Məhkəmə qərarları › İş №2(106)-1085/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1085/2023

11.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1085/2023 11.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Pərviz Tərlan oğlu (sədrlik edən və məruzəçi), İmanov Cahid Fehruz oğlu və İsmayılov Orxan Nadir oğlundan ibarət məhkəmə tərkibində, Lənkəran Rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli 2(049)-2096/2023 saylı qərardadından İddiaçı nümayəndəsi vəkil Nümayəndə tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Lənkəran 1 saylı Mediasiya təşkilatı, Qafarova Tünzalə Nurməmməd qızı və Rusiya Federasiyasının Həştərxan vilayətinin Həştərxan şəhərinin notariat dairəsinin notariusu Yakupova Sabilya Qazimovna üçüncü şəxslər qismində işə cəlb edilməklə, Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, Rusiya Federasiyasının Həştərxan vilayətinin Həştərxan şəhərinin notariat dairəsinin notariusu Yakupova Sabilya Qazimovna tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli 30/47-n/30-2022-1-946 reyestr nömrəli 30AA1240137 seriyalı etibarnamənin, həmçinin Cavabdeh tərəfindən onun barəsində Atanın razılığı tələb olunmadan uşaqların ananın müşayiəti ilə yetkinlik yaşına çatanadək xarici ölkələrə aparılıb gətirilməsi tələbindən irəli gələn ailə mübahisəsi üzrə Cavabdeh qızna Lənkəran 1 saylı Mediasiya təşkilatı (mediator Seyfullayev Rahim Mirağa oğlu) tərəfindən verilmiş MŞL-00465 nömrəli İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Arayışın məhkəmə qaydasında etibarsız hesab edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli 2(049)-2096/2023 saylı qərardadı ilə (hakim Kamran Süleymanov) İddiaçı Lənkəran 1 saylı Mediasiya təşkilatı, Qafarova Tünzalə Nurməmməd qızı və Rusiya Federasiyasının Həştərxan vilayətinin Həştərxan şəhərinin notariat dairəsinin notariusu Yakupova Sabilya Qazimovna üçüncü şəxslər qismində işə cəlb edilməklə, Cavabdeh qarşı etibarnamənin və İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Arayışın məhkəmə qaydasında etibarsız hesab edilməsi tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilmiş, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin İddiaçı qaytarılması qərara alınmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, hazırkı tələbə mülki məhkəmə icraatı qaydasında məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçı nümayəndəsi vəkil Nümayəndə həmin qərardaddan şikayət vermiş və şikayətində məhkəmənin 17 may 2023-cü il tarixli 2(049)-2096/2023 nömrəli qərardadını qanunsuz və əsassız hesab etdiyini qeyd edərək iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli 2(049)-1816/2023 saylı qərardadı ilə Lənkəran Rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli 2(049)-1816/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmış və həmin qərardaddan İddiaçı tərəfindən verilmiş şikayətin baxılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə kollegiyası yazılı icraat qaydasında şikayətin dəlillərini və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, şikayət təmin edilməməli, Lənkəran Rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli 2(049)-2096/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. “Mediasiya haqqında” Qanunun 29.2-ci maddəsinə görə tərəflər və ya onlardan biri onlara mediatorun (mediasiya təşkilatının) və ya digər tərəfin bu Qanunun 22-ci (22.1.1-ci maddə istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları və ilkin mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən ilkin mediasiya sessiyası barədə bildirişi təqdim etməsindən sonra tərəflər və ya onlardan biri ilkin mediasiya sessiyasında iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə İlkin mediasiya sessiyasında iştirak edilməməsi ilə bağlı arayışı həmin şəxslərə təqdim edir. Həmin Qanunun 29.7-ci maddəsinə əsasən bu Qanunun 29.2-ci, 29.3-cü və 29.6-cı maddələrində göstərilən arayışı və ya protokolu əldə etdikdən sonra tərəf məhkəməyə və ya arbitraja (münsiflər məhkəməsinə) müraciət edə bilər. Müraciətə müvafiq arayış və ya protokol əlavə edilməlidir. Qeyd edilməlidir ki, adıçəkilən Qanunun tələblərinə uyğun olaraq iddiaçının hazırda mübahisələndirdiyi arayış digər mülki iş üzrə Əliyeva (Kazımova) Günel Şaddıq qızına məhkəməyə müraciət edə bilmək imkanı vermişdir. Belə ki, Əliyeva (Kazımova) Günel Şaddıq qızı ailə mübahisəsi üzrə məhkəməyə müraciət edərkən ilkin mediasiya sessiyası ilə bağlı sübut kimi məhz hazırda mübahisələndirilən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışı təqdim etmişdir. Qanunun 21.9.1-ci maddəsinə əsasən bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədikdə, müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır. Habelə, MPM-in 259.0.13-cü maddəsinin tələbinə görə “Mediasiya haqqında” Qanunun 21.9-cu maddəsində göstərilən hallarda məhkəmə ərizəni baxılmamış saxlayır. Beləliklə, işdən də göründüyü kimi hazırkı iş üzrə iddiaçı Əliyeva (Kazımova) Günel Şaddıq qızı tərəfindən mübahisələndirilən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışın etibarsız hesab edilməsi halında, digər mülki iş üzrə iddia məhkəmə tərəfindən baxılmamış saxlanılmalıdır. Lakin həmin arayışın etibarlılığı məsələsi ayrıca mülki iş üzrə icraat çərçivəsində deyil, məhz həmin mülki işə baxılarkən qiymətləndirilməli, iddiaçının hazırkı iş üzrə iddia ərizəsində irəli sürdüyü dəlillər həmin iş üzrə irəli sürülməli və məhkəmə tərəfindən sübutların qiymətləndirilməsi ilə bağlı qanunvericiliyin tələblərinə uyğun şəkildə yoxlanılmalıdır. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının hazırkı iş üzrə tələbinə ayrıca mülki məhkəmə icraatı qaydasında baxılmalı deyil və hazırda mübahisələndirilən İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Arayışın etibarlı olub-olmaması məsələsi həmin arayışın iddia ərizəsinin icraata qəbul edilməsi şərti kimi çıxış etdiyi mülki iş üzrə icraat çərçivəsində yoxlanılmalıdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmaqla prosessual hüquq normalarını düzgün tətbiq və təfsir etməklə düzgün nəticəyə gəlmişdir. Kollegiya hesab edir ki, şikayət təmin edilməməli, Lənkəran Rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli 2(049)-2096/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və MPM-in 149-152, 263-269, 397, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Lənkəran Rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli 2(049)-2096/2023 saylı qərardadından İddiaçı nümayəndəsi vəkil Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli 2(049)-2096/2023 saylı qərardadı dəyişdirilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar