Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1150/2025 14.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən, məruzəçi), Novruzova Aytən Nazim qızı və Əsədli Mahir Abdulla oğlundan ibarət məhkəmə tərkibində, X10 oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(036)-881/2025 saylı qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən tərtib edilmiş elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, NDQ AKT 015124 saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında qanunsuz hesablanmış 1774 (bir min yeddi yüz yetmiş dörd) manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, hüquqi şəxs yaratmadan sahibkarlıq fəailiyyəti ilə məşğul olur. "xxxx" ASC X13 Təchizatı və Satışı İdarəsi onun obyektinə elektrik sayğacı qoymuşdur. "xxxx" ASC-nin əməkdaşlarının tərtib etdiyi xx.xx.2023-cü il tarixli, NDQ AKT 015124 saylı aktda göstərilir ki, baxış zamanı sayğacın kənar xətdən istifadə etdiyi aşkar olunmuşdur. Ona göndərilmiş məktubda göstərilir ki, həmin akta görə 1774 manat ziyan yazılıb. AR Energetika Nazirliyi Enerji məsələrini X3 filialına müraciət edib borc məbləğinin araşdırılmasını xahiş etmişdir. Guya kənar xətdən istifadə edildiyinə görə aktın tərtib edildiyini və bunun tamamilə yalan olduğunu bildirir. O, həmin aktla razı deyildir. Buna görə də həmin akt ləğv edilməlidir. Ona görə sayğacı adına keçirməkdən imtina etmişdilər. Akt qanunsuz yazıldığından etibarsız hesab edilməli, onun doğurduğu nəticələr, borc əsassız sayılmalıdır. İşıq idarəsi işçilərinin həmin hərəkətləri bir istehlakçı kimi hüquqlarını pozmuşdur. Cavabdehin nümayəndəsi X8 iddia ərizəsinə etirazında göstərmişdir ki, iddiaçı "xxxx" ASC-nə qarşı barəsində tərtib olunmuş 31 mart 2023-cü il tarixli, NQD 015124 saylı aktın ləğv edilməsi və həmin akta əsasən hesablanmış 1774 manat borc məbləğinin silinməsinə dair qətnamə qəbul edilməsi üçün iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi əsassız və qüvvədə olan qanunvericiliyin göstərişlərinə zidd olduğu üçün məhkəmə tərəfindən rədd edilməlidir. Belə ki, "xxxx" ASC-nin X5 əməkdaşları istehlakçıların Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisndən istifadə Qaydaları”na və “X1 Qaydaları”na əməl olunması vəziyyətini müəyyənləşdirmək məqsədilə xidməti ərazidə reyd keçirən zaman 31 mart 2023-cü il tarixdə iddiaçı məxsus obyektin enerji təchizat sxeminə və hesablaşma elektrik sayğacına baxış keçirmişlər. Baxış zamanı məlum olmuşdur ki, iddiaçı hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulub. Bu isə “EEİQ-nın 8.17-ci, həmçinin “EQQQ-nın ı-v bəndlərinin istehlakçı tərəfindən pozulması faktıdır. Nəticədə bu əməlinə görə iddiaçı X6 barəsində 31 mart 2023cü il tarixli, NQD 015124 saylı akt tərtib edilərək hesabat aşağıdakı qaydada aparılmışdır. 11,2 kvt x 12 saat x 120 gün = 16128 kvts, (16128 kvts x 0,11 man = 1774 man, cəmi 1774 manat məbləğində əlavə ödəniş hesablamaqla, müəssisəyə vurduğu ziyan kimi 16128 kvts itirilmiş elektrik enerjisinin dəyərini bərpa etmişlər. Akt qanuni və əsaslı olaraq tərtib edilmişdir. Beləliklə, iddiaçı 1774 manat məbləğində maddi zərər vurduğu üçün qüvvədə olan qanunvericiliyin tələbinə görə həmin zərəri tam həcmdə ödəməlidir. Lakin iddiaçı tərəf iddia ərizəsində irəli sürdüyü tələbi və aktın qanunsuz tərtib edildiyini əsaslandıra bilməmiş, iddia ərizəsində göstərmişdir ki, guya onun həmin pozuntudan xəbəri olmamış, akt onun xəbəri olmadan tərtib olunmuşdur. Əslində, həmin vaxt iddiaçının nümayəndəsi aktı tərtib edən əməkdaşlarla birlikdə həmin pozuntunu vizual olaraq izləmişdir. Həmin pozuntunun videçəkilişi aparılmışdır. Bu bir daha onun qeyri-səmimi olduğunu göstərir. Buna görə də cavabdehin nümayəndəsi iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş İddiaçı məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Cavabdeh məhkəməyə ərizə təqdim edərək, işə mahiyyəti üzrə baxılmasına etirazının olmadığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirk etmiş "xxxx" ASC-nin nümayəndəsi nümayəndəsi X8 iddiaya etiraz edərək, iddiaçının iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat: İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(036)-881/2025 saylı qətnaməsi ilə (Hakim: Orxan Mahmud) iddianın qismən təmin edilməsi, "xxxx" ASC tərəfindən İddiaçı adına (abonent kodu: **********0) hesablanmış 1774 (bir min yeddi yüz yetmiş dörd) manat məbləğində borcun silinməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh ASC Satışa Nəzarət İdarəsinin əməkdaşları istehlakçıların Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisndən istifadə Qaydaları”na və “X1 Qaydaları”na əməl olunması vəziyyətini müəyyənləşdirmək məqsədilə xidməti ərazidə reyd keçirərkən 31 mart 2023-cü il tarixdə iddiaçıya məxsus obyektin enerji təchizat sxeminə və hesablaşma elektrik sayğacına baxış keçirmişlər. Baxış zamanı məlum olmuşdur ki, obyektə sayğac sxemindən kənar xətt daxil olur. Kənar xətt dayaqdan 2X10 mm alminum sip xətt vasitəsi ilə çəkilmişdir. Bu isə “EEİQ”nın 8.17-ci, həmçinin “EQQQ”-nın ı-v bəndlərinin iddiaçı tərəfindən pozulması faktıdır. Nəticədə bu əməlinə görə iddiaçı barəsində 31 mart 2023-cü il tarixli, NDQ 015124 №-li akt tərtib edilmiş və hesabat aşağıdakı qaydada aparılmışdır. 11,2 kvt x 12 saat x 120 gün = 16128 kvts, (16128 kvts x 0,11 man = 1774 man). Cəmi 1774 manat məbləğində əlavə ödəniş hesablamaqla, müəssisəyə vurduğu ziyan kimi 16128 kvts dəyərində itirilmiş elektrik enerjisinin dəyərini bərpa olunmuşdur. Akt qanuni və əsaslı olaraq tərtib edilmişdir, iddiaçı 1774 manat məbləğində maddi zərər vurduğu üçün qüvvədə olan qanunvericiliyin tələbinə görə həmin zərəri tam həcmdə ödəməlidir. Lakin iddiaçı tərəf iddia ərizəsində irəli sürdüyü tələbi və aktın qanunsuz tərtib edildiyini əsaslandıra bilməmiş, iddia ərizəsində göstərmişdir ki, guya onun həmin pozuntudan xəbəri olmamış, akt onun xəbəri olmadan tərtib olunmuşdur. Əslində, həmin vaxt iddiaçının nümayəndəsi X4 əməkdaşlarla birlikdə pozuntunu vizual izləmiş və onun iştirakı ilə pozuntunun videoçəkilişi aparılmaqla 31 mart 2023-cü il tarixli, NDQ 015124 №-li akt tərtib edilmişdir. Həmin aktı X4 imza edərək surətini qəbul etmişdir. Bu bir daha iddiaçının qeyri-səmimi olduğunu göstərir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən heç bir sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmiş, işin faktiki halları aydınlaşdırılmamışdır. Belə ki, mübahisələndirilən 31 mart 2023-cü il tarixli, NDQ 015124 №-liakt "xxxx" ASC əməkdaşları Ağayev Mahir, Hüseynov Elşən və abonentin nümayəndəsi X2 iştirakı ilə mövcud qaydaların tələbi əsasında tərtib olunmuşdur. Həmçinin məhkəmənin həm hazırlıq, həm də baxış iclaslarında pozuntunun videoçəkilişinə baxılmış, orada abonentin bir neçə nümayəndəsinin iştirak etməsi görünmüşdür. Ancaq bizə məlum olmayan səbəbdən bütün bu sadalanan sübutlar birinci instansiya məhkəməsi tərəfindən “gözardı” edilmişdir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə daxili inamına və təqdim olunmuş sübutları araşdırıb onların nəticəsinə əsaslanmış olsa idi, bu cür əsassız və qərəzli qətnamə qəbul etməzdi. İmişli Rayon Məhkəməsinin 13 may 2025-ci il tarixli, 2(036)-881/2025 saylı qətnaməsinin qanunsuz və əsassız olduğundan ləğv edilməsini, iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə1 İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(036)-881/2025 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(036)- 881/2025 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyasının: 72-ci maddəsinə əsasən dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3 və 560.3.5.2.-ci maddələrinə əsasən istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın: 7.11-ci bəndinə əsasən yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. 8.14-cü bəndinə əsasən istehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. 8.15-ci bəndinə əsasən ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa, istehlakçı, o cümlədən məişət abonenti bu barədə enerji təchizatı müəssisəsinə yazılı məlumat verməlidir. İstehlakçı, o cümlədən məişət abonenti yazılı məlumat verdikdən sonra enerjitəchizatı müəssisəsi 10 (on) gündən gec olmayaraq hesablaşmanı, lazım gələrsə, sayğacı yoxlamalı və bu yoxlamanın nəticələri haqqında ona məlumat verməlidir. 8.17-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-1-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası MPM-nin: 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayətinin dəlilləri həddində, İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(036)- 881/2025 saylı qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası MPM-nin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(036)-881/2025 saylı qətnaməsi iddiaçı və cavabdehin apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “aktın ləğv edilməsi və akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının sayğac sistemindən kənar xətdən istifadə edilməsi halı sübuta yetirilmir. Belə ki, cavabdeh tərəf sayğac sistemindən kənar xətdən istifadə edilməsi halını təsdiq edən hər hansı bir tutarlı sübut məhkəməyə təqdim etməmişdir. Cavabdeh tərəfin bununla bağlı təqdim etdiyi onun mənafeyinə uyğun sübut müvafiq aktdır ki, həmin akt isə cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş, iddiaçı və ya qeyd edilən evdə yaşayan üçüncü şəxs tərəfindən imzalanmamışdır. İddiaçı tərəf məhkəmə iclasında da bu halı təsdiq etməmişdir. Beləliklə, iddia əsaslı olduğundan qismən təmin edilməli, İmişli şəhəri ünvanı üzrə itirilmiş elektrik enerjisinin bərpası üçün hesablanmış 1774 (bir min yeddi yüz yetmiş dörd) manat İddiaçı abonent kodu **********0 saylı abunə hesabından silinməlidir. Cavabdeh "xxxx" ASC apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, akt qanuni və əsaslı olaraq tərtib edilmişdir, iddiaçı 1774 manat məbləğində maddi zərər vurduğu üçün qüvvədə olan qanunvericiliyin tələbinə görə həmin zərəri tam həcmdə ödəməlidir. Lakin iddiaçı tərəf iddia ərizəsində irəli sürdüyü tələbi və aktın qanunsuz tərtib edildiyini əsaslandıra bilməmiş, iddia ərizəsində göstərmişdir ki, guya onun həmin pozuntudan xəbəri olmamış, akt onun xəbəri olmadan tərtib olunmuşdur. Əslində, həmin vaxt iddiaçının nümayəndəsi X4 əməkdaşlarla birlikdə pozuntunu vizual izləmiş və onun iştirakı ilə pozuntunun videoçəkilişi aparılmaqla 31 mart 2023-cü il tarixli, NDQ 015124 №-li akt tərtib edilmişdir. Həmin aktı X4 imza edərək surətini qəbul etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edilməsi, həmin ünvanda elektrik enerjisinin talanması və ya elektrik enerjisindən istifadə qaydalarının pozulması faktları üzrə səlahiyyətli şəxs tərəfindən qanunla müəyyən edilmiş qaydada araşdırma aparılaraq təqsirli şəxsin (abonentin) inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi müəyyən edilməmişdir. Belə ki, qanunvericiliyə görə (Cinayət Məcəlləsinin 189-1-ci maddəsi, İnzibati Xətalar Məcəlləsinin 282-ci maddəsi) elektrik enerjisinin talanması dəyərindən asılı olaraq cinayət və ya inzibati məsuliyyətə səbəb olur. Elektrik enerjisinin talanmasına görə şəxsdən pul tələb edilməsi üçün, ilk növbədə, talama hadisəsi cinayət təqibi və ya inzibati xətalara dair icraat qaydasında araşdırılmalı, təqsirlilik məsələsi həll olunandan sonra şəxsdən vurulmuş ziyan mülki icraat qaydasında, yaxud da cinayət işinə baxılması ilə əlaqədar mülki iddia verməklə tələb oluna bilər. Bunun üçün "xxxx" ASC təbii elektrik enerjisinin talanması ilə əlaqədar İddiaçı cinayət və ya inzibati məsuliyyətə cəlb olunması üçün ilkin olaraq aidiyyəti orqanlara müraciət etməli, İddiaçı təqsiri sübuta yetirilərdisə, bundan sonra ziyanın ödənilməsi üçün məhkəməyə müraciət etməli idi. İş materiallarında isə iddiaçının elektrik enerjisini talamağa görə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsini təsdiq edən sübutlar mövcud deyil. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməməli, iş üzrə İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(036)-881/2025 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası MPM-nə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda qətnamədən tərəflərin kassasiya şikayəti vermək hüququ yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq məhkəmə tərkibi Qət etdi: Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(036)-881/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1150/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1150/2025
14.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver