Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1097/2023 27.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Əsədov (sədrlik edən və məruzəçi), Tofiq Xudayar oğlu Heydərov və X5 ibarət tərkibdə, katib X2, iddiaçının və onun vəkili X1 iştirakı ilə, Biləsuvar Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında, İddiaçı Cavabdeh qarşı 3000 manat borc pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Biləsuvar Rayon Məhkəməsinin (hakim N.Mirzəyev) 20 aprel 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh 3000 manat pul və 50 manat dövlət rüsumu tələbinə dair iddiası rədd edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh borca görə 3000 (üç min) manat və dövlət rüsumuna görə 50 (əlli) manat pulun alınıb ona verilməsini xahiş etmişdir. İddiaçı tələbini əsaslandırarkən göstərmişdir ki, Cavabdeh onun doğma qardaşı oğludur, həm də qızı Həcərin əridir. Taleh qızı Həcərlə evlənəndən sonra qızını Bakı şəhərinə aparmış, orada kirayədə yaşamışlar. Bir müddətdən sonra Taleh ona kirayədə yaşamaq istəmədiyini, torpaq sahəsi alaraq ev tikmək istədiyini bildirmiş, ona görə də ona 1 il ərzində qaytarmaq şərti ilə 3000 manat pul verməsini xahiş etmişdir. O, öz əri ilə, rayonun Ağayrı kəndində yaşayan Talehin atası, onun isə qardaşı Əli və böyük qardaşı Vəli ilə məsləhətləşmiş və Talehə torpaq sahəsi alaraq ev tikməsi üçün 3000 manat pul vermişdir. O, Talehlə belə razılaşmışdır ki, dediyi müddətə, yəni borcunu bir il müddətinə tam olaraq qaytarsın. Sonra öyrənmişdir ki, Taleh ona verdiyi puldan xərcləmək istəyərkən qızı buna etiraz etmiş, Taleh isə onun qızını döyərək dişini sındırmış, ona xəsarət yetirib evdən qovmuşdur. Artıq bir ildən çoxdur ki, qızı Biləsuvarda onunla birgə yaşayır. Uşaqları yoxdur. O, Talehdən verdiyi 3000 manat pulu istəmiş, Taleh həmin pulu əvvəlcə qaytaracağına söz versə də, sonradan həmin pulu guya onun qızının yolunda xərclədiyini bildirərək bundan imtina etmişdir. Halbuki, qızı heç vaxt xəstə olmamış, əlavə olaraq özünə heç bir qiymətli əşya almamışdır. O, pulu Talehə ev tikməyə kömək etmək üçün borc olaraq vermişdir. Dəfələrlə xəbərdarlıq etmiş, hətta sonuncu dəfə rəsmi xəbərdarlıq ərizəsi göndərməklə ondan tələb etmişdir. Lakin Taleh pulu qaytarmaq istəmir. Onun atası, böyük əmisi Vəli, arvadı Həcər də bilirlər ki, Taleh ondan 3000 manat pul almışdır. Hətta pulu verəndə Həcər də onların yanında olmuşdur. O, bu barədə Suraxanı RPİnin 30-cu bölməsinə ərizə vermiş, ərizəsi əsasında Talehdən izahat alınmışdır. Taleh izahatında göstərmişdir ki, guya pulu ona yox, qızı Həcərə vermiş, Həcər də həmin pulu ailənin ehtiyacları üçün xərcləmişdir. Taleh ondan 3000 manat pul almasını dolayısı ilə qəbul edir, lakin pulun qəsdən Həcər tərəfindən alınmasını bildirməklə öz yaxasını kənara çəkir. Birinci instansiya məhkəməsində Cavabdeh məhkəmədə izahat verərək bildirmişdir ki, təxminən 4 il bundan əvvəl qayınanası İddiaçı qızına cehizi az verdiyinə görə onların kirayədə yaşadıqlarını nəzərə alaraq, Binə qəsəbəsində yaşadıqları evdə onlara 2800 manat pul verərək torpaq alıb ev tikmələrini məsləhət görmüşdür. Lakin onlar torpaq ala bilmədiklərindən həmin puılu ailənin ehtiyacları üçün xərcləmişlər. Qayınanası İddiaçı həmin pulu onlara borc olaraq deyil, torpaq sahəsi alıb, ev tikmək üçün vermişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddələrinə, "Mahmudov Rusiyaya qarşı” iş üzrə Avropa Məhkəməsinin 26 iyul 2007-ci il tarixli qərarına, "Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2, 2.4-cü bəndlərinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) müvafiq maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, cavabdeh Suraxanı Rayon Polis Şöbəsində verdiyi izahatında iddiaçıdan pul aldığını etiraf etsə də, məhkəmə bunu nəzərə almamış, əsassız olaraq iddianı rədd etmişdir. Birinci instansiya məhkəməsi cavabdehə iddiaçı tərəfindən verilmiş pulun birgə yaşadıqları müddət ərzində xərcləndiyini, iddiaçıya qaytarmalı olduqları pulu qaytarmadan xərclədiyinin açıq-aşkar məhkəmə zalında cavabdeh tərəfindən dolayısı yolla etirafı, Səbail Rayon Polis Şöbəsində verdiyi izahatı, cavabdehin arvadı Həcərin təqdim etmək istədiyi ərizəni və Həcərin pulu anası Xanımnazın Talehə verən zaman yanında olduğu halda onun şahid kimi dindirilməməsi nəzərə alınmadan qətnamə qəbul etmişdir. İzahatlar Psosessual məslələr Apellyasiya baxışında iştirak edən İddiaçı və onun vəkili X4 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, vermiş olduqları apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya baxışında iştirak etməmişdir. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə baxışına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Kollegiya mülki işə, Azərbaycan Respublikasının MPM-nin 376.2-ci maddəsinə əsasən məlumat verilmiş, lakin gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Əsaslandırma Məhkəmə Kollegiyası, məruzəçinin işin halları barədə məruzəsini, izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM-nin) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İddiaçı tələbində cavabdehə borca pul verdiyini iddia etmiş, borca verdiyi pulu tələb etmişdir. İddiaçının tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsi təşkil edir. İddiaçı bildirdiyinə görə cavabdehlə borc münasibətlərində olmuşlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür. Digər iştirakçı isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Kollegiya qeyd edir ki, tərəflərin arasında borc münasibətlərinin olduğu təqdirdə iddiaçının tələbi özlüyündə keçərlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Tərəflər arasında yazılı müqavilə olmamışdır. Tərəflər arasında borcun məbləği, onun şərtləri, müddəti və s. halları barədə şifahi razılaşma olduğu da müəyyən edilmir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya qeyd edir ki, hazırkı halda sübut etmə yükü iddiaçının üzərindədir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Kollegiya hesab edir ki, iddiaçı öz tələbini əsaslandıran halları sübuta yetirə bilməmişdir. Cavabdeh izahatında iddiaçının ona deyil, öz qızına, ailəyə kömək (torpaq sahəsi almaq) məqsədilə pul verdiyini bildirmişdir. Cavabdeh izahatında bildirmişdir ki, iddiaçı tələb etdiyi pul məbləğini öz qızına, cehiz az verdiyinə görə vermişdir. Kollegiya hesab edir ki, belə halda da iddiaçının tələbinin qanuni əsası yoxdur. Çünki pul məbləği cehiz əvəzi verildiyi halda onun öz qızına hədiyyəsi kimi qiymətləndirilə bilər. Birinci instansiya məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, iddiaçı cavabdehə borca pul məbləğini verdiyini sübuta yetirə bilməmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslı, mahiyyətcə düzgündür. Beləliklə, apellyasiya şikayətini təmin etmək üçün əsas yoxdur. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilir. Azərbaycan Respublikasının MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda mübahisələndirilən hissədə iddianın qiyməti Qanunla müəyyən edilmiş həddən az olduğu üçün qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Biləsuvar Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 2(022)-456/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1097/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1097/2023
27.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver