Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1005/2024 24.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apelyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 2(073)-323/2023 saylı, 03 mart 2023-cü il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 24 iyun 2023-cü il tarixdə Şirvan Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehdan 7000 (yeddi min) manat pul və ödənilmiş 90 (doxsan) manat manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Cəlilabad rayonunun Qarakazımlı kəndində yaşayır. Özünə məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsində kartof əkibbecərir və satmaqla ailəsini dolandırır. Cavabdeh Kərimov X1 rayonunun Maşlıq kənd sakinidir və onu təxminən 2-3 ildir ki, tanıyır. Belə ki, Cavabdeh ondan (iddiaçıdan) bir neçə dəfə nisyə kartof almış və sonra pulunu ödəmişdir. 2022-ci ilin may ayında cavabdeh onun (iddiaçının) yanına gələrək, ondan (iddiaçıdan) 9600 manat dəyərində 16 ton kartof almış və aldığı kartofun dəyərini əvvəllər olduğu kimi qısa müddətdə satdıqdan sonra ona (iddiaçıya) ödəyəcəyini bildirmişdir. Cavabdehlə əvvəllər də eyni qaydada alver etdiklərinə görə etiraz etməmiş və cavabdehlə razılaşmışdır. Lakin bir müddət keçdikdən sonra aldığı kartofun pulunu ödəmədiyindən, cavabdehdən pulunu ödəməsini tələb etmişdir. Cavabdeh də ondan (iddiaçıdan) aldığı kartofu Bayram adlı şəxsə satdığını, lakin pulunu ala bilmədiyini, pulunu alan kimi ona (iddiaçıya) olan borcunu ödəyəcəyini bildirmiş və bir müddət gözləməsini xahiş etmişdir. Bir müddət sonra isə cavabdeh ona olan borcundan bir hissəsini ödəmişdir. Lakin cavabdeh qalan borcunu ödəmədiyindən o (iddiaçı) polis şöbəsinə şikayət etmiş, onun (iddiaçının) şikayəti əsasında araşdırma aparılmış və mübahisə mülki xarakterli olduğundan ona mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Buna görə də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, Cəlilabad rayonunun Maşlıq kəndində yaşayır. İddiaçını təxminən 2-3 il olar ki, tanıyır. Əvvəllər də iddiaçı ilə aralarında kartof alqı-satqısı olmuşdur. Belə ki, o (cavabdeh) kartof satan ilə kartof alan arasında vasitəçilik edir və bundan qazanc əldə edir. Təxminən 2022-ci ilin may ayında İddiaçı ilə Masall rayon sakini Bayram adlı şəxs arasında vasitəçi olmuş və Bayram iddiaçıdan 9752 (doqquz min yeddi yüz əlli iki) manat dəyərində nisyə kartof almış və həmin borcundan 2700 (iki min yeddi yüz) manat ödəmişdir. Daha sonra alınan kartoflar Rusiyaya göndərilən zaman vaqonda yararsız hala düşmüş və bu səbəbdən də pulun ödənilməsi mümkün olmamışdır. Bayram adlı şəxs telefon danışığı zamanı ona (cavabdehə) maddi vəziyyəti yaxşılaşan kimi kartofun pulunu ödəyəcəyini bildirmişdir. Onun (cavabdehin) iddiaçıya heç bir borcu yoxdur. Onunla (cavabdehlə) iddiaçı arasında kartofun nisyə-alqı satqısına razılaşma olmamışdır. Bu səbəbdən də iddianı əsassız hesab edir. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin olunmamasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Cəlilabad Rayon Məhkəməsinin 2(073)-323/2023 saylı, 03 mart 2023-cü il tarixli qətnaməsi ilə (X2) iddianın təmin edilməsi, Cavabdeh 7000 (yeddi min) manat pul və 90 (doxsan) manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Gəlinən nəticə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. Cavabdeh apellyasiya şikayətində Cəlilabad Rayon Məhkəməsinin 2(073)-323/2023 saylı, 03 mart 2023-cü il tarixli qətnaməsininin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayəti üzrə etiraz daxil olmamışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı apelyasiya icraatı zamanı şifahi formada apelyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, Cəlilabad Rayon Məhkəməsinin 2(073)-323/2023 saylı, 03 mart 2023-cü il tarixli qətnaməsininin dəyişdirilməməsini xahiş etdi. İddiaçı vəkili Vəkil apelyasiya icraatı zamanı şifahi formada apelyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, Cəlilabad Rayon Məhkəməsinin 2(073)- 323/2023 saylı, 03 mart 2023-cü il tarixli qətnaməsininin dəyişdirilməməsini xahiş etdi. Cavabdeh apelyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək şikayətin təmin edilməsini, Cəlilabad Rayon Məhkəməsinin 2(073)-323/2023 saylı, 03 mart 2023-cü il tarixli qətnaməsininin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya baxışının hədləri; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, Məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətlərinin dəlilləri həddində, Cəlilabad Rayon Məhkəməsinin 2(073)-323/2023 saylı, 03 mart 2023-cü il tarixli qətnaməsininin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 406-cı maddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə bağlana bilər. Beləliklə, yalnız qanunla müəyyən edilmiş formaya riayət edilməklə bağlanmış müqavilə üzrə kreditor müqavilənin digər tərəfindən, yəni həmin hərəkətləri etməyə borclu olan şəxsdən öhdəliyin icrasını tələb etmək hüququna malikdir. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. 577.1-ci maddəsinə əsasən alıcıya verilməli əşyaların miqdarı alğı-satqı müqaviləsində müvafiq ölçmə vahidləri ilə və ya pulla ifadə olunur. Əşyaların miqdarı haqqında şərt müqavilədə onun müəyyənləşdirilməsi qaydasının təyin edilməsi yolu ilə razılaşdırıla bilər. 577.2-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsi verilməli əşyaların miqdarını müəyyənləşdirməyə imkan vermirsə, müqavilə bağlanmış sayılmır. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iddia tələbini təmin edərkən iş üzrə toplanmış sübutların iddia tələbinin təmin edilməsi üçün kifayət etməsi ilə əlaqələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı işin faktiki halları tərəflərin qarşılqılı münasibətinə uyğun qiymətləndirməmiş, maddi hüquq normalarını səhv təvsir və tətbiq etmiş, nəticədə qəbul edilmiş qətnamənin apellyasiya qaydasında ləğvi üçün əsas yaratmışdır. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək Cəlilabad Rayon Məhkəməsinin 2(073)-323/2023 saylı, 03 mart 2023-cü il tarixli qətnaməsininin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kollegiya qeyd edir ki, tərəflərin iradəsini azad şəkildə ifadə edən və qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirən müqavilə tərtib edilmədiyindən cavabdehin hansı öhdəlikləri üzərinə götürməsi, bu öhdəliyi lazımınca yerinə yetirib-yetirməməsi və sair xüsusatları müəyyənləşdirmək mümkün olmamışdır. Belə ki, öhdəlik, mülki hüquq münasibətlərinin iştirakçıları olan kreditor və borclu arasında subyektiv mülki hüquq və vəzifələr yaradır. Öhdəliyin predmetini əmlak dövriyyəsinin müxtəlif obyektlərinin, o cümlədən əşyaların verilməsi, görülmüş işlər, göstərilmiş xidmətlər üzrə borclu şəxslərin davranışı təşkil edir. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddənin məzmunundan da göründüyü kimi, öhdəliyin yaranması üçün, ilk növbədə, qanunla müəyyən edilmiş əsaslar mövcud olmalıdır. Öhdəliyin əmələ gəlmə əsasları dedikdə, öhdəlik hüquq münasibətlərinin əmələ gəlməsini şərtləndirən, onların yaranmasına dəlalət edən, qanunda nəzərdə tutulan və qanunun əlaqələndirdiyi hüquqi faktlar başa düşülür. Əmələ gəlmə əsaslarına görə öhdəliklər müqavilədən əmələ gələn, müqavilədən kənar öhdəliklər və qanundan irəli gələn öhdəliklərə bölünür. Müqavilə öhdəliklərin əmələ gəlməsi əsasları arasında aparıcı yer tutur. Müqavilədən əmələ gələn öhdəliklərin yaranması üçün tərəflər arasında müqavilə bağlanmalı və tərəflər özlərinin əmlak mənafeləri ilə yanaşı, hüquq və vəzifələrini də müəyyən etməlidirlər. Mülki Məcəllədə müqavilə azadlığı prinsipi təsbit edilsə də, tərəflərin bağladıqları müqavilə şərtləri mövcud qanunvericilikdə ifadə olunan imperativ normalara uyğun gəlməlidir. Mülki hüquqda müqavilə anlayışı üç vacib elementdən ibarətdir: subyekt tərkibindən, məzmundan və formadan. Subyekt tərkibi müəyyən müqavilənin bağlanmasında və ya onun həyata keçirilməsində iştirak edən şəxsləri ehtiva edir. Müqavilədən yaranan qarşılıqlı hüquq və vəzifələrin daşıyıcıları olan şəxslər, yəni kreditor və borclu müqavilənin subyekt tərkibinə aiddir. Müqavilənin məzmunu dedikdə, müqavilə tərəflərinin hüquq və vəzifələri, onların barəsində razılıq əldə etdikləri şərtlərin məcmusu başa düşülür. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində qanunla müəyyən edilmiş formada razılıq əldə etdikləri təqdirdə müqavilə bağlanmış sayılır. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, yalnız qanunla müəyyən edilmiş formaya riayət edilməklə bağlanmış müqavilə üzrə kreditor müqavilənin digər tərəfindən, yəni həmin hərəkətləri etməyə borclu olan şəxsdən öhdəliyin icrasını tələb etmək hüququna malikdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçı iddia edir ki, Cavabdeh ondan (iddiaçıdan) bir neçə dəfə nisyə kartof almış və sonra pulunu ödəmişdir. 2022-ci ilin may ayında cavabdeh onun (iddiaçının) yanına gələrək, ondan (iddiaçıdan) 9600 manat dəyərində 16 ton kartof almış və aldığı kartofun dəyərini əvvəllər olduğu kimi qısa müddətdə satdıqdan sonra ona (iddiaçıya) ödəyəcəyini bildirmişdir. Cavabdehlə əvvəllər də eyni qaydada alver etdiklərinə görə etiraz etməmiş və cavabdehlə razılaşmışdır. Lakin bir müddət keçdikdən sonra aldığı kartofun pulunu ödəmədiyindən, cavabdehdən pulunu ödəməsini tələb etmişdir. Cavabdeh də ondan (iddiaçıdan) aldığı kartofu Bayram adlı şəxsə satdığını, lakin pulunu ala bilmədiyini, pulunu alan kimi ona (iddiaçıya) olan borcunu ödəyəcəyini bildirmiş və bir müddət gözləməsini xahiş etmişdir. Bir müddət sonra isə cavabdeh ona olan borcundan bir hissəsini ödəmişdir. Cavabdeh qalan borcunu ödəmədiyindən o (iddiaçı) polis şöbəsinə şikayət etmiş, onun (iddiaçının) şikayəti əsasında araşdırma aparılmış və mübahisə mülki xarakterli olduğundan ona mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Cavabdehin iddia tələbinə münasibətdən müəyyən edilir ki, o, (cavabdeh) kartof satan ilə kartof alan arasında vasitəçilik edir və bundan qazanc əldə edir. Təxminən 2022-ci ilin may ayında İddiaçı ilə Masall rayon sakini Bayram adlı şəxs arasında vasitəçi olmuş və Bayram iddiaçıdan 9752 (doqquz min yeddi yüz əlli iki) manat dəyərində nisyə kartof almış və həmin borcundan 2700 (iki min yeddi yüz) manat ödəmişdir. Daha sonra alınan kartoflar Rusiyaya göndərilən zaman vaqonda yararsız hala düşmüş və bu səbəbdən də pulun ödənilməsi mümkün olmamışdır. Bayram adlı şəxs telefon danışığı zamanı ona (cavabdehə) maddi vəziyyəti yaxşılaşan kimi kartofun pulunu ödəyəcəyini bildirmişdir. Onun (cavabdehin) iddiaçıya heç bir borcu yoxdur. Onunla (cavabdehlə) iddiaçı arasında kartofun nisyə-alqı satqısına razılaşma olmamışdır. İş materiallarına nəzər yetirdikdə də görünür ki, iddiaçının müraciəti əsasında Cəlilabad rayon Polis Şöbəsində ilkin araşdırma aparılmış və İddiaçı, həmçinin Cavabdeh izahatları alınmışdır. Cavabdeh izahatında İddiaçı ilə Bayram Ağayev arasında kartof məhsullarının alğısatqısı olduğunu və bunun müqabilində Bayram Ağayev tərəfindən İddiaçı 2600 manat pul ödədiyini, qalan 7000 manatın isə sonradan ödəcəyini vəd etdiyini, özünün isə həmin işdə yalnız vasitəsçilik etdiyini göstərmişdir. Apellyasiya icraatı zamanı kollegiya işdə adı çəkilən Bayram Ağayevin polis şöbəsində izahatının alınıb-alınmaması ilə bağlı sorğu vermiş və müəyyən edilmişdir ki, Bayram Ağayev həmin vaxt Rusiya Federasiyasında olduğundan izahatının alınması mümkün olmamışdır. Ümumiyyətlə iddiaçı apelyasiya icraatı zamanı keçirilən iclasda Bayram Ağayevi tanımadığını, kartof məhsullarını məhz Cavabdeh satdığını bildirsə də, sonradan iddiaçı həmin məhsulları Cavabdeh zaminliyində Bayram Ağayevə satdığını bildirmişdir. Bu hal apellyasiya icraatı zamanı sədrlik edənin sualına iddiaçı tərəfindən verilən cavabla da öz təsdiqini tapmışdır (Bax: iş materialları videoçəkiliş). Lakin yenə də iddiaçı istər birinci instasniya istərsə də apellyasiya icraatı zamanı cavabdehin iddiaçıdan qeyd olunan məbləğdə kartof məhsulun alması ilə əlaqədar, habelə iş üzrə Cavabdeh zamin durması ilə iddia olunan kartof məhsullarının satılması barədə dəlillərini təqdim etməmişdir. Ümumiyyətlə iş materiallarının tədqiqindən müəyyən edilir ki, Cavabdeh tərəfindən iddiaçıdan 9600 manat dəyərində 16 ton kartof məhsulunun alınması, bunun qarşılığında 2600 manat məbləğində pul vəsaitinin cavabdeh tərəfindən ödənilməsi və cavabdehin 7000 manat borcunun qalması hər hansı bir sübutla təsdiqni tapmır. Bundan başqa qanunvericlik öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi tərəflər arasında müqavilənin olmasını nəzərdə tutmuşdur. Yalnız bu halda kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Müqavilə olmadığı halda isə tərəflərdən hər hansı birinin üzərinə öhdəlik qoyulması (qaytarma öhdəliyi) mülki qanunvericiliyin tələblərinin pozulması kimi qiymətləndirilə bilər. Tərəflər arasında alqı-satqı müqaviləsi olmadığı halda iddiaçının cavabdehə qarşı pul tələbi barədə iddia qaldırması məhkəmədə belə bir daxili inam yaradır ki, heç də iddiaçı iddia tələbində haqlı olmamış və məhkəməyə təqdim etdiyi sübutlar tələbin təmin edilməsi üçün kifayət etməmişdir. Odur ki məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tərəflərin qarşılıqlı münasibətinə uyğun araşdırmamış, iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. Belə olan halda kollegiya hesab edir ki, apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, Cəlilabad Rayon Məhkəməsinin 2(073)-323/2023 saylı, 03 mart 2023-cü il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdeh qarşı pul tələbinə tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Beləliklə qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, Cəlilabad Rayon Məhkəməsinin 2(073)-323/2023 saylı, 03 mart 2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.2, 385, 392 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası; Qət etdi: Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin 2(073)-323/2023 saylı, 03 mart 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə tələbinə dair iddiası təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1005/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1005/2024
24.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver