Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1083/2024 14.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair mülki iş üzə Neftçala Rayon Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli 2(053)-476/2023 saylı qətnaməsindən (hakim S.Quliyev) Cavabdeh və onun vəkili, eyni zamanda nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İlkin olaraq İddiaçı cavabdehlər X2 və Cavabdeh qarşı “əmlak” tələbinə dair iddia ərizəsi ilə Neftçala Rayon Məhkəməsinə müraciət edərək, ona nişan və toy zamanı hədiyyə şəklində verilmiş cəmi 8300 (səkkiz min üç yüz) manat dəyərində qızıl-zinət əşyalarının natura şəklində və ya onların dəyərinin, habelə iş üzrə müvafiq mediasiya təşkilatına və məhkəməyə ödənilmiş 105 manat dövlət rüsumunun cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı tələbini dəqiqləşdirib X5 cavabdehlər sırasından çıxarmaqla, əmlak tələbinə dair iddiasını yalnız Cavabdeh qarşı irəli sürmüşdür. Tələb onunla əsaslandırılmışdır ki, X5 ilə xx.xx.2016-cı il tarixdə rəsmi nikah qeydiyyatından keçərək evlənib ailə həyatı qurmuşdur. Birgə nikahlarından uşaqları olmamışdır. Onları qarşı tərəfin ailəsi ilə qonşuları tanış etmişdir. 2016-cı ildə elçilik, sonra nişan, daha sonra isə toy məclisi olmuş, Əli Ağayevin atasının rayonun Cəngan kəndindəki evinə gəlin köçmüşdür. Valideyinlərinin verdiyi cehizləri də, toydan az sonra həmin evə aparılmışdır. Əli Ağayevlə təxminən 2 il 3 - 4 ay müddətində ər-arvad kimi birlikdə yaşamışlar. Uşağlarının olmaması məsələsi ilə əlaqədar anasıgil onu hər yerə müayinə - müalicəyə aparmışlar. Müayinə zamanı onda şəkər xəstəliyi aşkarlanmış və müalicə olunmuşdur. Müalicələrdən sonra anasıgil yenidən onu ər evinə aparmışdılar. Bir müddətdən sonra qayınanası, Cavabdeh (onu hamı, hər yerdə “Qızbəs” adı ilə tanıyır) anasıgilə zəng vurmuşdu ki, qızınız xəstədir, gəlin aparın müalicəyə. Anasıgil də gəlib onu götürərək öz evilərinə gətirmişdilər. Həmin vaxt artıq neçə ay idi ki, qayınansı Əsma qızılzinət əşyalarını ondan almışdı deyə, ata evinə boş, tam qızıllarsız qayıtmışdı. Həmin vaxtdan da o ata evində yaşayır. Sonra cavabdehlər bir daha onun arxasınca gəlib onu aparmamışlar. Sonradan biliblər ki, Əli Ağayev ona qədər olduğu kimi, ondan sonra da artıq 3-cü, yaxud da 4-cü dəfə ailə qurmuşdur. Beləliklə onlar 2018-ci ilin noyabr ayında uşaqsız kimi rayon qeydiyyat şöbəsində boşanmışlar. Bir il sonra isə gedib cehizlərini və digər köçünü ər evindən götürüb ata evinə gətirmişdir. Həmin vaxt cehizlərinin əksər qismini də ona verməmişlər, verdikləri də əsasən köhnə pal-paltar idi ki, onları da acıqlarından evdə yandırıblar. Köçü gətirən vaxt qayınanasından qızıllarını da tələb edib istəmiş, qayınanası qızıllarını satdığını bildirmişdir. Ərdə olduğu müddətdə isə müalicəsini atasıgil hər dəfə öz pulları ilə etdiriblər. Şəkər xəstəliyi tapmasına səbəb də cavabdeh tərəf olmuşdur. Belə ki, ər evinin 200-250 baş mal-qarası və qoyun-quzusu olmaqla ferma təsərrüfatları vardır. Onlar ona həmin heyvanların yatağını təmizlətdirərkən, iri qoyun itlərinin qəflətən üzərinə hücum etməsi nəticəsində bərk qorxub xəstəlik tapıb. Qayınanası Cavabdeh ona məxsus olmaqla nişanda və toyda hədiyyə şəklində həmişəlik ona verilmiş və qanunla xüsusi mülkiyyətində olan bütün qızıl-zinət əşyalarından onu məhrum etmişdir. Hansı ki, həmin qızıl əşyaları ona hədiyyə olunan gündən 2 ildən çox müddətdə ər evində, atası evində və ümumiyyətlə hər yerdə bütün mərasimlərdə taxıb gəzdirmişdir. Sözügedən qızıl-zinət əşyalarını qayınanasıgil həm nişan, həm də toy mərasimlərində hamının gözü qarşısında ona taxmışlar. Ona görə də qanunla xüsusi mülkiyyətində olan həmin əşyaları məhkəmədə iddia qaldırmaq yolu ilə almaq məcburiyyətindədir. Həmin qızıl əşyaları qanunla, lap elə şəriətlə də ona məxsus olduğundan və hətta mübahisələndirilmədiyindən belə, onun şəxsi əmlakıdır və hesab edir ki, hədiyyə kimi verilmiş həmin əşyalar cavabdehdən məhkəmə qaydasında alınıb ona qaytarılmalıdır. Bütün bu müddətdə ümid etdi və yaxın zamanlara kimi gözlədi ki, nəhayət onlar insafa gəlib mütləq həmin zinət əşyalarını gec-tez gətirib ona qaytaracaqlar. Lakin cavabdeh bu vaxtadək qızıllarını xoşluqla ona qaytarmadı. Təkliflə bu barədə ilk müraciət etdiyi müvafiq mediasiya təşkilatında olarkən, ərinin atası Əlipaşa Ağayev hamının gözü qarşısında mediatorun sualına aşkar surətdə cavab olaraq demişdi ki, gəlinin (yəni onun) qızıllarını satmışıq, ürəyim xəstə olduğu üçün həmin qızılların puluna ürəyimi müalicə etdirmişəm. Cavabdeh qayınanası tərəfindən ondan alınmış və öz dediklərinə görə satdıqları üçün bir daha ona qaytarmayacaqları həmin qızıl-zinət əşyaları aşağıdakılardır: (Qızılların hamısı 583 əyarlı olmaqla Rusiya istehsalıdır.) Nişan üzüyü - çəllək formalı, 5 briliant qaşlı - 22 qram, qiyməti 1450 manat, qalın tros sep - (traktor adlanır) - 32 qram, qiyməti 2500 manat, qolbaq - 22 qram, qiyməti 1350 manat və komplekt üzük – sırğa qanqal formalı, 8 brilyant qaşlı - 30 qram, qiyməti 3000 manat. Qızıl-zinət əşyalarının dəyəri cəmi 8300 (səkkiz min üç yüz) manat təşkil edir. Yuxarıda qeyd etdiyi qızıl-zinət əşyalarının nişan və toy mərasimində cavabdeh və ailə üzvləri tərəfindən hədiyyə şəklində ona verilməklə şəxsən məxsus olmasını və sonradan cavabdeh tərəfindən ondan alınmasını nişan və toyları zamanı çəkilmiş fotoşəkillər və videokassetlər də təsdiq edir. Fotoşəkilləri ərizəyə əlavə etmişdir. Onlardakı video kasetlər itdiyi üçün, qarşı tərəfdə yəqin ki, saxlanıldığından, həmin kasetlər onlardan tələb edilib, nümayiş etdirilə bilər. Qeyd olunanları şahidləri də təsdiq edə bilər. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində İddiaçı iddiasını müdafiə edib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində cavabdehin vəkili, eyni zamanda nümayəndəsi Vəkil iddianı qəbul etməyərək, iddia tələbinin heç bir hüquqi əsası olmadığını bildirib rədd olunmasını xahiş etmiş və izahatında göstərmişdir ki, mübahisə üzrə “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konsitutusiya Məhkəməsi Plenumunun 29 iyul 2019-cu il tarixli qərarında qeyd edilmiş hüquqi mövqe baxımındən həll edilməli, iddia müddəti tətbiq olunaraq, iddia tələbi rədd edilməlidir. Bununla yanaşı, Neftçala Rayon Məhkəməsinin 04 avqust 2023-cü il tarixli qərardadı ilə təyin olunmuş ekspertizanın rəyi ilə də razı deyildir, iddiaçıya verilmiş qızıl-zinət əşyalarının qramı və qiymətləri şişirdilmişdir. İddiaçı tərəfindən qeyd olunan məbləğlərdə qızıl-zinət əşyalarının ona hədiyyə verilməsi reallığı əks etdirmir. Belə ki, iddiaçıya qeyd olunan qiymətlərdə əşyaların hədiyyə edilməsi, bu nikahdan əvvəl ailə qurmuş Əli Ağayevin maddi imkanları xaricindədir. Neftçala Rayon Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli 2(053)-476/2023 saylı qətnaməsi ilə iddia təmin olunaraq, 1450 manat dəyərində Rusiya istehsalı olan çəllək formalı, 5 brilyant qaşlı 583 əyarlı, 22 qram çəkidə 1 ədəd nişan üzüyü, 2500 manat dəyərində 1 ədəd Rusiya istehsalı olan qalın tros sep 583 əyarlı, 32 qram çəkidə, 1350 manat dəyərində 1 ədəd Rusiya istehsalı olan qolbağ 583 əyarlı, 22 qram çəkidə və 3000 manat dəyərində Rusiya istehsalı olan qanqal formalı, 8 brilyant qaşlı komplekt üzük-sırğa 583 əyarlı, 30 qram çəkidə qızıl-zinət əşyalarının, əşyalar olmadıqda onların ümumi dəyərini təşkil edən 8300 manat pulun, 50 manat mediasiya xərci 55 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh vəkili, eyni zamanda nümayəndəsi Vəkil apellyasiya şikayəti verərək ləğv olunması və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsindən də göründüyü kimi birgə nikahdan əldə edilmiş əmlak tələbi 3 il müddətində irəli sürülə bilər. Faktiki olaraq cavabdeh tərəfindən məhkəmə iclasında iddia müddəti ilə bağlı ərizə verilsədə, məhkəmə tərəfindən bu ərizə qəbul edilməmiş, əksinə isə Mülki Məcəllənin 666-cı, yəni bağışlama müqaviləsi kimi qələmə alınaraq münasibət bildirilmişdir. Bu isə maddi normanın kobud şəkildə pozuntusudur. Məhkəmə tərəfindən prosessual hüquq normalarının tələbləri də pozulmuşdur. Məhkəmə tərəfindən işin hərtərfli, tam, obyektiv araşdırılması aparılmamışdır. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə qətnaməsi əsaslı deyildir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış tərəflər məhkəmədə iştirak etməmiş, bunun üzürlü səbəbləri barədə qabaqcadan məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın isə təmin olunmamasını xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğvinin əsasını təşkil edə bilməz Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə edilmiş “Nikahın haqqında” 31 mart 2023-cü il tarixli çıxarışdan görünür ki, X5 ilə İddiaçı arasında 18 iyul 2016-cı il tarixdə nikah bağlanmış, həmin nikah Neftçala rayonu, Aşağı Qaramanlı İƏN tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 13 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Ağayev, arvada Ağayeva soyadları verilmişdir. İş materiallarına əlavə edilmiş X5 ilə İddiaçı toy şənliyinin fotoşəkillərindən görünür ki, iddiaçıya tələb etdiyi qızıl-zinət əşyaları hədiyyə edilmişdir. İş materiallarına əlavə edilmiş “Nikahın pozulması haqqında” şəhadətnamənin surətindən görünür ki, X5 ilə X4 arasında olan nikah 12 noyabr 2018-ci il tarixdə ləğv edilmişdir. İş materiallarına əlavə edilmiş «İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə» arayışdan görünür ki, İddiaçı ilə X5 arasındakı mübahisənin həlli mediasiya qaydasında baş tutmamışdır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş məhkəmə əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 noyabr 2023-cü il tarixli 9/7340 nömrəli ekspert rəyində iddia olunan tədqiqat aparılan tarixə 1 ədəd Rusiya istehsalı olan çəllək formalı 5 brilyant qaşlı nişan üzüyünün 583 əyar, 22 qram, 1 qramının qiyməti 85 manat olmaqla ümumi qiyməti 1870 manat; 1 ədəd Rusiya istehsalı olan qalın tros sepin 583 əyar, 32 qram, 1 qramının qiyməti 85 manat olmaqla ümumi qiyməti 2720 manat; 1 ədəd Rusiya istehsalı olan qolbağın 583 əyar, 22 qram, 1 qramının qiyməti 85 manat olmaqla ümumi qiyməti 1870 manat; 1 ədəd Rusiya istehsalı olan qanqal formalı 8 brilyant qaşlı komplekt üzük-sırğa dəstinin 583 əyar, 30 qram, 1 qramının qiyməti 85 manat olmaqla ümumi qiyməti 2550 manat, cəm olaraq ümumi qiymətlərinin isə 9010 manat təşkil etməsi müəyyən edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli Ali Məhkəmənin Plenum qərarında isə göstərilir ki, insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına dair Protokolun (qeyri-rəsmi 1 saylı Protokol) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin : 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır); 34.2-ci maddəsinə əsasən ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ərarvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir; 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir; 225.3-cü maddəsinə əsasən daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır; 225.4-cü maddəsinə əsasən ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir; 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır; 668.1.3-cü maddəsinə əsasən daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdiyi halda bağışlama etibarlıdır; 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə, iddia müddəti şamil edilmir. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024cü il tarixli Qərarının 3.9-cu bəndində qeyd edilir ki, ər-arvadın birgə mülkiyyəti prezumpsiyasını aradan qaldıran hallar Ailə Məcəlləsinin 34-cü maddəsində göstərilmişdir. Həmin normaya görə, nikaha daxil olanadək ər-arvada məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak, eləcə də fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) onların hər birinin ayrıca (fərdi) mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən həmin halları sübut etmək yükü bunu iddia edən və ya iddiaya etiraz edən tərəfin üzərinə düşür. X6 5.10-cu bəndində isə qeyd edilir ki, nikaha daxil olanadək və nikah dövründə keçirilən mərasimlərdə (elçilik, nişan, toy və sair) tərəflərdən birinə hədiyyə verilən zinət əşyaları onların ayrıca əmlakı sayılır və Ailə Məcəlləsinin 34.2-ci maddəsində müəyyən edilmiş istisnanın təsir dairəsinə düşmür Mülki Prosessual Məcəllənin : 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur, 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3-cü maddəsinə əsasən Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, tələb olunan qızılların həqiqətən cavabdehin oğlu ilə iddiaçı ailə qurarkən iddiaçıya hədiyyə olunması işin mübahisəsiz halıdır. Bu iş materiallarına əlavə olunmuş toy zamanı çəkilən fotoşəkillərlə, eyni zamanda cavabdeh tərəfin iddiaçıya qızıl hədiyyə etmələrinin inkar olunmaması ilə təsdiqini tapır. Cavabdeh tərəfindən iddiaya qarşı verilən yazılı etirazda da, qızılların iddiaçı tərəfindən özü ilə aparılması bildirilmir, əksinə həmin qızıllar iddiaçının əri ilə birgə nikahları dövründə əldə etmiş olduqları əmlak kimi qələmə verilərək, 3 illik iddia müddəti tətbiq olunmaqla iddianın rədd olunması xahiş olunur. Qətnamədən verilmiş apellyasiya şikayətinin əsas dəlili də məhz bu səpkidədir. Kollegiya apellyasiya şikayətinin qeyd olunan dəlilinə münasibət bildirərək hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda sadalanan qanunvericilik aktı normaları və “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli Qərarının müddəaları baxımından düzgün hüquqi qiymət verərək, iddiaçıya toy və nişan zamanı hədiyyə olunan qızıl-zinət əşyalarını yalnız iddiaçının mülkiyyəti kimi qiymətləndirmiş və iddia müddətinin tətbiq olunması üçün əsasların olmaması qənaətinə (protkol qaydasında qəbul edilmiş qərardadla olsa da, iş v. 101) gəlmişdir. Apellyasiya şikayətinin digər dəlili isə cavabdehin oğlunun ikinci evliliyi olması baxımından iddiada qeyd olunan məbləğdə qızıl-zinət əşyalarını hədiyyə etməyə maddi imkanlarının olmaması, qızılların çəki və qiymətlərinin şişirdilmiş olması ilə bağlıdır. Kollegiya apellyasiya şikayətinin qeyd olunan dəlilini də əsassız hesab edir. Əvvəla ona görə ki, cavabdehin vəkili, eyni zamanda nümayəndəsi birinci instansiya məhkəməsində iştirak edərkən ekspert rəyi ilə razı olmadığını bildirsə də, ekspert rəyini şübhə altına ala biləcək hər hansı bir sübut, yenidən ekspertizanın keçirilməsinə dair vəsatət verməmişdir. Bundan başqa o da nəzərə alınmalıdır ki, ekspert tədqiqat aparılan dövr üçün qızılların ümumi dəyərinin 9010 manat, iddiaçı ailə qurarkən isə ümumi dəyərinin 6360 manat təşkil etdiyini müəyyən etmiş və rəydə qızılların briliant qaşları ümumiyyətlə qiymətləndirilməmişdir. Ekspert rəyi ilə qızılların müəyyən olunan qiyməti iddia olunan məbləğdən artıq olsa da, məhkəmə tələbdən kənara çıxmayaraq, tələb olunan qızılların dəyərini iddia olunan məbləğlə müəyyən etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv oluna bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 112.1.2-ci maddəsinə əsasən əmlakın tələb edilməsi haqqındakı iddialarda iddianın qiyməti tələb edilən əmlakın dəyəri ilə müəyyən edilir; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh vəkili, eyni zamanda nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Neftçala Rayon Məhkəməsinin 26 dekabr 2024-cü il tarixli 2(053)-476/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Pərviz Əhmədov
Məhkəmə qərarları › İş №2(106)-1083/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1083/2024
14.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver