Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1051/2024 16.07.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 (sədrlik edən və məruzəçi), Mayılov Samir İlham oğlu və X4 ibarət məhkəmə tərkibində, X13 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Lerik Rayon Məhkəməsinin 18 mart 2024-cü il tarixli e-2(048)-191/2024 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh dəymiş zərərə görə 6770 manat, ödənilmiş icarə haqqına görə 5070 manat pul və mediasiya şürasına ödənilmiş 50 manat pulun alınaraq "xxxx" MMC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlə aralarında xx.xx.2023-cü il tarixində müddətli əmək müqaviləsi bağlanmışdır. Cavabdeh işlədiyi dövr ərzində xx.xx.2023-cü il tarixdə saat 00:30 radələrində Bakı-Qazax-Gürcüstan yolunun Hacıqabul rayon ərazisindən keçən 123-cü km-də onun tərəfindən idarə olunan “Ford Tranzit” markalı ** JS *** dövlət qeydiyyat nişanlı ambulans avtomobilini Bakı istiqamətində idarə edib hərəkətdə olan zaman avtomobili yolun sol kənarında yerləşən beton səddə vurmuş, hərəkət hissəsindən sağ boşluq sahəyə çıxarıb aşıraraq nəqliyyat vasitəsinə ziyan vurmuşdur. Sözü gedən şəxs tərəfindən yol-hərəkəti qaydalarının pozulması nəticəsində ehtiyatsızıqdan sərnişin X1 zərər vurmayan, dərəcəsi təyin edilməyən xəsarət almışdır. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində toplanmış materialda cinayət tərkibinin olmadığı müəyyən edilmiş material üzrə cinayət işi rədd edilmişdir. xx.xx.2023-ci il tarixdə cavabdeh şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsilə inzibati tənbeh tədbiri görülməsi barədə qərar çıxarılmışdır. xx.xx.2023-cü il tarixdə qəzaya uğramış “Ford Tranzit” markalı ** JS *** dövlət qeydiyyat nişanlı xüsusi təyinatlı ambulans avtomobilinə "xxxx" MMC-də mütəxəssislər tərəfindən texniki baxış keçirilmiş və sıradan çıxan ehtiyat hissələri müəyyən olunmuşdur. Sözügedən mütəxəssislər tərəfindən vurulan ziyanın yekun məbləği 6770 manat dəyərində müəyyən edilmişdir. Daha sonra təmir müddəti ərzində 1 təqvim günü üçün 30 manat hesablamaqla xx.xx.2023-cü il tarixli MA44 23 saylı nəqliyyat vasitəsinin icarə müqaviləsinə əsasən “Mercedes Benz 313 CDİ” xüsusi markalı nəqliyyat vasitəsi icarəyə götürülmüş və bu günədək 5070 icarə haqqı hesablanmış və ödənilmişdir. Onlar cavabdehə pretenziya göndərərək cavabdeh şəxsdən 3 gün ərzində xx.xx.2023-cü il tarixində imzalanmış tam maddi məsuliyyət haqqında müqavilədən irəli gələn öhdəliklərinə müvafiq olaraq ümumilikdə 11840 manat zərər məbləği tələb edilsə də, cavabdeh tərəfindən hər hansı ödəniş həyata keçirilməmişdir. O cümlədən, cavabdehlə sözügedən problemi həll etmək məqsədilə Mediasiya Şurasına da müraciət edilmişdir. Mübahisənin mediasiya vasitəsi ilə həll edilməsi məqsədi ilə 50 manat ödənilmişdir. Əmək Müqaviləsinə xitam verilməsi ilə bağlı Əmək Müqaviləsi bildirişinə əsasən cavabdeh ilə aralarındakı xx.xx.2023-cü il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Bütün bunlara baxmayaraq, cavabdeh müqavilədən irəli gələn öhdəliklərinə uyğun olmayaraq öz vəzifələrini lazımınca icra etməmiş, ona edilən xəbərdarlıqlara məhəl qoymayaraq üzərinə düşən 11840 manat məbləğində dəymiş zərəri və mübahisənin mediasiya vasitəsi ilə həll edilməsi məqsədi ilə 50 manat olmaqla, ümumilikdə 11890 manat onlara ödəməkdən yayınmışdır. Lerik Rayon Məhkəməsinin xx.xx.2024- cü il tarixli e-2(048)-191/2024 saylı qətnaməsi ilə (hakim Atabəy Kiçibəyov) iddia qismən təmin edilərək 6770 manat məbləğində və mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 50 manat pulun Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə verilməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı hüququnu bərpa etmək üçün MA44\23 saylı xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin icarə müqaviləsinə əsasən Mercedes Benz 313 CDİ xüsusi markalı nəqliyyat vasitəsi icarəyə götürülmüş və bu günədək 5070 icarə haqqı hesablanmış və ödənilmişdir. Lakin məhkəmə iddiaçının xərclərini nəzərə almamışdır. İddiaçı tərəfindən icarə müqaviləsi bağlanmış və ödənişlər həyata keçirilmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü ildə iddiaçıya müraciət etmişdir ki, işləsin və borcunu hissə-hissə ödəsin. Cəmi 20 gün işdə olmuşdur. xx.xx.2023-cü il tarixdə ona qardaşının Rusiyada rəhmətə getməsini bildirmişlər, o, bununla əlaqədar getmiş və 15 gün dəfn mərasimində olmuşdur. MMC-nin qanuni təmsilçisi ona zəng vuraraq harada olmasını soruşmuş, o isə dəfn mərasimində olduğunu bildirmişdir. Avtomobili Azər müəllim guya Nurlana xanıma icarəyə vermişdir. Şikayəti qəbul etmir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Lerik Rayon Məhkəməsinin 18 mart 2024- cü il tarixli e-2(048)-191/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarında olan DİN BPQMİ-nin MAPS arayışından görünür ki, xx.xx.1968-ci il tarixdə anadan olmuş Cavabdeh Lerik rayonu Blaband kəndində pasport qeydiyyatındadır. İş materiallarında olan X8 1 saylı Mediasiya təşkilatının X2 tərəfindən tərtib olunmuş xx.xx.2023- cü il tarixli MŞL-02723 saylı arayışdan görünür ki, iddiaçı tərəf Lənkaran 1 saylı Mediasiya təşkilatına əmək mübahisəsi tələbi ilə müraciət etmiş və 50 manat rüsum ödəmişdir. İş materiallarında olan 16 may 2023-cü il tarixli əmrin sürətindən görünür ki, Cavabdeh 16 may 2023-cü il tarixdə sürücü vəzifəsinə təyin olunmuşdur. İş materiallarında olan "xxxx" MMC tərəfindən 04 sentyabr 2023-cü il tarixli qüsur aktından görünür ki, “Ford Tranzit” markalı ** JS *** dövlət qeydiyyat nişanlı xüsusi təyinatlı ambulans avtomobilinə 6770 manat miqdarında maddi ziyan dəymişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli TP5968872 nömrəli qərardan görünür ki, Səfərov X7 Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə edilmişdir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.Hazırkı halda, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edilməklə qətnamə tam olaraq mübahisələndirilmişdir. Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə qismən - ödənilmiş icarə haqqına görə 5070 manat məbləğdə pul vəsaitinə dair hissəsində yoxlanılmasını düzgün hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə iş materiallarını təhlil etdikdə müəyyən edib ki, işin mübahisəsiz hallarından görünür ki, xx.xx.2023-cü il tarixdə cavabdeh “Ford Tranzit” markalı ** JS *** dövlət qeydiyyat nişanlı ambulans avtomobili idarə edən zaman yol-hərəkəti qaydalarını pozmuş, nəticədə avtomobilə müəyyən məbləğdə ziyan dəymişdir. Həmin hadisənin mövcudluğu xx.xx.2023-cü il tarixli Cinayət işinin rədd edilməsi və xx.xx.2023-cü il tarixli TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərarlarla sübut yetirilib. Birinci instansiya məhkəməsində cavabdeh iddianı həmin hissədə qəbul etmiş, icarə müqaviləsinin haqqının ödənilməsi hissəsində iddianı mübahisələndirərək qəbul etməmişdir. Apellyasiya şikayətinin dəlilləri üzrə hazırkı işdə mübahisələndirilən məsələ ondan ibarətdir ki, yol-nəqliyyat hadisəsi zamanı avtomobilə dəymiş zərər nəticəsində nəqliyyat vasitəsi istifadəyə yararsız hala düşmüş və bu səbəbdən Klinika 1 ay müddətinə yeni avtomobili icarəyə götürməli olmuşdur. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Habelə MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya apellyasiya şikayətinin dəlilləri əsasında iş materillarını tədqiq edərək aşkar edir ki, “Ford Tranzit” markalı ** JS *** dövlət qeydiyyat nişanlı ambulansın təmir müddəti ərzində 1 təqvim günü üçün 30 manat hesablamaqla xx.xx.2023-cü il tarixli MA44 23 saylı nəqliyyat vasitəsinin icarə müqaviləsinə əsasən “Mercedes Benz 313 CDİ” xüsusi markalı nəqliyyat vasitəsinin icarəyə götürülməsi və hər hansı məbləğdə icarə haqqının hesablanaraq ödənilməsi mötəbər dəlillərlə öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin göstərilən dəlillərinə qiymət verərək belə hesab edir ki, apellyasiya şikayətinin dəlilləri yuxarıda göstərilənlər baxımından formal və əsassızdır. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə yekun nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi təqdim olunmuş sübutları işin halları üzrə düzgün qiymətləndirmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı nəticəyə gəlmişdir. Ona görə də, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Lerik Rayon Məhkəməsinin 18 mart 2024-cü il tarixli e-2(048)-191/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14.2, 372, 384.0.1, 385.2, 389, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏTETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lerik Rayon Məhkəməsinin 18 mart 2024-cü il tarixli e-2(048)-191/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, o, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1051/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1051/2024
16.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver