Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1103/2023 01.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Kərimov Tale Suliddin oğlu və İmanov Cahid Fehruz oğlundan ibarət məhkəmə tərkibində, məhkəmə iclas katibi Məmmədov Samir Valeh oğlunun katibliyi ilə, Ərizəçi İddiaçı, Maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X6 iştirakları ilə, Ərizəçi İddiaçı öhdədə olma faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki iş üzrə Biləsuvar Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli 2(022)-297/2023 saylı qətnaməsindən ərizəçi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Biləsuvar Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli 2(022)-297/2023 saylı qətnaməsi ilə (hakim Nüsrət Mirzəyev) ərizəçi İddiaçı öhdədə olma faktının müəyyən edilməsi barədə ərizəsi rədd edilmişdir. Ərizəçi İddiaçı tərəfindən Biləsuvar Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli 2(022)-297/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi xahiş edilmişdir. İŞİNHALLARİ: Ərizəçi İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o hazırda Biləsuvar rayonu Xırmandalı kəndində yaşayır. X10 onun anası olmuşdur. O, anası xəstə və yaşlı olduğundan 2000-ci ildən 08 noyabr 2008-ci ilə qədər anasına qulluq etmişdir. Buna dair rəsmi sənədlər də mövcuddur. Belə ki, anası xəstə və yaşlı olduğuna görə öz-özünə baxa bilmirdi və o, 08 noyabr 2008-ci ildə vəfat etmişdir. 2008-ci ilə kimi anasına baxmaqla öhdəsində saxlamasını Biləsuvar RİHB-nin Xırmandalı kənd üzrə nümayəndəliyi, bələdiyyə, şahidlər də tərtib edilən aktla təsdiq etmişlər. Hazırda anasının öhdəsində olduğu illərin onun sığorta stajı kimi hesablanması ilə əlaqədar DSMF Biləsuvar rayon şöbəsinə müraciət etsə də, bundan imtina edilmiş və bununla bağlı məhkəməyə müraciət etməyi tövsiyyə etmişlər. Hazırkı fakt ona pensiya təyin olunması üçün lazımdır. Ərizəçi İddiaçı 2000-ci ilin 01 iyulundan 2008-ci ilin 08 noyabr tarixədək anası X8 qulluq etməklə öhdədə olma faktının müəyyən edilməsinə dari qətnamə çıxarılmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Ərizəçi İddiaçı apellyasiya şikayətində göstərmişdir ki, anasının onun öhdəsində olması faktını başqa qaydada müəyyən edə bilmir. 8 il öz anasına qulluq etmişdir. Bu barədə yaşadıqları kəndin icra nümayəndələyinin Arayışı da vardır. Ərizəçi İddiaçı məhkəmədə izahat verərək, apellyasiya şikayətinin təmin olunmasını və Biləsuvar Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli 2(022)-297/2023 saylı qətnaməsinin ləğv edilərək, ərizəsinin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X11 məhkəmədə izahat verərək, apellyasiya şikayətinin təmin olunmamasını və Biləsuvar Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli 2(022)-297/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin halları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmadan, mülki iş üzrə Biləsuvar Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli 2(022)-297/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşdə olan AZ-İ № 286899 saylı X4 surətindən görünür ki, X10 xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. İşdə olan Biləsuvar RİHB-nin Xırmandalı kənd inzibati ərazi dairəsi üzərə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 1675 saylı arayışından görünür ki, X1 rayonu Xırmandalı kəndində yaşayır. İşdə olan ƏƏSMN tabeliyində DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı yaşa görə pensiya təyin edilməsi ilə bağlı filiala müraciət etmiş, lakin onun tələbindən imtina edilmişdir. İşdə olan Biləsuvar RİHB-nin Xırmandalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 29 iyun 2022-ci il tarixli Aktından görünür ki, mərhum X10 ahıl və xəstə olduğu üçün 01 iyul 2000-ci il tarixdən 08 noyabr 2008-ci il tarixə kimi xidmətçiyə ehtiyacı olmuş, bu məqsədlə onunla birlikdə yaşayan qızı İddiaçı anası X7 xidmətində durmuşdur. Habelə, MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarında məhkəmələrə izah olunmuşdur ki, MPM-in 307.2.2-ci maddəsinin tələblərinə uyğun olaraq şəxsin öhdədə olma faktının müəyyən edilməsi digər şəxslərin ərizəçinin öhdəsində (himayəsində) olması faktını deyil, ərizəçinin özünün ölən şəxsin öhdəsində olması faktının müəyyən edilməsini nəzərdə tutur. Şəxsin öhdədə olma faktının müəyyən edilməsi o zaman hüquqi əhəmiyyətə malik olur ki, bu fakt hüquqi nəticə yaratsın. Bu fakt əsas etibarilə ailə başçısını itirməyə görə pensiya və ya sosial müavinətin təyin edilməsi, mirasdan dolanacaq təminatının (alimentlər) tələb edilməsi, ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsi məqsədilə müəyyən edilə bilər. Bu zaman məhkəmə müvafiq faktın müəyyən edilməsi üçün müraciət edən ərizəçinin məhz qanunla müəyyən edilmiş kateqoriyadan olan şəxs olub-olmamasına, həmçinin onun vəfat edənin tam təminatında olan və ya ondan özünün yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan şəxs olmasına diqqət etməlidir. Beləliklə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarından göründüyü kimi ərizəçi vəfat etmiş şəxsin, yəni onun özünün anası X7 öhdəsində olması faktının deyil, artıq vəfat etmiş anasının onun öhdəsində olması faktının müəyyən edilməsini xahiş etmişdir ki, bu da ərizəçi üçün hüquqi nəticə yaradan fakt olaraq müəyyən edilməsini istisna edir. Kollegiya hesab edir ki, apellyasiya şikayətində göstərilən və heç bir mötəbər sübuta söykənməyən formal dəlillər hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi ərizəyə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. MPM-in 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, ərizəçinin apellyasiya şikayətinin təmin edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, qeyd edilənlərə əsasən ərizəçi İddiaçı apellyasiya şikayəti təmin edilməməli, Biləsuvar Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli 2(022)-297/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Ərizəçi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Biləsuvar Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli 2(022)-297/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1103/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1103/2023
01.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver