Məhkəmə qərarları › İş №2(106)-1156/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1156/2024

16.09.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1156/2024 16.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X10 ibarət məhkəmə tərkibində, X29 oğlunun katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavadeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı torpaq sahəsinə və həmin torpaq sahəsində tikilmiş evə sahiblik və istifadə hüququnun tanınması tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli 2(020)-1114/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Beyləqan Rayon Məhkəməsində cavadeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X16) Beyləqan rayonu Dünyamalılar kəndi ərazisində yerləşən keçmiş Jdanov rayonu Dünyamalılar kənd XDS-in qərarı ilə ayrılmış 0,15 ha torpaq sahəsinə və həmin torpaq sahəsində tikilmiş evə sahiblik və istifadə hüququnun tanınması tələbinə dair iddia qaldırmışdır. İddia ərizəsi onunla əsaslanıdırılmışdır ki, Beyləqan rayonunun Dünyamalılar kəndində yaşayır. Keçmiş Jdanov rayonu Dünyamalilar kənd XDS-nin qərarı ilə 1960-cı ildə onun istifadəsinə kolxozun balansında olan torpaq sahəsindən 0,15 ha torpaq sahəsi həyətyanı torpaq sahəsi kimi ayrılmış və orada kolxozun hesabına ailəsi üçün fərdi yaşayış ev tikilmişdir. Həmin evdə o özü və ailə üzvləri birlikdə yaşamış və 1988-ci ildə G.Əsədov adına kolxozdan əmək pensiyasına çıxmışdır. Hal-hazırda ona ayrılmış həmin torpaq sahəsində yerləşən evdə yaşayır. Lakin Azərbaycan Respublikasında aparılan torpaq islahatı zamanı Beyləqan RAİK-nın 30 aprel 1999-cu il tarixli 70 saylı qərarı ilə səhvən onun istifadəsinə ayrılmış torpaq sahəsi, həmin torpaq sahəsinin ayrılmasından və həmin torpaqda evin tikilməsindən çox sonra anadan olmuş oğlu X6 mülkiyyətinə verilmiş, həmin torpaq sahəsinə KOD 60700068 JN-130A və KOD 60700068 JN-130B saylı “Torpağa mülkiyyət hüququna dair” Şəhadətnamə verilmişdir. Beyləqan RAİK-nın 30 aprel 1999-cu il tarixli 70 saylı qərarı ilə tanış olmadığını, islahat aparılan vaxt yaşlı olmasını, islahat qərarının ona verilmədiyini, istifadəsində və sahibliyində olan torpaq sahəsinin və evin oğlunun adına sənədləşdirilməsindən xəbəri olmadığını, həmin torpaq sahəsinə verilmiş şəhadətnamələrin oğlu Abbasda olduğunu, bu barədə heç bir məlumatı olmadığını, oğlu Abbasın torpaq sahəsini və evi öz adına sənədləşdirmək istəməsindən sonra bu hallar ona məlum olmuşdur Beyləqan Rayon Məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli 2(020)-1114/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı cavadeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Beyləqan Ərazi İdarəsinə qarşı Beyləqan rayonu Dünyamalılar kəndi ərazisində yerləşən keçmiş Jdanov rayonu Dünyamalılar kənd XDS-nin qərarı ilə ayrılmış, KOD 60700068 JN-130A və KOD 60700068 JN-130B saylı "Torpağa mülkiyyət hüququna dair” Şəhadətnamə ilə rəsmiləşdirilmiş 0,15 ha torpaq sahəsinə və həmin torpaq sahəsində tikilmiş evə sahiblik və istifadə hüququnun tanınması qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X4 adına JN-130A (KOD ********) “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə Beyləqan rayon Aqrar İslahat Komissiyasının 30 aprel 1999-cu il tarixli 70 saylı qərarına əsasən 0.08 ha torpaq sahəsinin verilməsi və JN-130B (KOD ********) “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə Beyləqan rayon Aqrar İslahat Komissiyasının 30 aprel 1999-cu il tarixli 70 saylı qərarına əsasən 0.06 ha torpaq sahəsinin verilməsi nəzərə alınmamışdır. Beyləqan Rayon Məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli 2(020)-1114/2023 nömrəli qətnaməsində iş materiallarına əlavə olunmuş sənədlərdə İddiaçı 0.15 ha torpaq sahəsinin məxsus olduğu qeyd edilsə də, X4 adına JN-130A (KOD ********) “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə Beyləqan rayon Aqrar İslahat Komissiyasının 30 aprel 1999-cu il tarixli 70 saylı qərarına əsasən 0.08 ha torpaq sahəsinin və JN-130B (KOD ********) “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə Beyləqan rayon Aqrar İslahat Komissiyasının 30 aprel 1999-cu il tarixli 70 saylı qərarına əsasən 0.06 ha torpaq sahəsinin olması mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların məhkəmə tərəfindən xidməti vəzifəsinə görə tam və obyektiv araşdırmamasının sübutlarından hesab edilə bilər. Məhkəmənin 01 sentyabr 2023-cü il tarixli 2(020)- 1114/2023 nömrəli qətnaməsində iş materiallarına əlavə olunmuş sənədlərdə İddiaçı 0.15 ha torpaq sahəsinin məxsus olduğu qeyd edilsə də, həmin torpaq sahəsindən İddiaçı istifadə və ya sahiblik etməsi barədə heç bir məlumat qeyd edilməmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmədə verdiyi izahatında apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Vəkil ərizə ünvanlayaraq apellyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən iddiaçının və üçüncü şəxsin iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası belə hesab edir ki, mülki iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Beyləqan Rayon Məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli 2(020)-1114/2023 saylı qətnaməsi ləğv edilərək mülki iş üzrə icraata xitam verilməlidir. İşdə olan Beyləqan rayon Dövlət Arxivinin 16 sentyabr 2021-ci il tarixli 273 saylı arayışından görünür ki, İddiaçı Dünyamalılar kənd XDS İcraiyyə Komitəsinin 1963-1965-ci illərə aid olan 5 №-li Təsərrüfatbaşına kitabında 483 №-li şəxsi hesabda 0,15 ha torpaq sahəsi İddiaçı məxsus olduğu qeyd edilmişdir. İşdə olan Beyləqan rayon Dövlət Arxivinin 16 sentyabr 2021-ci il tarixli 274 saylı arayışından görünür ki, İddiaçı Dünyamalılar kənd XDS İcraiyyə Komitəsinin 1969-1971-ci illərə aid olan 8 № -li Təsərrüfatbaşına kitabın 945 №-li şəxsi hesabda onun adına 0,15 ha torpaq sahəsi olması ilə bərabər X17, X7, X13, X20, X16, X5 adında ailə üzvləri olması qeyd edilmişdir. İşdə olan Beyləqan rayonu Dünyamalılar kənd bələdiyyəsinin 17 sentyabr 2021-ci il tarixli 90 saylı arayışında göstərilir ki, Beyləqan rayon Dövlət Arxivinin 16 sentyabr 2021-ci il tarixli 273 saylı arayışında və Beyləqan rayon Dövlət Arxivinin 16 sentyabr 2021-ci il tarixli 274 saylı arayışında göstərilən 0,15 ha həyətyanı torpaq sahəsi Dünymalılar kəndi ərazisində yerləşən JN-130A və JN-130B №-li Şəhadətnamələrdə təsvir olunan torpaq sahələridir. Sağ tərəfi həyətyanı torpaq sahəsi olan X8 129 №-li şəhadətnamə, sol tərəfi həyətyanı torpaq sahəsi olan X18 131 №-li şəhadətnamə ilə, araxa tərəf torpaq sahəsi isə X25 ilə 109 №-li şəhadətnamə ilə qonşudur. İşdə olan Beyləqan RİHB-nin Dünyamalılar KİƏD Nümayəndəsinin 28 mart 2019-cu il tarixli 564 №-li arayışından göründüyü kimi X2 qonşuları X18 və sağ qonşuları X8 olmaqla, anasına məxsus evdə onunla birgə yaşayır. İşdə olan Beyləqan rayon Dövlət Arxivinin 27 dekabr 2022-ci il tarixli 199 №-li arayışından göründüyü kimi Dünyamalılar KİƏ Nümayəndəliyinin 1996-2000-ci illərə aid olan 4 №-li “Təsərrüfatbaşına kitabı” 357 №-li şəxsi hesabda ailə tərkibi İddiaçı, X16, X3 göstərilmişdir. Belə ki, MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını təhlil edərək belə hesab edir ki, birinci instansiya Məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, işə məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verməli olduğu halda, iddia ərizəsinə mahiyyəti üzrə baxılmışdır. İddia tələbi təhlil edildikdə müəyyən edilir ki, işdən də göründüyü kimi, ddiaçı İddiaçı cavadeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı hazırkı tələbi irəli sürməklə X6 mülkiyyətinə 06 ha torpaq sahəsinin verilməsinə dair Beyləqan rayon Aqrar İslahat Komissiyasının 30 aprel 1999-cu il tarixli 70 saylı qərarını və onun əsasında verilmiş JN-130B (KOD ********) “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməni mübahisələndirmişdir. Bu baxımdan da, kollegiya hesab edir ki, iddiaçının hazırkı tələbi inzibati orqanın hərəkəti yaxud qərarı ilə bağlıdır və X6 adının JN-130B (KOD ********) hüquq müəyyənedici sənəddən çıxarılması və həmin sənədin özünün adına verilməsi inzibati xarakterlidir və birinci instansiya məhkəməsi hazırkı halda iddianı icraata qəbul edərkən məhkəmə aidiyyəti məsələsini düzgün müəyyən etməmişdir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Habelə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinin tələbinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında iddialara baxılır (2.2.1 və 2.2.5-ci maddələr). Kollegiya qeyd edir ki, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr tərəfindən aparılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstutisiya Məhkəməsinin 19 may 2014-cü il tarixli qərarında göstərilir ki, daşınmaz əmlakın alqı-satqısı və dövlət qeydiyyatı ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli yalnız qaldırılmış iddia tələbinin hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. Bu məsələlərlə bağlı məhkəmə aidiyyəti həll edilərkən hazırkı iş üzrə ilk növbədə ərizəçilərin tələbi əsas götürülməlidir. Tələb konkret mübahisə ilə bağlı olduqda, həmin mübahisənin mahiyyəti təhlil edilərək məhkəmə aidiyyəti həll edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Qanunun 2.1 və 12-ci maddələrinin, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinin tələblərinə görə daşınmaz əmlakın reyestrdə qeydiyyatı mülkiyyətçinin həmin əmlaka mülkiyyət hüququ prezumpsiyasını yaradır. Birinci instansiya məhkəməsi inzibati orqanın iddia edilən hərəkətləri ilə bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmasına düzgün qiymət verməmiş, həmin iddianı səhvən mülki iddia kimi icraata götürmüşdür. Halbuki, sözügedən iddiaya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildi. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində təsbit edilmişdir ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2 sentyabr 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir. Qeyd edilməlidir ki, İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Çerniçkin Rusiya Federasiyasına qarşı iş üzrə” 16 sentyabr 2010-cu il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və Konvensiyanın 6-cı maddəsinin İ bəndinin tələblərini pozur. Məhkəməsinin digər – “Vasilesku Rumıniyaya qarşı iş üzrə” 22 may 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, yalnız işə baxmaq üçün tam həcmdə səlahiyyətə malik olan məhkəmə Konvensiyanın 6-cı maddəsində əks olunan “məhkəmə” anlayışının tələblərinə cavab vermiş olur. Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələbinə görə işlərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır. Mülki işlərin məhkəmə aidiyyətinin dəyişdirilməsinə yol verilməməsi MPM-in 31-ci maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddənin tələbinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. MPM-in 387.2-ci maddəsinə tələbinə görə işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılması, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin şərtsiz ləğvinə səbəb olur. Göstərilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi hazırkı iddiaya baxarkən maddi və prosessual hüquq normalarını pozmuşdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, Beyləqan Rayon Məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli 2(020)-1114/2023 saylı qətnaməsi ləğv edilməli, mülki iş üzrə icraata xitam veilməlidir. İddiaçıya izah edilməlidir ki, hazırkı tələb üzrə müvafiq inzibati orqana müraciət etdikdən və imtina cavabı aldıqdan sonra həmin inzibati orqana qarşı aidiyyəti məhkəmədə iddia qaldırmaq hüququ vardır. MPM-in 261.0.1-ci maddəsinə əsasən işə məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.2, 392 və 393-cü maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası qəraraaldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Beyləqan Rayon Məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli 2(020)-1114/2023 saylı ləğv edilsin. İddiaçı cavadeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı torpaq sahəsinə və həmin torpaq sahəsində tikilmiş evə sahiblik və istifadə hüququnun tanınması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya izah edilsin ki, hazırkı tələb üzrə müvafiq inzibati orqana müraciət etdikdən və imtina cavabı aldıqdan sonra həmin inzibati orqana qarşı aidiyyəti məhkəmədə iddia qaldırmaq hüququ vardır. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar