Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1/2024 10.07.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və X5 ibarət tərkibdə, Qəribov Nahid Vidadi oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı1 nümayəndəsi Vəkil2, Cavabdeh və onun nümayəndəsi Vəkil3 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, Zeynalova (Şahbazova) Ayşən Mirxəlil qızının Cavabdeh qarşı “darvazanın həyətyanı torpaq sahəsindən götürülməsi və cavabdehə qanunsuz hərəkətlər etməsinin qadağan edilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Saatlı Rayon Məhkəməsinin 2(055)-629/2019 saylı, 22 oktyabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, Zeynalova (Şahbazova) Ayşən Mirxəlil qızı Cavabdeh qarşı birgə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətlərində olan ünvan 1 ünvanında yerləşən həyətyanı torpaq sahəsindən cavabdehə məxsus darvazanın götürülməsi və həyətyanı torpaq sahəsinin kənarlarına çəpər çəkmələrinə qanunsuz müdaxilənin dayandırılması, yəni qanunsuz hərəkətlər etməsinin cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar tələblərini belə əsaslandırmışlar ki, onlar ünvan 2 ünvanında yaşayırlar. Saatlı rayon Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli, 05 saylı qərarına əsasən ünvan 1 ünvanında onların mülkiyyətinə 0,04 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Həmin həyətyanı torpaq sahəsində yerləşən 3 otaqdan ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında İddiaçı1 məxsusdur. Bu barədə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriya nömrəli çıxarışı da var. Onlarla qonşuluqda yaşayan İddiaçı1 qardaşı Cavabdeh dəmir darvazasının bir hissəsi iddiaçıların həyətyanı torpaq sahəsində yerləşir. İddiaçı həyətyanı torpaq sahəsinin kənarına mişar daşından çəpər çəkmək istəyir. Lakin cavabdehin darvazasının bir hissəsi iddiaçıların həyətyanı sahəsinə, bir hissəsi isə cavabdehin həyətyanı sahəsinə düşdüyü üçün iddiaçı çəpəri çəkməkdə çətinlik çəkir. Bu barədə dəfələrlə cavabdehə bildirilsə də, cavabdeh nəinki darvazasını iddiaçıların həyətyanı sahəsindən götürmür, əksinə həyətinin kənarı ilə əkdiyi ağac və gülləri də çıxararaq tullayır və bildirir ki, nə olursa olsun, çəpəri çəkməyə imkan verməyəcəkdir. Ona görə də məcburiyyət qarşısında qalaraq hazırkı iddia ilə məhkəməyə müraciət etmişlər. Saatlı Rayon Məhkəməsinin 2(055)-629/2019 saylı, 22 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən hakim İxtiyar Abuşov) iddianın təmin edilməsi, iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, Zeynalova (Şahbazova) Ayşən Mirxəlil qızının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən həyətyanı torpaq sahəsindən Cavabdeh məxsus dəmir darvazanın götürülməsi, iddiaçıların həmin həyətyanı torpaq sahəsinin kənarlarına çəpər çəkməsinə cavabdehin qanunsuz müdaxiləsinin dayandırılması və gələcəkdə də belə hərəkətlərin (maneələrin) iddiaçılara qarşı təkrar törədilməsinin cavabdehə qadağan olunması, Cavabdeh mütəxəssis rəyinin verilməsinə dair çəkilən 93,56 manat xərcin alınaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin hesabına və iş üzrə keçirilmiş ekspertizaya görə 50 manat ekspertiza xərcinin alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Saatlı Rayon Məhkəməsinin 2(055)-629/2019 saylı, 22 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan darvaza hələ 1969-cu ildən ailələrinin ümumi istifadə etdiyi darvazadır. Həmin darvaza olan hissəyə isə iddiaçılara Saatlı rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən 18 may 1998-ci il tarixində şəhadətnamə verilmişdir. İkincisi, həmin darvazanın söküləcəyi təqdirdə, cavabdehin evinə gediş-gəliş yolu qalmır. Üçüncüsü, birinci instansiya məhkəməsi yerli baxış keçirmədən hazırkı qətnaməni qəbul etmişdir ki, həmin yerə baxış keçirsəydi, belə bir ədalətsiz qətnamə qəbul etməzdi. Dördüncüsü, birinci instansiya məhkəməsi hazırkı iş üzrə ekspertiza təyin etmiş, lakin təyin olunmuş ekspertiza üzrə ekspert qarşısında işin ədalətli həll edilməsi üçün əhəmiyyət kəsb edən bütün halların aydınlaşdırılmasına yönələn suallar qoymamışdır. Beşincisi, aparılmış ekspertizanın rəyi ilə razı olmadığını bildirərək əlavə ekspertiza təyin edilməsi üçün vəsatət vermiş, lakin birinci instansiya məhkəməsi həmin vəsatətə də münasibət bildirməmişdir. Qeyd olunanlardan da göründüyü kimi, birinci instansiya məhkəməsi hazırkı işə birtərəfli qaydada yanaşmış, iş üçün əhəmiyyət kəsb edən faktiki halları araşdırmamışdır. Cavabdeh hesab edir ki, hazırkı mülki iş üzrə Saatlı Rayon Məhkəməsi tərəfindən qeyri-qanuni və əsassız qətnamə qəbul edilmişdir, buna görə də qətnamə ləğv edilməli və iddia təmin olunmamalıdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 mart 2020-ci il tarixli, 2(106)-490/2020 saylı qərardadı ilə hazırkı mülki iş üzrə icraat iddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsinə qarşı “İddiaçı1, İddiaçı3, İddiaçı2 və Zeynalova (Şahbazova) Ayşən Mirxəlil qızının adına torpaq sahəsinin ayrılmasına dair Saatlı rayon Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli, 5 saylı qərarının 0,01 hektar hissəsində və onun əsasında verilmiş JN-1221A (kod ********) nömrəli şəhadətnamənin ümumilikdə 0,01 hektar hissəsində və İddiaçı1, İddiaçı3, İddiaçı2 və Zeynalova (Şahbazova) Ayşən Mirxəlil qızının adına verilmiş 29 may 2013-cü il tarixli, RX seriyalı ******* saylı çıxarışın ümumilikdə 0,0071 hektar hissəsində etibarsız hesab edilərək ləğv edilməsi tələbinə dair” iddiası ilə bağlı Şirvan İnzibati Məhkəməsinin 2- 1(120)-788/2020 saylı inzibati iş üzrə məhkəmə qərarı qüvvəyə minənə qədər dayandırılmışdır. Şirvan İnzibati Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli, 2-1(120)-788/2020 nömrəli qərardadı ilə iddia mümkün sayılmamış və həmin qərardad 03 oktyabr 2020-ci ildə qanuni qüvvəyə minmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2021-ci il tarixli, 2(106)-46/2021 saylı qərardadı ilə Saatlı Rayon Məhkəməsinin 2(055)-629/2019 saylı, 22 oktyabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti ilə bağlı mülki iş üzrə icraat təzələnmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 fevral 2021-ci il tarixli, 2(106)-46/2021 saylı qərardadı ilə hazırkı mülki iş üzrə icraat iddiaçı Cavabdehlər İddiaçı1, İddiaçı3, İddiaçı2 və Zeynalova (Şahbazova) Ayşən Mirxəlil qızına qarşı “JN-1221A (kod ********) nömrəli şəhadətnamədə göstərilən 0,04 hektar torpaq sahəsinin 0,01 hektar hissəsinin və seriya RX seriyalı ******* saylı çıxarışda göstərilən 0,0371 hektar torpaq sahəsinin 0,0071 hektar hissəsinin etibarsız hesab edilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Saatlı Rayon Məhkəməsinin 2(055)-356/2020 saylı, 02 noyabr 2020-ci il tarixli qətnaməsi qüvvəyə minənə qədər dayandırılmışdır. İşdə surəti olan Saatlı Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, 2(055)- 356/2020 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia təmin edilərək, torpağın mülkiyyətə verilməsinə dair JN-1221A, KOD 90801004 olan şəhadətnamə cavabdehlər İddiaçı1, İddiaçı3, İddiaçı2, Zeynalova (Şahbazova) Ayşən Mirxəlil qızının mülkiyyətinə verilmiş 0,04 hektar torpaq sahəsinin 0,01 hektar hissəsində və 29 may 2013-cü il tarixli, qeydiyyat nömrəsi ********** olan, reyestr nömrəsi **********85-10301 olan seriya RX ******* saylı çıxarış cavabdehlər İddiaçı1, İddiaçı3, İddiaçı2, Zeynalova (Şahbazova) Ayşən Mirxəlil qızının mülkiyyətinə verilmiş 0,0371 hektar torpaq sahəsinin 0,0071 hektar hissəsində etibarsız hesab edilmiş, ödənilmiş 15 manat dövlət rüsumunun cavabdehlər İddiaçı1, İddiaçı3, İddiaçı2 və Zeynalova (Şahbazova) Ayşən Mirxəlil qızından müştərək qaydada alınaraq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. İşdə surəti olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 dekabr 2022-ci il tarixli, 2(106)-51/2022 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə cavabdehlər İddiaçı1, İddiaçı3, İddiaçı2, Zeynalova (Şahbazova) Ayşən Mirxəlil qızının apellyasiya şikayəti təmin edilmiş, Saatlı Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, 2(055)-356/2020 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı Cavabdehlər İddiaçı1, İddiaçı3, İddiaçı2, Zeynalova (Şahbazova) Ayşən Mirxəlil qızına və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı “torpağın mülkiyyətə verilməsinə dair dövlət aktının və çıxarışın qismən etibarsız hesab edilməsi tələbinə dair” iddiası rədd edilmiş, ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilmişdir. İşdə surəti olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 may 2023-cü il tarixli, 2(102)-1758/2023 saylı qərarından görünür ki, həmin qərarla iddiaçı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-51/2022 nömrəli mülki iş üzrə 21 dekabr 2022ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 iyul 2023-cü il tarixli, 2(106)-2/2023 saylı qərardadı ilə Saatlı Rayon Məhkəməsinin 2(055)-629/2019 saylı, 22 oktyabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar mülki iş üzrə dayandırılmış icraat təzələnmiş və işə məhkəmə iclasında baxılması 13 sentyabr 2023-cü il tarixə, saat 10:15-ə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasına təyin edilmişdir. Apellyasiya məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli iclasında iştirak etmiş Cavabdeh çıxış edərək bildirmişdir ki, mübahisəli darvaza olan yerdən başqa, onun torpaq sahəsinə hər hansı yerdən gediş-gəliş yolu yoxdur. Hətta bu cür yol açmaq istəsə belə, onun torpaq sahəsi hər tərəfdən qonşuların torpaq sahələri ilə əhatələndiyinə görə mübahisəli yerdən başqa, heç bir yerdən yola açılan darvaza qoya bilmir. Üstəlik, həmin darvaza hələ 1971-ci ildə onun mərhum atası Həşim Zeynalov tərəfindən qoyulmuş, həmin vaxt da onların həyətyanı torpaq sahəsi dörd bir tərəfdən qonşu torpaq sahələri ilə əhatə olunmuş, mübahisəli darvazadan başqa, gediş-gəliş üçün hər hansı yol olmamışdır. Apellyasiya məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli iclasında iştirak etmiş cavabdehin vəkili Vəkil1 çıxış edərək bildirmişdir ki, İddiaçı1 ilə Cavabdeh doğma qardaşdırlar. Lakin onlar arasında bir neçə ildir ki, hazırkı məsələ ilə bağlı mübahisə gedir. Mübahisəli darvazanı onların mərhum atası qoymuş, həmin darvaza keçid yolu kimi istifadə olunmuşdur. Hazırda həmin darvazadan cavabdeh istifadə edir. Apellyasiya məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli iclasında iştirak etmiş cavabdehin vəkili Vəkil3 çıxış edərək bildirmişdir ki, mübahisəli darvazanın yerləşdiyi torpaq sahəsi iddiaçıların mülkiyyətinə keçməzdən əvvəl həmin darvaza qoyulmuş, ona görə də servitut əvvəlcədən mövcud olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən ekspertiza təyin edilərək mübahisəli darvazanın olduğu yerdən başqa, hər hansı yerdən cavabdehin torpaq sahəsinə giriş-çıxışın olub-olmaması müəyyən edilməli olsa da, məhkəmə bunu etməmişdir. Odur ki, hazırkı iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli iclasında iştirak etmiş İddiaçı1 çıxış edərək bildirmişdir ki, cavabdehin torpaq sahəsinə başqa yerdən gediş-gəliş yolu mövcuddur və bu sxematik planda da qeyd olunmuşdur. Cavabdehin torpaq sahəsinə başqa yerdən maşın yolu olsa da, həmin yol qonşular tərəfindən zəbt edilmişdir. Cavabdeh həmin qonşulara qarşı iddia qaldıraraq zəbt edilmiş yolunun açılmasını tələb etməlidir. Bildirdi ki, mübahisəli darvaza 1971-ci ildə mərhum atası tərəfindən qoyulmuş, ondan sonra hər kəs həmin darvazadan istifadə etmişdir. Mübahisəli darvazanın yerləşdiyi torpaq sahəsi 1998-ci ildə Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş, mülkiyyət hüququ 2013-cü ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. O, torpaq sahəsinin hər hansı hissəsini cavabdehə bağışlamamışdır. Mübahisəli darvaza götürülərək bağlansa belə, cavabdehin evinə və həyətyanı torpaq sahəsinə 1,2 metr enində piyada gediş-gəliş yolu qalacaqdır. Hesab edir ki, cavabdehin evinə və həyətyanı torpaq sahəsinə gediş-gəliş üçün həmin yol kifayət edir. O, iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə etiraz etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 sentyabr 2023-cü il tarixli, 2(106)-2/2023 saylı qərardadı ilə mülki iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspert rəyi məhkəməyə təqdim edilənə kimi mülki işin icraatı dayandırılmışdır. 21 may 2024-cü il tarixli, 3-16-16/2-10/7331 nömrəli ekspert rəyi 12 iyun 2024-cü ildə Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2024-cü il tarixli, 2(106)-1/2024 saylı qərardadı ilə Saatlı Rayon Məhkəməsinin 2(055)-629/2019 saylı, 22 oktyabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə dayandırılmış icraat təzələnmiş və işə məhkəmə iclasında baxılması 10 iyul 2024-cü il tarixə, saat 11:15-ə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasına təyin edilmişdir. Apellyasiya məhkəməsinin 10 iyul 2024-cü il tarixli iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi Vəkil3 eyni məzmunda çıxış edərək bildirdilər ki, ekspert rəyi ilə mübahisəli darvazanın iddiaçılara məxsus torpaq sahəsində yerləşməsi müəyyən olunsa da, həmin torpaq sahəsi iddiaçıların mülkiyyətinə verilərkən həmin darvaza da hazırkı yerdə olmuş və iddiaçılar da darvazanın mövcudluğundan xəbərdar olmuş, beləliklə də, Cavabdeh servitut hüququ yaranmışdır. Hazırda həmin darvaza götürüləcəyi təqdirdə, Cavabdeh mülkiyyətində olan torpaq sahəsinə avtomobil üçün hər hansı gediş-gəliş yolu olmayacaqdır. Ona görə də hesab edirlər ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmamışdır. Onlar apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdilər. Apellyasiya məhkəməsinin 10 iyul 2024-cü il tarixli iclasında iştirak edən İddiaçı1 çıxış edərək bildirdi ki, onun və qardaşı olan Cavabdeh mülkiyyətində olan torpaq sahələri əvvəllər vahid torpaq sahəsi olmuş, sonradan bölünmüşdür. Hazırda isə mübahisəli darvazanın yerləşdiyi ərazinin onun və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinə düşməsi ekspert rəyləri ilə də öz təsdiqini tapır. Cavabdeh onun torpaq sahəsinin əhəmiyyətli ölçüdə hissəsindən istifadə etməklə, ona həmin ərazidə işlər görməyə də mane olur. Ona görə də hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya məhkəməsinin 10 iyul 2024-cü il tarixli iclasında iştirak edən İddiaçı3, eləcə də, İddiaçı1 nümayəndəsi Vəkil2 İddiaçı1 söylədikləri ilə razılaşdıqlarını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçılar İddiaçı2 və Ayşən Zeynalova (Şahbazova) məhkəmə iclasına gəlməmiş, nümayəndə ilə təmsil olunmamışlar. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı iş üzrə cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etməklə, birinci instansiya məhkəməsinin qətnaməsini tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, sübutlara obyektiv hüquqi qiymət verərək hesab etdi ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə surəti olan JN-1221A, KOD 90801004 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 18 may 1998ci il tarixli, 05 saylı qərarı ilə Saatlı şəhərində yerləşən 0,04 ha torpaq sahəsi İddiaçı1 və onun ailə üzvləri İddiaçı2 Mirqəni qızının, İddiaçı3 və X1 mülkiyyətinə verilmişdir. İşdə surəti olan qeydiyyat tarixi xx.xx.2013-cü il, qeydiyyat nömrəsi **********, RX ******* seriya nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən 0,0371 ha torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ əsasında İddiaçı1, İddiaçı4, İddiaçı2 və İddiaçı3 adına, həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 168,7 kv.m olan 2 mərtəbəli fərdi yaşayış evi isə xüsusi mülkiyyət hüququ əsasında İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 16 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə surəti olan Saatlı Rayon Məhkəməsinin 30 may 2012-ci il tarixli, 2(055)- 177/2012 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə Saatlı rayon Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli 05 saylı qərarı ilə JN-1222A, KOD 90801004 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə X8 və onun ailə üzvləri X9, Cavabdeh və X3 ümumi birgə mülkiyyətlərinə verilmiş Saatlı şəhəri, H.B.Zərdabi küçəsində yerləşən 0,04 hektar həyətyanı torpaq sahəsi üzərində tikilmiş 2 otaqdan və 1 balkondan ibarət yaşayış evinə mərhum X2 ilə mərhum X6 mülkiyyət hüququ tanınmış, Saatlı rayon Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli 05 saylı qərarı ilə JN- 1222A, KOD 90801004 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə X8 və onun ailə üzvləri X9, Cavabdeh və X3 ümumi birgə mülkiyyətlərinə verilmiş Saatlı şəhəri, H.B.Zərdabi küçəsində yerləşən 0,04 hektar həyətyanı torpaq sahəsindən 4 nəfər nəzərə alınmaqla mərhum X8 ilə mərhum X6 payına düşən 0,02 hektar torpaq sahəsi və həmin torpaq sahəsi üzərində tikilmiş 2 otaqdan və 1 balkondan ibarət yaşayış evi miras əmlakın kütləsinə daxil edilərək mərhum X2 ilə mərhum X6 birinci növbə vərəsəsi olan Cavabdeh mülkiyyət hüququ tanınmış, bu hüquqların aidiyyəti orqanlarda qeydiyyata alınması qət edilmişdir. İşdəki Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC-nin Şirvan Layihə Tədqiqat İdarəsinin 14 avqust 2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki, Cavabdeh istifadəsində olan dəmir darvaza Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 29 may 2013cü il tarixli, seriya RX ******* saylı çıxarış əsasında iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, Şahbazova (Zeynalova) Ayşən Mirxəlil qızının mülkiyyətinə verilmiş ünvan 1 ünvanında yerləşən 0,0371 ha torpaq sahəsində yerləşir və mütəxəssis rəyinə əlavə edilmiş sxematik planda qeyd edilmişdir. Sözügedən dəmir darvaza iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, Şahbazova (Zeynalova) Ayşən Mirxəlil qızının mülkiyyətinə verilmiş ünvan 1 ünvanında yerləşən 0,0371 ha torpaq sahəsinin şimal hissəsində 4,5 metr məsafədədir. Həmçinin, Cavabdeh dəmir darvazadan həyətyanı sahəsinə (cənub istiqamətinə) doğru 16 metr məsafədə iddiaçıların torpaq sahəsindən istifadə edir və sxematik planda əks olunmuşdur. Mütəxəssis rəyinin verilməsi üçün xidmət haqqının məbləği 93,56 manat təşkil edir. İşdəki 15282 saylı, 30 avqust 2019-cu il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh istifadəsində olan darvaza Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş 29 may 2013-cü il tarixli, seriya RX ******* saylı çıxarış əsasında iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, Şahbazova (Zeynalova) Ayşən Mirxəlil qızının mülkiyyətinə verilmiş ünvan 1 ünvanında yerləşən 0,0371 ha torpaq sahəsində yerləşir və mütəxəssis rəyinə əlavə edilmiş sxematik planda qeyd edilmişdir. Sözügedən dəmir darvaza iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, Şahbazova (Zeynalova) Ayşən Mirxəlil qızının mülkiyyətinə verilmiş ünvan 1 ünvanında yerləşən 0,0371 ha torpaq sahəsinin şimal hissəsində 4,5 metr məsafədədir. Həmçinin, Cavabdeh dəmir darvazadan həyətyanı sahəsinə (cənub istiqamətinə) doğru 16 metr məsafədə iddiaçıların torpağından istifadə edir və mütəxəssis rəyinə əlavə edilmiş sxematik planda əks olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Apellyasiya məhkəməsində aparılan icraat zamanı əldə olunan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinin 15 fevral 2024-cü il tarixli məktubu ilə təqdim olunmuş mütəxəssis rəyindən görünür ki, mübahisəli ərazidə yerləşən Cavabdeh mülkiyyətində olan torpaq sahəsinə, mübahisəli darvazanın qoyulduğu yoldan başqa, başqa bir yerdən hər hansı piyada və ya avtomobil gediş-gəliş yolu mövcud deyil. Lakin Cavabdeh istifadəsində olan darvaza və gediş-gəliş yolu İddiaçı1 mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsinin hüdudları daxilindədir. Cavabdeh mülkiyyətində olan həyətyanı torpaq sahəsinin hasarının hər hansı bir hissəsi sökülməklə, iddiaçıların və üçüncü şəxslərin hüquqları pozulmadan Cavabdeh mülkiyyətində olan torpaq sahəsinə mübahisəli yoldan başqa yolun açılması mümkün deyil. İddiaçıların mülkiyyət hüququ pozulmadan Cavabdeh mülkiyyətində olan torpaq sahəsinə yalnız piyada yolu mümkündür. Saatlı şəhərinə aid xəritə materiallarında Cavabdeh mülkiyyətində olan torpaq sahəsinə avtomobil gediş-gəliş yolu heç bir tərəfdən nəzərdə tutulmamışdır. Lakin həmin xəritə materiallarında iddiaçıların mülkiyyətinə verilmiş torpaq sahəsindən əlavə piyada gediş-gəliş yolu nəzərdə tutulmuşdur. Əlavə olaraq, Cavabdeh iddiaçıların mülkiyyətinə verilmiş torpaq sahəsindən faktiki olaraq 4,5 metr enində, 16 metr uzunluğunda ərazidən istifadə edir. İşdəki 10 yanvar 2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, həmin mütəxəssis rəyinin verilməsinə görə Cavabdeh tərəfindən 95 manat məbləğində xidmət haqqı ödənilmişdir. İşdəki 21 may 2024-cü il tarixli, 3-16-16/2-10/7331 nömrəli ekspert rəyindən görünür ki, mübahisəli ərazidə yerləşən Cavabdeh mülkiyyətində olan torpaq sahəsinə, mübahisəli darvazanın qoyulduğu yoldan başqa, başqa bir yerdən hər hansı piyada və ya avtomobil gediş-gəliş yolu mövcud deyil. Lakin Cavabdeh istifadəsində olan darvaza və gediş-gəliş yolu İddiaçı1 mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsinin hüdudları daxilindədir. Cavabdeh mülkiyyətində olan torpaq sahəsinin hasarının hər hansı bir hissəsi sökülməklə, iddiaçıların və üçüncü şəxslərin hüquqları pozulmadan Cavabdeh mülkiyyətində olan torpaq sahəsinə mübahisəli yoldan başqa yolun açılması mümkün deyil. İddiaçıların mülkiyyət hüququ pozulmadan Cavabdeh mülkiyyətində olan torpaq sahəsinə yalnız piyada yolu mümkündür. Saatlı şəhərinə aid xəritə materiallarında Cavabdeh mülkiyyətində olan torpaq sahəsinə yol nəzərdə tutulmamışdır. Lakin həmin xəritə materiallarında iddiaçıların mülkiyyətinə verilmiş torpaq sahəsindən əlavə piyada gediş-gəliş yolu nəzərdə tutulmuşdur. Cavabdeh iddiaçıların mülkiyyətinə verilmiş torpaq sahəsindən faktiki olaraq 4,5 metr enində, 16 metr uzunluğunda ərazidən istifadə edir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Hazırda iş materiallarından görünür ki, iddiaçılar birgə iddia ərizəsi verərək, mülkiyyətlərində olan ünvan 1 ünvanında yerləşən həyətyanı torpaq sahəsindən cavabdehə məxsus darvazanın götürülməsi və həyətyanı torpaq sahəsinin kənarlarına çəpər çəkmələrinə qanunsuz müdaxilənin dayandırılması, yəni qanunsuz hərəkətlər etməsinin cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, tələblərini cavabdehə məxsus darvazanın bir hissəsinin onlara məxsus torpaq sahəsində yerləşməsi və özlərinə məxsus torpaq sahəsinin kənarına mişar daşından çəpər çəkmələrinə cavabdehin mane olması ilə əsaslandırmışlar. Saatlı Rayon Məhkəməsi isə 2(055)-629/2019 saylı, 22 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə iddianı təmin etmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmiş, öz şikayətini iddiaçıların mülkiyyətində olan torpaq sahəsindəki darvazanın hələ keçən əsrin 1960-1970-ci illərdən etibarən mövcud olması, həmin ərazidən istifadə etməsi ilə bağlı servitut hüququnun mövcud olması və həmin darvaza götürüləcəyi təqdirdə, onun torpaq sahəsinə hər hansı gediş-gəliş yolunun qalmayacağı ilə əsaslandırmışdır. 15282 saylı, 30 avqust 2019-cu il tarixli ekspert rəyi ilə müəyyən edilir ki, cavabdehin istifadəsində olan mübahisəli darvaza qeydiyyat tarixi xx.xx.2013-cü il, qeydiyyat nömrəsi **********, RX ******* seriya nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış üzrə iddiaçılara məxsus olan 0,0371 ha torpaq sahəsində yerləşir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. MM-in 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Məcəllənin 238.1-ci maddəsinə əsasən, daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. MM-in 239.2-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49.1-ci maddəsinə əsasən, hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qeyd edilən müddəalar onu göstərir ki, mülkiyyətçi özünə məxsus torpaq sahəsinə başqa şəxslərin sahibliyinə yol verməmək hüququna malikdir və onun icazəsi olmadan mülkiyyətində olan torpaq sahəsinə girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Həmin normalara əsasən məhkəmə kollegiyası bildirir ki, iddiaçıların hazırkı tələbi əsaslı olmuşdur. Lakin cavabdeh tərəf öz etirazlarını əsaslandırarkən servitut hüququnun mövcudluğuna istinad etmişdir. Torpaq Məcəlləsinin 54.1-ci maddəsinə əsasən, servitut — bir və ya bir neçə qonşu (özgə) torpaq sahələrindən məhdud istifadə hüququdur. Torpaq sahəsi üzərində servitutla bağlı münasibətlər bu Məcəllə və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə nizama salınır. Mülki Məcəllənin 255.1-ci maddəsinə əsasən, servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. Torpaq Məcəlləsinin 54.2-ci maddəsinə əsasən, servitut — torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri arasında razılaşma ilə, yaxud məhkəmənin qərarı ilə müəyyən edilə bilər. Mülki Məcəllənin 256.2-ci maddəsinə əsasən, servitut verilməsinə dair müqavilə notariat qaydasında təsdiqləndikdə etibarlıdır. MM-in 256.1-ci maddəsinə görə, servitutun verilməsi üçün daşınmaz əmlakın dövlət reyestrində onun qeydə alınması zəruridir. Servitutun əldə edilməsi və qeydə alınması üçün torpağa mülkiyyət haqqında müddəalar qüvvədədir. Torpaq Məcəlləsinin 54.9-cu maddəsinə əsasən, servitutlar qanunvericilikdə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməlidir. TM-in 67.4-cü maddəsinə əsasən, torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Qeyd edilən normalara əsasən məhkəmə kollegiyası bildirir ki, servitut tərəflər arasında bağlanmış və notariat qaydasında təsdiqlənmiş müqavilə və ya məhkəmənin qərarı ilə müəyyən edilə bilər və bu cür servitutun verilməsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Lakin hazırda cavabdeh tərəf mübahisəli darvazadan gedişgəliş üçün istifadə edərək ondan istifadə ilə bağlı servitut hüququnun mövcud olduğunu bildirsə də, həmin hüququn mövcudluğu ilə bağlı hər hansı müqavilə və ya məhkəmə qərarı, eləcə də, bu cür hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Həmin darvazanın torpaq sahəsi iddiaçıların mülkiyyətinə verilərkən hazırkı yerində mövcud olması isə onunla bağlı avtomatik olaraq cavabdehin servitut hüququnun yaranması üçün əsas kimi qəbul edilə bilməz. Hazırda 21 may 2024-cü il tarixli, 3-16-16/2-10/7331 nömrəli ekspert rəyi ilə müəyyən olunur ki, iddiaçıların mülkiyyət hüququ pozulmadan Cavabdeh mülkiyyətində olan torpaq sahəsinə yalnız piyada yolu mümkündür. Göründüyü kimi, mübahisəli darvazanın götürülməsi halında cavabdehin mülkiyyətində olan torpaq sahəsinə piyada yolunun açılması mümkündür. Bu baxımdan cavabdehin apellyasiya şikayətinin həmin dəlili əsaslı sayıla bilməz. Bununla belə, məhkəmə kollegiyası Torpaq Məcəlləsinin 54.3-cü maddəsinə əsasən bildirir ki, gələcəkdə zərurət yarandığı təqdirdə cavabdehin öz sahəsinə xidmət göstərmək üçün qonşu torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinə servitut qoyulmasını tələb etmək, o cümlədən bunu məhkəmə qaydasında tələb etmək hüququ vardır. Beləliklə, 21 may 2024-cü il tarixli, 3-16-16/2-10/7331 nömrəli ekspert rəyi ilə də müəyyən edildiyi kimi, cavabdeh iddiaçıların mülkiyyətinə verilmiş torpaq sahəsindən faktiki olaraq 4,5 metr enində, 16 metr uzunluğunda ərazidən istifadə edir. Bu isə iddiaçıların özlərinə məxsus torpaq sahəsindən istədikləri şəkildə istifadə etmələrinə cavabdehin faktiki olaraq maneçilik yaratdığını təsdiq edir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçıların mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən həyətyanı torpaq sahəsindən cavabdehə məxsus dəmir darvazanın götürülməsi, iddiaçıların həmin həyətyanı torpaq sahəsinin kənarlarına çəpər çəkməsinə cavabdehin qanunsuz müdaxiləsinin dayandırılması və gələcəkdə də belə hərəkətlərin (maneələrin) iddiaçılara qarşı təkrar törədilməsinin cavabdehə qadağan olunması nəticəsinə gəlməkdə haqlı olmuşdur və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alaraq bildirir ki, iddia tələbi təmin edildiyindən, birinci instansiya məhkəməsi 14 avqust 2019-cu il tarixli mütəxəssis rəyinin verilməsinə görə 93,56 manat xidmət haqqının və 15282 saylı, 30 avqust 2019-cu il tarixli ekspert rəyinin verilməsinə görə 50 manat ekspertiza xərcinin cavabdehdən tutulması nəticəsinə gəlməkdə də haqlı olmuşdur. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası yekun olaraq belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 119.5-ci maddəsinə əsasən, apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən və apellyasiya instansiyası məhkəməsində aparılan icraat zamanı müvafiq mütəxəssis və ekspert rəyləri cavabdehin xahişi üzrə alındığından, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinin 15 fevral 2024-cü il tarixli məktubu ilə təqdim olunmuş mütəxəssis rəyinin verilməsinə görə cavabdeh tərəfindən ödənilmiş 95 manat məbləğində xidmət haqqı onun özünə aid edilməli, 21 may 2024-cü il tarixli, 3-16-16/2-10/7331 nömrəli ekspert rəyinin verilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 50 manat məbləğində ekspertiza xərci cavabdehdən tutulmalıdır. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Saatlı Rayon Məhkəməsinin 2(055)-629/2019 saylı, 22 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinin 15 fevral 2024-cü il tarixli məktubu ilə təqdim olunmuş mütəxəssis rəyinin verilməsinə görə Cavabdeh tərəfindən ödənilmiş 95 manat məbləğində xidmət haqqı onun özünə aid edilsin. 21 may 2024-cü il tarixli, 3-16-16/2-10/7331 nömrəli ekspert rəyinin verilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 50 manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq, X4, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesaba köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, şikayət verilmədikdə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1/2024
10.07.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver