Məhkəmə qərarları › İş №2(106)-1088/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1088/2024

27.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1088/2024 27.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tale Suliddin oğlu Kərimovdan ibarət tərkibdə, Dəmirov Zaur Nəsir oğlunun katibliyi, Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X1 və X2 iştirakı ilə, Laçın Rayon Məhkəməsinin 18 mart 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiasını aşağıdakı kimi əsaslandırmışdır: Cavabdeh 2022-ci ilin dekabr ayının 24-də ondan 3000 (üç min) manat borc pul almış, həmin pulu ondan aldığına dair öz xətti və imzası ilə qəbz də vermişdir. Lakin həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq cavabdeh borclu olduğu 3000 manat pulu ona qaytarmamışdır. Pulu iki ay müddətinə qaytarmasına söz vermiş, aradan bir neçə vaxt keçməsinə baxmayaraq cavabdeh pulu qaytarmamışdır. O, cavabdehdən ona borclu olduğu pulu dəfələrlə qaytarmasını tələb etsə də cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək borclu olduğu pulu qaytarmaqdan imtina etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh iddianı qəbul etməmiş, onun rədd edilməsini xahiş etmiş, izahatında bildirmişdir ki, 2022-ci ilin noyabr ayının 24-də o, pula ehtiyacı olduğu üçün tanışı, taksi fəaliyyəti ilə məşğul olan Məhəmməd adlı şəxsdən haradan pul tapa biləcəyini soruşmuş, Məhəmməd də ona Adilə adlı bir şəxsi tanıdığını və həmin şəxsin faizlə pul verdiyini söyləmişdir. O, Məhəmmədə 1000 manata ehtiyacı olduğunu söyləmiş, sonuncu isə ona 1000 manatı Adilədən ala biləcəyini, lakin qaytaran zaman əlavə olaraq 2000 manat, yəni ümumilikdə 3000 manat ödəyəcəyini söyləmişdir. O, Məhəmməd ilə razılaşmış və 1000 manatı Adilə adlı şəxsdən borc olaraq aldığını özündə əks etdirən bir sənəd tərtib etmiş və həmin sənədi də o, imzalamışdır. Daha sonra o, həmin sənədi Məhəmmədə vermiş və Məhəmməd ona həmin pulu iki saat ərzində Adilə adlı şəxsdən alıb gətirəcəyini söyləmişdir. Lakin iki gün ərzində Məhəmmədin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə dəfələrlə zəng etməyinə baxmayaraq Məhəmməd tərəfindən zənglərə cavab verilməmiş, yalnız üç gündən sonra Məhəmməd özü ona zəng edərək Adilə adlı şəxsin pulu olmadığı üçün 1000 manat pulu verə bilmədiyini və tərtib etdikləri sənədi isə cırıb atdığını ona söyləmişdir. Daha sonra 2023-cü ilin sentyabr ayının ortalarında Adilə adlı şəxs oğlu ilə birlikdə ağ rəngli “Chevrolet Aveo” markalı, 99-XV- 389 dövlət qeydiyyat nişanlı avtomobillə Göyçay rayonuna onun yaşadığı ünvana gələrək ondan 3000 manat pulu tələb etmişdir. O, Adilədən bunun səbəbini soruşduqda sonuncu Məhəmmədin onun imza etdiyi sənədi təqdim edərək 3000 manatı onun verəcəyini bildirmişdir. O, Adiləyə Məhəmmədin ona 1000 manat vermədiyini söylədikdə isə Adilə ona “sənəddə sənin adın var” deyə söyləmiş, lakin pulun verilməyəcəyi təqdirdə yaxşı şeylərin olmayacağını bildirərək çıxıb getmişdir. O, daha sonra dəfələrlə Məhəmmədə zəng etsə də, həmin şəxs onun zənglərinə cavab verməmişdir. Beləliklə də Məhəmməd adlı şəxs onun imzaladığı sənəd əsasında Adilə adlı şəxsdən 1000 manat borc pul almış, lakin həmin pulu ona verməmişdir. Bununla bağlı Ağdam RPŞ-nə şikayət ərizəsi ilə müraciət etsə də bunun heç bir nəticəsi olmamışdır. Laçın Rayon Məhkəməsinin (hakim C.İbrahimov) 18 mart 2024-cü il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edilmiş, Cavabdeh 3000 (üç min) manat borc pul və ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun əvəzinin alınıb İddiaçı verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 153.4, 154.1, 157.4, 739.1, 739.2, 740.1, 385.1, 742-ci maddələrinə istinad etmişdir. Qətnamədən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiyaşikayətinindəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Şikayətə görə, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsində göstərdiyi xüsusatlara uyğun hallara əsaslanmış və borc almaq istədiyi pulun ona verilmədiyini qeyd etmişdir. İzahatlar Prosessualməsələlər Apellyasiya baxışında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və izahatında bildirmişdir ki, o iddiaçının təqdim etdiyi qəbzə qol çəkmiş, lakin pulu almamışdır. İddiaçının anası Adilə xanımla əlaqə saxlamış, ona pul verilmədiyini bildirsə də iddiaçı və anası qəbzə istinad edərək ondan pul tələb etmişlər. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 apellyasiya şikayətinin dəlillərini əsassız saymış, izahatında bildirmişdir ki, Ramil ona anasının ruhi xəstə olduğunu və buna görə müalicə üçün pul lazım olduğunu bildirmiş, o da onu Muxtarla tanış etmiş, Muxtar Ramilə 3000 manat pul vermiş, o da qəbzi imzalamışdır. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 apellyasiya şikayətinin dəlillərini əsassız sayaraq izahatında bildirmişdir ki, cavabdeh onun oğlundan borca 3000 manat götürmüş, bu barədə qəbzə imza etmişdir. Ona görə məsuliyyət daşıyır. İddiaçı apellyasiya baxışında iştirak etməmişdir. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Kollegiya işə, Azərbaycan Respublikasının MPM-nin 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə Kollegiyası məruzəni, izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İddiaçı tələbində borc olaraq cavabdehə verdiyi 3000 manat məbləğində pulun qaytarılmasını xahiş etmişdir. İddiaçının tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1, 740-ci maddələri təşkil edir. Tərəflərin arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Tərəflərin arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan Mülki Məcəlləsinin 740-cı maddəsinə əsasən: 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İzahatlardan bəlli olur ki, tərəflər arasında borc münasibətləri olmuşdur. İddiaçı cavabdehin öhdəliyini yerinə yetirmədiyini, borcunu ödəmədiyini iddia edir. Azərbaycan Republikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Tərəflər arasında sadə yazılı borc müqaviləsi olmamışdır. Lakin iş materiallarına əlavə edilmiş, Cavabdeh tərəfindən yazılaraq imzalanmış xx.xx.2022-ci il tarixli qəbzə görə, Cavabdeh ehtiyacı olduğu üçün İddiaçı 3000 manat borc pul almış, həmin borcu bir ay müddətinə qaytaracağına söz vermiş və bu barədə qəbz yazaraq imza edib iddiaçıya təqdim etmişdir. İddiaçı tərəf tələbini əsaslandırarkən cavabdeh tərəfindən yazılmış və imzalanmış qəbzə əsaslanmışdır. Cavabdeh istinad edilən qəbzi yazdığını və imzaladığını təkzib etməmişdir. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olduğunu bildirsə də, izahatında o, iş materiallarına əlavə edilmiş və iddiaçının təqdim etdiyi qəbzi özü yazdığını etiraf etmiş, həmin qəbzin yazılmasına baxmayaraq pul məbləğinin ona verilmədiyini bildirmişdir. İş üzrə üçüncü şəxslər izahatlarında 3000 manat pul vəsaitinin cavabdehə verildiyini təsdiq etmişlər. Cavabdeh tərəf öz etirazını, pulu almadığı halda qəbzə nə üçün imza etdiyini əsaslandıra bilməmişdir, bu barədə hər hansı konkret dəlil göstərməmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçı öz tələbini əsaslandırmış, sübut olaraq cavabdehin yazılı qəbzini təqdim etmişdir. Kollegiya hesab edir ki, iddiaçının təqdim etdiyi və cavabdeh tərəfindən imzalanmış qəbz borc məbləğinin etirafı kimi qəbul edilə bilər. Beləliklə, Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayətində göstərilənlər qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas deyil. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda mübahisələndirilən hissədə iddianın qiyməti Qanunla müəyyən edilmiş həddən az olduğu üçün qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 372, 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası, qətetdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Laçın Rayon Məhkəməsinin 18 mart 2024-cü il tarixli, 2(047)-75/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar