Məhkəmə qərarları › İş №2(106)-1021/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1021/2025

16.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1021/2025 16.09.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), hakimlər Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, İsazadə Salman Raqif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Şirvan şəhər polis şöbəsi) mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 07 aprel 2025-ci il tarixli 2(032)- 338/2025 saylı qətnaməsindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxıb MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə Şirvan Şəhər Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən 50000 (əlli min) manat məbləğdə mənəvi ziyanın alınıb ona verilməsini tələb etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona ibtidai araşdırma orqanı tərəfindən əsassız ittiham verilmişdir. Belə ki, guya o satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 2,146 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini məlum olmayan vaxtda və mənbədən əldə edib üzərində daşımaqla saxlamış, 10 sentyabr 2022ci il tarixdə saat 18 radələrində Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində yaşadığı Şirvan şəhəri S.Zeynalov küçəsində saxlanılaraq şöbəyə aparılmış, saat 18:55-də üzərində axtarış aparılan zaman əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümün içərisində təmiz çəkisi 2,146 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bu səbəbdən barəsində cinayət işi qaldırılaraq baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə verilmişdir. Həmin Məhkəmənin xx.xx.2023-cü il tarixli hökmü ilə barəsində CPM-in 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə ona CM-in 234.43-cü maddəsi ilə bəraət verilmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Şirvan Apellyasia Məhkəməsi xx.xx.2024-cü il tarixli qərarı ilə hökmü dəyişdirmədən saxlamışdır. Qərardan dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən Azərbaycan Respublikası Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli qərarına əsasən Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. O, qanunsuz olaraq cinayət təqibinə məruz qalmış və xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli bəraat hökmü ilə həbsdən azad edilmişdir. O, qanunsuz olaraq cinayət təqibinə məruz qaldığı üçün 1 il 1 ay 22 gün həbsdə olmuş və qanunsuz olaraq azadlığı məhdudlaşdırılmışdır. Məhkəmə prosesləri zamanı o işləməmiş və mənəvi zərərə məruz qalmışdır. O, xx.xx.2023-cü il tarixli hökmə əsasən bəraət almağına baxmayaraq, ümumilikdə hadisə baş verdiyi vaxtdan yəni, xx.xx.2022-ci ildən Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı qəbul edilənədək olan dövr ərzində heç bir təqsirinin olmadığı halda istintaq və məhkəmə orqanlarında araşdırmaya cəlb edilmiş, uzunsürən məhkəmə çəkişmələrində iştirak etmişdir. Təbii ki, bütün bu dövr ərzində ağır cinayətdə ittiham olunan bir şəxs kimi 1 il 1 ay 22 gün həbsdə olmaqla o mənəvi iztirab və sarsıntı keçirməməsi mümkün deyil. Şirvan Şəhər Məhkəməsinin 07 aprel 2025-ci il tarixli 2(032)-338/2025 saylı qətnaməsi ilə (hakim Aydan Məmmədli) iddia tələbinin qismən təmin edilməsi, Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsindən mənəvi zərərə görə 13700 (on üç min yeddi yüz) manat pulun alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmədə izahat verərək apellyasiya şikayətinin təmin olunmamasını və Şirvan Şəhər Məhkəməsinin 07 aprel 2025-ci il tarixli 2(032)-338/2025 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə tərkibi Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlillərini işin halları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və Şirvan Şəhər Məhkəməsinin 07 aprel 2025-ci il tarixli 2(032)-338/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İŞİNHALLARİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(099)-199/2023 saylı hökmünün surətindən görünür ki, İddiaçı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə təqsiri sübuta yetirilmədiyi üçün Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən bəraət verilmiş, İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və onun dərhal Bakı İstintaq Təcridxanasından həbsdən azad edilməsi, tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası İddiaçı izah edilməsi hökm edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, apellyasiya protesti təmin edilməmiş, İddiaçı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli hökmünün dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(106)-128/2024 saylı qərarın surətindən görünür ki, kassasiya protesti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2 noyabr 2023-cü il tarixli hökmü ilə İddiaçı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 yanvar 2024cü il tarixli qərarı dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin etiraz ərizəsindən görünür ki, İddiaçı hüquq-mühafizə orqanlarının hərəkətləri və çıxarılan hökm ilə əlaqədar maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə çıxış edərək Azərbaycan Respublikasının Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən etmiş və iddia tələbini ərizəsində qeyd etdiyi kimi hüquq pozuntusunu törədən ibtidai istintaq orqanına deyil, Maliyyə Nazirliyinə yönəltmişdir. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Nazirliyi haqqında Əsasnamə"də Maliyyə Nazirliyinin təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi vəzifəsinin olması müəyyən edilməmişdir. Həmçinin sözügedən məhkəmə proseslərinə cavabdeh qismində müvafiq təhqiqat və ibtidai istintaq orqanlarının cəlb olunması aidiyyəti vəzifəli şəxslərin məsuliyyətliliyinin gücləndirilməsinə, eləcə də bu sahədə yol verilən pozuntuların azaldılmasına, nəticədə vətəndaşların hüquq və azadlıqlarının qorunmasına və məhkəmələrin iş yükünün azaldılmasına səbəb olacaqdır. Eyni zamanda Maliyyə Nazirliyinin sözügedən məhkəmə işlərinə cavabdeh qismində cəlb edilməsi və sonrakı prosessual hərəkətlərin (vəsatətlərin, apellyasiya və kassasiya şikayətlərinin verilməsi və s.) onun tərəfindən həyata keçirilməsi cəmiyyətdə və mediada Nazirliyin fiziki şəxslərə zərər vurulmasında təqsirli olması imicini yaratmaqla, Mülki Məcəllənin 23-cü maddəsində qeyd olunan işgüzar nüfuzuna xələl gətirməkdədir. Fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə proseslərinə Maliyyə Nazirliyinin cavabdeh qismində cəlb olunmasının hər hansı konkret hüquq normasına söykənmədiyini nəzərə alaraq, habelə məhkəmə proseslərinin obyektiv tədqiq edilməsi, qanun pozuntusuna yol vermiş təqsirkar qurumların məsuliyyətinin artırılması və qanunvericilin müddəalarının düzgün tətbiq edilməsi üçün bu tipli məhkəmə işlərinə cavabdeh qismində müvafiq cinayət işləri üzrə təhqiqat və ibtidai istintaq aparmış orqanların cəlb olunması zəruridir. Eyni zamanda Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyəşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazımatlarının alınması və s.) və nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun huquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə movcud deyildir. Buna görə də, iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ : Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı iddianın hüquqi əsasını təhqiqat, ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı həmin orqanların (vəzifəli şəxslərin) qanunsuz hərəkətləri təşkil etsə də, iddiaçıya vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə proseslərinə cavabdeh qismində qanunsuz hərəkəti törətmiş qurumlar deyil, Maliyyə Nazirliyi cəlb olunmuşdur. Maliyyə Nazirliyinin iddiaçıya ziyan vurulmasına səbəb olmuş qanunsuz hərəkətlərdə iştirakı və hər hansı əlaqəsi olmadığından həmin hərəkətləri törətmiş təqsirkar qurumların əvəzinə Nazirliyin cavabdeh kimi tanınması qanunvericiliyin tələbləri, o cümlədən mülki məhkəmə icraatının təməl prinsipləri ilə uzlaşmır. Hüquqi məsuliyyətin əsas ünsürlərindən biri olan hüquqpozan şəxsin təqsiri təəssüflər olsun ki, məhkəmə tərəfindən müəyyən edilməmiş, səthi şəkildə aparılmış araşdırma nəticəsində iddiaçının iddia tələbi qismən təmin edilmişdir. Təsadüfi deyildir ki, sosial və infrastruktur təyinatlı layihələrin icrası zamanı mülkiyyətçilərə vurulmuş zərərin maliyyələşmə mənbəyi dövlət büdcəsi olsa da, həmin məhkəmə işlərinə cavabdeh qismində müvafiq layihəni həyata keçirən və pozuntuya yol vermiş dövlət orqanı 3-cü şəxs qismində isə Maliyyə Nazirliyi cəlb olunur. Məhkəmə iddiaçının mənəvi iztirab çəkməsini heç bir mötəbər sübutla təsdiqləməmiş, yalnız iddiaçının mülahizələrinə əsaslanaraq iddiaçıya mənəvi zərərə görə 13700 manat vəsaitin ödənilməsi qənaətinə gəlmişdir. Eyni zamanda mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Cinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir. (ona qarşı xüsusilə ağır cinayət törədildikdə — üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə — yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə — əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə — on bir manat). Avropa məhkəməsinin qərarında vurğulanmışdır ki, mənəvi zərərin dəqiq məbləğinin qiymətləndirilməsində yerli səviyyədə verilən pul kompensasiyasının sözügedən ölkənin sosial faktorlarının, habelə ərizəçinin həbsdə saxlanma müddəti kimi işin faktiki elementlərinin nəzərə alınması ilə qiymətləndirilməlidir. Bu baxımdan, mübahisələndirilən qətnamədə müəyyən edilmiş kompensasiya məbləği şişirdilmiş və absurd olmaqla yanaşı, beynəlxalq məhkəmələrin analoji işlər üzrə qəbul etdiyi qərarlarla ziddiyət təşkil edir. Göründüyü kimi, mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı az ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği yüz altmış beş manatdır. Cinayət Prosessual Məcəllənin yuxarıda sadalanan norması kontekstində iddiaçıya maddi və mənəvi zərərə görə 13700 manat məbləğində kompensasiya hesablanması qanuni olmamaqla yanaşı, ağlabatan və ədalətli deyildir. İddiaçı tərəfindən ona dəymiş mənəvi ziyanla bağlı konkret sübutlar təqdim edilməmişdir. Bu baxımdan mənəvi ziyanın miqdarı ilə bağlı birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edirik ki, mənəvi zərərə görə kompensasiya müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsinə əsasən hər kəsin azadlıq hüququ vardır. Konstitusiyanın 68-ci maddəsinə görə cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəllənin (MM) 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər MM-in 1100-cü maddəsinə görə dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. MM-in 1101.1 və 1101.2-ci maddələrinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir; Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin (CPM) 57.1-ci maddəsinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. CPM-in 58-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir; Fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 4-5-ci maddəsinə görə cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır. Bu Qanunun 1-ci maddəsində göstərilmiş əməliyyat-axtarış tədbirlərinin cinayət işi başlamazdan əvvəl keçirilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ belə tədbirlər keçirildikdən dərhal sonra yaranır; Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində) hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin Qanunun 6.1-ci bəndinə əsasən Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Adıçəkilən Qanunun 7-ci bəndinə görə təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. Qanunun 12-ci maddəsinə əsasən isə fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdı HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə tərkibi qeyd edir ki, mübahisəli qətnamə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən yoxlanılır. Beləcə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə yoxlayır və dispozitivlik prinsipinin tələblərinə uyğun olaraq qətnamənin digər hissələrinə toxunmur. Məhkəmə tərkibi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə əsasən diqqətə çatdırır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1101.1-ci maddəsinin tələbinə görə qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Habelə “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Qanunun 6-cı maddəsində qeyd edilir ki, bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Bununla yanaşı, “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında” Əsasnamə”nin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Beləcə, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində dəymiş zərərin ödənilmə mənbəyi kimi “dövlət büdcəsinin vəsaiti”, zərəri ödəməli olan subyekt kimi isə “Azərbaycan Respublikası” çıxış edir. Habelə nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikası” dövlətin adıdır, yəni bu ifadə ilə dövlət nəzərdə tutulur və cinayət təqibi dövlətin adından həyata keçirildiyindən cinayət təqibinə məruz qalan şəxs bəraət aldığı halda, ziyana görə həmin şəxsin qarşısında məhz dövlət- “Azərbaycan Respublikası” məsuliyyət daşıyır. Hazırda baxılan mülki işdə də mübahisəli hüquq münasibətinin tərəfi kimi dövlət - “Azərbaycan Respublikası” çıxış edir və dövlətin maliyyə sahəsində səlahiyyətlərini isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, iddiaçıya dəymiş mənəvi zərərin məbləğini cavabdehin vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsindən tutulmasını qət etməklə birinci instansiya məhkəməsi düzgün qənaətə gəlmişdir. Mülki iş materiallarına əsasən İddiaçı təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində cinayət təqibinə məruz qalaraq 1 il 1 ay 22 gün həbsdə olmuş və qanunsuz olaraq azadlığı məhdudlaşdırılmışdır. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində iddiaçının mənəvi zərərə məruz qalması işin mübahisə olunmayan halıdır və ona dəymiş mənəvi zərərin miqdarı da düzgün müəyyən edilmişdir. Məhkəmə tərəfindən qət edilən məbləğ ağlabatan və ədalətli olmaqla mülki işin müəyyən edilmiş faktiki hallarına uyğundur. Belə ki, mənəvi zərər - adətən zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur və Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1097.1, 1097.2-ci maddələrinin tələblərinə görə mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkənin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə tərkibi hesab edir ki, mənəvi zərərin miqdarı mülki hüquq pozuntusu (delikt) törətmiş şəxsin təqsiri və ya zərərçəkənin subyektiv vəziyyəti nəzərə alınmadan obyektiv əsaslara görə müəyyən edilir. Mənəvi təzminatın əsas məqsədi zərərin kompensasiyası olduğundan gələcəkdə baş verəcək zərərin qarşısının alınması üçün yüksək məbləğdə zərər tələb edilə bilməz. İztirab və sarsıntının nəticəsi olan zərər, zərərçəkənin hiss etdiyi fiziki və ya psixoloji ağrı şəklində ortaya çıxdığına görə təzminat bu ağrının dərəcəsinə mütənasib olmalıdır. Ağrının şiddəti obyektiv faktorlara görə dəyərləndirilir. Belə obyektiv faktorlara, törədilən hüquqazidd əməlin növü, ölçüsü, şiddəti, davam etdiyi müddət, zərərçəkən şəxsdə mənfi fiziki və psixoloji təsiri misal göstərmək olar. Zərərin ağırlığının çox olması təzminat miqdarının yüksək olmasını, zərərin ağırlığının az olması isə təzminat miqdarının aşağı olmasını şərtləndirir. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və iş üzrə qanuni və əsaslı qətnamə qəbul olunmuşdur. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayətində göstərilən və heç bir mötəbər sübuta söykənməyən formal dəlillər hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Belə ki, MPM-in 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 14, 76, 89, 217, 372, 384, 385, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin 07 aprel 2025-ci il tarixli 2(032)-338/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kasasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar