Məhkəmə qərarları › İş №2(106)-1136/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1136/2024

24.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1136/2024 24.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X2 ibarət tərkibdə, X7 oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı Rzayeva (Cəmilzadə) Könül Məhəmməd qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(073)-178/2023 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Rzayeva (Cəmilzadə) Könül Məhəmməd qızı Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 6209 manat pulun, eyni zamanda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3832 manat pulun və 121 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 2022-ci ilin mart ayından başlamaqla iddiaçıdan nisyə olaraq müxtəlif vaxtlarda ümumilkdə 6209 manat məbləğində qızıl-zinət əşyaları götürmüşdür. Həmin əşyaların dəyərini hissə-hissə ödəməyə söz versə də, bu günədək ödəməmişdir. Bundan başqa, Cavabdeh1 elə həmin vaxtlarda Cavabdeh2 iddiaçı ilə tanış etmiş və Cavabdeh1 ümumi dəyəri 3832 manat olan qızıl-zinət əşyalarını iddiaçıdan götürərək, oradaca Cavabdeh2 vermişdir. Hər iki cavabdeh aralarında olan səs yazılarında iddiaçıdan qeyd edilən məbləğlərdə qızıl-zinət əşyaları götürdüklərini və bu günədək pulunu ödəmədiklərini etiraf etmişdirlər. Lakin dəfələrlə tələb etməsinə baxmayaraq, bu günədək cavabdehlər iddiaçıya olan borclarını ödəməmişlər. Buna görə də, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(073)-178/2023 saylı qətnaməsi (hakim Qalib Paşayev) ilə iddia təmin edilərək, Cavabdeh1 6209 manat pul, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3832 manat pul və 121 manat dövlət rüsumu alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək, onun ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində məhkəmə iclasının yeri və vaxtı barədə məlumalandırılmamışdır. Bu səbəbdən məhkəmədə iştirak edə bilməmiş və həqiqətin müəyyən edilməsi üçün iddiaya qarşı etirazını bildirə bilməmişdir. Onun tərəfindən Cəlilabad Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədə göstərmişdir ki, Rzayeva (Cəmilzadə) Könül Məhəmməd qızından götürdüyü qızıl-zinət əşyalarını satmaq üçün X4 və Cavabdeh2 vermişdir. Həmin şəxslərə qızıl-zinət əşyalarını satsa da, bu günədək həmin qızıl-zinət əşyalarının pulunu ona ödəmədikləri üçün o da həmin qızıl-zinət əyşalarının pulunu iddiaçı Rzayeva (Cəmilzadə) Könül Məhəmməd qızına verə bilməmişdir. Məhkəmə iş üzrə müvafiq ekspertizanın təyin olunmalı olduğu halda bunu etməmiş, öz mülahizəsi əsasında qətnaməni əsassız olaraq qəbul etmiş və onun qanunla qorunan mülkiyyət hüquqlarını pozmaqla qanun pozuntusuna yol vermişdir. Cavabdeh1 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddiaçını tanımışdır. Onun qeyd etdiyi rəqəmlər yanlışdır. Aralarında alış-veriş olmuş və heç bir zaman problem yaşamamışlar. Qızıl-zinət əşyalarını Cavabdeh2 vermişdir. Həmin əşyalar özününkü olmuş və onları iddiaçıdan almamışdır. İddiaçıya cəmi 1150 manat məbləğində borcu qalmışdır. Sonu “***-***-**-**” mobil telefon nömrəsi ona məxsus olmuşdur, lakin hazırda həmin nömrəni istifadə etmir. İddiaçı ilə aralarında “Wotsap” ani mesajlaşma proqramı vasitəsi ilə müxtəlif vaxtlarda mesajlaşmaları olmuşdur. İş materiallarında olan yazışmalardakı ağ qrafalardakı mesajlar ona məxsusdur. Oxuma yazması olmasa da, işdə olan xx.xx.2022-ci il tarixli ərizəni özü imzalamışdır. İddiaçı Rzayeva (Cəmilzadə) Könül Məhəmməd qızı məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Digər Cavabdeh2 isə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən iddiaçının və digər cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin halları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmadan, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İ Ş İ N H A L L A R İ: İş materiallarında olan iddiaçı ilə cavabdehlər arasındakı danışıqları özündə əks etdirən CD diskdə olan səs yazılarından müəyyən edilir ki, cavabdehlər iddiaçı ilə aralarında qızıl-zinət əşyalarının nisyə alqı-satqısına dair razılaşmanın və iddiaçıya borclarının olduğunu etiraf etmişlər. İşdə olan Cavabdeh1 tərəfindən Cəlilabad Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən ərizədən görünür ki, cavabdeh ərizəsində Rzayeva (Cəmilzadə) Könül Məhəmməd qızından götürdükləri qızıl-zinət əşyalarını satmaq üçün X4 və Cavabdeh2 verildiyini, həmin şəxslərin qızıl-zinət əşyalarını satsalar da, bu günədək həmin qızıl-zinət əşyalarının pulunu onlara ödəmədiklərini və bunun da nəticəsində onların da həmin qızıl zinət əyşalarının pulunu iddiaçı Rzayeva (Cəmilzadə) Könül Məhəmməd qızına verə bilmədiklərini göstərmişdir. İşdə olan Abşeron Rayon Polis İdarəsi tərəfindən Cəlilabad Rayon Məhkəməsinin sorğusuna verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, X5 və Cavabdeh2 barələrində Abşeron Rayon Polis İdarəsində araşdırma aparılmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh1 2022-ci ilin mart ayından başlamaqla iddiaçıdan nisyə olaraq müxtəlif vaxtlarda ümumilkdə 6209 manat məbləğində qızıl-zinət əşyaları götürmüş, həmin əşyaların dəyərini hissə-hissə ödəməyə söz vermiş, lakin iddiaçıdan nisyə aldığı həmin qızıl-zinət əşyalarının dəyərini ödəməmişdir. Bundan başqa, Cavabdeh1 həmin vaxtlarda Cavabdeh2 iddiaçı ilə tanış etmiş və Cavabdeh1 ümumu dəyəri 3832 manat olan qızıl-zinət əşyalarını iddiaçıdan götürərək, Cavabdeh2 vermişdir. Cavabdehlər iddiaçıdan nisyə aldıqları qızıl-zinət əşyalarının dəyərini ödəmədiklərindən iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Hazırkı halda, Cavabdeh1 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etməklə qətnaməni mübahisələndirmişdir. Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin Cavabdeh1 apellyasiya şikayətinin dəlilləri üzrə mübahisələndirilən hissədə yoxlanılmasını düzgün hesab edir. Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. MM-in 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. MM-in 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. MM-in 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. MM-in 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. MM-in 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. MM-in 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MM-in 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MM-in 427.3-cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. MM-in 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərin hər biri, vicdanlılığın tələb etdiyi tərzdə, yəni lazımi şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə hərəkət etməlidir. MM-in 442.1-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Göründüyü kimi, yuxarıda sadalanan maddi hüquq normaları tələbin qanuni əsaslarını müəyyən edən normalar qismində çıxış etməklə mübahisə olunan hüquq münasibətinə tətbiqi belə nəticəyə gəlməyə əsas verir ki, iş materiallarına əsasən iddiaçı ilə cavabdehlər arasındakı danışıqları özündə əks etdirən CD diskdə olan səs yazılarından müəyyən edilir ki, cavabdehlər iddiaçı ilə aralarında qızıl-zinət əşyalarının nisyə alqısatqısına dair razılaşmanın və iddiaçıya borclarının olduğunu etiraf etmişlər. Həmin səsyazıda iddiaçı 6000 manat borcun verilməsini tələb etdikdə Cavabdeh1 həmin məbləğə etiraz etməyərək onu mübahisələndirmir. Bundan başqa, Cavabdeh1 tərəfindən Cəlilabad Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, cavabdeh ərizəsində Rzayeva (Cəmilzadə) Könül Məhəmməd qızından götürdükləri qızıl-zinət əşyalarını satmaq üçün X4 və Cavabdeh2 verildiyini, həmin şəxslərin qızıl-zinət əşyalarını satsalar da, bu günədək həmin qızıl-zinət əşyalarının pulunu onlara ödəmədiklərini və bunun da nəticəsində onların da həmin qızıl-zinət əyşalarının pulunu iddiaçı Rzayeva (Cəmilzadə) Könül Məhəmməd qızına verə bilmədiklərini göstərmişdir. Bu fakt, eyni zamanda apellyasiya şikayətinin dəlillərində də öz əksini tapmışdır. Beləcə, tərəflər arasında onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən öhdəlik hüquq (nisyə alqı-satqı) münasibətləri yaranmışdır. Bu hal iş üzrə təqdim edilmiş mötəbər sübutlarla öz təsdiqini tapmışdır. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi huququ konstitusiya hüquq və azadlıqlarının təminatlarına əsaslanır. Bu təminatın əsas mexanizmlərindən biri kimi çıxış edən MPM-də ədalət mühakiməsinin həyata keçirilməsinin konstitusiya prinsipləri öz əksini tapmış, hər kəsin Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqlarının səmərəli müdafiəsi nəzərdə tutulmuşdur. Bunun üçün isə mülki prosessual qanunvericiliyində məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yuxarı instansiya məhkəmələri tərəfindən yoxlanılmasının prosessual qaydaları müəyyən edilmişdir. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düz tətbiq etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə bildirməyi zəruri hesab edir ki, Cavabdeh1 iddiaçı Rzayeva (Cəmilzadə) Könül Məhəmməd qızından götürdüyü qızılzinət əşyalarını satmaq üçün X4 və Cavabdeh2 verdiyini, həmin şəxslərin isə adıçəkilən əşyaları satsalar da, pulunu ona ödəmədiyindən iddiaçı Rzayeva (Cəmilzadə) Könül Məhəmməd qızına borcunu verə bilmədiyini qeyd etsə də, həmin əsaslar Cavabdeh1 iddiaçı ilə aralarında mövcu olmuş nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlikləri yerinə yetirmək öhdəliyindən azad etmir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin heç bir sübuta əsaslanmayan və formal xarakter daşıyan bütün dəllilərini əsassız hesab edir. Belə ki, Cavabdeh1 birinci instansiya məhkəməsində məhkəmə iclasının yeri və vaxtı barədə məlumalandırılmadığını göstərsə də, bu iş materialları ilə tamamilə təkzib edilir. Bundan başqa, kollegiya hazırkı mülki iş üzrə hər hansı növ ekspertizanın təyin olunmasını zəruri etmir. Habelə şikayətdə də bunu şərtləndirən heç bir dəlil göstərilməmişdir. MPM-in 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayətində göstərilən və heç bir mötəbər sübuta söykənməyən formal dəlillər hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, cavabdehin apellyasiya şikayətinin təmin edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Beləliklə, kollegiya hesab edir ki, Cavabdeh1 apellyasiya şikayəti təmin edilməməli, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(073)-178/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cəlilabad Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli 2(073)-178/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddət ərzində şikayət verilməzsə, o, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar