Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1075/2023 26.09.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, Məmmədov Samir Valeh oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi vəkil Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Biləsuvar Rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli 2(022)-214/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Biləsuvar Rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli 2(022)-214/2023 saylı qətnaməsi (hakim Nüsrət Mirzəyev) ilə iddia qismən təmin edilərək Cavabdeh İddiaçı xeyrinə əsas borc qismində 2570 manat, gecikdirilmiş müddət üzrə dəbbə borcuna görə 30 manat olmaqla, cəmi 2600 manat və ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 40 manat pulun tutulması qət edilmişdir. Cavabdeh Zəkiyev X2 Rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli 2(022)- 214/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. apellyasiya şikayəti vermişdir. İŞİNHALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 28 iyun 2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən əsas borc qismində 2570 manat, gecikdirilmiş müddət üzrə dəbbə borcuna görə 300 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasının xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyatdan keçməklə, sahibkarlıq fəaliyyəti ilə - əsasən məişət əşyalarının satışı ilə məşğul olur. 2021-ci ilin iyun ayının 28-də cavabdeh iddiaçı ilə malın nisyə alqısatqısına dair müqavilə bağlamaqla ondan 2570 manat dəyərində “İndesit” markalı soyuducu, “LED Emersun” 43 smart televizor, “İndesit” markalı paltaryuyan və bıçaq dəstini nisyə almışdır. Aralarında tərtib edilmiş ödəmə cədvəlinə əsasən cavabdeh 12 ay müddətinə hər ay 215 manat məbləğində pul vəsaiti ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh ilkin ödənişdən sonra ümumiyyətlə aldığı malların pulunu ödəməmişdir. Tərəflər arasında olan müqavilələrə görə cavabdeh hər gecikdirilən günə görə iddiaçıya ödənilməyən məbləğin 0,1 faizi məbləğində pul ödəməli idi. Hazırda cavabdeh 28 iyun 2021-ci il tarixli müqavilə üzrə 1 il 5 aydır ki, yəni 400 gündür borcu gecikdirir və borcunu ödəmir. Ödənilməyən məbləğ 2570 manat, 0,1 faizi 2 manat 50 qəpik edir. Hazırda onun müqavilə üzrə gecikdirməyə görə borcu 1000 manat məbləğ təşkil edir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh apellyasiya şikayəti vermiş şikayətini onunla əsaslandırmışdır ki, heç vaxt İddiaçı ilə malların nisyə satışı barədə müqavilə bağlamamış və heç bir müqaviləyə imza etməmişdir. Əgər məhkəməyə təqdim edilmiş müqavilədə adı göstərilmiş və imza olunmuşdursa, həmin imza ona aid olmamış, İddiaçı tanımamış və onu heç bir vaxt görməmişdir. Məhkəmə iştirakı təmin edilməmiş və dinlənilməmişdir. Cavabdeh məhkəmədə izahat verərək göstərmişdir ki, qızına cehiz almaq üçün 10 iyun 2021-ci il tarixdə iddiaçının əri Ərəstunun işlədiyi məişət əşyaları satılan mağazaya getmiş, oradan nağd şəkildə cehiz olaraq 1 ədəd soyuducu, 1 ədəd televizor, 1 ədəd paltaryuyan və 1 ədəd çəngəl-bıçaq dəstini ümumilikdə 2400 manata almışdır. O, həmin malları iddiaçıdan yox, Ərəstundan almışdır. Qızının 15 iyun 2021-ci il tarixdə qız toyu olmuş, 20 iyun 2021-ci il tarixdə isə oğlan toyu olaraq gəlin köçmüşdür. Cehiz əşyaları olaraq da həmin mallar oğlan toyundan əvvəl aparılaraq kürəkəninin evinə yerləşdirilmişdir. Lakin hazırkı müqavilə saxtalaşdırılaraq 28 iyun 2021-ci il tarixində ona imzalatmışlar. Belə ki, o, 28 iyun 2021 ci il tarixdə iddiaçının ərindən nisyə olaraq bir il müddətinə hər ay 47 manat ödəmək şərti ilə “REDMİ” markalı mobil telefon götürüb qızına hədiyyə etmiş və onun pulunu da ödəmişdir. Hazırda onun iddiaçıya heç bir borcu yoxdur. əslində iddiaçının ərindən 7 il bundan öncə öz anasının müalicəsi üçün 700 manat faizə pul götürmüş, həmin pulun faizi olaraq ona hər ay 150 manat pul ödəmişdir. Hazırda imkanı olmadığı üçün həmin faiz borcundan 150 manat borcu qalmışdır. İddiaçı isə ondan qisas almaq üçün hazırkı tələb üzrə iddianı qaldırmışdır. İddiaçı nümayəndəsi vəkil Nümayəndə məhkəmədə izahat verərək göstərmişdir ki, Cavabdeh 28 iyun 2021-ci il tarixdə cavabdeh iddiaçı ilə malın nisyə alqı-satqısana dair müqavilə bağlamaqla ondan 2500 mnanat dəyərində “İndesit” markalı soyuducu, “Led Emerson” 43 smart televizor, “İndesit” markalı paltaryuyan və buçaq dəstini nisyə almışdır. Aralarında tərtib edilmiş ödəmə cədvəlinə əsasən cavabdeh 12 ay müddətinə hər ay 215 manat məbləğində pul vəsaiti ödöməyi öhtəsinə götürmüşdür. Cavabdeh ilkin ödənişdən sonra ümumiyyətlə aldığı malların pullunu verməmişdir. Hazırda cavabdehin iddiaçıya 2570 manat məbləğində borcu qalmışdır. Həmin malların cavabdehə təhvil verilməsi haqqında barədə hər hansı sübut mövcud deyildir. Habelə, cavabdeh mobil telefonun kreditini tam şəkildə ödədiyi üçün iddiaçı ilə cavabdehin arasında bağlanmış həmin alqısatqı müqaviləsini saxlamamışlar. İş materiallarına əlavə edilmiş müqavilə məişət əşyalarının nisyə alqı-satqısı müqaviləsidir. Lakin texniki səhv olaraq müqavilədə mobil telefon qeyd edilmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları hərtərəfli şəkildə tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və Biləsuvar Rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli 2(022)-214/2023 saylı qətnaməsi ləğv edilərək iddia rədd edilməlidir. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşdə olan İddiaçı və Cavabdeh arasında bağlanmış 28 iyun 2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə və həmin müqaviləyə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh dəyəri 2570 manat dəyərində İndesit markalı soyuducu, LED Emersun 43 smart televizor, İndesit markalı paltaryuyan və bıçaq dəstini 12 ay müddətinə hər ay 215 manat ödəmək şərtilə İddiaçı almışdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş və iş üzrə qanuni və əsaslı olmayan qətnamə qəbul olunmuşdur. Belə ki, apellyasiya instansiya məhkəməsi tərəfindən işin tam hüquqlu məhkəmə olaraq tam və hərtərəfli araşdırılması zamanı müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi yekun qənaətə gələrkən iş üzrə əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamış və bunlara lazımi hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, birinci instansiya məhkəməsi qətnaməni qəbul edərkən 28 iyun 2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə istinad etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 324-cü maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. MM-in 404-cü maddəsinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. Beləcə, müqavilə əqdlərin bir növü kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır. Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (MM-in 324.5 və 404.1-ci maddələri). Məhkəmə kollegiyası hazırkı iş üzrə diqqətə çatdırmağı zəruri hesab edir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 03 mart 2023-cü il tarixli Plenum qərarına görə mülki dövriyyənin sabitliyinin təmin edilməsi məqsədi ilə məhkəmələr təqdim olunmuş sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq onların əsasında müqavilə üzrə tərəflərin əsl məqsədlərini və iradə ifadələrini dəqiqləşdirməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsini müəyyən etməli, müqavilələrin etibarlı olub-olmamasına düzgün hüquqi qiymət verməlidir. Yuxarıda sadalanan və hazırda qüvvədə olan qanunvericiliyin imperativ tələbləri baxımından cavabdehin mobil telefon alması halı üzrə iddiaçının nümayəndəsi tərəfindən mobil telefon üzrə cavabdehin borcunun olmaması qeyd edilmişdir. Bununla yanaşı, nümayəndə hazırkı müqavilə mobil telefonun alınmasına dair olmağını bildirmişdir ki, beləcə hazırkı iddia tələbi üzrə işin faktiki halları və təqdim edilmiş müqaviləyə əsasən tamamilə ziddiyyətli izahatlar vermişdir. Həmçinin apellyasiya şikayətində istinad edilən dəlillər üzrə qeyd edilməlidir ki, adıçəkilən müqavilə üzrə nəzərdə tutulan əşyaların məhz həmin müqavilə əsasında və nisyə alınması cavabdeh tərəfindən təkzib edilir. Habelə, cavabdehin həmin malları almaqda məqsədi qızına cehiz vermək olmuşdur ki, toyun məhz 20 iyun 2021-ci il tarixdə olduğu üçün həmin malların toydan əvvəl alınması, habelə birinci instansiya məhkəməsində ümumiyyətlə iştirak etməyən və iş materialları ilə heç vaxt tanış olmayan cavabdehin həmin müqavilə üzrə mobil telefon almasını göstərməsi və bütün müqavilə üzrə - 6 bəndlik müqavilənin 5 bəndində də məhz mobil telefon alınmasından bəhs edilməsi, 28 iyun 2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi əsasında satılması iddia edilən məişət əşyalarının cavabdehə təqdim edilməsinə dair heç bir sübutun təqdim edilməməsi, mobil telefonun satılmasına dair başqa hər hansı müqavilənin məhkəməyə verilməsinin mümkünsüzlüyü və iş üzrə müəyyən edilmiş digər hallar qeyd edilən müqavilə üzrə hazırkı iddia tələbinin təmin edilməsi üçün yetərli olmamaqla, iddianın əsaslılığını şərtləndirmir və iddia tələbini şübhə altına alır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış mövcud sübutlara baxdıqdan sonra onlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddianın təmin edilməsi üçün əsaslar müəyyən edilmir. Belə ki, hazırkı iddianın təmin edilməsi üzrə məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə iddiaçının iddia tələbinə və bu tələbin təsdiqi kimi məhkəməyə verdiyi iddia ərizəsinə hüquqi cəhətdən qiymət verilməsi üçün ilk öncə iddiaçının tələbinin özlüyündə əsaslandırılmış olması müəyyən edilməli, bunun üçün isə MM-in 600-cü maddəsinin bütün dispozisiya şərtlərini təqdim edib-etmədiyi yoxlanmalıdır. Belə ki, Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü amddəsinə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Qanunvericiliyin göstərilən normasından da göründüyü kimi hazırkı mülki iş üzrə tərəflər arasında etibarlı alqı-satqı müqaviləsinin bağlanıb-bağlanmaması, müqavilə üzrə əşyaların alıcıya verilib-verilməməsi kimi şərtlərin mövcud olub-olmaması yoxlanılmalıdır. Göründüyü kimi, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi yazılı formada bağlanmış əqdə əsaslanır. Hazırda 28 iyun 2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə hansı məhsulun cavabdehə satılması, onun cavabdehə təqdim edilməsi halı sübuta yetirilmir. Ona görə də, məhkəmə kollegiyası iddianın qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə də razılaşmayaraq, gəlinən nəticəni işin faktiki hallarına uyğun olmamaqla qanuni və əsaslı hesab etmir. “S.Əliyevanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2006-cı il 31 may tarixli qərarında göstərilmişdir ki, məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Beləliklə, sübutların düzgün qiymətləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Belə ki, məhkəmə qərarının əsaslı olması üçün o, məhkəmə iclasında mülki prosessual qanunvericiliyin prinsiplərinə və qaydalarına uyğun şəkildə hərtərəfli və tam araşdırılmış, iş üçün önəmli olan hallara əsaslanmalıdır. Bu səbəbdən məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri ətraflı və aydın şəkildə öz əksini tapmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının, hər hansı sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin səbəbləri və əsasları göstərilməli, yəni gəlinən nəticə və qənaət kifayət qədər əsaslandırılmalıdır. Kollegiya bildirir ki, birinci instansiya məhkəməsi hazırkı qətnaməni hər hansı mötəbər sübuta istinad edilmədən yalnız iddiaçının nümayəndəsinin izahatına, habelə məzmunca düzgün tərtib edilməmiş və işin halları ilə mötəbərliliyi şübhə altına alınan müqavilə əsasında yaranan mülahizə və ehtimala əsaslanmaqla qəbul etmişdir. Bununla da, məhkəmə qətnaməsi lazımi sübutlarla təmin olunmamışdır. Konstitusiyadan irəli gələn prinsiplər öz əksini mülki prosessual qanunvericilikdə daha geniş şəkildə tapmışdır. Belə ki, ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri). Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi nəticəsində qəbul edilən məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermir və onların ədalətli olması şübhə altına alınır ("F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli və N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarlar). Məhkəmə qeyd edir ki, MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, kollegiya hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia rədd edilməlidir. Habelə MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 372, 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Biləsuvar Rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli 2(022)-214/2023 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia rədd edilsin. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1075/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1075/2023
26.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver