Məhkəmə qərarları › İş №2(106)-1100/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1100/2024

20.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1100/2024 20.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X2 ibarət məhkəmə tərkibində, X6 oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 17 aprel 2024-cü il tarixli 2(017)-289/2024 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı məhkəməyə pul tələbinə dair iddia ərizəsi ilə müraiət edərək göstərmişdir ki, Cavabdeh uzaqdan qohumluğu çatır. 2022-ci ilin təxminən dekabr ayında Cavabdeh onun bacısı Kəmaləyə pul istəməklə müraciət etmiş, qohum olduğuna görə bacısı Mehmana köməklik etmək istəmiş, lakin bacısında cavabdehin istədiyi məbləğdə pul olmadığından ondan köməklik etməsini xahiş etmişlər və bacısı ilə birlikdə göstərilən tarixdə onlara gəlmişlər. Bacısının yanında cavabdehə 7500 manat borc pul vermiş, daha sonra cavabdeh ona 3500 manat lazım olduğunu bildirdi. O, da tanışından 3500 manat götürüb cavbdehə vermişdir. Cavabdeh pulu alandan sonra ona bildirmişdir ki, şəxsi avtomobilində yaranmış texniki nasazlığı aradan qaldırdıqdan sonra bir aya borc aldığı pulu qaytaracağına söz vermişdir. Beləliklə, onlar razılaşmışlar. Lakin müəyyən vaxt keçməsinə baxmayaraq, hazırkı vaxtadək cavabdeh ona olan borcunu qaytarmamışdır. O, cavabdehdən borcun alınmasına dair qəbz almışdır. Cavabdehlə borc pulu qaytarması ilə əlaqədar telefon vasitəsilə əlaqə saxlayarkən cavabdeh ona nalayiq söyüşlər söyərək təhqir etmişdir. Bununla bağlı o, Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci polis şöbəsinə məlumat vermiş və cavabdeh 50 manat məbləğində cərimə edilmişdir. Ağcabədi Rayon Məhkəməsinin 17 aprel 2024-cü il tarixli 2(017)-289/2024 saylı qətnaməsi ilə (hakim Sulduz Ləzimov) iddia qismən təmin edilərək Cavabdeh 7500 manat məbləğində borc pul, hüquqi xidmətə görə ödənilmiş 200 manat və ödənilmiş 97 manat dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində göstərmişdir ki, cavabdehin ona uzaq qohumluğu çatır. 2022ci ilin təxminən dekabr ayında bacısı Kəmalə xanıma pul istəməklə müraciət etmişdir. Qohum olduğuna görə bacısı ona köməklik göstərmək istəmişdir. Lakin bacısında onun istədiyi məbləğ olmadığından ondan ona köməklik göstərilməsini xahiş etmişdir. Bacısı ilə birlikdə göstərilən tarixdə gəlmişdir. Cavabdeh 12500 manat pul lazım olduğunu bildirdi. Özündə 7500 manat pul var idi, bacısının yanında onda olan məbləği ona vermişdir. Daha sonra isə əlavə olaraq ona 3500 manat da lazım olduğunu bildirdi. Sabahısı gün tanışından 3500 manat götürüb ona vermişdir. Pulu alandan sonra bildirdi ki, şəxsi maşınında problem var, onu həll etsin uzağı bir aya pulunu qaytaracaq. Daha sonra bildirdi ki, pulu qaytaranda sənə də hörmət edərəm. Beləliklə, onlar razılaşmışdır. Lakin müəyyən vaxt keçməsinə baxmayaraq bu günə kimi aldığı pulu qaytarmır. Aldığı pula öz xətti ilə ona heç bir təsir göstərilmədən qəbz yazmışdır. Həmin qəbzi iddia ərizəsinə əlavə edilmişdir. Cavabdehlə telefon əlaqəsi saxlayarkən onu nalayiq ifadələr işlətməklə təhqir etmişdir. Hadisə ilə bağlı Nəsimi RPİ-nin 22-ci polis Şöbəsinə məlumat verilmiş və cavabdeh 50 manat cərimə edilmişdir. Bundan sonra mənəvi təzminatla bağlı Ağcabədi Rayon Məhkəməsinə müraciət etmişdir. Ağcabədi Rayon Məhkəməsində 2(017)-1794/2023 nömrəli mülki iş hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi ilə baxılaraq iddia qismən təmin olunmuşdur. Məhkəmə iclasında cavabdeh borcunun olduğunu etiraf etmişdir. Bu da məhkəmə qətnaməsinin təsviri hissəsində öz əksini tapmışdır. Hüquqşünas olmadığı üçün məcburiyyət qarşısında qalaraq, ona hüquqi xidmət göstərmək üçün "xxxx" MMC ilə 18 dekabr 2023-ci il tarixində 17 nömrəli müqavilə imzalamışdır. Göstərilən hüquqi xidmətə əsasən "xxxx" MMC-nin xəzinəsinə 200 manat nağd şəkildə pul ödəmişdir. Bu barədə 579917 saylı mədaxil qəbzi almışdır. Ağcabədi Rayon Məhkəməsinin iş üzrə xx.xx.2024-ci il tarixli e-2(017)-289/2024 nömrəli qətnaməsi ləğv edilməli və iddia tam təmin olunmalıdır. İddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, cavabdeh onun bacısının qaynının kürəkənidir. Cavabdehə təxminən 2022-ci ilin dekabr ayında cavabdehə 1-ci dəfə 7500 manat, səhəri günü 3500 manat olmaqla, ümumilikdə 11000 manat məbləğində pul vermişdir. Cavabdeh yazılı qəbzi 2023-cü ilin sonları imzalamışdır. Cavabdeh telefonda 1000 manat məbləğində pulu axşam verəcəyini, xalası oğlunun gələcəyini bildirmişdir. Cavabdeh qəbzi imzalasa da, gəlməmişdir. Bir müddət sonra öyrənmişdir ki, cavabdeh ayrı-ayrı şəxslərə qarşı da oxşar əməllər törətmişdir. 7500 manat öz dişinin müalicəsi üçün toplayıb saxladığı pul idi ki, onu cavabdehə vermişdir. Adətən cavabdehə nə vaxt pul lazım olub, onun bacısından alıb. Bu dəfə bacısında o qədər pul yox idi deyə özü cavabdehə borc kimi vermişdir. Əvvəllər də ondan təxminən 3000 manat, bacısından müəyyən məbləğlər alıb qaytarmışdır. Bu dəfə də ona etibar edib borc pul vermişdir. Cavabdeh 1 aya aldığı borcu qaytaracağını bildirsə də, qaytarmamışdır. Məhkəmə iclasında tədqiq edilən diskdəki qadın səsi ona, kişi səsi isə cavabdehə məxsusdur. Cavabdehin nümayəndəsi Vəkil məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddiaçı cavabdehə 7500 manat pulu faiz şəklində vermişdir. Onda olan məlumata əsasən iddiaçı ayrı-ayrı şəxslərə faizlə pul verir. 22-ci PB-də onun müxtəlif işləri olmuşdur. Qətnaməyə əsasən pul 2022-ci ilin dekabr ayının sonları verilmişdir. Həmin vaxtlar cavabdeh pulun 10%-ini ödəyib, son vaxtlar faizi ödəyə bilməmişdir. İddiaçı onu sıxışdırmış, ona faizlə birlikdə 11000 manat pul verdiyini bildirmişdir. Cavabdeh “Sədərək Ticarət Mərkəzi”ndə ticarətlə məşğuldur. Cavabdeh qəbzi özü məcburiyyət qarşısında qalaraq, habelə iddiaçını sakitləşdirmək üçün yazmışdır. Səs yazılarından da müəyyən edilir ki, cavabdeh ona “nə qədər məbləğ istəyirsən, de yazım” demişdir. İddiaçının əməlində cinayət tərkibinin əlamətləri mövcuddur. Əgər bu hal təsdiqini taparsa, müəyyən edilər ki, 7500 manat tam borc, 3500 manat isə faiz borcudur. Birinci instansiya məhkəməsi zamanı o, vəkil kimi çıxış etməmişdir. Səs yazılarını o zaman təqdim etməmişlər. Hazırda tədqiq edilən disk yazısındakı kişi səsi cavabdehə məxsusdur. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, yeni qətnamə qəbul edilməli və iddia qismən təmin edilməlidir. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarına əlavə edilmiş borcun alınmasına dair qəbzdən görünür ki, Qasımov X4 olan 10000 manat borcunu 10 gün müddətinə qaytaracağına dair öz xətti və öz imzası ilə qəbz yazmışdır. İş materiallarına əlavə edilmiş 18 dekabr 2023-cü il tarixli Müqavilədən görünür ki, İddiaçı ilə "xxxx" MMC arasında hüquqi xidmətlə bağlı müqavilə bağlanmış və Tamilə tərəfindən göstərilən xidmətlərin müqabilində icraçının köçürmə hesabına və ya xəzinəsinə nağd şəkildə 200 manat pul ödəmişdir. İş materiallarına əlavə edilmiş 18 dekabr 2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı 124 manat məbləğində dövlət rüsumu keçirmişdir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Tətbiqedilənhüquq: MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Kollegiya diqqətə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsində isə göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 882-ci maddəsinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. Bu Məcəllənin 882.1- 882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Məhkəmə kollegiyası iş materiallarını tam şəkildə araşdıraraq təqdim edilmiş sübutları təhslil edərək qeyd edir ki, iddiaçı cavabdehə ümumilikdə 11000 manat borc pul verməsini qeyd etmiş, sonuncu isə işdə olan qəbzə (səh. 9) əsasən 10000 manat məbləğində borcunun olduğunu və həmin pul vəsaitini 10 günə qaytaracağına söz vermişdir. İş materiallarından da göründüyü kimi, cavabdeh hazırkı vaxtadək borcunu qaytarmamışdır. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən cavabdehin iddiaçıdan 7500 manat məbləğində borc alması barədə etirafını əsas götürmüşdür. Ancaq məhkəmə işdə olan və borcun 10 günə kimi qaytarılacağı barədə öhdəliyi özündə ehtiva edən yuxarıda göstərilnə yazılı qəbzə lazımi hüquqi qiymət verməmişdir. Hansı ki, cavabdeh tərəf izahatlarda həmin qəbzi cavabdehin yazması və imzalamasını göstərmişdir. Qəbzin məcburiyyət qarşısında yazılması məsələsinə gəldikdə, bu halda sübutetmə yükü cavabdehin üzərinə düşür ki, sonuncu buna dair məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Nəzərə alınmalıdır ki, MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Habelə MPM-in 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Bütün qeyd edilənlərə əsasən kollegiya diqqətə çatdırır ki, cavabdeh aldığı əvvəl aldığı pula dair sonradan öz xətti ilə qəbz yazmış (imzalamış) və hazırkı tələbin maddi hüquqi əsasını MM-in 882-ci maddəsi təşkil edir. MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Ağcabədi Rayon Məhkəməsinin 17 aprel 2024-cü il tarixli 2(017)-289/2024 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia qismən təmin edilməli, Cavabdeh 10000 manat, hüquqi xidmətə görə ödənilmiş 150 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 manat məbləğlərində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Bundan başqa, MPM-in 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Habelə kollegiya hesab edir ki, iddiaçı tərəfindən hüquqi xidmətə görə ödənilmiş vəsaitin bir qismi olaraq 150 manat, iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 100 manat və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 50 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14, 76, 78, 89, 217, 372, 376, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Ağcabədi Rayon Məhkəməsinin 17 aprel 2024-cü il tarixli 2(017)-289/2024 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh borc qismində 10000 (on min) manat, iddiaçı tərəfindən hüquqi xidmətə görə ödənilmiş vəsaitin bir qisminin əvəzi olaraq 150 (yüz əlli) manat, iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 100 (yüz) manat və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 50 (əlli) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar