Məhkəmə qərarları › İş №2(106)-1111/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1111/2023

03.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1111/2023 03.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X1 ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “sökülmüş miras əmlakın əvvəlki vəziyyətə qaytarılması və dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin 2(041)-91/2023 saylı, 02 fevral 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxaraq; MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qeydiyyatda olduğu fərdi yaşayış evinin həmin evdə qeydiyyatsız yaşayan Cavabdeh və onun fəhlə köməkçisi Qarasaqqal kənd sakini X5 tərəfindən sökərək darmadağın edilib yararsız hala salınmış yaşayış otağının və eyvanının əvvəlki vəziyyətinə qaytarılması və dəymiş maddi ziyan kimi 5000 manatın Cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kürdəmir Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 2(041)-91/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Müseyib Bayramov) İddiaçı üçüncü şəxs X5 cəlb edilməklə Cavabdeh qarşı Cavabdeh və onun fəhlə köməkçisi üçüncü şəxs X5 tərəfindən sökülmüş miras əmlakın əvvəlki vəziyyətinə qaytarılması və dəymiş maddi ziyan 5000 manat məbləğin Cavabdeh tərəfindən ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarının 79-85-ci vərəqlərində olan apellyasiya şikayətindən görünür ki, iddiaçı Muradov X3 Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 2(041)-91/2023 saylı qətnaməsindən narazı qalaraq apellyasiya şikayəti vermiş, apellyasiya şikayəti 10 mart 2023-cü il tarixində Kürdəmir Rayon Məhkəməsinə daxil olmuşdur. Kürdəmir Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli, 2(041)-91/2023 saylı qərardadı ilə İddiaçı Kürdəmir Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 2(041)- 91/2023 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti müəyyən edilmiş məbləğdə dövlət rüsumunu ödəmədiyinə görə geri qaytarılmışdır. Bundan sonra iş materiallarının 92-100-cü vərəqlərinə yeni apellyasiya şikayəti əlavə edilmiş, apellyasiya şikayətinin iddiaçılar İddiaçı və X4 tərəfindən verildiyi qeyd edilmiş, apellyasiya şikayətinin tarixi isə xx.xx.2023-cü il olaraq göstərilmişdir. Lakin həmin apellyasiya şikayətinə onun Kürdəmir Rayon Məhkəməsinə hansı tarixdə daxil olmasını təsdiq edən daxilolma möhürü vurulmamışdır. Kürdəmir Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli, 2(041)-91/2023 saylı qərardadı ilə Kürdəmir Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 2(041)-91/2023 saylı qətnaməsindən iş üzrə İddiaçı verdiyi apellyasiya şikayətinin qəbul edilməsi və baxılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən həmin apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və onun qəbulundan imtina edilməlidir. Apellyasiya şikayəti öyrənilərkən müəyyən olunmuşdur ki, apellyasiya şikayətinin forması Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsində müəyyən olunmuş qaydalara uyğun deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir:

1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı;

2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti;

3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı;

4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi;

5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar;

6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar;

7. şikayətə əlavə edilən sənədlərin siyahısı. Apellyasiya şikayətinin forması Mülki Prosessual Məcəllənin 2 nömrəli Əlavəsində göstərilmişdir. Lakin iddiaçı tərəfindən verilən şikayət Mülki Prosessual Məcəllə ilə müəyyən edilmiş apellyasiya şikayətinin formasına uyğun deyil. Belə ki, yuxarıda da qeyd edildiyi kimi, hazırkı iş materiallarında 2 apellyasiya şikayəti mövcuddur. İş materiallarının 79-85-ci vərəqlərində olan və üzərinə 10 mart 2023-cü il tarixində Kürdəmir Rayon Məhkəməsinə daxil olması barədə möhür vurulan birinci apellyasiya şikayəti məhkəmənin 13 mart 2023-cü il tarixli qərardadı ilə geri qaytarılmışdır. Bundan sonra, iş materiallarının 92-100-cü vərəqlərinə yeni bir apellyasiya şikayəti əlavə edilmiş, lakin onun üzərinə hər hansı daxilolma möhürü vurulmamışdır. Hazırda məhz ikinci apellyasiya şikayətinin mümkünlüyü yoxlanılır və müəyyən edilir ki, həmin apellyasiya şikayətinin forması Mülki Prosessual Məcəllə ilə müəyyən edilmiş forma tələblərinə cavab vermir. Bundan başqa, iddiaçı apellyasiya şikayətində öz tələbini dəqiq göstərməmiş, Kürdəmir Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 2(041)-91/2023 saylı qətnaməsinin tam həcmdə ləğv olunmasını və işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası bildirir ki, apellyasiya şikayəti verən şəxsin tələbi qətnamənin ləğv edilməsi hissəsində tam olmamaqla yanaşı, həm də mülki işin birinci instansiya məhkəməsinə qaytarılması hissəsində Mülki Prosessual Məcəllənin 384-cü maddəsində nəzərdə tutulmuş apellyasiya instansiyası məhkəməsinin səlahiyyətlərinə ziddir. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı qismində yalnız İddiaçı çıxış etmiş, X4 iş üzrə iddiaçı kimi çıxış etməmişdir. Sonuncu İddiaçı nümayəndəsi olmasına dair etibarnamənin surətini apellyasiya şikayətinə əlavə etmiş olsa da, xx.xx.2021-ci il tarixli həmin etibarnamədə MPM-in 74.2-ci maddəsinə uyğun olaraq İddiaçı tərəfindən məhkəmə aktından şikayət verilməsi səlahiyyətinin X2 etibar edilməsi xüsusi olaraq göstərilməmişdir. Qeyd edilən apellyasiya şikayətinin sonunda isə icra edilmiş hər iki imzanın eyni şəxsə məxsus olması müşahidə edilir. Lakin birinci instansiya məhkəməsi apellyasiya şikayətinin kim tərəfindən imzalanması halını araşdırmamışdır. Mülki Prosessual Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən, apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Mülki Prosessual Məcəllənin 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Lakin hazırkı iş üzrə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin MPM-in tələblərinə uyğunluğunu yoxlamadan apellyasiya şikayətini əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmiş, bununla da mülkiprosessual qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli, apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 366.3-cü maddəsinə əsasən, apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 361, 363, 364 və 366-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Kürdəmir Rayon Məhkəməsinin 2(041)-91/2023 saylı, 02 fevral 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Kürdəmir Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qanunla müəyyən edilmiş qaydada kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Samir Mayılov

Hakimlər İlham Əsədov

Pərviz Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar