Məhkəmə qərarları › İş №2(106)-1042/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1042/2023

20.06.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1042/2023 20.06.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Kərimov Tale Suliddin oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət məhkəmə tərkibində, İddiaçı cavabdehlər Cavabdeh1 və başqalarına qarşı fərdi yaşayış evindən payın ayrılması, torpaq sahəsindən payının bölünərək ayrılması və həmin hissədə çıxarışın verilməsi vəzifəsinin həvalə edilməsi, birgə nikah dövründə əldə edilmiş əşyaların ½ hissədə payının müəyyən edilərək bölünməsi, mümkün olmadıqda dəyərinin ödənilməsi tələbinə dair iddiası üzrə Saatlı Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli 2(055)- 491/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı İddiaçı cavabdehlər Cavabdeh1 və başqalarına qarşı fərdi yaşayış evindən payın ayrılması, torpaq sahəsindən payının bölünərək ayrılması və həmin hissədə çıxarışın verilməsi vəzifəsinin həvalə edilməsi, birgə nikah dövründə əldə edilmiş əşyaların ½ hissədə payının müəyyən edilərək bölünməsi, mümkün olmadıqda dəyərinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Saatlı Rayon Məhkəməsinə müraciət etmişdir. Saatlı Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli 2(055)-491/2023 saylı qərardadı ilə iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 149.2.2, 149.2.3, 152.1.7-ci maddələrinə istinadən iddianın bir və ya bir neçə cavabdehə qarşı irəli sürülərək onların hər birinə qarşı yönələn tələbin göstərilməməsi, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələbin birləşdirilməsi əsasları ilə geri qaytarmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia ərizəsi MPM-in tələblərinə riayət edilməklə verilmədiyinə görə iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. İddiaçı həmin qərardaddan şikayət verərək, Saatlı Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli 2(055)-491/2023 saylı qərardadının ləğv edilməsi və iddia ərizəsinin icraata qəbul edilməsi bardədə qərardadın qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Saatlı Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli 2(055)-491/2023 saylı qərardadı əsassız, qanunsuzdır və onu süründürməçiliyə məcbur edir. Saatlı Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli 2(055)-171/2023 saylı qərardadında qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra xx.xx.2023-cü ildə 128 vərəqdə olan iddia ərizəsi ilə Saatlı Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 19 aprel 2023-cü il tarixli, 2(055)-491/2023 nömrəli qərardadı və ona əlavə edilmiş sənədlərim məhkəmənin qərardadına müşahidə edən məktubunun 02 vərəq qərardad, 126 vərəq sənədlər kimi göstərilmişdir. Bu onu deməyə əsas verir ki, onun məhkəməyə 128 vərəqdə təqdim etdiyi iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin 02 vərəqi məhkəmə tərəfindən götürülmüşdür. Bu da onu deməyə əsas verir ki, məhkəmə süni olaraq onu süründürməçiliyə məcbur edir ki, iddia tələbindən əl çəksin. Saatlı Rayon Məhkəməsinin iş üzrə 16 may 2023-cü il tarixli qərardadı ilə iddiaçının şikayəti təmin edilməmiş və iş materialları ilə birlikdə baxılmasından ötrü Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. MPM-in 397.2-ci maddəsiə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, İddiaçı şikayəti təmin edilməməli, Saatlı Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli 2(055)-491/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-in 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini MPM-in 152.1.7-ci maddəsinə istinadən iddianın bir və ya bir neçə cavabdehə qarşı irəli sürülərək onların hər birinə qarşı yönələn tələbin göstərilməməsi, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələbin birləşdirilməsi əsasları ilə geri qaytarmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci hissəsinə əsasən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-in 5.1-ci maddəsinə görə hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini nəzərdə tutur. Konstitusiyanın qeyd edilən normaları həmçinin müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici MPM-də məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirməklə, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı). Məhkəmə kollegiyası, eyni zamanda, diqqətə çatdırır ki, hər bir şəxs qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər. Şəxsin məhkəməyə müraciət etdiyi andan məhkəmə müdafiəsi hüququ başlanır. Ədalətli məhkəmə araşdırılması, şəxsin sonradan əsassız məhkəmə çəkişməsinə cəlb edilməsinin qarşısının alınmasından ötrü iddia ərizəsinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılmasını hüquqi müəyyənlik prinsipi baxımından qaçılmaz edir. Hakim iddia ərizəsinin MPM-in 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya MPM-in 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, torpaq mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə, cavabdehdən borcun alınmasına dair iddialarda, əgər bu qanuna, digər normativ hüquqi akta və ya müqaviləyə əsasən bank və ya digər kredit təşkilatı vasitəsi ilə alınmalıdırsa, banka və ya digər kredit təşkilatına müraciət edilməsinə dair sübut təqdim edilmədikdə, iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda, torpaq mübahisələri üzrə iddia ərizəsi MPM-in 10-1.3-cü maddəsinin tələblərinə uyğun verilmədikdə geri qaytarır (Mülki Prosessual Məcəllənin 152.1., 152.1.1, 152.1.2, 152.1.3, 152.1.4, 152.1.5, 152.1.6, 162.1.6-1, 152.1.7, 152.1.8, 152.1.9 və 152.10-cu maddələri). Göründüyü kimi, prosessual qanunvericilikdə iddia ərizəsinin hansı hallarda geri qaytarıla bilməsi tam və müfəssəl sadalanmaqla dəqiq göstərilmişdir. Həmin halların konkret göstərilməsi iddia ərizəsinin geri qaytarılmasının əsaslarının geniş təfsir edilməsini də məhdudlaşdırmaqla, yalnız həmin əsaslardan biri olduğu halda geri qaytarılmanın mümkünlüyünü təsbit edir. Həmin əsaslardan hər hansı birinə deyil, digər bir əsasa görə iddia ərizəsinin geri qaytarılması yolverilməzdir. Həmin halların olmaması iddia ərizəsinin icraata qəbul edilməsini qaçılmaz edir. MPM-in 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri öz təsdiqini tapmadığı üçün şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının hər hansı pozuntusuna yol verilməsi aşkar edilmir. MPM-in 402-ci maddəsinə görə apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlardan kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 397.2, 398.0.1, 400, 402.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilməsin. Saatlı Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli 2(055)-491/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar