Məhkəmə qərarları › İş №2(106)-1044/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1044/2023

18.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1044/2023 18.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, katib X1 iştirakı ilə, Kürdəmir Rayon Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə (İB-yə) qarşı aktın və onun nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin xx.xx.2022-ci il tarixli, ******* saylı aktının və onun nəticələrinin etibarsız hesab edilməsi, 1036,80 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə cavabdeh qurum olan “Azəriqaz” İstehsalat Birliyi, X7 İstismar İdarəsinin Kürdəmir Qaz İdarəsinin işçiləri onun yaşadığı evə gələrək qaz sayğacına baxış keçirib, əvəzetmə ilə əlaqədar qaz sayğacını çıxardıb əvəzində yeni qaz sayğacı quraşdırmışlar. 2022-ci ilin avqust ayında Qaz İdarəsinin nəzarətçisi ona bildiriş verərək 1036,80 manat məbləğində cərimə yazıldığını bildirmişdir. O, cavabdehin əməkdaşlarına etiraz edərək istifadə etdiyi əvvəlki qaz sayğacına toxunmadığını, sayğacın plomblu olmaqla normal işlədiyini, sayğacın küçədə quraşdırılmaqla qutusu olmadığını və nəzarətçinin hər ayda 2-3 dəfə sayğaca baxış keçirdiyini və heç bir müdaxilə halı müəyyən etmədiyini bildirsə də, heç bir nəticəsi olmamışdır. İstifadə etdiyi qaz sayğacı açılarkən həmin sayğacın laboratoriyaya göndərilməsi ona izah edilməyib. Barəsində tərtib edilən xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktdan onun məlumatı olmamış və həmin akt imza edilməsi üçıün ona təqdim edilməmişdir. Həmçinin akt tərtib edilərkən hal şahidlərinin də iştirakı təmin edilməyib. Hesab edir ki, həmin akt və akta əsasən hesablanan məbləğ tamamilə qanunsuzdur. Birinci instansiya məhkəməsində cavabdehin təmsilçisi X4 iddianı qəbul etməyərək göstərmişdir ki, İddiaçı yaşayış evinin qaz xətti üzərinə qaz sayğacı quraşdırılaraq **********00630 nömrəli abonent hesabı ilə qeydiyyata alınmışdır. “Azəriqaz” İB-nin Ağsu RQİİnin Kürdəmir XS-nin işçiləri tərəfindən iddiaçının yaşayış evinin qaz xətti üzərinə quraşdırılmış “Zenner” tipli, G-4 markalı qaz sayğacına baxış keçirilmiş və qaz sayğacı dəyişdirilərək yeni qaz sayğacı ilə əvəz edilmişdir. Bununla bağlı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib edilmişdir. Qaz xəttindən açılmış həmin qaz sayğacına laboratoriyada baxış keçirilən zaman “sayğacın hesablama mexanizminin qoruyucu şüşəsi kənar təsir nəticəsində tamamilə sınıqdır. Sayğac istismara yararsızdır” rəyi verilmişdir. Verilmiş rəy əsasında xx.xx.2022-ci il tarixli, ******* nömrəli təbii X3nın pozulması haqqında akt tərtib edilmişdir. Yaşayış evinin qaz işlədicilərinin parametrlərinə uyğun olaraq 8640 kub metr təbii qazın dəyəri 1036,80 manat məbləğ iddiaçının **********00630 nömrəli abonent hesabına işlənmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “X3”nın 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhəddində qazın sərfinə görə hesablaşma aparılması üçün qaz qurğularına dair layihə və istismar sənədlərinin tələblərinə uyğun olaraq dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılır. Ona görə də İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən barəsində qanunsuz tərtib olunmuş xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 1036,80 manat məbləğində borcun onun hesabından silinməsi tələbi əsassızdır. Kürdəmir Rayon Məhkəməsinin (hakim M.Bayramov) 16 yanvar 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı iddia tələbi təmin edilmiş, cavabdeh İddiaçı barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 1036,80 manat cərimənin onun hesabından silinməsi qət edilmişdir. Qətnamədən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi apellyasiya şikayəti vermişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması xahiş edilir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, iddiaçı delikt törətmişdir və bunun nəticəsində cavabdehə dəymiş maddi zərər tam həcmdə ödənilməlidir. Məhkəməyə təqdim edilmiş aktlar, saldo və digər sənədlər sübut qismində düzgün araşdırılmamış, onlardan istifadə edilməmişdir. Tərtib edilmiş akt hər iki tərəfin iştirakı ilə tərtib edilmiş, iddiaçı akta imza etməkdən imtina etmişdir. Lakin məhkəmə sübutlara qiymət verməmiş, iddianın təmin edilməsi üçün heç bir əsas olmadığı halda iddianın təmini barədə qərar qəbul etmişdir. İddiaçı və cavabdehin nümayəndəsi apellyasiya baxışında iştirak etməmişdir. İddiaçı məhkəməyə məktub göndərərək, 1-ci qrup əlil və yaşlı olduğu üçün məhkəmə iclasına gələ bilmədiyini bildirmiş, bunun nəzərə alınmasını xahiş etmişdir. Cavabdeh tərəfə müəyyən edilmiş qaydada məlumat verilmiş, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Kollegiya işə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının MPM-nin və ya MPM-in) 376.2-ci maddəsinə əsasən iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin hallarından görünür ki, iddiaçının yaşadığı evə gedən təbii qaz borusu üzərində quraşdırılmış qaz sayğacı “Azəriqaz” İB-nin nümayəndələri tərəfindən 02 avqust 2022-ci il tarixli aktla çıxarılmışdır. Təbii X3nın pozulması haqqında 31 avqust 2022-ci il tarixli akt tərtib edilmişdir. Həmin akta görə, sayğacın qoruyucu şüşəsi kənar təsir nəticəsində tamamilə sınıqdır, təbii qaz itkisi yaranmışdır. Akt üzrə 31 avqust 2022-ci il tarixli qərarla 90 gün müddət üzrə dəymiş ziyana görə 8640 m3 sərfiyyat hesablanmışdır. İddia tələbi ilə bağlı Kollegiya aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya qeyd edir ki, cavabdeh Şirkətə ziyanın vurulmasını, vurulmuş ziyanın miqdarını, ziyanın abonent (iddiaçı) tərəfindən vurulduğunu, onun qanunazidd hərəkətlərinin olmasını və bu hərəkətlərlə ziyan arasında səbəbli əlaqənin olmasını sübuta yetirmək cavabdeh şirkətin üzərindədir. «Qaz təchizatı» haqqında Azərbaycan Respublikasının 30 iyun 1998-ci il tarixli Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. «Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “X3”nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, sayğacın yararsız olmasında iddiaçının təqsiri sübuta yetirilmir. Kollegiya qeyd edir ki, təqdim edilmiş sübutlar, sayğacın abonentin iştirakı və məlumatı olmadan ekspertizaya göndərildiyini və aktın onun iştirakı və məlumatı olmadan tərtib olunduğunu təsdiq edir. Kollegiya hesab edir ki, abonent tərəfindən sayğaca müdaxilə edilməsi sübuta yetirilmədiyindən istehlakçı məsuliyyət daşımamalıdır. Bundan başqa, müəyyən edilir ki, 90 günlük müddət üzrə borc hesablanmışdır. Bu hissədə də hesablanmış borc qanuni hesab edilə bilməz. Belə ki, “X3”nın 4.9-cu maddəsinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Qaydalarda başqa hesablama üsulu yoxdur. Bundan başqa, abonentin adına açılmış hesabdan çıxarışdan görünür ki, akt üzrə borc hesablanan müddətdə iddiaçının sayğacına görə onun adına borc hesablanmış və sayğac hesablaması üzrə borc ödənilmişdir. Hazırkı halda sayğacın nasazlığı barədə aktın və borcun hesablanması üzrə qərarın qanuniliyini sübuta yetirmək cavabdehin üzərindədir. Cavabdeh bu halları sübuta yetirə bilməmişdir. Kollegiya hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Cavabdeh tərəf öz etirazını əsaslandıra bilməmişdir. Kollegiya iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmə iddianı təmin edərkən doğru qənaətə gəlmişdir. Beləliklə, Kollegiya apellyasiya şikayətinin dəlillərini əsassız sayır və hesab edir ki, şikayətdə göstərilənlər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Apellyasiya şikayəti təmin edilmədiyindən, şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda mübahisələndirilən hissədə iddianın qiyməti (azaldılması tələb edilən məbləğ) Qanunla müəyyən edilmiş həddən az olduğu üçün qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin apellyasiya şikayəti təmin edilməsin. Kürdəmir Rayon Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli, 2(041)-7/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya qaydasında şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar