Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-985/2021 13.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, Cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı sənədlərin verilməsi və dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3136/2020 saylı, 03 noyabr 2020-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3136/2020 saylı, 03 noyabr 2020-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı məxsus əmək kitabçası və sosial sığorta kartının cavabdeh “xxxx” MMC-dən alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Emin Abdullayev) Qətnamədən iddiaçı İddiaçı apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3136/2020 saylı, 03 noyabr 2020-cu il tarixli qətnaməsinin dəyişdirilməsi, iddia tələbinin əmək haqqı, maddi və mənəvi ziyan hissəsində də tam təmin edilməsini xahiş etmişdir. İ Ş İ N H A L LA R İ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən əmək kitabçasının və sosial sığorta kartının verilməsi, əmək müqaviləsinin ləğv edildiyi tarixdən olmaqla 4400 manat əmək haqqının, 5000 manat maddi və 10000 manat mənəvi ziyanın cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apelyasiya şikayətini onunla əsaslandırılmışdır ki, qətnamədə onun əmək haqqı, maddi və mənəvi zərər tələbləri də tam təmin edilməlidir. Belə ki, əmək kitabçası vaxtında ona təqdim edilməməsi səbəbindən başqa yedə işləyə bilməmişdir. İki ilə yaxın müddətdə işsiz qalmışdır. Xeyli maddi və mənəvi ziyana düşmüşdür. Qətnamədə əmək kitabçası və əmək hüququları ilə bağlı digər sənədlərin tərəfə şəxsən təqdim edilməsi olması göstərilsə də, cavabdehin həmin sənədləri poçt vasitəsi ilə göndərməsi öz əksini tapmışdır. Odur ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3136/2020 saylı, 03 noyabr 2020-cu il tarixli qətnaməsinin dəyişdirilməsi, iddia tələbinin əmək haqqı, maddi və mənəvi ziyan hissəsində də tam təmin edilməsi, 4400 əmək haqqqı, 5000 maddi və 10000 mənəvi ziyanın cavabdehdən tutulmasını xahiş etmişdir. PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında Cavabdeh MMC-nin nümayəndəsi X2 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 3136/2020 saylı, 03 noyabr 2020-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı Tahir oğlu məhkəməyə teleqramla müraciət edərək maddi imkanının olmaması səbəbindən məhkəmə iclasındaiştirak edə bilməyəcəyini bildirmişdir. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qedyd edir ki, iddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini iddianın təmin edilməyən- 4400 əmək haqqqı, 5000 maddi və 10000 mənəvi ziyanın cavabdehdən tutulmasının təmin edilməməsi hissəsində mübahisələndirir. Bu səbəbdən məhkəmə qətnaməsi mübahisələndirilən hissədə müzakirə edilir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşdən göründüyü kimi tərəflər arasında bağlanmış 07.02.2018-ci il tarixli əmək müqaviləsinə və həmin əmək müqaviləsi əsasında cavabdehin eyni tarixli əmrinə əsasən iddiaçı cavabdeh müəssisəyə 3 ay sınaq müddəti müəyyən edilməklə 6 müddətinə satıcıkassir vəzifəsinə işə qəbul edilmişdir. İddiaçının aylıq əmək haqqı 153 manat müəyyən edilmişdir. Eyni zamanda tərəflər arasında iddiaçının tam maddi məsuliyyəti barədə müqavilə bağlanmışdır. Cavabdehin 14.12.2018-ci il tarixli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə həmin tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəinin a) bəndi ilə (öz xahişinə əsasən) xitam verilmişdir. 14.12.2018-ci il tarixli ödəniş tapşırığına əsasən iddiaçıya 1915,71 manat son haqqhesab ödənilmişdir. İşdə olan İsmayıllı Rayon Məhkəməsinin 2(037)-144/2020 saylı, 11.03.2020-ci il tarixli qətnaməsi ilə iddiaçıdan 1780 manat maddi zaiyanın və 30 manat dövlət rüsumunun cavabdehin xeyrinə tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi iddiaçı ona məxsus kitabçasının və sosial sığorta kartının cavabdeh tərəfindən qanunsuz olaraq ona təqdim edilməməsi səbəbindən başqa yerdə işə düzələ bilmədiyinə əsaslanaraq göstərsə də, cavabdehin nümayəndəsi isə həmin sənədlərin cavabdehdə olduğunu, lakin iddiaçıya xəbərdarlıq edilməsinə baxmayaraq onları götürmədiyini bildirmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində göstərilmişdir ki, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir (83.1). Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir (83.2). Göründüyü kimi qanunvericilik qeyd edilən sənədlərin poçt vasitəsilə və ya hər hansı diər üsulla göndərilməsini deyil, bilavasitə işçiyə verilməsini nəzərdə tutmuşdur. İddiaçı bununla bağlı cavabdehə müraciət etməsi, cavabdehdən imtina cavabı alması və ya hər hansı cavab almaması, cavabdehin qeyd edilən sənədləri qəsdən ona təqdim etməməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəd qeyd edilən sənədlərin onlarda olmasını, həmin sənədlərin iddiaçının özünün müraciət edərək götürməli olmasını bildirmişdir. Lakin iddiaçı özünə məxsus əmək kitabçası və sosial sığorta kartı götürmək üçün cavabdeh təşkilata müraciət etməli olduğu halda bunu etməmişdir. Buna görə də, həmin sənədlərin onda olmaması səbəbindən başqa işə götürülməməsi cavabdehin deyil, öz təqsiri üzündən baş vermişdir. Eyni zamanda əmək kitabçasının olmaması onun başqa yerdə işə qəbul olunmasına hər hansı maneə törədə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2.). Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır (21.3.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (1096.1.). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (1096.2). Sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən iddiaçının qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı cavabdehin qeyd edilən sənədləri verməməsi səbəbindən işə düzələ bilməməsini, iki ilə yaxın müddətdə görə alacağı 4400 manat ziyan, eləcə də 5000 manat maddi və 10000 manat mənəvi zərər dəyməsini bildirsə də, buna dair hər hansı sübut təqdim etməmişdir. Eləcə də, ona dəymiş zərərin və iki il üçün 4400 manat almalı olduğu əmək haqqını hansı qaydada hesablanmasını əsaslandıra bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Buna görə də ilkin olaraq, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməli idi. İddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında sübutetmə yükü də inkar edənin deyil, təsdiq edənin üzərinə düşür. “Mahmudov Rusiyaya qarşı” 26 iyul 2007-ci il tarixli qərarında X3 Məhkəməsinin də hüquqi mövqeyi belə olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbti probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur və bu zaman sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallardan irəli gələ bilər. (§68) Həmçinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da X3 Məhkəməsi öxşar hüquqi mövqe göstərərək, məhkəmənin sübutları qiymətləndirərkən bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartlarının təbiq edilməsini müəyən etmişdir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkəmə haqlı olaraq belə iddia tələbini mübahisələndirilən hissələrdə təmin etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, iddiaçı apelyasiya şikayətinin dəlillərini əsaslandıra bilməmiş, buna dair hər hansı sübutu təqdim etməmişdir. İddiaçının dəlilləri iş materialları ilə təkzib edilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün AR Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3136/2020 saylı, 03 noyabr 2020-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1 və 393, 402, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3136/2020 saylı, 03 noyabr 2020-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-985/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-985/2021
13.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver