Məhkəmə qərarları › İş №2(106)-1154/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1154/2024

07.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1154/2024 07.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, 2(064)-82/2024 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş apellyasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 45000 manat məbləğində pulun alınıb iddiaçıya ödənilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. Füzuli Rayon Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, 2(064)-82/2024 nömrəli qətnaməsi ilə, iddia qismən təmin edilərək, cavabdehlərdən cəmi 17370,00 manat məbləğində pulun müştərək qaydada alınıb iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı və onun nümayəndəsi X1, cavabdehlər və onun nümayəndəsi Nümayəndə2 tərəfindən “Elektron məhkəmə” informasiya sistemində həmin nümayəndələrin adlarına yaradılmış elektron kabinetlər vasitəsilə apelyasiya şikayətləri verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 aprel 2024-cü il tarixli, 2(106)826/2024 nömrəli qərardadı ilə “Elektron məhkəmə” informasiya sistemində cavabdehlərin nümayəndəsi Nümayəndə2 adına yaradılmış elektron kabinet vasitəsilə verilmiş apelyasiya şikayəti həmin qətnamənin surətinin sonuncunun şəxsi elektron kabinetinə 19 fevral 2024-cü il tarixdə yerləşdirildiyi halda, Nümayəndə2 apelyasiya şikayətini şəxsi elektron kabineti vasitəsilə “Novruz bayramı” ilə əlaqədar qeyri-iş günlərindən sonrakı birinci iş günü olmuş 27 mart 2024-cü il tarixdə deyil, 28 mart 2024-cü il tarixdə, beləliklə də qətnamənin surətinin ona rəsmi qaydada təqdim edildiyi gündən qanunla müəyyən edilmiş 1 aylıq prosessual müddəti 1 gün ötürməklə verməsinə, amma həmin müddətin bərpa edilməsi barədə ərizə verməməsinə görə qeyri-mümkün hesab edilmiş, mülki iş göstərilən apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-in 361-ci maddəsinə uyğunluğunun yoxlanılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 aprel 2024-cü il tarixli, 2(106)826/2024 nömrəli digər qərardadı ilə iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti mümkün hesab edilmişdir. Bundan sonra cavabdehlər 11 aprel 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində Cavabdeh2 adına yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, onlar tərəfindən həmin qətnamədən apelyasiya şikayətinin verilməsi ilə bağlı buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmiş, ərizələrinə həmin qətnamədən ikinci dəfə verdikləri apelyasiya şikayətini əlavə etmişlər. Füzuli Rayon Məhkəməsinin 01 may 2024-cü il tarixli, 2(064)-82/2024 saylı qərardadı (hakim: Aqil Musayev) ilə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ərizəsinin təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən Füzuli Rayon Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, 2(064)-82/2024 nömrəli qətnaməsindən apelyasiya şikayətinin verilməsi ilə bağlı buraxılmış prosessual müddətin bərpa edilməsi qərara alınmışdır. İddiaçı həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 may 2024-cü il tarixli, 2(106)- 1076/2024 saylı qərardadı ilə, şikayət təmin edilməmiş, Füzuli Rayon Məhkəməsinin 01 may 2024-cü il tarixli, 2(064)-82/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Mülki iş materialları 06 iyun 2024-cü il tarixdə yenidən bölgüyə verilmiş, mülki işə 2(106)1154/2024 nömrə verilmiş və apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması 07 iyun 2024-cü il tarixə təyin edilmişdir. Məhkəmə kollegiyası Füzuli Rayon Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, 2(064)- 82/2024 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş apellyasiya şikayəti ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 360-cı maddəsinə əsasən apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilər. 361.1.4-cü maddəsinə əsasən apelyasiya şikayətində şikayəti verən şəxsin tələbi və işin materiallarına istinad etməklə ərizəçinin qətnaməni düzgün hesab etmədiyi əsaslar göstərilməlidir. 10-1.3-ci maddəsinə əsasən Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. MPM-nin 363.1.1-ci maddəsinə əsasən apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Qeyd edilən prosessual hüquq normalarının müqayisəli təhlilindən müəyyən edilir ki, qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində apellyasiya şikayətini işdə iştirak edən şəxslər verə bilər. Apellyasiya şikayəti elektron məhkəmə sisteminin tətbiq olunduğu məhkəmələrdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilir və apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Məhkəmə kollegiyası cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların olmasını yoxlayaraq müəyyən etdi ki, elektron qaydada verilmiş apellyasiya şikayətinin giriş hissəsində, yəni apellyasiya şikayəti verən şəxslərin adları göstərilən hissədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 adları qeyd olunsa da apellyasiya şikayəti yalnız iş üzrə Cavabdeh2 tərəfindən imzalanmışdır. Göründüyü kimi apellyasiya şikayəti elektron kabinet vasitəsilə verilərkən hər iki cavabdehin adı qeyd olunsa da şikayət yalnız bir cavabdeh tərəfindən imzalanmışdır. Həmçinin iş materiallarına baxış keçirilərkən müəyyən edilmişdir ki, iş üzrə Cavabdeh1 tərəfindən Cavabdeh2 onun adından apellyasiya şikayəti vermək və ya apellyasiya şikayətini imza etmək hüququnu təsdiq edəcək hər hansı etibarnamə verilməmişdir. Halbuki fiziki şəxsin yaxın qohumu onun nümayəndəsi qismində etibarnamə verilmək yolu ilə məhkəmə aktlarından şikayət verir və qanunla ona verilmiş sair hüquqlardan istifadə edir. Nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. (MPM maddə 68.3,73.1). Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, MPM-nin 363.1.1-ci maddəsinə əsasən apellyasiya şikayəti Cavabdeh1 tərəfindən imzalanmadığından və Cavabdeh2 həmin apellyasiya şikayətini Cavabdeh1 adından imzalaması üçün hər hansı səlahiyyəti olmadığından geri qaytarılmalıdır. “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Bu maddənin tələblərinə əməl edilməməsi Mülki Prosessual Məcəllənin 363.1.5-ci maddəsinə əsasən apellyasiya şikayətinin qaytarılması üçün əsasdır MPM-nin 363.1.1-ci maddəsinə əsasən apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. MPM 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qeyrimümkün hesab edilərək MPM-nin 357-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün mülki iş materialı ilə birlikdə Füzuli Rayon Məhkəməsinə qaytarılmalıdır. Apelyasiya şikayətinin yoxlanılması zamanı bu qərardadda qeyd olunan hallar nəzərə alınmalı, məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilmlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361-363, 366.2 və 400-402-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Füzuli Rayon Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, 2(064)-82/2024 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası MPM-nin 363.1.1-ci maddəsinin tələbinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün Füzuli rayon Məhkəməsinə qaytarılsın. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə ondan Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan kasasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar