Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1043/2023 12.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Allahyarov Zaur Mirzağa oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “0355852 saylı, 31 yanvar 2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın etibarsız hesab edilməsi və həmin akta əsasən hesablanmış 1036,80 manat cərimənin onun hesabından silinməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin 2(041)-647/2023 saylı, 04 may 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apellyasiya icraatı qaydasında, Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq; MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi, 1036,80 manat cərimənin hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh qurumun əməkdaşları iddiaçının yaşadığı evdən istifadəsində olan qaz sayğacını açaraq götürmüşlər. Buna görə də xx.xx.2022-ci il tarixli sayğacın çıxarılması aktı yazmışlar. Təxminən xx.xx.2023-cü il tarixdə iddiaçıya məlum olmuşdur ki, 1036,80 manat məbləğində cərimə yazmışlar. Halbuki, qaz sayğacı açılarkən heç bir müdaxiləsi olmamışdır. Buna görə də iddiaçı sənədləri tələb etmişdir. Sənədlərlə tanışlıq zamanı məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akta əsasən cərimələnmişdir. İddiaçıya cərimənin sayğaca müdaxilə edilməsinə görə yazıldığını bildirsələr də, sayğaca kim tərəfindən müdaxilə edilməsi məsələsini aydınlaşdıra bilməmişlər. Onlara etiraz edərək sayğaca toxunulmadığını, sayğacın plomblu olduğunu, sayğacın normal işlədiyini, sayğacın küçədə quraşdırıldığını, qutusu olmadığını, nəzarətçinin sayğaca ayda 2-3 dəfə baxdığını, müdaxilə aşkar etmədiyini, hər ay qaz pulunu ödədiyini bildirsə də, heç bir nəticəsi olmamışdır. Ağsu RQİİnin Kürdəmir Qaz İdarəsi tərəfindən yazılmış xx.xx.2023-cü il tarixli, ******* saylı akt və hesablanmış 1036,80 manat cərimə qanunsuzdur. Kürdəmir Rayon Məhkəməsinin 04 may 2023-cü il tarixli, 2(041)-647/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Müseyib Bayramov) iddia tələbi təmin edilmiş, Cavabdeh nümayəndələri tərəfindən İddiaçı barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməsi və akt əsasında hesablanmış 1036,80 manat cərimənin onun hesabından silinməsi, Cavabdehndən 30 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh İB apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Kürdəmir Rayon Məhkəməsinin 04 may 2023-cü il tarixli, 2(041)-647/2023 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını mülki iş üzrə düzgün tətbiq etməmiş, nəticədə iddia tələbinin təmin edilməsi barədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul etmişdir. Cavabdeh İB-nin Ağsu RQİİ-nin mütəxəssisləri tərəfindən İddiaçı istifadəsində olan G-4 markalı nömrəli qaz sayğacına istehlakçının iştirakı ilə baxış keçirilmiş, baxış zamanı onun sayğacının hesablama mexanizminin yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzikcızıq izləri olduğu aşkar edilmişdir. Bununla əlaqədar iddiaçının iştirakı ilə qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının iştirakı ilə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı akt tərtib etmişdir. Qaz sayğacının nominal qaz buraxma qabiliyyəti 4 kub metr hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Ağsu RQİİ-nin dəymiş ziyanın bərpasına dair tələbnaməsi ilə 8640 kub metr (və ya 1036,80 manat) həcmində müəyyən edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, nümayəndə ilə təmsil olunmamışlar. Odur ki, məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını düzgün hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, İddiaçı iddia tələbində xx.xx.2023-cü il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 1036,80 manat cərimənin hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Kürdəmir Rayon Məhkəməsinin 04 may 2023-cü il tarixli, 2(041)-647/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. İşdəki Cavabdeh İB-nin Ağsu RQİİ-nin Kürdəmir Xidmət sahəsinin nümayəndələri tərəfindən tərtib edilmiş ******* nömrəli, 31 yanvar 2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, həmin tarixdə istehlakçı Qeys Qasımovun evində quraşdırılmış sayğaca baxış keçirilən zaman sayğacın hesablama mexanizminin qoruyucu qapağının gövdədən tamamilə aralanması, sayğacın istismara yararsız olması müəyyən edilmişdir. İşdəki Cavabdeh İB X1 İstismar İdarəsinin rəisi Osman Beybutov tərəfindən 31 yanvar 2023-cü il tarixində təsdiq edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, istehlakçı Qeys Qasımovun evində istifadə edilən itirilmiş qazın bərpası üçün aparılmış hesabata əsasən itirilmiş qazın həcmi 8640 kub metr müəyyən edilmiş və hesablanmış məbləğin ödənilməsinin təmin edilməli olduğu göstərilmişdir. Qərarın verilməsinə əsas kimi 31 yanvar 2023-cü il tarixli, ******* nömrəli akt qeyd edilmişdir. Birinci instansiya məhkəməsinin 04 may 2023-cü il tarixli iclasında iştirak edən cavabdehin nümayəndəsi istehlakçı İddiaçı barəsində tərtib edilmiş ******* nömrəli, 19 yanvar 2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətini və həmin akt əsasında verilmiş dəymiş ziyanın bərpasına dair tələbnamənin surətini təqdim etmişdir. Göründüyü kimi, İddiaçı etibarsız hesab edilməsini tələb etdiyi xx.xx.2023-cü il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt iddiaçı barəsində deyil, başqa bir istehlakçı Qeys Qasımov barəsində tərtib edilmişdir. Bununla yanaşı, cavabdehin nümayəndəsi də birinci instansiya məhkəməsinin 04 may 2023-cü il tarixli iclasında iddiaçı barəsində tərtib edilmiş ******* nömrəli, 19 yanvar 2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktı təqdim etmişdir. Qeyd edilənlər onu göstərir ki, iddiaçı özü barəsində deyil, başqa şəxs barəsində tərtib edilmiş aktın etibarsız hesab edilməsini və həmin akt əsasında hesablanmış cərimənin silinməsini tələb etmiş, birinci instansiya məhkəməsi bu halı nəzərə almamış, iddia tələbini təmin etməklə düzgün olmayan qətnamə qəbul etmişdir. Belə ki, iddiaçının onun barəsində tərtib edilməyən xx.xx.2023-cü il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın etibarsız hesab edilməsini və həmin akt əsasında hesablanmış cərimənin silinməsini tələb etmək hüququ olmasa da, birinci instansiya məhkəməsi iddiaçının hazırkı tələblə çıxış etməyə subyektiv hüququnun olmamasına əhəmiyyət verməmişdir. Baxmayaraq ki, iddiaçı barəsində tərtib edilmiş ******* nömrəli, 19 yanvar 2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın və həmin akt əsasında verilmiş dəymiş ziyanın bərpasına dair tələbnamənin surəti cavabdehin nümayəndəsi tərəfindən birinci instansiya məhkəməsi iclasında təqdim edilmişdir, lakin məhkəmə tərəfindən iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verilməsi təklif olunmamış, iddiaçının subyektiv hüququ mövcud olmasa da, irəli sürdüyü iddia təmin edilmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş və iş üzrə qanuni və əsaslı olmayan qətnamə qəbul olunmuşdur. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti isə 1036,80 manat təşkil edir. Odur ki, qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.2, 385.1 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Kürdəmir Rayon Məhkəməsinin 04 may 2023-cü il tarixli, 2(041)-647/2023 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdehnə qarşı “0355852 saylı, 31 yanvar 2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın etibarsız hesab edilməsi və həmin akta əsasən hesablanmış 1036,80 manat cərimənin onun hesabından silinməsi tələbinə dair” iddiası təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Samir Mayılov Hakimlər İlham Əsədov Zaur Allahyarov
Məhkəmə qərarları › İş №2(106)-1043/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1043/2023
12.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver