Məhkəmə qərarları › İş №2(106)-1059/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1059/2024

27.05.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1059/2024 27.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Lənkəran Rayon Məhkəməsinin 02 may 2024-cü il tarixli, 2(049)-1810/2024 saylı qərardadından İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «payın naturada bölünməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lənkəran Rayon Məhkəməsinin 02 may 2024-cü il tarixli, 2(049)-1810/2024 saylı (X2) qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır. İddiaçı nümayəndəsi və vəkili İslamov X1 Rayon Məhkəməsinin 02 may 2024-cü il tarixli 2(049)-1810/2024 nömrəli qərardadından şikayət verərək iddia ərizəsində qərardadın ləğv edilməsini və işin icraata qəbul edilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 07 may 2024-cü il tarixli, 2(049)-1810/2024 saylı (X2) qərardadı ilə İddiaçı Cavabdeh qarşı «payın naturada bölünməsi» tələbinə iddia ərizəsinin geri qaytarılması barədə Lənkəran Rayon Məhkəməsinin 02 may 2024-cü il tarixli 2(049)-1810/2024 nömrəli qərardadından iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayət təmin olunmayaraq, şikayətin 7 gün müddətində işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Mülki iş Şirvan Apellyasiya Məhkəməsinə 21 may 2024-cü il tarixdə daxil olmuş və iddiaçı tərəfindən verilmiş şikayət 27 may 2024-cü il tarixə yazılı icraat qaydasında baxılması üzrə təyin edilmişdir. Birinci instansiya məhkəməsinin qərardadının tədqiqindən müəyyən edilir ki, iddia ərizəsinin geri qaytarılmasını, iddiaçının iddia ərizəsində iddia tələbinin əsaslandığı hallara dair sübutların siyahısını göstərməməsi ilə əlaqələndirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 397.1-ci maddəsinə əsasən bu məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2 və 149.4-cü maddələrinin məzmununa görə ərizənin verildiyi məhkəmənin adı; iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda - iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı; mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri ərizədə göstərilməlidir. Qeyd olunan prosessual hüquq normasının məzmunundan göründüyü kimi, iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısı ilə ərizəyə əlavə edilən sənədlərin siyahısı fərqli anlayışlar olmaqla, onların hər birinin iddia ərizəsində ayrı-ayrılıqda göstərilməsi ərizənin icraata qəbul edilməsi üçün vacib və zəruru şərtlərdəndir. İddiaçının istinad etdiyi sübutların siyahısı ərizənin məzmununda göstərilmədiyi təqdirdə, iddia ərizəsinə əlavə edilən sənədlərin siyahısının ərizənin sonunda, yəni qoşma şəklində göstərilməsi həmin ərizənin icraata qəbul edilməsi üçün yetərli deyildir. MPM-nin 149-cu maddəsinə xx.xx.2021-ci il tarixli 363-VİQD nömrəli Qanuna əsasən edilmiş dəyişikliyə görə iddiaçının və ya ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısı iddia ərizəsində göstərilməlidir (maddə 149.2.3). Bu tələb mülki prosessual hüquq normalarının ümumi prinsiplərinə uyğun olmaqla yanaşı, iş üzrə tələbə cavab verməli olan şəxsin ona qarşı yönələn tələbin hansı sübutlara əsaslandığını işin icraata qəbul edildiyi vaxtdan etibarən bilməsinə, bununla da özünün həmin tələbə qarşı yarana biləcək etiraz və vəsatətlərini qanunauyğun şəkildə sistemləşdirib məhkəməyə vaxtında təqdim etmək imkanlarına xidmət edir. Qeyd olunan prosessual hüquq normasında göstərilən tələb imperativ xarakterli olub, tərəflərin istinad etdikləri sübutları vaxtında məhkəməyə təqdim etməklə həm işdə iştirak edən şəxslər, həm də məhkəmələr tərəfindən prosessual qənaət prinsipinə riayət edilməsinə yönəldilmiş tədbirdir. Bu müddəa iddiaçının (ərizəçinin) sübutlar siyahısında göstərilməyən digər sübuta öz tələblərinin əsası kimi istinad etməsinin, bunun üçün əsaslar sonradan əmələ gəldiyi hallar istisna olmaqla, qarşısını alır. MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsindən görünür ki, iddiaçı iddia ərizəsində işin faktiki halları başlığı altında bir növ iş haqqında məlumat vermiş, məhkəməyə müraciət etməsinin səbəbini göstərmişdir. Daha sonra isə qanunvericilik normalarını sadalamışdır. Eyni zamanda sübutların siyahısı ilə ərizəyə əlavə edilən sənədlərin siyahısı fərqli məfhumlar olmaqla, onların hər birinin iddia ərizəsində ayrı-ayrılıqda göstərilməsi ərizənin icraata qəbul edilməsi üçün vacib və zəruri şərtlərdəndir. Qanunvericilik tərəfindən məhz “sübutların siyahısı” anlayışının məcəlləyə daxil edilməsi də özlüyündə xüsusi məna kəsb edərək iddiaçının üzərinə vəzifə qoymuşdur ki, iddiasını məhz hansı sübutlar əsasında təsdiq edəcəyini məhkəməyə göstərməli və məhkəmə tərəfindən də məhz o sübutlar cavabdehə göndərilməli və cavabdeh də həmin sübutlara əsasən öz müdafiəsini qurmalıdır. Qoşma şəklində isə sübutların siyahısından əlavə iddia ərizəsinə əlavə edilməsi zəruri olan sənədlər, yəni rüsumun ödənilməsi barədə qəbz, maps arayışı, etibarnamə, iddia ərizəsinin surətləri və s. bu kimi əlavə edilir. Hazırkı işdə də iddia ərizəsinin MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa tam şəkildə riayət edilmədiyindən, (sübutların siyahısı göstərilmədiyindən) hazırki tələbə mülki məhkəmə icraatı qaydasında məhkəmədə baxılmalı olmaması əsası ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması haqqında qərardad çıxarılmışdır. Ona görə də, kollegiya hesab edir ki, iddiaçının nümayəndəsinin şikayətində göstərdiyi hallar Lənkəran Rayon Məhkəməsinin 02 may 2024-cü il tarixli, 2(049)-1810/2024 saylı qərardadının ləğv edilməsi üçün əsas deyildir. Məhkəmə kollegiyası şikayətin dəlilləri üzrə yekun dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qənaətinə gələrkən prosessual normaları düzgün tətbiq və təfsir etdiyindən, şikayət təmin edilməməli, gəlinən nəticə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 365, 397,398, 400 və 402.2-402.3-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 02 may 2024-cü il tarixli, 2(049)-1810/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar