Məhkəmə qərarları › İş №2(106)-1147/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1147/2025

16.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1147/2025 16.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət məhkəmə tərkibində, X2 oğlunun katibliyi, İddiaçı oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-nə, Cavabdeh2 və LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Laçın Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(047)-128/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 və LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı maddi və mənəvi ziyanın ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəflərdən müştərək qaydada cəmi 16030 (on altı min otuz) manat məbləğində pulu və məhkəməyə ödənilmiş dövlət rüsumunun ona qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 22 yanvar 2022-ci il tarixdə, saat 15:50-də etibarnamə ilə idarə etdiyi “X6” minik markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Suraxanı rayonu, Əmircan qəsəbəsinin Zığ yolu istiqamətində hərəkət edərkən, 104 nömrəli xəttin marşrutu “İsusu-Saz” markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı avtobus yolun qadağan olunan hissəsindən surətlə keçərək, idarə etdiyi maşının sol tərəfini əzmişdir. Bildirir ki, qəza baş verən yol, bir istiqamətlidir. Həmin yolda qadağanedici yol nişanı var. Yəni o yolda əks istiqamətdə avtomobil idarə oluna bilməz. Qəza zamanı tanımadığı bir şəxs avtobusu qəzanın baş verdiyi yerdən sürücüyə göstəriş verərək onun etirazına məhəl vermədən, hadisə yerindən uzaqlaşdırmışdır. Hadisə yerinə, Bakı şəhəri Suraxanı rayon DYPŞ-nin əməkdaşı polis kapitanı X1 gəlmişdir. Hadisəyə baxış keçirmiş, onu və qəza törədən avtobusun sürücüsü Cavabdeh2 Bakı şəhəri Suraxanı rayon DYPŞ-yə dəvət etmişdir. Bakı şəhəri Suraxanı rayon DYPŞ-nin əməkdaşı polis kapitanı X1 xx.xx.2022-ci il tarixdə ondan və qəza törədən avtobusun sürücüsü Cavabdeh2 şöbədə izahat almışdır. xx.xx.2022-ci il tarixdə polis kapitanı X1 yol nəqliyyat hadisəsinin sxemini çəkmiş və sxemlə onları tanış etmişdir. Yol nəqliyyat hadisəsinin sxemindən görünürdü ki, avtobus sürücüsü qadağanedici nişana məhəl qoymamış, yol hərəkəti qaydalarını pozmuş və inzibati xəta törətmişdir. Bakı şəhəri Suraxanı rayon DYPŞ-nin əməkdaşı polis kapitanı ƏsgərovElvin Ənvər oğlu avtobusun sürücüsü Cavabdeh2 inzibati xəta törətdiyinə görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati protokol tərtib edərək, qərar qəbul etmiş və sənədləri Dövlət Sığorta Kommersiya Şirkətinə göndərmişdir. Dövlət Sığorta Kommersiya Şirkətindən bildirilmişdir ki, hadisə üzrə videogörüntüdə inzibati xətanı onun törətməsi müəyyən olunduğundan hesablanmış sığorta pulu ödənilməyəcəkdir. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon DYPŞ-nin əməkdaşı polis kapitanı Elvin Əsgərov avtobusun sürücüsü Cavabdeh2 barəsində qəbul edilmiş qərarı ləğv edib, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 (qırx) manat məbləğində cərimə tətbiq etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(010)-8/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə şikayəti təmin edilmiş və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X3 polis kapitanı X1 tərəfindən qəbul edilmiş 23 mart 2022-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh haqqında qərar ləğv edilmiş və inzibati xəta haqqında işin yenidən baxılması üçün Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X5 göndərilməsi qərara alınmışdır. Qəbul edilmiş məhkəmə qərarı xx.xx.2023-cü il tarixdə məlumat üçün, xx.xx.2023-cü il tarixdə isə icra olunması üçün Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə göndərilmişdir. xx.xx.2023-cü il tarixdə yenidən Suraxanı rayon Polis İdarəsinin Dövlət X5 gedərək qərarın nəticəsi ilə maraqlananda, ona qərarın onun iştirakı olmadan baxıldığı bildirilmiş və barəsində TP ******* nömrəli, xx.xx.2022-ci il tarixli elektron tərtib edilmiş protokolun dəyişirilmədən qanuni qüvvəsində saxlanıldığını bildirmişdir. Suraxanı Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin rəisi vəzifəsini icra edən polis mayoru Rəşad Nağıyev tərəfindən tərtib edilmiş inzibati xəta haqqında iş üzrə 3- 13-54/2- 7132/2023 nömrəli, 18 aprel 2023-cü il tarixli qərarı qanunsuzdur. Belə ki, məhkəmə prosesi zamanı hakim onun şikayətini qəbul edərək, işi araşdırmış dəfələrlə keçirilmiş məhkəmə proseslərində yolun qadağan edilmiş əks istiqamət hərəkətinə qarşı tərəfdən rəsmi sənəd tələb edildikdə, həmin tələb edilmiş sənəd təqdim edilmədiyi üçün barəsində tərtib edilmiş protokol və qərar qanunsuz hesab edildiyindən məhkəmə şikayətini təmin etmiş və inzibati xəta haqqında işin yenidən baxılması üçün Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X5 göndərilməsi qərara alımışdır. Buna baxmayaraq, Suraxanı RPİ-nin DYPŞ-nin rəisi vəzifəsini icra edən polis mayoru Rəşad Nağıyev məhkəmənin qəbul etdiyi qərarı tam araşdırmadan, düzgün icra etmədən, qərarın müəyyən etdiyi hissədə bildirmişdir ki, İnzibati Xəta haqqında işə yenidən baxılarkən inzibati protokolun qərarı tam sübuta yetirildiyindən o, Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 40 (qırx) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsini qərara almışdır. Qəbul edilmiş qərar qanunsuz olduğu üçün Suraxanı rayon DYPŞ-nin xx.xx.2022-ci il tarixli, 454418 nömrəli protokolu və inzibati xəta haqqında 3-13-54/2-7132/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi barədə o, yenidən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etməli olmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(010)-1847/2023 saylı, 16 iyun 2023-cü il tarixli qərarı ilə şikayəti qismən təmin edilmiş, Suraxanı Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin rəisi vəzifəsini icra edən Rəşad Nağıyev tərəfindən qəbul edilmiş 18 aprel 2023-cü il tarixli, 3- 13-54/2-7132/2023 nömrəli inzibati tənbeh haqqında qərar ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X7 göndərilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(010)-1847/2023 saylı, 16 iyun 2023-cü il tarixli qərarı icra olunması üçün Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin Dövlət X5 göndərilmişdir. Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin rəis müavini Surxay Vəliyev 31 iyul 2023-cü il tarixdə 3-13-54/2- 15838 nömrəli məktubla Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət göndərərək barəsində xx.xx.2022-ci il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokol və xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarını qüvvədə saxlamasına göstəriş verilməsini xahiş etmişdir.Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(010)- 3768/2023 saylı,xx.xx.2023-cü il tarixli qərarı ilə ərizəsi təmin edilərək, barəsində Bakı şəhəri Suraxanı Rayon Dövlət X3 xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında protokol və TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(010)-3768/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı şəhəri Suraxanı Rayon Dövlət X3 xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında protokol və TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ləğv edildiyi üçün Bakı şəhəri Suraxanı Rayon Dövlət X8 doldurulmuş forma-4 ilə birlikdə Dövlət Sığorta Kommersiya Şirkətinə ona sığorta pulunun ödənilməsi ilə bağlı məktub göndərmiş, lakin Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin sığorta ödənişinin həyata keçirilməsi üçün əsas mövcud olmadığı və sığorta ödənişinin verilməsi şirkətin imkanları xaricində olduğu bildirilmişdir. Bu səbəbdən də o, sığorta şirkətindən sığorta ödənişini ala bilmir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2022-ci il tarixli XP1632529 nömrəli qərarından görünür ki, Cavabdeh2 barəsində çıxarılmış İXP4419372 saylı qərar ləğv olunmaqla başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İş materiallarına əlavə olunmuş “Azərsığorta” tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli dəymiş zərərin hesablanmasına dair qusur aktından görünür ki, İddiaçı məxsus “X6” markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərin məbləği ümumilikdə 6030 manat həcmində müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(010)- 3768/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki,İddiaçı barəsində Bakı şəhəri Suraxanı Rayon Dövlət X3 xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında protokolun və TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərar alınmışdır. İş materiallarına əlavə olunmuş Ləğv Prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, vətəndaş İddiaçı barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilsə də digər sürücü Cavabdeh2 məsuliyyətə cəlb edilməmiş, inzibati xata haqqında icraata xitam verilmişdir. Şirkətdə sığortalanmış “İSUZU SAZ” markalı, 90RU532 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 qeyd olunan hadisənin baş verməsində təqsiri müəyyən olunmadığı üçün onun İddiaçı qarşısında mülki məsuliyyəti də yaranmamışdır. Ona görə de baş vermiş yol-nəqliyyat hadisəsi sığorta hadisəsi hesab edilmir. Baş vermiş hadisə sığorta hadisəsi hesab olunmadığından vətəndaş İddiaçı sığorta ödənişinin verilməsi mümkün deyildir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Laçın Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(047)-128/2025 saylı qətnaməsi ilə (Hakim: Cavad İbrahimov) iddia tələbi təmin edilməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, Laçın Rayon Məhkəməsində aylardır davam edən məhkəmə prosesi zamanı o iddia tələbi üzrə izahat verərək, iddianın təmin edilməsini xahiş etsə də onun məhkəmədə üzrlü səbəbdən iştirak edə bilmədiyi gün, məhkəmə prosesi keçirib, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul etmişdir. Hesab edir ki, Laçın Rayon Məhkəməsinin hakimi Cavad İbrahimov, qət etdiyi qətnamə ilə onun vətəndaş hüquqlarını pozmuşdur. Laçın Rayon Məhkəməsi iddia tələbinə və müraciətinə əlavə olunmuş sənədlərə laqeyd yanaşıb, onu məhkəmə prosesi dindirib, haqlı olduğunu görə-görə, qarşı tərəfin heç bir əsaslı sənədi sübutu olmayaraq, onun iddia tələbini əsassız sayaraq, ona bu müddət ərzində dəymiş maddi və mənəvi ziyanı əsassız sayaraq, iddia tələbini əsassız sayıb, qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi hazırki mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almayaraq, mübahisə predmetinə, sübutlara MPM-nin 88ci maddəsinin müddəaları baxımından hüquqi qiymət verməmiş və bunun nəticəsində işə mahiyyəti üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. Məhkəmə sübutları, faktları, tərəflərin təqdim etdiyi dəlilləri, onların izahatlarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb qiymətləndirməmişdir. Laçın Rayon Məhkəməsinin 14 may 2025-ci il tarixli, 2(047)-128/2025 saylı qətnaməsinin ləğv edilərək iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə baxış iclasında apellyasiya şikayətini müdafiə etdiyini, iş üzrə keçirilmiş ekspert rəyi ilə tanış olduğunu və həmin ekspert rəyi ilə razı olmadığını bildirmiş, təkrar ekspertizanın keçirilməsini xahiş etmişdir. Cavabdeh1 MMC-nin nümayəndəsi Nümayəndə ərizə ünvanlayaraq üzrlü səbəbdən məhkəmə baxış iclasında iştirak edə bilməyəcəyini, iştirakı olmadan işə baxılmasını və eləcə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Digər cavabadehlər Cavabdeh2 və LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq heç bir üzrlü səbəb bildirmədən iclas zalında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası Laçın Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(047)-128/2025 saylı qətnaməsinin bütövlükdə yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə nəqliyyat vasitələrində istifadə edilməsi nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən “...mənəvi zərər, adətən, vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu; Azərbaycan Respublikası MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı apellyasiya şikayətində Laçın Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(047)-128/2025 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Laçın Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(047)-128/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...” Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı ona məxsus olan “X6” minik markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə “İsusuSaz” markalı, **-RU- *** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Cavabdeh2 tərəfindən maddi ziyan vurulduğunu bildirsə də bu barədə mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh2 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmış və beləliklə də Cavabdeh2 hər hansı bir inzibati məsuliyyətə cəlb edilməmişdir. Belə olan halda isə İddiaçı məxsus olan “X6” minik markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi ziyanın vurulmasında Cavabdeh2 və eyni zamanda Cavabdeh1 MMCnin hər hansı bir mülki hüquqi məsuliyyəti də yaranmamışdır. Bundan başqa məhkəmə qeyd edir ki, müvafiq sığorta hadisəsi baş vermədiyindən LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti də İddiaçı məxsus olan “X6” minik markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə müvafiq sığorta ödənişi verməkdən haqlı olaraq imtina etmişdir. Bundan əlavə iş üzrə İddiaçı cavabdehlərdən mənəvi zərərə görə 10000 manat pulun tutulub ona verilməsini tələb etsə də, öz tələbini əsaslandıran halları təsdiq edən sübutları da məhkəməyə təqdim edə bilməmişdir. Qeyd olunanlara əsasən də məhkəmə belə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-nə, Cavabdeh2 və LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı maddi və mənəvi ziyanın ödənilməsinə dair iddia tələbinin rədd edilməsi qanuni və əsaslıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və mövqeyini aşağıdakılarla əsaslandırır. İddia tələbindən görünür ki, iddiaçı yol nəqliyyat hadisəsi zamanı dəymiş zərərə görə 6030 manat maddi, 10000 manat mənəvi ziyan olmaqla cavabdehdlərdən cəmi 16000 manat pul tələb edir. Qeyd olunan iddia tələbinin qanuni əsasını təşkil edən Mülki Məcəllənin 1096 və 1097.1-ci maddələrinin dispozisiya şərtlərinə görə həmin iddianın təmin olunması üçün aşağıdakı əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması; zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması; zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması; zərər vuran şəxsin təqsirli olması. İş materialları araşdırılarkən müəyyən edilmişdir ki, həm İddiaçı, həm də Cavabdeh2 barəsində İXM-nin 327.1-ci maddəsi ilə inzibati tənbehvermə haqqında qərarlar qəbul edilmiş, lakin sonradan hər iki şəxs barəsində inzibati xəta tərkibi olmaması əsası ilə inzibati tənbehvermə haqqında qərarlra ləğv edilərək iş üzrə icraata xitam verilmişdir. Apellyasiya icraatı zamanı daxil olmuş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 12 noyabr 2025-ci il tarixli, 8/2344 saylı rəyindən görünür ki, “X6” markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü İddiaçı hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin (2.4 "Yol verin" üstünlük yol nişanı) tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə “İsusu-Saz” markalı, **-RU- *** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Cavabdeh2 hadisənin qarşısının aınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparılmır. Məhkəmə kollegiyası qeyd edir ki, MPM-in 103.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Hazırki iş üzrə verilmiş ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir və cavabdeh tərəfindən ekspert rəyini şübhə altına alan sübutlar məhkəməyə təqdim təqdim olunmamışdır. Odur ki, sözügedən ekspert rəyi iş üçün mühüm əhəmiyyət kəsb edən yazılı sənəd və mötəbər sübut kimi qəbul edilməlidir. Göründüyü kimi, iddiaçıya zərər dəyməsi sübut olunsa da, həmin zərərin Cavabdeh2 qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində vurulması müəyyən edilmir, eləcə də digər şərtlər ödənilmir. Bundan başqa, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtoneqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s. ) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının ve ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində isifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, mülki məsuliyyətin icbari sığortasında sığortalanmış əmlakın, istismar edilməsi nəticəsində üçüncü şəxslərə vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. Sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı isə baş vermiş hadisədə sığortalının və ya sığorta olunanın təqsirinin müəyyən edilməsi ilə öz təsdiqini tapır. Şirkətdə sığortalanmış “İSUZU SAZ” markalı, 90RU532 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 qeyd olunan hadisənin baş verməsində təqsiri müəyyən olunmadığı üçün onun İddiaçı qarşısında mülki məsuliyyəti də yaranmamışdır. Ona görə də baş vermiş yol-nəqliyyat hadisəsi sığorta hadisəsi hesab edilmir. Baş vermiş hadisə sığorta hadisəsi hesab olunmadığından vətəndaş İddiaçı sığorta ödənişinin verilməsi mümkün deyildir. Kollegiya həmçinin qeyd edir ki, baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh2 təqsiri müəyyən edilmədiyindən iddia mənəvi ziyan tələbi hissəsində də əsassızdır. İddiaçı apellyasiya şikayətində göstərir ki, onun məhkəmədə üzürlü səbəbdən iştirak edə bilmədiyi gün, məhkəmə prosesi keçirib, iddia tələbimin təmin edilməməsi barədə qətnamə qət etmişdir. Kollegiya qeyd edir ki, İddiaçı məhkəməyə 13 may 2025-ci il tarixli ərizə göndərərək məhkəmə iclasını onun iştirakı olmadan keçirib tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə bağlı iddiaçının onun iştirakı olmadan işə baxılması xahişini qanunauyğun sayıb mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ona görə də apellyasiya şikayətinin həmin dəlili əsassızdır. Kollegiya diqqətə çatdırır ki, apellyasiya şikayətinin digər dəlilləri polis orqanının vəzifəli şəxsinin qanunsuz hərəkətləri ilə bağlıdır ki, həmin dəlillərə də hazırki iş çərçivəsində hüquqi qiymət verilə bilməz. Odur ki, kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Cavabdehin apellyasiya şikayəti isə əsaslandırılmamış və formal mülahizələrdən ibarətdir. Azərbaycan Respublikası MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayəti faktlar nöqteyi-nəzərdə qanuni və əsaslı olan məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi üçün Azərbaycan Respublikası MPM-in 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 382, 384.0.2, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Laçın Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(047)-128/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı 100 manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar