Məhkəmə qərarları › İş №2(106)-105/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-105/2023

09.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-105/2023 09.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Umudov Əliheydər Zeynal oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili və eyni zamanda nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «təhlükə mənbəyi olan ağacların kəsilməsi, yeni əkilmiş ağacların çıxarılıb təhlükəsiz yerə köçürülməsi, həyətə baxan pəncərələrin tutulması, dəmir balkonun sökülməsi» tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli 2(018)-1434/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı «təhlükə mənbəyi olan ağacların kəsilməsi, yeni əkilmiş ağacların çıxarılıb təhlükəsiz yerə köçürülməsi, həyətə baxan pəncərələrin tutulması, dəmir balkonun sökülməsi» tələbinə dair iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, Astara rayonu, Maşxan kəndində yerləşən yaşayış evinə və avtomobil qarajına təhlükə yaradan ağacların mümkünlüyü nəzərə alınaraq kəsilməsi, təhlükə mənbəyi olan çəpər boyu yeni əkilmiş dekorativ ağacların çıxarılıb təhlükəsiz yerə köçürülməsinə cavabdeh tərəfindən yaradılan qanunsuz maneənin aradan qaldırılması, cavabdehin fərdi yaşayış evinin iddiaçının həyətinə baxan pəncərələrinin tutulması, dəmir balkonun sökülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, ailəsi ilə birlikdə Astara rayonu, Maşxan kəndində yaşayır. Ailə üzvlərinə JN-007 A seriyalı Kod 80110028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə 0.18 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində verilmiş icazə əsasında fərdi yasayış evi tikmişdir. Fərdi yaşayış evinin bir hissəsində qardaşı Cavabdeh ailəsi ilə birlikdə yaşayır. Cavabdehin onun mülkiyyətində olan torpaq sahəsində əkdiyi ağaclar onun fərdi yaşayış evinə və avtomobil qarajına təhlükə yaradır. Belə ki, həmin ağacların hər an evinin və qarajının üzərinə yıxılması təhlükəsi vardır. Bu barədə Astara rayon İcra Hakimiyyəti Başçısının Təngərüd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə müraciət etmişdir. Nümayəndəliyin əməkdaşları ağacların əkildiyi əraziyə baxış keçirmiş, ağacların evinə və qarajına təhlükəli olduğunu, təzə əkilmiş ağacların isə gələcəkdə təhlükə yaradacağını müəyyən etmişlər. Cavabdeh ağacların təhlükə yarada biləcəyini bilsə də, bununla bağlı hər hansı bir tədbir görməkdən imtina etmişdir. Bundan başqa cavabdehin evinin şərq tərəfində yerləşən pəncərələr onun həyətinə baxır və həmin pəncərələrdən onun ailə üzvlərinin hərəkətlərini müşahidə etmək mümkündür. Bundan başqa cavabdehin yaşadığı evdə quraşdırılmış dəmir balkonlar onun mülkiyyət hüquqlarını məhdudlaşdırır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində İddiaçı iddiasını müdafiə edib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində iddiaçının vəkili və eyni zamanda nümayəndəsi Vəkil iddianın əsaslı olduğunu bildirib, təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh iddianı qəbul etməyərək, əsassız olduğunu bildirib rədd olunmasını xahiş etmiş və izahatında göstərmişdir ki, iddiaçının kəsilməsini tələb etdiyi ağaclar, çıxarılmasını tələb etdiyi dekorativ ağaclar iddiaçının mülkiyyətində olan torpaq sahəsində, iddiaçının özü tərəfindən əkilmişdir. Həmçinin qeyd edilən yaşayış evi iddiaçıya məxsus olmaqla, onun tərəfindən inşa edilməmişdir. İddianın yaşadığı evin pəncərəsinin bağlanması tələbi isə tamamilə əsassızdır. Çünki həmin pəncərə yaşadıqları otağın işıqlanmasında və havalanmasında böyük rol oynayır. Astara Rayon Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli 2(018)-1434/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 170.2, 171.1-ci maddələrə istinadla gəldiyi hüquqi nəticəni belə əsaslandırmışdır ki, iddiaçının çıxarılmasını tələb etdiyi ağacların cavabdeh tərəfindən əkilməsi təsdiqini tapmamışdır. Bundan başqa iddiaçının sökülməsini tələb etdiyi dəmir balkon onun özünə məxsus evdə quraşdırılmışdır, balkonun cavabdeh tərəfindən quraşdırılması aparılmış araşdırma nəticəsində təsdiqini tapmamışdır. Cavabdehin yaşadığı mənzilin iddiaçının həyətinə baxan pəncərəsinin bağlanmasına əsas ola biləcək sübut məhkəməyə təqdim edilməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək ləğv olunması və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnaməni qanunsuz və əsassız hesab edir. İddianın əsasını mülkiyyət hüquqlarının pozulması təşkil edir. Yəni mülkiyyətində olan torpaq sahəsinə və fərdi yaşayış evinə dair Cavabdeh özbaşınalıq hərəkətləri nəticəsində mülkiyyət hüquqlarını həyata keçirə bilmir. Belə ki, Astara rayonun Maşxan kəndində mülkiyyətində olan torpaq sahəsində tərəfindən 1988-ci ildə tikilmiş fərdi yaşayış evinin bir hissəsində özü ailəsi ilə birlikdə, digər hissədə qardaşı Cavabdeh ailəsi ilə birlikdə yaşayırlar. Tələbi mlülkiyyətində olan torpaq sahəsində əkilmiş evinə və avtomobil qarajına təhlükə yaradan ağacların götürlməsi və fərdi yaşayış evində yenidənqurma və təmir işlərinin aparılması, yəni evinin görünüşünə xələl gətirən balkonun sökülməsi, həyətinə baxan pəncərələrin bağlanması ilə bağlıdır. Həmin işlərin görülməsinə Cavabdeh maneçilik edir. Cavabdeh özbaşınalıq hərəkətləri ilə bağlı tərəfindən bələdiyyəyə və icra nümayəndəliyinə müraciət edilmişdir. Məhkəməyə təqdim edilmiş sənədlər də bunları təsdiq edir. Həmin orqanlar onlara öz aralarında razılığa gəlməyi tövsiyyə etmiş, razılıq olmadığı halda məhkəməyə müraciət etməsini bildirmişlər. Astara Rayon Məhkəməsi yerli baxış və ekspertiza keçirmədən iddianı rədd etmişdir. Qardaşı Cavabdeh tərəfindən mülkiyyətimdə olan torpaq sahəsində əkilmiş ağaclar fərdi yaşayış evinə və avtomobil qarajına təhlükə yaratdığına görə həmin ağacların götürülməsinə ehtiyac var. Çünki həmin ağaclarının hər an evinin və avtomobil qarajının üzərinə yıxılması təhlükəsi var. Ağacların yıxılması nəticəsində vura biləcək ziyanın qarşısını almaq məqsədi ilə ağacların götürlməsinə qardaşı Cavabdeh qanunsuz hərəkətləri ilə maneçilik etmişdir. Münasibətlərinin gərgin olmağını nəzərə alaraq bu barədə Astara rayon Təngərüd bələdiyyəsinə və Astara rayon İHB-nin Təngərüd kənd İƏD üzrə icra nümayəndəliyinə müraciətlər etmiş, onlar ağacların evinə və qarajına vura biləcək ziyanın qarşısının alınması ilə bağlı ona icazə vermiş, bu barədə qardaşı Cavabdeh ilə söhbətlər etmiş, onun hərəkətlərinin qanunsuz olduğunu nəzərinə çatdırmışlar. Qətnamədə (səhifə 2) Cavabdeh izahatında ağacların tərəfindən əkildiyi qeyd edilmişdir. Əgər həmin ağaclar tərəfindən əkilibsə, Cavabdeh ağacların götürlməsinə mane olmamasına dair məhkəmənin əsaslandığı dəlillər nə ilə bağlıdır. Mülkiyyətində olan torpaq sahəsində tikilmiş evin qardaşı Cavabdeh yaşadığı otağın şərq tərəfdə açılmış pəncərələri birbaşa həyətinə baxır, həmin pəncərələrdən qardaşı və ailə üzvləri evinə gələnləri, ailə üzvləriniin hərəkətlərini müşahidə edir və bunlara görə pəncərələrin bağlanmasını tələb edir, həmin pəncərəni digər tərəfdə öz hesabına bərpa etməyə razıdır. İddianın həmin hissədə təmin edilməməsində məhkəmə cavabdehin izahatına əsaslanmışdır. Bunlar da mülkiyyətindən maneəsiz istifadə hüququnu məhdudlaşdırır. Belə ki, cavabdehin həmin pəncərənin yaşadığı otağın işıqlanmasında və havalanmasında böyük rol oynamasından ibarət dəlilləri əsaslı deyil. Digər tərəfdən açılacaq pəncərələr evin işıqlandırılması və havalanmasını təmin edə bilər. Heç bir ekspert rəyinə istinad etmədən məhkəmənin iddia üzrə həmin nəticəsi qanuni və əsaslı hesab edilə bilməz. Qeyd edir ki, qardaşı Cavabdeh yaşadığı evin şimal tərəfdəki mövcud olmuş və bağlanmış pəncərəni açmaq mümkündür və həmin pəncərələrin tərəfindən bərpa ediləcəyi qardaşına bildirilmiş, lakin o, razı olmamışdır. İddiada sökülməsini tələb etdiyi dəmir balkon onun tərəfindən quraşdırılmış və sökülməsinin təmin edilməməsi cavabdeh tərəfindən quraşdırılmasını təsdiqi kimi qeyd edilmişdir. Cavabdeh yaşadığı evin qabağında 40 kv.metrlik balkon hal-hazırda mövcuddur və 4 kv.metr sahəsi olan, sökülməsi tələb olunan balkona ehtiyacı yoxdur. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə İddiaçı apellyasiya şikayətini müdafiə edib yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi, əlavə olaraq izahatında göstərdi ki, mübahisəli evin inşasına 1984-cü ildə başlamışlar və 1986-cı ildə dam örtüyünü bağlamışlar. Həmin zaman hazırda mübahisəsi aparılan balkonlu otaq qardaşı olan cavabdehə aid edilmişdir. 1989-cu ildən qardaşı həmin otaqda yaşayır. Sökülməsini istədiyi həmin metal konstruksiyalı balkon həmin vaxtdan mövcuddur. Balkon onun həyətinə baxsada, qardaşı ilə mübahisələri düşənə qədər heç-bir problem olmayıb. Həmin balkon olan otağın digər tərəfdən əvvəllər pəncərəsi olsada, sonradan qardaşı həmin pəncərəni hörgü ilə bağlayıb. Hal-hazırda otağın yeganə pəncərəsi həmin balkondandır, lakin onu köçürmək olar qabaq hissəyə. Bununla bağlı çəkiləcək məsrəfləri qarşılamağa hazırdır, yetərki qardaşı və ailəsi onun həyətini müşahidə etməsin. Məhkəmədə iddiaçının vəkili və eyni zamanda nümayəndəsi Vəkil apellyasiya şikayətinin əsaslı olduğunu, şikayətdə mövqelərini əsaslandırdıqlarını bildirib təmin olunmasını xahiş etdi. Məhkəmə iclaslarının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış Cavabdeh məhkəmədə iştirak etməmişdir, kollegiya Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə müvafiq olaraq işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq iddiasının tam təmin olunmasını xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə edilmiş sənədlərdən aşağıdakılar müəyyən olunur: JN-007 A seriyalı, Kod 80110028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən Astara rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1997-ci il tarixli 91 saylı qərarı ilə iddliaçı İddiaçı və ailə üzvlərinin mülkiyyətinə Astara rayonu, Maşxan kəndində 0.18 ha həyətyanı torpaq sahəsi verilmişdir; JN-006 A seriyalı, Kod 80110028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən Astara rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1997-ci il tarixli 91 saylı qərarı ilə Cavabdeh və ailə üzvlərinin mülkiyyətinə Astara rayonu, Maşxan kəndində 0.14 ha həyətyanı torpaq sahəsi verilmişdir; Astara rayon İcra Hakimiyyəti Başçısının Təngərüd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin İddiaçı müraciətinə 23 sentyabr 2021-ci ildə verdiyi cavab məktubuna əsasən, həqiqətən Cavabdeh hazırda yaşadığı həyətdə hündürlüyü 10-12 metr, diametri 40-50 santimetr olan dekorativ ağac İddiaçı məxsus ev və qarajı üçün təhlükə yaradır. Bundan başqa çəpər boyu əkilmiş yeni dekorativ ağaclar böyüyərək gələcəkdə İddiaçı məxsus evi və qarajı üçün təhlükə yaradacağı müəyyən edilir; Azərbaycan Respublikasıının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən İddiaçı müraciətinə 19 may 2022-ci il tarixdə verilən cavab məktubunda bildirilir ki, yaşıllıqların götürülməsi “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu və Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli 321 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi” Qaydasına uyğun həyata keçirilir. Qeyd olunan qanın və qaydanın tələbləri xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlara şamil edilmədiyi üçün, müraciətdə qeyd olunan ağacların götürülməsi barədə rəy verilməsi mümkün deyildir, məsələnin qarşılıqlı razılıqla həll edilməsi tövsiyyə olunur; Astara rayon Dövlət Arxivinin 20 oktyabr 2021-ci il tarixli 269 nömrəli arxiv arayışında qeyd olunur ki, Astara rayon Təngərüd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 1986-1990-cı illərin təsərrüfatbaşı kitablarına əsasən Maşxan kənd üzrə 09 saylı kitabın 486 nömrəli şəxsi hesabında Cavabdeh təsərrüfatının xüsusi mülkiyyətində fərdi yaşayış evin dörddə bir hissəsi (20 kv.m) və 0.07 hektar həyətyanı torpaq sahəsi vardır. Mülki işin apellyasiya baxışı zamanı təyin olunan məhkəmə tikinti-texniki ekspertizasının 16 iyun 2023-cü il tarixli 10/4157 saylı rəyinə əsasən JN-007 A seriyalı, Kod 80110028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş Astara rayonunun Maşxan kəndində yerləşən 0.18 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin və JN-006 A seriyalı, Kod 80110028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə Cavabdeh və ailə üzvlərinin mülkiyyətinə verilmiş Astara rayonunun Maşxan kəndində yerləşən 0.14 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin koordanatları və döngə nöqtələri müəyyən edilmişdir. Sözügedən torpaq sahələrininməhkəmə predmeti olan mübahisəli ərazidə yerləşməsi və sənəd üzrə vəziyyəti ilə faktiki istifadə vəziyyəti arasında uyğunsuzluğun olması müəyyən olunmuşdur.Qeyd olunan torpaq sahələrinin koordinatlarının, döngə nöqtələrinin üst-üstə düşməməsi müəyyən olunmuşdur. Mübahisəli fərdi yaşayış evinin bir hissəsinin (əsas mübahisə predmeti olan hissəsi) JN-007A, Kod 80110028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən İddiaçı və ailə üzvlərinin tmülkiyyətinə verilmiş Astara rayonunun Maşxan kəndində yerləşən 0.18 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin üzərində inşa olunması müəyyən edilmişdir. Fərdi yaşayış evinin digər hissəsinin isə İddiaçı və ailə üzvlərinin istifadələrində olan bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi üzərində olması müəyyən edilmişdir. İddiaçının yaşayış evinə və avtomobil qarajına təhlükə yaratdığını bildirərək kəsilməsini tələb etidiyi ağaclar, köçürülməsini tələb etdiyi çəpər boyu yeni əkilmiş dekorativ ağacların JN-007A, Kod 80110028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətində olan torpaq sahəsində yerləşməsi müəyyən olunmuşdur. Fərdi yaşayış evinin cavabdehin faktiki sahibliyində olan ¼ hissəsində (20 kv.metr) yerləşən otağın iddiaçının həyətinə açılan pəncərələrindən və dəmir balkondan istifadənin, iddiaçının mülkiyyətində olan həyətyanı torpaq sahəsindən sərbəst istifadəsinə hər hansı bir formada maneə yaradıb-yaratmaması məsələsinin müəyyən olunması hüquqi xarakterli məsələ olmaqla, ekspertizanın predmetinə aid deyildir və məhkəmə tərəfindən həll edilə bilər. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (Mülki Məcəllənin) 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli Ali Məhkəmənin Plenum qərarında isə göstərilir ki, insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına dair Protokolun (qeyri-rəsmi 1 saylı Protokol) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 238.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir, 239.1-ci maddəsinə əsasən fiziki şəxslər dövlət və bələdiyyə mülkiyyətində olan, hamının buraxılması üçün açıq torpaq sahələrində heç bir icazə almadan sərbəst ola bilər və həmin sahələrdə olan təbiət obyektlərindən qanunvericiliyin, habelə müvafiq torpaq sahəsi mülkiyyətçisinin yol verdiyi hədlərdə istifadə edə bilər, 170.1.-170.4.-cü maddələrinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir, 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz, 171.2-ci maddəsinə görə təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur, 171.3-cü maddəsinə əsasən əgər mülkiyyətçi bu cür təsirə dözməyə borcludursa, o, təsiri əmələ gətirən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisindən, təsirin həmin ərazi üçün təsdiq edilən adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədlərdən yüksək olduğu hallarda pul formasında müvafiq kompensasiya tələb edə bilər. Apellyasiya şikayətinin dəlillərini iddianın təmin olunmayan iddiaçının yaşayış evinə və avtomobil qarajına təhlükə yaradan ağacların mümkünlüyü nəzərə alınaraq kəsilməsi, təhlükə mənbəyi olan çəpər boyu yeni əkilmiş dekorativ ağacların çıxarılıb təhlükəsiz yerə köçürülməsinə cavabdeh tərəfindən yaradılan qanunsuz maneənin aradan qaldırılması hissədə tədqiq edən kollegiya hesab edir ki, işə baxan birinci instansiya məhkəməsinin mütəxəsisləri cəlb edərək yerində müayinə aparmadan, yaxud müvafiq ekspertiza təyin etmədən gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamışdır. Əvvəla ona görə ki, birinci instansiya məhkəməsində iştirak edən cavabdeh iddiaçının kəsilməsini tələb etdiyi ağacların və çıxarılmasını tələb etdiyi dekorativ ağacların iddiaçının mülkiyyətində olan torpaq sahəsində, iddiaçının özü tərəfindən əkildiyini bildirmişdir. Belə olan halda isə iddiaçı torpaq sahəsinin mülkiyyətçisi olaraq öz sahəsindən istədiyi formada itstifadə etmək hüququna malikdir və bu hüququn cavabdeh tərəfindən məhdudlaşdırılması yolverilməzdir. Bundan başqa təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə iddiaçının yaşayış evinə və avtomobil qarajına təhlükə yaratdığını bildirərək kəsilməsini tələb etidiyi ağaclar, köçürülməsini tələb etdiyi çəpər boyu yeni əkilmiş dekorativ ağacların JN-007A, Kod 80110028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətində olan torpaq sahəsində yerləşməsi müəyyən olunmuşdur. İddiaçı xüsusi mülkiyyət hüququ əsasında özünə məxsus torpaq sahəsindən sərbəst istifadə etmək hüququna malik olduğundan, qeyd olunan hissədə tələbi qanuni və əsaslı olmuşdur. Apellyasiya şikayətinin dəlillərini iddianın təmin olunmayan cavabdehin fərdi yaşayış evinin iddiaçının həyətinə baxan pəncərələrinin tutulması, dəmir balkonun sökülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissədə tədqiq edən kollegiya hesab edir ki, burada da, işə baxan birinci instansiya məhkəməsinin mütəxəsisləri cəlb edərək yerində müayinə aparmadan, yaxud müvafiq ekspertiza təyin etmədən gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamışdır. Qeyd olunan hissədə isə işin müəyyən olunan faktiki halları ondan ibarətdir ki, mübahisəli fərdi yaşayış eviinin inşasına 1984-cü ildə başlanılmış və 1986-cı ildə dam örtüyü qoyularaq inşası tamamlanmışdır. Həmin zaman hazırda mübahisəsi aparılan balkonlu otaq cavabdehə aid edilmişdir və 1989-cu ildən cavabdeh həmin otaqda yaşayır. İddiaçının sökülməsini istədiyi metal konstruksiyalı balkon həmin vaxtdan mövcuddur. Balkon iddiaçının həyətinə baxsada, cavabdehlə mübahisələri düşənə qədər heç-bir problemləri olmamışdır. İş materiallarına əlavə edilmiş Astara rayon İcra Hakimiyyəti Başçısının inzibati ərazi nümayəndəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim olunmasından ötrü 2021-ci ilin oktyabr ayında verilmiş nümayəndəliyin 01 nömrəli təsərrüfatbaşına kitabından çıxarışa əsasən Maşxan kəndində 1984-cü ildə Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi və torpaq sahəsi qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Astara rayon Dövlət Arxivinin 20 oktyabr 2021-ci il tarixli 269 nömrəli arxiv arayışında da qeyd olunur ki, Astara rayon Təngərüd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 1986-1990-cı illərin təsərrüfatbaşı kitablarına əsasən Maşxan kənd üzrə 09 saylı kitabın 486 nömrəli şəxsi hesabında Cavabdeh təsərrüfatının xüsusi mülkiyyətində fərdi yaşayış evin dörddə bir hissəsi (20 kv.m) və 0.07 hektar həyətyanı torpaq sahəsi vardır. Sonradan islahat aparılan zaman qeyd olunan fərdi yaşayış evinin mübahisəli otağının yerləşən hissəsi ekspert rəyinə əsasən JN-007A, Kod 80110028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsinə düşsə də, iddiaçı cavabdehin həmin otaqda yaşamasını qəbul edərək, mübahisələndirmir. Sokülməsi istənilən pəncərə isə həmin otağı təbii gün işığı ilə işıqlandırılmasını və havalandırılmasını təmin edir. Mübahisə tərəfləri ilk növbədə doğma qardaş, sonra isə qonşu olaraq qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. İddiaçı isə öz növbəsində cavabdehin yaşadığı otağı təbii gün işığı ilə işıqlandıran və havalandırılmasını təmin edən yeganə pəncərənin və qarşısında dəmir konstruksiyadan inşa olunmuş balkonun onun həyətinə baxması əsası ilə hüquqlarının əhəmiyyətsiz dərəcədə pozulmasından dolayı sökülməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, aparılmış məhkəmə araşdırmasının nəticəsi olaraq apellyasiya şikayətinin dəlilləri qismən öz təsdiqini tapdığından, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin qismən təmin olunmasına dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, mülki iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyərini təşkil edən 50 manat ekspertiza xərci cavabdehdən tutularaq dövlət nəfinə keçirilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119.1, 372, 384.0.2, 385.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Astara Rayon Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli 2(018)-1434/2021 saylı qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. JN-007 A seriyalı, Kod 80110028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən iddliaçı İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olmaqla Astara rayonu, Maşxan kəndində yerləşən 0.18 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən yaşayış evinə və avtomobil qarajına təhlükə yaradan ağacların kəsilməsinə, çəpər boyu yeni əkilmiş dekorativ ağacların çıxarılıb təhlükəsiz yerə köçürülməsinə maneələrin yaradılması Cavabdeh qadağan edilsin. İddia qalan hissədə təmin olunmasın. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dyərini təşkil edən 50 manat ekspertiza xərci Cavabdeh tutularaq dövlət büdcəsinə Az.MEM, VÖEN **********, X1, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ 22 hesablaşma hesabına keçirilsin. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Pərviz Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar