Məhkəmə qərarları › İş №2(106)-1017/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1017/2023

16.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1017/2023 16.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, Həsənov Müşfiq Kamil oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Umudov Əliheydər Zeynal oğlunun katibliyi, İddiaçı, cavabdehin vəkili və eyni zamanda nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Əliyeva (Həziyeva) Zəhra Vəli qızına qarşı “pul" tələbinə dair mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin 22 iyul 2022-ci il tarixli 2(064)-1073/2022 saylı qətnaməsindən (hakim Y.Həşimov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Əliyeva (Həziyeva) Zəhra Vəli qızına qarşı “pul" tələbinə dair iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 6500 manat pulun tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 2021-ci ilin sentyabr ayında Binəqədi rayonu ərazisində, Dərnəgül qəsəbəsində stadion məhəlləsi yaxınlığında Füzuli rayonundan olan, əvvəllər Səidə şərti adı ilə tanıdığı, əsil adı X7 birinci dəfə yoldaşına məxsus avtonəqliyyat vasitəsinin texniki pasportunun alınması məqsədilə pul lazım olduğu üçün ondan 3000 manat pul vəsaiti alaraq bu günə qədər qaytarmamışdır. İkinci dəfə təkrar olaraq yenə 2021-ci ilin oktyabr ayının 11-də yuxarıda göstərilən problemin həlli üçün ondan təkrar olaraq 2000 manat Binəqədi rayonu ərazisində, Dərnəgül qəsəbəsində stadion məhəlləsi yaxınlığında almışdır və bu günkü günə qədər də, həmin vəsaiti qaytarmaqdan yayınmaqdadır. Üçüncü dəfə təkrar olaraq 2021-ci ilin dekabr ayının ortalarında özünə məxsus qızıl zinət əşyalarının lombarddan çıxarmaq üçün pul lazım olduğunu ona bildirərək həmin ərazidə ondan 1000 manat pul vəsaiti almışdır. Dördüncü dəfə isə yenə təkrar olaraq xəstə xalası qızını əməliyyat etdirmək bəhanəsi ilə pul lazım olduğunu bildirməklə 2021-ci ilin dekabr ayının sonlarında Binəqədi rayonu ərazisində, Dərnəgül qəsəbəsində stadion məhəlləsi yaxınlığında ondan 500 manat pul vəsaitini almışdır. Toplam olaraq ondan müxtəlif bəhanələrlə 6500 manat pul vəsaitini əldə edərək 2022-ci ilin mart ayında qaytaracağına söz vermişdir. Bü günkü gün də ona məxsus olan 6500 manat pul vəsaitinin qaytarılmasını dəfələrlə tələb etsədə, hər dəfə müxtəlif bəhanələrlə qaytarmaqdan imtina etmişdir. Ona görə də, hazırkı tələblə bağlı məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində İddiaçı iddiasını müdafiə edib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək tələbinin təmin olunmasını xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, cavabdeh ona olan 6500 manat borcundan 1500 manatını qaytarmış, qalan 5000 manatını isə qaytarmamışdır. Birinci instansiya məhkəməsində cavabdeh X7 iddianı qəbul etməyərək rədd olunmasını xahiş edib, izahatında göstərmişdir ki, iddiaçıdan 6500 manat pulu faizə götürmüş və artıqlaması ilə qaytamışdır. Hazırda onun iddiaçıya borcu yoxdur. Füzuli Rayon Məhkəməsinin 22 iyul 2022-ci il tarixli 2(064)-1073/2022 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, cavabdeh X3 5000 (beş min) manat pulun alınıb İddiaçı verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 739, 442-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə istinadla gəldiyi hüquqi nəticəni belə əsaslandırmışdır ki, işin faktiki hallarına əsasən cavabdeh Z.Həziyeva İddiaçı cəmi 6500 manat pulu borc almış və iki ay müddətinə qaytaracağına dair üzərinə öhdəlik götürsə də, buna lazımınca əməl etməmişdir. Cavabdeh borc aldığı pulu tam şəkildə qaytardığını iddia etsə də bu halı sübuta yetirə bilməmişdir. İddiaçı isə cavabdehin ona 1500 manat pul qaytardığını bildirmişdir. Bu hallarla bağlı MPM-in 77.1-ci maddəsinin mövqeyi aydın və qətidir: hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda, məhkəmə hesab edir ki, cavadehdən iddiaçının xeyrinə 6500- 1500 = 5000 manat pul tutulmalıdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək ləğv olunması, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Birinci instansiya məhkəməsi işə qərəzli yanaşmış, heç bir sübut iddiaçı tərəfindən təqdim edilmədiyi halda, iddianı qismən təmin etmişdir. Bundan əlavə olaraq məhkəmə müşavirə otağından qayıdandan sonra iddia ərizəsinin rədd edilməsi barədə qətnamə elan etsədə, sonradan qətnaməni tərtib edərkən kobud pozuntuya yol verərək 1 vərəqdən ibarət, heç bir sübuta istinad edilməyən qətnamə qəbul etmiş, iddianı qisma təmin etmişdir. Bu halda hesab edir ki, işə baxan Şirvan Apellyasiya məhkəməsi Azərbaycan Respublikası Miilki Prosessual Məcəlləsinin 394-cü maddəsinə istinad edərək Füzuli Rayon Məhkəməsinin hakimi barədə xüsusi qərardad çıxarmalıdır. Həmin qərardadın çıxarılmasına səbəb yuxarıda qeyd edildiyi kimi 2 dəfə prosessual normaların kobud pozulması, yəni məhkəmənin elan etdiyi qətnamədən tam əks və qərəzli qətnamə qəbul etməsi və iddiaçı tərəfindən bir dənədə məhkəməyə nəinki mötəbər, ümumiyyətlə sübut təqdim edilmədiyi hal, onun xeyrinə qətnamə qəbul etməsidir. Birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə əsassızdır və qət etdi hissəsi tam olaraq ləğv edilməli, apellyasiya qaydasında yeni qərar qəbul edilməlidir. Birinci instansiya məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Belə ki, iddiaçı tərəfindən məhkəməyə sübut təqdim edilməmişdir. İşdən göründüyü kimi birinci instansiyası məhkəməsində ümumiyyətlə araşdırılma aparılmamış, işə tez-tələsik baxılaraq qərar verilmişdir. Qeyd olunanlara əsasən hesab edir ki. iddiaçının qeyd etdiyi məbləğ 3000 manatdan artıq olduğu üçün tərəflər arasında yazılı “kredit müqaviləsi” olmalı idi. Göründüyü kimi məhkəmə qətnaməsində iddiaçının cavabdehə 6500 manat borcunun olması qeyd edilsədə, hər hansı bir müqavilənin olmasına istinad edilməmişdir. Səbəb isə belə bir müqavilənin mövcud olmaması, iddiaçının cavabdehə faizlə borca pul verməsi və həmin borcun faizləri ilə birlikdə geri qaytarılmasıdır. Bundan sonra iddiaçı cavabdehə qeyri etik təkliflər etmiş və cavabdehin sərt reaksiyası ilə qarşılaşdıqdan sonra qərəzli iddianı qaldırmış və məhəmədə həmin qərəzi daxili inamına əsasən müəyyən etmədən düzgün olmayan qətnaməni qəbul etmişdir. Təəcüblüsü isə ondan ibarətdir ki, məhkəmə öz qətnaməsində MPM-in 77.1-ci maddəsinə istinad edərək mövqeyinin qəti olduğunu qeyd etsədə, həmin maddənin tələbini, yəni-prosessual hüquq normasını kobud şəkildə pozaraq, heç bir sübuta istinad etməyərək, ümumiyyətlə heç bir sübut təqdim edilmədiyi halda iddianı qismən təmin etmişdir. Məhkəmə qətnamə qəbul edərəkən işi araşdırıb iddia ərizəsinin rədd etsədə qətnaməni tərtib edərəkən məlum olmayan səbəblərdən iddianın qismən təmin edilməsini qət etmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı yazılı etiraz onunla əsaslandırılmışdır ki, Füzuli Rayon Məhkəməsinin 22 iyul 2022-ci il tarxili 2(064)-1073/2022 saylı qətnaməsi qanuni qüvvəsini alaraq borculunun faktiki yaşadığı yer üzrə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə göndərilmişdir. İcra işi Binəqədi rayon İcra şöbəsinin icra məmuru Asim Əhmədovun icraatına verilmişdir. İcra məmuru Asım Əhmədov tərəfindən pul tələbinin könüllü şəkildə ödənilməsinə dair borcluya bildiriş və qərar göndərilmişdir. Hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti əsassızdır və məhkəmə tərəfindən rədd edilməlidir: Borclu həmin müddət ərzində qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında qət olunmuş məbləği könüllü icra müddətində ödəməmişdir. Ödəmədiyinə görə borclu X1 rayon İcra şöbəsinin icra məmuru Asim Əhmədov tərəfindən icra şöbəsinə dəvət olunmuş və onun izahatı alınmışdır. İzahatında borclu X7 qeyd etmişdir ki, tələbkar İddiaçı borcu vardır, maddi imkanı zəif olduğu üçün bir dəfəyə ödəyə bilmir, hissə-hissə ödəməyə razıdır. Bundan sonra dəfələrlə tərəflərindən borclu barəsində Binəqədi rayon icra şöbəsinə çoxsaylı şikayətlər edilməsinə baxmayaraq, bu günə qədər hər hansı ödəniş etməmişdir. Göründüyü kimi icra şöbəsində verdiyi izahatında da borclu tələbkara pul vəsaitini borclu olduğunu bir mənalı olaraq etiraf etmişdir, həmin izahatın sürətini etiraza əlavə edir. Apellyasiya şikayətinin digər dəlilinə münasibətdə bildirmək istəyir ki, borclu qeyd edir ki, birinci instansiya məhkəməsinə sübut təqdim edilməmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, pul tələbinin ələ keçirilməsi barədə Binəqədi rayon Polis İdarəsinə müraciət olunmuş, material üzrə araşdırma aparılaraq cavabdeh X5 izahatı alınmış və cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərarda da cavabdeh X7 birmənalı olaraq ondan pul vəsaiti almasını səmimi formada etiraf etmişdir. Həmin qərar qüvvədədir və preyudiusial əhəmiyyət daşıyır, mötəbər sübut statusuna malikdir. Apellyasiya şikayətinin digər dəlili işin tam obyektiv və hərtərəfli araşdırılmamasından ibarətdir. Qeyd etmək istəyir ki, cavabdeh X7 məhkəmə prosesində iştirak etmiş pul vəsaitini iddiaçıdan aldığını etirf etmiş, qaytardığını bildirmişdir. Həmin pul vəsaitini qaytarması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Apellyasiya şikayətinin digər dəlili isə işə tez tələsik baxılmasından ibarətdir. Məhkəmə kollegiyasının diqqətinə çatdırır ki, məhkəmə prosesi hər hansı vaxt məhdudiyyəti qoyulmadan keçirilmiş, cavabdeh tərəfindən sübutlar təqdim edilməsi üçün vaxt verilməsi bağlı hər hansı vəsatət təqdim edilməmişdir. Birinci instansiya məhkəmsinin qəbul etdiyi qətnamə qanuni və əsaslıdır, sübutlar hakim tərəfindən qiymətləndirilmiş, iş üçün əhəmiyyəti olan hallar araşdırılmış/, maddi və prosesual hüquq normaları pozulmamışdır. d)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə cavabdehin vəkili və eyni zamanda nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmədə iddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirib, şikayətə qarşı təqdim etdiyi yazılı etirazın yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq izahatında göstərdi ki, cavabdeh Zəhranın valideyinləri ilə həm Füzuli rayonunda, həmdə Binəqədi qəsəbəsində qonşu olaraq, yaxın olmuşlar. Zəhra onun gözünün qabağında böyümüşdür, ona etibar etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq iddianın rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin tam yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və X4 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə edilmiş Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsinin vəkil sorğusu əsasında təqdim etdiyi, İddiaçı qonşusu X7 barəsində şikayəti əsasında aparılmış araşdırma materialına əlavə edilmiş sənədlərdən aşağıdakılar müəyyən olunur: Cəfərov X8 rayon Prokurorluğuna, Binəqədi rayon Polis İdarəsinə 1 aprel 2022-ci il tarixdə şikayət ərizəsi ilə müraciət edərək, 2021-ci ilin sentyabr ayından etibarən Füzuli rayonundan olan, Dərnəgül qəsəbəsində stadion məhəlləsi yaxınlığında yaşayan, əvvəl tanıdığı Səidə adlı qadına bir-neçə dəfəyə ümumilikdə 6500 manat pul verdiyini, sonuncunun həmin pulları 2022-ci ilin mart ayına kimi qaytaracağına söz verməsinə və dəfələrlə tələb etməsinə baxmayaraq müxtəlif bəhanələrlə qaytarmadığını, sonradan isə onu şantaj edərək, hədə-qorxu gəldiyini bildirib, pulunun həmin şəxsdən alınmasında köməklik göstərilməsini xahiş etmişdir; Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsinə X5 (Ş/V- AA2373205) 16 aprel 2022-ci il tarixdə verdiyi izahatına əsasən, sonuncu ailəsi ilə qonşuluqda yaşayan İddiaçı 2020-ci ilin sentyabr ayından müxtəlif vaxtlarda ümumilikdə 6500 manat faizə borc pul götürdüyünü, həmin vaxtdan hər ay 550 manatdan olmaqla 24 ay ona pul ödədiyini, sonuncu götürdüyü 1000 manata isə 2 günə 200 manat pulunu qaytardığını, ümumi ödədiyi pullara görə İddiaçı heç-bir borcunun qalmadığını, ödədiyi pulları isə Camalın faizə çıxdığını bildirmişdir. İddiaçı təhqir, yaxud şantaj etməmiş, ona hədə-qorxu gəlməmişdir. Əksinə İddiaçı onun şantaj edib, narahat edir; Aparılmış araşdırmanın nəticəsi olaraq Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsi tərəfindən İddiaçım oğluna verilmiş 20 aprel 2022-ci il tarixli cavab məktubunda 6500 manat borca verdiyi pullu bağlı X5 barəsində mülki qaydada məhkəməyə müracitə etmək hüququnun olduğu bildirilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyaya dair 20 mart 1952-ci il tarixli 1 saylı protokolun “Mülkiyyətin müdafiəsi” adlanan 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin ; 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir, 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır, 427.3-maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir, 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-cimaddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır, 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür, 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır, 739.1- ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2- ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçıdan 2020-ci ilin sentyabr ayından başlayaraq müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə borc pullar alması iddiaçının şikayəti əsasında polisdə aparılan araşdırma zamanı cavabdehin izahatı, həmçinin cavabdehin birinci instansiya məhkəməsində verdiyi izahatı ilə təsdiqini tapır. Hər iki izahatında cavabdeh iddiaçıdan müxtəlif vaxtlarda müxtəlif məbğləğlərdə olmaqla ümumilikdə 6500 manat borc aldığını etiraf edir, eyni zamanda həmin borcu faizə götürdüyünü və artıqlaması ilə qaytardığını bildirir. İddiaçı isə cavabdehin aldığı pullardan yalnız 1500 manat hissəsini qaytardığını qəbul edir. Cavabdeh borca aldığı pulları artıqlaması ilə qaytardığını bildirsə də, buna dair hər hansı bir sübutunu birinci instansiya məhkəməsinə təqdim edə bilməmişdir. Halbuki MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında şifahi formada bağlanan borc müqaviləsi münasibətləri olmuş və iddiaçı tərəfindən bir-neçə dəfəyə ümumilikdə cavabdehə 6500 manat borc verilmişdir. İddiaçı birinci dəfə cavabdehə 3000 manat borc verdiyini bildirsə də, cavabdeh izahatlarında iddiaçıdan bir dəfəyə 3000 manat aldığını qeyd etməmiş, ümumilikdə bir-neçə dəfəyə 6500 manat borca pul aldığını bildirmişdir. Odur ki, tərəflər arasında formalaşan münasibətlər Mülki Məcəllənin 740.2-ci maddəsinin təsiri altına düşmür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin müəyyən olunan halları və sadalanan qanunvericilik aktı normaları baxımından əsassızdır, faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnamənin apellyasiya qaydasında ləğvinin əsasını təşkil edə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh Əliyeva (Həziyeva) Zəhra Vəli qızının apellyasiya şikayəti təmin edilməsin. Füzuli Rayon Məhkəməsinin 22 iyul 2022-ci il tarixli 2(064)-1073/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Müşfiq Həsənov Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar