquqi mövqeyi əsas tutaraq göstərmişdir ki, iddiaçının göstərdiyi su xəttinə əlavə xətlərin qoşulmasına görə cavabdeh təşkilat məsuliyyət daşımır.

27. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçılar hazırkı iddia ərizəsində göstərdikləri su xəttinə digər şəxslərin qanunsuz qoşulmalarını və həmin şəxsləri cavabdeh kimi göstərməklə müvafiq iddia tələbi ilə birinci instansiya məhkəməsinə müraciət edə bilər. Bundan əlavə, iddiaçılar həmçinin cavabdehlə bağlanmış müqavilə şərtlərinə uyğun suyun normal təzyiqlə verilməsinə dair hazırkı iddiadan fərqli yeni tələblə cavabdehə qarşı müvafiq iddia ərizəsi ilə yenidən birinci instansiya məhkəməsinə müraciət edə bilər.

28. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi MPM-in 24.2, 26.1, 54.1, 54.2-ci maddələrinə istinad etmişdir.

c) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat.

29. İddiaçı (vəkil X1) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin tam təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

30. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanunvericiliyin tələblərinə zidd olaraq Sukanal İdarəsi, istifadəsində olan və tərəfindən çəkilmiş su xətlərini razılığı olmadan, ona ödəniş etmədən öz balansında hesab etmiş, əlavə su sayğacları qoyaraq başqa abonentləri həmin xətdə birləşdirmişdir. Sumqayıt şəhəri, Koroğlu prospektində (avtovağzal ərazisində) və ünvan 1-də su ilə təchiz edən su xəttinə hər hansı icazəsi olmadan əlavə obyektlər qoşulmuşdur. Su xətləri xüsusi mülkiyyətində olmasa da, həmin su xətlərinin tərəfindən çəkildiyini, müvafiq orqanlardan bu barədə razılıq alındığını təsdiq edən sənədlər iş materiallarında mövcuddur. Həmçinin həmin su xətlərinin çəkilməsi üçün boruların hansı ölçülərdə olması ilə bağlı Sumqayıt şəhər Kommunal Təsərrüfat Birliyinin notarial qaydada təsdiq olunmuş arayışlarını məhkəmə qərəzli şəkildə qəbul etməmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, həmin su xətlərinin çəkilməsi üçün "Sumqayıt Sukanal İdarəsi"ndə razılıq alınmışdır. “Su təchizatı və tullantı suları haqqında" qanunun tələbinə uyğun olaraq həm öz evinə, həm də qeyri-yaşayış sahəsi hesab olunan obyektinə 90-cı ilərdə su xətlərini öz vəsaiti hesabına çəkmiş, lakin bir neçə ildir ki, Sumqayıt Sukanal İdarəsi tərəfindən öz vəsaiti hesabına çəkilən paylayıcı su xətlərinə onun razılığı alınmadan başqa abonentlər qoşulmuş, bundan sonra su təchizatında ciddi problemlər yaranmış, bunun nəticəsində su nasosu quraşdırmaq məcburiyyətində qalmış, uzun müddət ərzində işlədilən su nasosları tez-tez sıradan çıxmış və bunun nəticəsində ona maddi ziyan dəymişdir. Bundan əlavə, həmin nasosların istismarı nəticəsində izafi elektrik enerjisi işlətmək məcburiyyətində qalmış, buna görə əlavə vəsait ödəməli olmuşdur. Qanunsuzluqların aradan qaldırılması üçün cavabdehə dəfələrlə edilən şifahi və yazılı müraciətlər heç bir müsbət nəticə verməmişdir.

31. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Z.Ə.Əliyev-sədrlik edən və məruzəçi, A.Ə.Abbasov və E.Y.Şamayev) 2(102)219/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 avqust 2022-ci il tarixli, 2(105)- 1113/2022 nömrəli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.

32. Ali Məhkəmənin mövqeyi belə olub: - Hazırkı işdə iddiaçının müqavilədən irəli gələn tələbinə cavab verməli olan şəxs su təzhizatına dair müqavilənin qarşı tərəfi olan cavabdehdir. Ona görə də, birinci iddianın ona cavab verməli olmayan şəxsə qarşı qaldırılması barədə apellyasiya məhkəməsinin mövqeyi əsaslı sayıla bilməz. - iddiaçının bu iş üzrə iddia qaldırılan tarixədək cavabdeh tərəfindən müqavilə öhdəliklərinin pozulması nəticəsində düşdüyü zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ var. Bunun üçün ayrıca iddia qaldırmasına gərək yoxdur.

33. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

- məhkəmə işin halları barədə araşdırma aparmamışdır. Tərəflər məhkəmə iclasında şifahi olaraq borunun iddiaçılara aid olunmasının müzakirə olunması və müzakirə zamanı borunun fakturasının olduğunu elan etmişlər. Məhkəmə tərəfindən onun əsas olmadığı qeyd olunsa da, iddiaçılar qonşuların dindirilməsi barədə vəsatət vermişlər. - cavabdehdən qoşulmanın neçənci ildən olması haqqında arayış istənilsə də, bununla bağlı nə protokol, nə də ki, məhkəmə qətnaməsində qeyd aparılmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

34. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

35. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçıların nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, qətnamənin “Sumqayıt şəhəri, Koroğlu prospektində (avtovağzal ərazisi) və ünvan 1 ünvanına aid olan su xəttinə qanunsuz qoşulmuş xətlərin həmin xətdən ayrılması və cavabdehin öz vəsaiti hesabına zədələnmiş borunun yenisi ilə əvəz edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”nın rədd edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi.

36. Məhkəmə kollegiyasının əvvəlki iclaslarında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi.

Tətbiq edilən hüquq

37. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 436. Əgər icranın keyfiyyəti müqavilədə müfəssəl müəyyənləşdirilməyibsə, borclu ən azı orta keyfiyyətli iş görməli və orta keyfiyyətli əşya verməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

38. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 1. İstehlakçı- şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxsdir. Maddə 9, hissə 3. İcraçı müqavilənin şərtlərindən kənara çıxaraq, işi (xidməti) pisləşdirmişsə, yaxud işdə (xidmətdə) başqa qüsurlara yol vermişdirsə, istehlakçının istəyinə uyğun olaraq, göstərilən qüsurların icraçının hesabına əvəzsiz olaraq müvafiq müddətdə aradan qaldırılmasını və ya işin (xidmətin) qüsurlarını öz vəsaitləri ilə aradan qaldırarkən çəkdiyi zəruri xərclərin ödənilməsini, yaxud işin (xidmətin) haqqının müvafiq surətdə azaldılmasını tələb etmək hüququ var. Maddə 11. Malın (işin, xidmətin) konstruksiya, istehsal, resept və başqa qüsurları nəticəsində istehlakçının həyatına, sağlamlığına və ya əmlakına dəymiş zərər, qanunvericilikdə daha yüksək məsuliyyət nəzərdə tutulmayıbsa, günahkar tərəfindən istehlakçıya tam ödənilməlidir. Malın, işin və ya xidmətin qüsurları nəticəsində əmlaka zərər vurulan hallarda bu qayda yalnız o şərtlə tətbiq edilir ki, keyfiyyətsiz məhsul digər əmlaka zərər vurmuş və həmin digər əmlak öz təyinatına görə əsasən istehlak məqsədi üçün istifadə edilmiş olsun.

39. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

40. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 iyul 2023-cü il tarixli 2(105)-973/2023 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair hissədə iddiadan imtinası qəbul edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2(060)-1153/2021 nömrəli qətnaməsi iddiaçılar İddiaçı1 və İddiaçı2 iddiasının rədd edilən- “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” hissəsində ləğv edilmiş, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh ASC-yə qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair hissədə iş üzrə icraata xitam verilmişdir. Bu səbəbdən apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirilsə də, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı “Sumqayıt şəhəri, Koroğlu prospektində (avtovağzal ərazisi) və ünvan 1 ünvanına aid olan su xəttinə qanunsuz qoşulmuş xətlərin həmin xətdən ayrılması və cavabdehin öz vəsaiti hesabına zədələnmiş borunun yenisi ilə əvəz edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsində yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2(060)-1153/2021 nömrəli qətnaməsi “Sumqayıt şəhəri, Koroğlu prospektində (avtovağzal ərazisi) və ünvan 1 ünvanına aid olan su xəttinə qanunsuz qoşulmuş xətlərin həmin xətdən ayrılması və cavabdehin öz vəsaiti hesabına zədələnmiş borunun yenisi ilə əvəz edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”nın rədd edilməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia təmin edilməlidir.

42. Hazırki işdə iddiaçı, onu su ilə təmin edən xəttə kənar qoşulmalar nəticəsində su təchizatında ciddi problemlər yarandığını, bu səbəbdən su nasosu quraşdırmaq məcburiyyətində qaldığını, uzun müddət ərzində işlədilən bu nasosların sıradan çıxması və əlavə elektrik enerjisi işlətməsi nəticəsində ziyana düşdüyünü bildirərək, ona məxsus ünvana aid olan su xəttinə qanunsuz qoşulmuş xətlərin ayrılması və zədələnmiş borunun yenisi ilə öz vəsaiti hesabına əvəz edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını, maddi və mənəvi zərərin əvəzinin cavabdehdən tutulmasını xahiş etmişdir.

43. Cavabdeh isə su xətlərinə qoşulmanı özünün həyata keçirmədiyini, buna dair məsuliyyət daşımadığını bildirərək iddiaya etiraz etmişdir.

44. Birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə bağlı əsaslandırması ondan ibarət olmuşdur ki, iddiaçının iddianın əsası kimi göstərdikləri hazırkı cavabdeh qismində qoyulan təşkilatın hərəkətləri nəticəsində baş verməmişdir. İddiaçı iddia tələbini əsaslandığı hallarla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Cavabdehin nümayəndəsi isə mübahisə predmeti olan su boru xətlərinə cavabdeh tərəfindən qoşulmanın həyata keçirilmədiyini göstərmişdir.

45. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.

46. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin əmələ gəlməsi üçün əsaslardan biri də onun iştirakçıları arasında müqavilənin olmasıdır.

47. Hazırkı işin müəyyən edilmiş hallarından aydın olur ki, tərəflər müqavilə münasibətlərindədirlər. Belə ki, Cavabdeh ASC ilə İddiaçı1 arasında bağlanmış 08 may 2021-ci il tarixli su təzhizatı və tullantı sularının axıdılması xidmətlərinə dair müqaviləyə əsasən, Sumqayıt şəhəri, Avtovağzal ərazisi, Koroğlu küçəsində yerləşən 16 kvadrat metr torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinin su ilə təhciz edilməsi 20 mm olan boru vasitəsi ilə həyata keçirilir.

48. Bu hal ona dəlalət edir ki, iddiaçı, cavabdeh təşkilatdan su təzhizatı və tullantı sularının axıdılması xidmətlərini alan istehlakçıdır. Çünki, o, şəxsi tələbatını ödəmək məqsədi ilə xidmətlərdən istifadə edən, onları alan, sifariş verən şəxsdir.

49. Odur ki, cavabdeh, iddiaçı qarşısında sözügedən xidmətləri müqaviləyə və qanunvericiliyə uyğun qaydada göstərmək öhdəliyini daşıyır.

50. Tərəflər arasında bağlanmış müqavilənin 3.1-ci maddəsinə əsasən, müəssisə istehlakçının tələbatına uyğun məişət (təsərrüfat) – içməli və istehsalat məqsədli su ilə təmin edir.

51. Qanuna əsasən, icranın keyfiyyəti müqavilədə müfəssəl müəyyənləşdirilməyibsə, borclu ən azı orta keyfiyyətli iş görməlidir.

52. Məlum olduğu kimi, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

53. Baxılan işdə iddiaçı, cavabdehin müqavilə öhdəliyini lazımınca icra etməməsinə istinad edərək iki tələb irəli sürmüşdür: 1) su xəttinə qanunsuz qoşulmuş xətlərin ayrılması və zədələnmiş borunun yenisi ilə öz vəsaiti hesabına əvəz edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması; 2) ona dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi.

54. Kollegiya qeyd edir ki, hansı formada ifadə edilməsindən asılı olmayaraq birinci tələb cavabdehin müqavilə öhdəliyini yerinə yetirməsinə məcbur edilməsi mahiyyətindədir. Belə ki, həmin tələbin təmin olunması ilə iddiaçının nail olmaq istədiyi mənafe müqavilə şərtlərinə uyğun (təzyiqdə) su ilə təhciz olunmaqdır. İddia ərizəsində də bu tələb əsaslandırılarkən açıqca qeyd olunmuşdur ki, iddiaçı məhz kənar xəttlərin su borusuna qoşulmasından sonra su təchizatında ciddi problemlər yaşayır.

55. Göründüyü kimi, iddiaçı, müqavilədən irəli gələn su təhcizatı hüququnun pozulduğunu bildirərək həmin tələbi irəli sürmüşdür və onun bərpasını tələb edir.

56. Nəzərə alınmalıdır ki, müqavilə münasibətlərindən doğan tələb hüquqları sahibinə borcludan hər hansı bir hərəkəti yerinə yetirməyi tələb etmək imkanı verir. Bu tələblər üzrə hərəkəti yerinə yetirmək öhdəliyi yalnız həmin müqavilənin tərəfi olan borcluya aiddir, digər şəxslərə aidiyyəti yoxdur. Ona görə də kreditor müqavilədən irəli gələn tələb hüququnu müqavilənin tərəfi olmayan üçüncü şəxslərə qarşı irəli sürə bilməz.

57. Hazırkı işdə iddiaçının müqavilədən irəli gələn tələbinə cavab verməli olan şəxs su təzhizatına dair müqavilənin qarşı tərəfi olan cavabdehdir. Ona görə də, birinci iddianın ona cavab verməli olmayan şəxsə qarşı qaldırılması barədə birinci instansiya məhkəməsinin mövqeyi əsaslı sayıla bilməz.

58. Kollegiya qeyd edir ki, su təhciz edən boru və qurğulara başqa şəxslərin (qanuni və ya qanunsuz) qoşulması istehlakçının müqavilədə göstərilən keyfiyyətdə və həcmdə su ilə təmin olunmaq hüququnu aradan qaldıra bilməz. Su təchizatı müəssisəsinin həmin qoşulmalara icazə verməməsinə, yaxud buna görə məsuliyyət daşımamasına istinad etməsi onun cavabdeh sayılmaması, eləcə də istehlakçının pozulmuş hüququnun bərpasından imtina edilməsi üçün əsas deyil.

59. Çünki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 №-li qərarı ilə təsdiq edilmiş, “Sudan istifadə Qaydaları”nın 2.1-ci bəndinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsi balansında olan su təchizatı və kanalizasiya sistemlərinin və qurğularının lazımi səviyyədə istismarı, təmiri, saxlanması və mühafizəsini təmin etmək, istehlakçını müqavilədə göstərilən keyfiyyətdə və həcmdə su ilə təmin etmək vəzifələrini daşıyır.

60. Nəzərə alınmalıdır ki, su təchizatı müəssisəsi tərəfindən sadalanan vəzifələrin yerinə yetirilməməsi sözügedən qaydalar əsasında bağlanmış müqavilə öhdəliklərinin (tam) icra edilməməsinə dəlalət edir. Belə olan halda, istehlakçının pozulmuş hüquqlarının bərpa edilməsini və düşdüyü zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.

61. Qanuna əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclər zərər hesab edilir. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

62. Eyni zamanda “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuşdur ki, icraçı müqavilənin şərtlərindən kənara çıxaraq, işi (xidməti) pisləşdirmişsə, yaxud işdə (xidmətdə) başqa qüsurlara yol vermişdirsə, istehlakçının istəyinə uyğun olaraq, göstərilən qüsurların icraçının hesabına əvəzsiz olaraq müvafiq müddətdə aradan qaldırılmasını və ya işin (xidmətin) qüsurlarını öz vəsaitləri ilə aradan qaldırarkən çəkdiyi zəruri xərclərin ödənilməsini, yaxud işin (xidmətin) haqqının müvafiq surətdə azaldılmasını tələb etmək hüququ var. Malın (işin, xidmətin) konstruksiya, istehsal, resept və başqa qüsurları nəticəsində istehlakçının həyatına, sağlamlığına və ya əmlakına dəymiş zərər, qanunvericilikdə daha yüksək məsuliyyət nəzərdə tutulmayıbsa, günahkar tərəfindən istehlakçıya tam ödənilməlidir. İstehlakçıların bu Qanunda nəzərdə tutulan hüquqları istehsalçı (icraçı, satıcı) tərəfindən pozularsa, istehlakçıya dəyən mənəvi ziyan günahkar tərəfindən ödənilməlidir.

63. Məhkəmə kollegiyasının iclaslarında bir neçə dəfə iddiaçıların və cavabdehin nümayəndələrinə mübahisənin barışıq yolu ilə həlli təklif olunmuş, məhkəmə iclasları bu məqsədlə təxirə salınmış, lakin mübahisənin həlli istiqamətində heç bir nəticə əldə olunmamışdır.

64. Məhkəmə kollegiyası işin qeyd olunan hallarını nəzərə alaraq apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edir ki, iddiaçının dəlilləri əsaslı olmuşdur və təmin edilməlidir.

65. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2(060)-1153/2021 nömrəli qətnaməsi-“Sumqayıt şəhəri, Koroğlu prospektində (avtovağzal ərazisi) və ünvan 1 ünvanına aid olan su xəttinə qanunsuz qoşulmuş xətlərin həmin xətdən ayrılması və cavabdehin öz vəsaiti hesabına zədələnmiş borunun yenisi ilə əvəz edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”nın rədd edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin və iddia təmin edilsin. Sumqayıt şəhəri, Koroğlu prospektində (avtovağzal ərazisi) və ünvan 1 ünvanına aid olan su xəttinə qanunsuz qoşulmuş xətlərin həmin xətdən ayrılması və cavabdehin öz vəsaiti hesabına zədələnmiş borunun yenisi ilə əvəz edilməsi vəzifəsi Cavabdeh ASC-nin üzərinə qoyulsun. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar