Məhkəmə qərarları › İş №2(106)-1019/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1019/2023

05.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1019/2023 05.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X4 ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi X5 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “zəbt edilmiş inzibati binanın boşaldılması tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 2(049)-1891/2022 saylı, 07 sentyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin Cənub regional filialının Lənkəran şöbəsinin balansında olan EUTS-13 (İstehsalat rabitə telefon qovşağı) binasının Cavabdeh tərəfindən boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsinə və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC-nin Cənub regional filialının Lənkəran şöbəsi (əvvəlki X2) Lənkəran şəhəri, M.Əsədov küçəsi 43 ünvanında yerləşir. Cənub regional filialının Lənkəran şöbəsinin yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti (əvvəlki Əmlak Məsələləri Dövlət Komitəsi) Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsinin 7 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2002-ci il tarixində verilmiş texniki pasportdan da göründüyü kimi, İddiaçı MMC-nin Cənub regional filialının Lənkəran şöbəsinin balansındadır. İddiaçı MMC-nin nizamnamə kapitalının yüz faizi dövlətə məxsus olduğundan onun balansında olan bütün daşınmaz əmlaklar və torpaq sahələri də dövlətə məxsusdur. İddiaçı MMC-nin Cənub regional filialının Lənkəran şöbəsinin balansında olan dövlətə məxsus EUTS-13 (İstehsalat rabitə telefon qovşağı) binası Cavabdeh tərəfindən zəbt edilmişdir. Həmin binanın cavabdeh tərəfindən zəbt edilməsi xx.xx.2022-ci il tarixli aktla öz təsdiqini tapır. İddiaçı MMC tərəfindən cavabdehə Cənub regional filialının Lənkəran şöbəsinin balansında olan EUTS-13 (İstehsalat rabitə telefon qovşağı) binasının boşaldılması barədə xəbərdarlıq məktubları (sonuncu xəbərdarlıq xx.xx.2022-ci il tarixində göndərilmişdir) təqdim edilsə də, bugünədək heç bir tədbir görülməmişdir. Mülkiyyətçinin və ya balanssaxlayıcı istifadəçinin (İddiaçı MMC) razılığı olmadan həmin tikililərin tikintialtı sahəsi ümumiyyətlə nə icarəyə, nə də başqasının mülkiyyətinə verilə bilərdi. Dövlət müəssisə və təşkilatları və ya onların idarəçiliyini həyata keçirən orqanlar dövlət müəssisə və təşkilatlarının balansında olan daşınmaz əmlakın və torpaq sahələrinin təyinatının dəyişdirilməsi üçün müvafiq dövlət orqanından razılıq almalıdırlar. Belə razılıq isə nə balanssaxlayıcı İddiaçı MMC, nə də torpaq sahəsini zəbt etmiş cavabdeh tərəfindən alınmışdır. Lənkəran Rayon Məhkəməsinin 2(049)-1891/2022 saylı, 07 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Rəşad Məmmədov) iddia təmin edilmiş, İddiaçın Cənub regional filialının Lənkəran şöbəsinin balansında olan EUTS-13 (İstehsalat rabitə telefon qovşağı) binasının Cavabdeh tərəfindən boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi, Cavabdeh 100 manat dövlət rüsumunun tutularaq İddiaçı hesabına ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Lənkəran Rayon Məhkəməsinin 2(049)-1891/2022 saylı, 07 sentyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, ailə üzvləri ilə birlikdə 2003-cü ildə ünvan 3 ünvanında yerləşən dövlətə məxsus olan binada məskunlaşmışdır. Həmin vaxt yaşamaq üçün yeri olmadığından cavabdehə yaşayış verilməsindən ötrü Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Zeynal Nağdəliyevin qəbuluna yazılmış və onun göstərişinə əsasən hazırda yaşadıqları binaya köçürülmüşdür. Binaya köçdükdən sonra binada yaşayış üçün heç bir şərait olmamış və şəxsi vəsaiti hesabına həmin binanın dam örtüyündən tutmuş qapısına kimi təmir-bərpa işləri aparmış və binanı yaşayış üçün normal vəziyyətə gətirdikdən sonra həmin binaya köçüb hazırkı vaxta kimi orada yaşamışdır. Yaşadıqları 19 il müddətində bir dəfə də olsun iddiaçı təşkilat tərəfindən həmin binanın onlara məxsus olması bildirilməmişdir. Cavabdeh tərəf binanın nə vaxtsa, onlardan alınacağı barədə xəbərdar edilməmişdir. xx.xx.2022-ci il tarixində X1 bir neçə əməkdaşı yaşadıqları binaya gələrək binanın vəziyyəti ilə bağlı baxış keçirmək istədiklərini demiş və binanın içərisinə daxil olmadan binanın çöl hissəsindən binaya baxıb getmişlər. Daha sonra, həmin ünvana xx.xx.2022-ci il tarixli məktub göndərilərək binanın boşaldılması cavabdehdən tələb olunmuşdur. Həmin məktub cavabdehə çatdırıldıqdan sonra Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun qəbuluna gedib həmin məsələ barədə məlumat verdikdən sonra X1 rəhbəri və digər məsul əməkdaşlar həmin binada yaşamağa davam etmələrinə etirazlarının olmadığını, sadəcə inventarların yerində olub-olmamasının yoxlanılması üçün binaya baxış keçirildiyini və pretenziya məktubunun da prosedur qayda kimi göndərildiyini bildirmişlər. Sonra həmin ilin yay aylarında məhkəmədən cavabdehə hazırkı iddia ərizəsi göndərilmişdir. Həmin iddia ərizəsi ilə tanış olduqdan sonra cavabdehə məlum olmuşdur ki, X1 rəisi və onun əməkdaşları cavabdehi aldatmış və cavabdehin orada çıxarılması üçün məhkəmədə iddia qaldırmışlar. Bundan sonra, məhkəmə iclasları zamanı məhkəməyə verdiyi izahatlar və sənədlərə baxmayaraq, məhkəmə heç bir əsas olmadan iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Məhkəmə iclası zamanı məhkəmədən mübahisə predmeti olan binanın yerində müayinəsinin aparılmasını və iş üzrə ekspertizanın təyin edilməsini dəfələrlə xahiş etməsinə baxmayaraq, məhkəmə həmin vəsatətlərini təmin etməmiş və heç bir təkzibedilməz mötəbər sübut təqdim edilmədən iddia tələbinin təmin edilməsi ilə bağlı qətnamə qəbul etmişdir. Halbuki, məhkəmə iş üzrə ekspertiza təyin edib ekspert rəyini aldıqdan sonra həmin ekspert rəyinin nəticəsinə uyğun olaraq və ya mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin yerində müayinəsini keçirməklə yekun məhkəmə qərarı qəbul etməli, həmin binanın tək cavabdeh tərəfindən deyil, digər şəxslər tərəfindən də istifadə edilməsini araşdırmalı və cavabdehin həmin binanın istifadə etdiyi hissədən çıxarılması barədə qətnamə qəbul etməli idi. Məhkəmə hazırkı işə baxarkən Mülki Məcəllənin 157.2-ci maddəsini pozaraq qanunvericiliklə müəyyən edilmiş normanı təhrif etməklə həmin əmlakın İddiaçı MMC-yə məxsus olmamasını aşkar surətdə bilə-bilə onu iddiaçı qismində tanımış və mülkiyyətçisi olmayan şəxsin digər şəxsə məxsus olan əmlakını tələb etməsinə bir növ göz yummaqla iddia tələbini həmin hissədə araşdırmamış və həmin iddianın məhz İddiaçı MMC tərəfindən qaldırılmasının qanuniliyini yoxlamamışdır. Məhkəmə tərəfindən işin halları tam araşdırılmamış, iddiaçı tərəfindən təqdim olunan sübutlar yetərli olmadığı halda, məhkəmə öz mülahizəsi əsasında qətnamə qəbul etmişdir. Məhkəmə iş materiallarında olan iddiaçı tərəfindən tərtib olunmuş akt əsasında iddia tələbini təmin etmiş, iş üzrə ekspert rəyi olmadan, eləcə də, mübahisə predmetinin yerində müayinəsi aparılmadan hansı əsaslara görə iddia tələbinin təmin olunması qənaətinə gəlməsini də qətnamədə əsaslandırmamışdır. Məhkəmə iddiaçı təşkilatın tabeliyində olan qovşaq tərəfindən (rəis və əməkdaşları tərəfindən) tərtib edilmiş aktı sübut növü kimi qəbul etmiş, həmin aktın nə vaxt və hansı şəraitdə tərtib edildiyini araşdırmamışdır. Bundan başqa, məhkəmə mübahisə predmetinin cavabdeh tərəfindən zəbt olunub-olunmamasının müəyyən edilməsindən ötrü ekspertiza təyin etməli olduğu halda etməmiş və mübahisə predmeti olan binanın yerində müayinəsini həyata keçirməmişdir. Məhkəmə tərəfindən həmin qeyriyaşayış binasında özbaşına deyil, Şəhər İcra Hakimiyyəti tərəfindən yaşamasına icazə verilməsini, əmlakın mülkiyyətçisi olan X1 cavabdehin orada yaşamasına etirazının olmamasını araşdırmadan qətnamə qəbul etmişdir, həmin halların qanunvericilik çərçivəsində araşdırılması iddianın təmin və ya rədd edilməsi üçün əsas olan haldır. Mübahisə predmeti olan əmlakın mülkiyyətçisinin İddiaçı MMC olmamasına baxmayaraq, onun iddiası əsasında (subyektiv hüququnun olmamasına baxmayaraq) işə baxılıb nəticə verilməmişdən əvvəl həmin hüququn iddiaçıda olmaması araşdırılmalı idi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə etdiyini qeyd etdi və bildirdi ki, 10 ildir ki, həmin mübahisəli inzibati binada yaşayırlar. O, mübahisəli inzibati binanın hələ sovet hökuməti dövründən telefon qovşağının binası olduğunu bilsə də, həmin bina istifadəsiz qalmışdır. Onun və ailə üzvlərinin isə yaşamağa yeri olmadığına görə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısına onlara yaşayış yeri verilməsi məqsədilə müraciət etmiş, ona hazırkı mübahisəli inzibati binada yaşamağa icazə verilmişdir. Lakin həmin binaya köçdükləri zaman ora yaşamaq üçün əlverişli olmamış, onun tərəfindən əsaslı təmir işləri aparılmış və bir xeyli xərc çəkilmişdir. O, hazırda mübahisəli inzibati binadan çıxmağa etiraz etmir, sadəcə istəyi ondan ibarətdir ki, ona yaşayış yerinin verilməsi ilə əlaqədar köməklik edilsin. O, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi X8 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, mübahisə predmeti olan bina İddiaçı MMCyə məxsusdur və cavabdehin həmin binaya dair hər hansı bir sənədi yoxdur. O, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Bundan sonra MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, sübutlara obyektiv hüquqi qiymət verərək belə nəticəyə gəldi ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Əmlakın İnventarlaşdırılması Bürosu tərəfindən 30 aprel 2002-ci il tarixində tərtib edilmiş 001803 nömrəli müəssisə və obyektin texniki pasportunun surətindən görünür ki, Lənkəran şəhəri, M.Əsədov küçəsi 43 ünvanında yerləşən, 1968-ci ildə tikilmiş, 365,9 kv.m ümumi sahədən, 148,2 kv.m əsas sahədən, 217,7 kv.m köməkçi sahədən, 432,4 kv.m tikintialtı sahədən ibarət binanın balans saxlayıcısı və ya mülkiyyətçisi Rabitə Nazirliyi İddiaçı İstehsalat Birliyinin X2dır. İş materiallarında olan İddiaçı MMC-nin Lənkəran filialının müdiri vəzifəsini icra edən A.Ə.Hüseynov tərəfindən təsdiq edilmiş və filialın mühasibi Azad Qurbanov, filialın təchizat mühəndisi Sədaqət Əhmədov, filialın XŞ-nin mühəndisi Nahid Axundov tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, Lənkəran şəhəri, M.Əsədov küçəsi 43 ünvanında yerləşən, İddiaçı MMC-nin Lənkəran filialına məxsus, 1995-ci ildə fəaliyyəti dayandırılmış ETUS-13 (İstehsalat rabitə telefon qovşağı) binasında X6, Cavabdeh və X7 ailələri ilə birlikdə məskunlaşmış və hal-hazırda yaşayırlar. İş materiallarında olan Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi İddiaçı tərəfindən Cavabdeh xx.xx.2022-ci il tarixli pretenziya məktubu göndərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə İddiaçı MMC tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarının 46-47-ci vərəqlərində olan Cavabdeh tərəfindən iddia ərizəsinə edilmiş etirazın məzmunundan görünür ki, o, həmin mənzilə köçməmişdən əvvəl oranın nə qaz, nə işıq, nə də su xəttinin, eləcə də, hamam-tualetinin və qapı-pəncərəsinin olmadığını, həmin mənzili yaşamaq üçün yararlı vəziyyətə gətirməkdən ötrü 15000 manat məbləğində pul xərclədiyini bildirmiş, bunları etmələrinin səbəbi kimi icra başçısının onlara binada nə qədər lazımdırsa, o qədər yaşaya biləcəklərini və heç kəsin onları mənzildən çıxara bilməyəcəyini bildirdiyini qeyd etmişdir. İş materiallarında olan İddiaçı nizamnaməsinin (bundan sonra – Nizamnamənin) surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyində xx.xx.1996-cı il tarixli, D-1102 nömrəsi ilə dövlət qeydiyyatına alınmış İddiaçı İstehsalat Birliyinin çevrilməsi nəticəsində yaradılaraq xx.xx.2015-ci il tarixində müvafiq qaydada dövlət qeydiyyatından keçmişdir və onun hüquqi varisidir. Nizamnamənin 10.1-ci bəndinə əsasən, Cəmiyyətin əmlakı, qanunvericiliyə uyğun olaraq hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, onun əsas fondlarından və dövriyyə vəsaitlərindən, o cümlədən dəyəri Cəmiyyətin müstəqil balansında əks olunan digər dəyərlərdən ibarətdir. Nizamnamənin 10.2-ci bəndinə əsasən, Cəmiyyətinin əmlakının yaranma mənbələrinə həmçinin təsərrüfat fəaliyyətinin təmin edilməsi məqsədilə istifadəsinə verilmiş dövlət əmlakı da aiddir. Nizamnamənin 10.4-cü bəndinə əsasən, cəmiyyətin əmlakı tamamilə dövlət mülkiyyətindədir. Nizamnamənin 2.1-ci bəndinə əsasən, Cəmiyyət hüquqi şəxsdir, müstəqil balansa, banklarda hesablaşma hesabına və digər hesablara malikdir. Nizamnamənin 2.2-ci bəndinə əsasən, Cəmiyyətin ayrıca əmlakı vardır və öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir. Cəmiyyət qanunvericiliyə uyğun olaraq əqdlər, sazişlər, müqavilələr bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmələrdə iddiaçı və ya cavabdeh qismində çıxış etmək hüququna malikdir. Nizamnamənin 2.5-ci bəndinə əsasən, Təsisçi Cəmiyyətin öhdəlikləri üçün cavabdeh deyildir və Cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün dövlətə məxsus payların dəyəri həddində risk daşıyır. Nizamnamənin 6.2-ci bəndinə əsasən, Cəmiyyətin nizamnamə kapitalında təsisçinin payı aşağıdakı kimi müəyyən edilmişdir: Dövlətin adından payın mülkiyyətçisi hüquqlarını təmsil edən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi – 100 faiz (22525383 manat, 2 pay əmlak şəklində). MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Cavabdeh apellyasiya şikayətində iddiaçının hazırkı iş üzrə iddia qaldırılması üçün subyektiv hüquqa malik olmadığını bildirmişdir. Məhkəmə kollegiyası bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən, hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Həmin Məcəllənin 55.1-ci maddəsinə əsasən, hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər. İş materiallarından görünür ki, cavabdeh tərəfindən boşaldılması tələb olunan Lənkəran şəhəri, M.Əsədov küçəsi 43 ünvanında yerləşən binanın balans saxlayıcısı və ya mülkiyyətçisi Rabitə Nazirliyi İddiaçı İstehsalat Birliyinin X2dır. İddiaçı MMC isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində xx.xx.1996-cı il tarixli, D-1102 nömrəsi ilə dövlət qeydiyyatına alınmış İddiaçı İstehsalat Birliyinin çevrilməsi nəticəsində yaradılaraq xx.xx.2015-ci il tarixində müvafiq qaydada dövlət qeydiyyatından keçmişdir və onun hüquqi varisidir. Göründüyü kimi, hazırkı iş üzrə İddiaçı MMC mübahisəli binanın balans saxlayıcısı olmuş İddiaçı İstehsalat Birliyinin hüquqi varisidir və bununla da, mübahisə predmeti olan bina artıq iddiaçının balansında və dövlətin mülkiyyətindədir. Həmçinin, qeyd edilməlidir ki, mübahisəli inzibati bina dövlət mülkiyyətində olan əmlak olsa da, iddiaçının Nizamnaməsinin 10.2-ci bəndindən də göründüyü kimi, iddiaçı MMC-nin əmlakının yaranma mənbələrindən biri kimi də təsərrüfat fəaliyyətinin təmin edilməsi məqsədilə istifadəsinə verilmiş dövlət əmlakı çıxış edir və hazırda mübahisə predmeti olan inzibati bina da məhz təsərrüfat fəaliyyətinin təmin edilməsi məqsədilə iddiaçının balansına verilmişdir. Nizamnamənin 2.1-ci bəndindən də göründüyü kimi, iddiaçı hüquqi şəxs kimi müstəqil balansa malikdir. Bununla da, müəyyən edilir ki, mübahisə predmeti olan inzibati bina iddiaçının əmlakının tərkibinə daxil olmuşdur. Odur ki, İddiaçı MMC-nin hazırkı iddia ilə çıxış etməyə subyektiv hüququ mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İV hissəsinə əsasən, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.7-ci maddəsinə əsasən, istifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Mülki Məcəllənin 155.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasına mülkiyyət hüququ ilə mənsub olan əmlak dövlət mülkiyyətidir. MM-in 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Hazırkı iş üzrə iddiaçının tələbinin hüquqi əsası kimi məhz Mülki Məcəllənin 157.2ci maddəsi çıxış edir. Həmin maddənin tətbiq edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu tələb olunur: 1) İddiaçı tələb edilən əşyanın mülkiyyətçisi olmalıdır; 2) Tələb edilən əşya cavabdehin sahibliyində olmalıdır; 3) Cavabdehin tələb edilən əşya üzərindəki sahibliyi qanunsuz olmalıdır. Məhkəmə kollegiyası bildirir ki, hazırkı mübahisə üzrə Mülki Məcəllənin 157.2-ci maddəsinin tətbiqi üçün nəzərdə tutulmuş bütün dispozitiv şərtlər mövcuddur. Belə ki, boşaldılaraq iddiaçıya təhvil verilməsi tələb olunan binanın dövlət mülkiyyətində olmaqla İddiaçı MMC-nin əmlakının tərkibinə aid olması iş materialları ilə təsdiq olunur. İddiaçı tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməsi tələb edilən inzibati binanın bir hissəsi hal-hazırda cavabdehin sahibliyindədir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli aktdan da göründüyü kimi, Lənkəran şəhəri, M.Əsədov küçəsi 43 ünvanında yerləşən, İddiaçı MMC-nin Lənkəran filialına məxsus, 1995-ci ildə fəaliyyəti dayandırılmış ETUS-13 (İstehsalat rabitə telefon qovşağı) binasında X6, Cavabdeh və X7 ailələri ilə birlikdə məskunlaşmış və hal-hazırda yaşayırlar. Həmin aktla yanaşı, cavabdehin apellyasiya şikayətinin məzmunundan da görünür ki, mübahisəli bina cavabdeh tərəfindən istifadə olunur. Cavabdeh apellyasiya şikayətində mübahisəli binanın onunla yanaşı, digər şəxslər tərəfindən də istifadə edildiyini bildirsə də, bu hal hazırda iddiaçının məhz cavabdehə qarşı qaldırılmış iddiasının rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, mübahisə predmeti olan inzibati binaya aid əmlak hüququnun sahibi kimi iddiaçı həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Cavabdeh apellyasiya şikayətində məhkəmə tərəfindən yerində müayinə keçirilməməsini və ekspertiza təyin edilməməsini bildirsə də, hazırkı işin hallarından görünür ki, hər hansı ekspertizanın keçirilməsi üçün zərurət yoxdur. Çünki mübahisəli binanın (onun müəyyən hissəsinin) cavabdeh tərəfindən istifadə edilməsi işin mübahisəsiz halıdır. Həmçinin, cavabdehin binadan istifadəsi hər hansı qanuni və müqavilə əsasına söykənmir. Belə ki, onun həmin bina üzərində hər hansı hüququ dövlət qeydiyyatına alınmamışdır. Bundan başqa, mübahisə predmeti olan binadan istifadə edilməsi üçün cavabdehlə bağlanmış hər hansı müqavilə də mövcud deyil. Cavabdeh mübahisə predmeti olan binadan Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının icazəsi əsasında istifadə etdiyini bildirsə də, bu cür icazənin Lənkəran ŞİHB tərəfindən verilməsi mümkün deyil. Belə ki, yuxarıda qeyd edilənlərdən də göründüyü kimi, mübahisə predmeti olan binanın mülkiyyətçisi Lənkəran ŞİH olmamış, həmin əmlak dövlət mülkiyyətində olmaqla əvvəlcə İddiaçı İstehsalat Birliyinin (X1), daha sonra isə İddiaçı MMC-nin balansında olmuşdur. Cavabdeh mübahisə predmeti olan binaya köçməmişdən əvvəl onun yaşamaq üçün uyğun olmadığını, həmin binada təmir-bərpa işləri apardığını qeyd etsə də, bu hal hazırkı iddia ərizəsinin rədd edilməsi üçün əsas ola bilməz. Cavabdeh apellyasiya şikayətində həmçinin bildirmişdir ki, iddiaçı təşkilat 19 il ərzində mübahisəli binanın onlara məxsus olması barədə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, mülkiyyətçinin istifadə hüququna öz mülkiyyətindəki əmlakdan istifadə etməmək imkanı da daxildir və mülkiyyət hüququnun müdafiəsi qanunvericilikdə hər hansı müddətlə məhdudlaşdırılmamışdır. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi İddiaçın Cənub regional filialının Lənkəran şöbəsinin balansında olan EUTS- 13 (İstehsalat rabitə telefon qovşağı) binasının Cavabdeh tərəfindən boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Bundan başqa, məhkəmə kollegiyası MPM-in 107 və 119.1-ci maddələrinin tələblərini nəzərə alaraq bildirir ki, iddia tələbi təmin edildiyindən, birinci instansiya məhkəməsi 100 manat məbləğində dövlət rüsumunun da cavabdehdən alınaraq iddiaçıya verilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Yuxarıda sadalananlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 2(049)-1891/2022 saylı, 07 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, şikayət verilmədikdə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov Hakimlər: İlham Əsədov Pərviz Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar