Məhkəmə qərarları › İş №2(105)-996/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-996/2023

25.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-996/2023 25.07.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X5 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-648/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Satıcı "xxxx" MMC ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli M- 2319 nömrəli müqavilənin surətindən görünür ki, satıcı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivindəki 29 nömrəli küçədə inşa edilməkdə olan 7 nömrəli yaşayış binasının, ümumi sahəsi 61.9 kv.m-dən ibarət 2 otaqlı 86 nömrəli mənzili alıcıya 1 kv.m 550 manat olmaqla, 34045 manata satmışdır.

2. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(012)-3377/2020 nömrəli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, İddiaçı ilə "xxxx" MMC arasında bağlanan 07 sentyabr 2017-ci il tarixli, M-2319 nömrəli mənzilin alğı-satqı müqaviləsi ləğv edilmiş, "xxxx" MMC-dən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivindəki 29 nömrəli küçədə inşa edilməkdə olan 7 nömrəli yaşayış binasının, ümumi sahəsi 61.9 kv.m-dən ibarət 2 otaqlı 86 nömrəli mənzilə görə ödənilmiş 34045 manat pulun və 5106.75 manat maddi ziyana görə pulun "xxxx" MMC-dən alınaraq İddiaçı ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.

3. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(105)-1401/2021 nömrəli qətnaməsindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-3377/2020 nömrəli, 10 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin olunmuş, İddiaçı ilə "xxxx" MMC arasında bağlanan 07 sentyabr 2017-ci il tarixli, M2319 nömrəli mənzilin alğısatqı müqaviləsi ləğv edilmiş, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivindəki 29 nömrəli küçədə inşa edilməkdə olan 7 nömrəli yaşayış binasının 86 nömrəli mənzilinə görə ödənilmiş 21665 manat pulun "xxxx" MMC-dən tutularaq İddiaçı qaytarılması, qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı vurulmuş maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" MMC tərəfindən vurulmuş maddi ziyana görə 30950 manat, mənəvi ziyana görə isə 20000 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, "xxxx" MMC-yə mənzil almaq üçün müraciət etmiş, həmin MMC-nin əməkdaşı 4-cü mərtəbəsi tikilməkdə olan binanı göstərərək iki ilə hazır olacağını, mənzilə görə nağd ödəniş ediləcəyi halda mənzilin hər kv.m-i üçün 350 manatdan hesablanacağını, qalan məbləğin MMC tərəfindən güzəşt ediləcəyini bildirmişdir. O, qeyd edilən təkliflə razılaşaraq "xxxx" MMC-nin direktoru X2 ilə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanında yerləşən “AAAF- Park” yaşayış massivindəki 29 nömrəli küçədə inşa edilməkdə olan 7 nömrəli, 9 mərtəbəli yaşayış binasının, ümumi sahəsi 61.9 kv.m-dən ibarət 2 otaqlı, 86 nömrəli, 21565 manat dəyərində olan mənzilin ("xxxx" MMC tərəfindən satılmış təmirsiz mənzil üçün) ona verilməsi barədə xx.xx.2017-ci il tarixli alğı-satqı müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən, mənzilin hər kv.m sahəsinə görə müəyyən edilmiş 550 manatın 200 manat hissəsi güzəşt edilmiş və mənzilin 1 il müddətində təhvil veriləcəyi bildirilmişdir. Deyilən vaxt çatdıqda, yəni xx.xx.2018-ci il tarixdə mənzilin tikildiyi ünvana baxarkən, ümumiyyətlə, həmin binanın birinci mərtəbəsinin bünövrəsinin tikilmədiyini görmüş və mənzil təhvil verilmədiyindən xx.xx.2019-cu il tarixdə "xxxx" MMC-nin direktoru X1 müraciət etmişdir. Ona binanın dəyişdirilməsi barədə ərizə verməyini, şikayətinə baxılacağı bildirilmişdir. Lakin MMC tərəfindən heç bir rəsmi cavab verilmədiyi üçün o, məhkəməyə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-3377/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, alğı-satqı müqaviləsi ləğv edilmiş, mənzilə görə ödənilmiş 34045 manat pulun və 5106.75 manat maddi ziyanın ona ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1401/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 2(012)-3377/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv olunmuş, alğı-satqı müqaviləsi ləğv edilmiş, mənzilə görə ödənilmiş 21665 manat pulun ona qaytarılması qət edilmişdir. Həmin qətnamədən kassasiya şikayəti verilməmiş, qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Çoxnömrəli şikayətlərdən sonra nəhayət ki, xx.xx.2022-ci il tarixədək cavabdeh təşkilat həmin məbləği hissə-hissə ona qaytarmışdır. Hazırda, həmin ərazidə yaşayış sahəsinin bir kv.m-nin satış qiyməti 850 manat təşkil edir. O isə cavabdehdən kv.m-ni 350 manata almış və pulunu ödəmişdir. Əgər cavabdeh təşkilat onu aldatmasaydı, indi həmin mənzilin kvadratını 850 manatdan sata bilərdi. İndiki şəraitdə o, eyni məbləğə eyni mənzili ala bilməz, eyni mənzili cavabdehdən almaq üçün hər kv.m-nə 850 manat ödəməlidir. Mənzilin 61.9 kv.m olması nəzərə alınsa, hər kv.m-ə görə 500 manat ziyana düşdüyü üçün ona dəymiş maddi ziyanın ümumi məbləği 30950 manat təşkil edir. Bundan əlavə, əsəb gərginliyi keçirdiyi üçün illərlə məhkəmə çəkişmələri, çoxnömrəli şikayətlərdən sonra qərarın hissə-hissə ödənilməsi nəticəsində ona dəymiş mənəvi ziyanı 20000 manat dəyərində dəyərləndirir.

6. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq izahatında göstərmişdir ki, o, cavabdeh şirkətdən aldığı mənzili Mənzil İdarəsi Dövlət Agentliyindən (MİDA) növbəyə dayanmaqla almışdır. Belə ki, cavabdeh qurum tərəfindən güzəşt edilməklə mənzilin alınması təklifi irəli sürülmüş, o, müqavilədə qeyd olunan cümlələr kiçik hərflərlə yazıldığından oxumadan müqaviləyə imza atmışdır. Belə ki, mənzilin kv.m-i 350 manat deyil, 550 manat olaraq göstərilmiş və onun tərəfindən 21665 manat məbləğ ödənildikdən sonra qalıq 12380 manat pul vəsaitini 1 ay müddətində ödəmək öhdəliyi qeyd olunmuşdur. Bu səbəbdən də, o, məhkəməyə müraciət etmiş və çıxarılmış məhkəmə aktı qanuni qüvvəsini almasına baxmayaraq, iki il müddət keçmiş olsa da, 7 nömrəli binanın tikintisi başa çatdırılmamışdır. Bu səbəbdən də, o, Sumqayıt Apellyasiya Məhkəməsinin qəbul etdiyi qətnamədən kassasiya şikayəti verməmişdir. Ona pulun ödənilməsi təmin edilsə də, hazırda, həmin pul vəsaiti hesabına o, mənzil ala bilmir. Ona yeni mənzilin veriləcəyi vədi irəli sürülsə də, mənzilin kv.m-nin 850 manat olduğu bildirilmiş, bu səbəbdən də, o, mənzil almaqdan imtina etmişdir. O, aidiyyəti qurumlara şikayət etmiş, şikayətindən bir il sonra, 2021-ci ilin sentyabr ayında pul ona ödənilmişdir. 2017-ci ildən hazırki müddətə qədər o, mənzil almaq məqsədilə ödədiyi pulun geri alınması üçün müxtəlif qurumlara müraciət etmiş, nəqliyyat xərcləri sərf etmiş, təqiblərə, təzyiqlərə məruz qalmış, həkimlərə müraciət etmişdir. Onun məhkəmə qətnaməsindən kassasiya şikayəti verməməsinin səbəbi məhkəmə aktlarının icra edilməməsi ilə bağlıdır. Hazırda, tikinti şirkətində mənzilin kv.mnin qiyməti 885 manatdır. Dəfələrlə "xxxx" MMC-yə müraciət etmiş, 2-3 ilə tikilərsə təmirli vəziyyətdə olan mənzilin kv.m-nin 850 manat, təmirsiz mənzilin kv.m-nin isə 750 manat olduğu bildirilmişdir. Mənəvi zərərlə bağlı həmçinin, qeyd edir ki, xəstəxanada yatmış, lakin bununla bağlı məhkəməyə sənəd təqdim etməmişdir.

7. Məhkəmə iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq izahatında göstərmişdir ki, iş materiallarından da göründüyü kimi, iddiaçının toxunduğu xüsusatlarla bağlı məhkəmə qətnamələri öz qanuni qüvvəsini almışdır. İddiaçı həmin icra sənədləri üzrə tərəf olmadığı üçün müdafiə xarakterli çıxış göstərməsi qanunaziddir. Apellyasiya instansiya məhkəməsi əsas məbləği azaltmışdır. İddiaçı ödəmədiyi, güzəşt olunmuş məbləği tələb etdiyi üçün məhkəmə qətnaməsi ilə sübuta yetirildi ki, 3000 manat məbləğin azaldan hissəsi ödənilməyən hissə olmaqla şirkət tərəfindən güzəşt olunmuş və bu, yuxarı instansiya məhkəməsi tərəfindən araşdırılmışdır. Maddi hüquq normaları ilə bağlı iddiaçı yenidən məhkəməyə müraciət etmiş, məhkəmə qətnaməsindən kassasiya şikayəti verməmiş və qətnamə ilə razılaşmışdır. Mənəvi ziyanla bağlı bildirir ki, icra işi onun icraatında olmuş, iddiaçı ilə mütəmadi əlaqə saxlamış, aidiyyəti qurmalara müraciət etmiş və icra başçısının qəbulunda iddiaçı ilə iştirak etmişdir. İcra sənədi qüvvəyə mindiyi dövr ərzində iddiaçı pul tələbi və ya mənzilin dəyişdirilməsi ilə bağlı müraciət etməsinə baxmayaraq, iddiaçı xx.xx.2022-ci il tarixdə 62 kv.m və 75 kv.m mənzilin təqdim edilməsi ilə bağlı müraciət etmiş, həmin dövrdə olmadığı üçün sonrakı dövrdə pulun ödənilməsi təklifi irəli sürülmüşdür. Başqa sözlə, icra hərəkətlərində o, özü iştirak etmişdir. Yaşayış sahəsi ilə mövcud olan qiymətlə bağlı olaraq mənzilin verilməsi mümkün deyildir. Cavabdeh tərəf olaraq icra tədbirlərini hissə-hissə də olsa icra etmişdir. Hesab edir ki, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi qərəzli mövqe daşıyır.

8. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-648/2023 nömrəli qətnaməsi ilə (hakim Habil Əhmədov) iddia rədd edilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında mənzilin alğı-satqısına dair müqavilə məhkəmə aktı ilə ləğv olunmuş, bununla da İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik qalmamışdır. Beləliklə də, iddiaçı cavabdehdən sonuncunun müqavilə öhdəliyi qalmadığı, mənzilin təhvil verilməməsi nəticəsində vurulmuş maddi ziyan tələbi ilə məhkəməyə müraciət etmək hüququ olmadığı halda, maddi ziyan tələbi ilə müraciət etmişdir.

10. İddia tələbinin mənəvi zərərin tutulması hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçı keçirdiyi mənəvi iztirabların məhz cavabdeh qurumun səlahiyyətli nümayəndələrinin hərəkətsizliyi nəticəsində yaranmasını (səbəbli əlaqə) sübuta yetirə bilmədiyindən iddia tələbi bu hissədə də təmin edilə bilməz.

11. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. Apellyasiya şikayəti iddia ərizəsi və iddiaçının yuxarıda qeyd edilən izahatı ilə eyni məzmunda əsaslandırılmışdırdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətlərinə qarşı tərəf etiraz təqdim etməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və apellyasya şikayətinin təmin edilməsini xahiş etdi və apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. (...) 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. (...)

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar (...) 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

18. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - cavabdeh "xxxx" MMC tərəfindən vurulmuş maddi ziyana görə 30950 manat məbləğində pul vəsaitinin tutulmasının rədd edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia qismən təmin edilməli, cavabdeh "xxxx" MMC-dən 1092,27 məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

20. İşdən görünür ki, İddiaçı cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2017-ci il tarixli M-2319 nömrəli müqaviləyə əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivindəki 29 nömrəli küçədə inşa edilməkdə olan 7 nömrəli yaşayış binasının, ümumi sahəsi 61.9 kv.m-dən ibarət 2 otaqlı 86 nömrəli mənzili almışdır. Müqavilə üzrə mənzilin təhvil verilməsi cavabdeh tərəfindən müəyyən müddət ərzində təmin edilmədiyindən iddiaçı müqavilənin ləğv edilməklə mənzilə görə ödənilmiş pulun və maddi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmə qətnaməsi ilə mənzilə görə ödənilmiş pulun geri qaytarılması təmin edilmişdir. Hazırda, iddiaçı mənzilin kv.m-nin dəyəri qalxdığı üçün əmlakın dəyərinə görə ödənilmiş pul vəsaiti hesabına yeni mənzilin alınması mümkün olmadığından həmin əmlakın vaxtında təhvil verilməməsinə görə ona vurulmuş maddi və mənəvi ziyanın tutulmasını məhkəmədən xahiş etmişdir.

21. İş materiallarından həmçinin görünür ki, tərəflər arasında əvvəllər mövcud olmuş mübahisə üzrə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ilə məhkəməyə müraciət edərək, onun müqavilədə nəzərdə tutulmuş ölçüdə digər mənzillə təmin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi, "xxxx" MMC-dən 01 oktyabr 2019-cu il tarixdən başlayaraq mənzillə təmin edilənədək hər ay 200 manat məbləğində kirayə haqqının və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra isə o, iddia tələbinin həcminin artırılması barədə iddia ərizəsinə əlavə təqdim edərək, onun müqavilədə nəzərdə tutulmuş mənzilinin həmin ölçüdə digər hazır mənzillə əvəz edilməsi, bu olmadığı təqdirdə 07 sentyabr 2017-ci il tarixli, M-2319 nömrəli mənzilin alğısatqı müqaviləsinin ləğv edilməsi, mənzilin alğı-satqına görə ödənilmiş pul məbləğinin geri qaytarılması və vurulmuş 15000 manat maddi ziyanın, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30,40 manat dövlət rüsumunun əvəzinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Həmin iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(105)- 1401/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunmuş, İddiaçı ilə "xxxx" MMC arasında bağlanan 07 sentyabr 2017-ci il tarixli, M2319 nömrəli mənzilin alğı-satqı müqaviləsi ləğv edilmiş, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivindəki 29 nömrəli küçədə inşa edilməkdə olan 7 nömrəli yaşayış binasının 86 nömrəli mənzilinə görə ödənilmiş 21665 manat pulun "xxxx" MMC-dən tutularaq İddiaçı qaytarılması, qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir.

23. Həmin qətnamə üzrə xx.xx.2021-ci il tarixdə verilmiş icra sənədi xx.xx.2022-ci il tarixdə (1 il 3 gün müddətində) icra edildiyindən Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmurunun qərarı ilə icra sənədinə xitam verilmişdir.

24. İddiaçının maddi zərələ bağlı göstərdiyi dəlillərə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərildiyi kimi mənzillə bağlı müqavilə iddiaçının öz tələbi ilə ləğv edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(105)- 1401/2021 nömrəli qətnaməsi qanuni qüvvəyə mindiyi andan tərəflər arasında müqavilə üzrə öhdəliklər xətm edilmişdir. Lakin qaytarılmalı olan 21665 manat pul öhdəliyi cavabdeh tərəfindən iddiaçıya 1 il 3 gündən sonra tam olaraq ödənildiyindən, məhkəmə kollegiyası hesab edir ki, tərəflərin hazırkı mübahisə üzrə münasibətlərinə Mülki Məcəllənin 445.7-ci maddəsi tətbiq edilərək 1 il 3 gün gecikdirilmiş vaxt üçün illik beş faiz hesabı ilə 1092,27 manat cavabdehdən alınaraq iddiaçıya verilməlidir. (1 il üçün 21665x5%=1083,25 ; 3 gün üçün 1083,25/360x3=9,02 ; cəmi 1083,25+9,02=1092,27)

25. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur...

26. Məhkəmə kollegiyası iddia tələbinin mənəvi zərərə görə 20000 manat məbləğində pulun tutulmasına dair iddia tələbinin təmin edilməməsi barədə məhkəmənin gəldiyi nəticəyə qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında göstərilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir.

27. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 №-li qərarında Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.

28. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarından görünür ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir.

29. Hazırki iş üzrə cavabdehin pul öhdəliyini icra etməməsi nəticəsində onun mənəvi sarsıntı və iztirablar keçirməsinə dair iddiaçı məhkəməyə mötəbər sübut təqdim edə bilmədiyindən, bu hissədə iddia tələbini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir.

30. Göstərilənlərə əsasən məhkəmə kolleiyası hesab edir ki, apellyasiya şikayətində qeyd edilən dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə dəyişdirilməsi, eləcə də ləğvi üçün əsas sayıla bilməz.

31. Azərbaycan Respublikası MPM-in 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir.

32. Həmin Məcəllənin 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinə görə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

33. Beləliklə məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş hallara və məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-648/2023 nömrəli qətnaməsi qismən - cavabdeh "xxxx" MMC tərəfindən vurulmuş maddi ziyana görə 30950 manat məbləğində pul vəsaitinin tutulmasının rədd edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia qismən təmin edilərərk, cavabdeh "xxxx" MMC-dən 1092,27 (bir min doxsan iki manat iyirmi yeddi qəpik) məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-648/2023 nömrəli qətnaməsi qismən - cavabdeh "xxxx" MMC tərəfindən vurulmuş maddi ziyana görə 30950 manat məbləğində pul vəsaitinin tutulmasının rədd edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 1092,27 (bir min doxsan iki manat iyirmi yeddi qəpik) məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar