Məhkəmə qərarları › İş №2(106)-1157/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1157/2023

17.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1157/2023 17.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Heydərov Tofiq Xudayar oğlu və X2 ibarət məhkəmə tərkibində, məhkəmə iclas katibi Məmmədov Samir Valeh oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı avtomobilə və səhhətə dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 24 fevral 2023-cü il tarixli 2(056)-33/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı avtomobilə və səhhətə dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sabirabad Rayon Məhkəməsinin 24 fevral 2023-cü il tarixli 2(056)-33/2023 saylı qətnaməsi ilə (hakim Səlim Allahverdiyev) iddia qismən təmin edilərək Cavabdeh yolnəqliyyat hadisəsi nəticəsində İddiaçı avtomobilə dəymiş zərərin əvəzi qismində 948 manat, iddia qaldırılması üçün ödənilmiş 78,15 manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə uyğun olaraq 12,74 manat hissəsi və hüquqi yardım üçün ödənilmiş 60 manat məbləğində pul vəsaiti olmaqla, ümumilikdə 1020,74 (bir min iyirmi manat yetmiş dörd qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh tərəfindən Sabirabad Rayon Məhkəməsinin 24 fevral 2023-cü il tarixli 2(056)-33/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. İŞİNHALLARİ: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bağırov X1 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(056)-901/2022 saylı qərarı ilə İXM-in 333.3-cü maddəsin də nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2 il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmaqla 17 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə saat 20:30 radələrində Sabirabad şəhəri H.Əliyev prospektində idarə etdiyi “Renault Megane” markalı **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən qarşıda dayanmış ona məxsus və idarə etdiyi “Skoda Octavia” markalı ** SK *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmaqla ona maddi ziyan vurmuş, həmçinin toqquşma nəticəsində ona dərəcəsi müəyyən edilməyən (beyin silkələnməsi) xəsarətlər yetirmiş, yoxlama zamanı cavabdehin avtomobili sərxoş halda idarə etməsi müəyyən edilmişdir. Cavabdehin İXM-in 333.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsi məhkəmə qərarı ilə öz təsdiqini tapmışdır. Cavabdeh tərəfindən yol hərəkət qaydalarının pozulması nəticəsində ona 5065 manat dəyərində maddi ziyan dəymişdir. Maddi ziyanın həcmi xx.xx.2022-ci il tarixli 0031 saylı müayinə aktı ilə müəyyən edilmiş və qeyd olunan məhkəmə qərarı ilə təsdiq edilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertizası və X4 tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş “canlı şəxsin ekspertizası” haqqında xx.xx.2022-ci il tarixli 414 nömrəli rəydən görünür ki, tibbi müayinə zamanı onda qapalı kəllə beyin travması, baş beyin silkələnməsi ilə müşayiət olunan, təpə hissəsində sol məmə xətti üzrə 4-5-ci qabırğa səviyyəsində qançırlarla müşayiət olunan dərəcəsi təyin olunmayan xəsarətlər almışdır. Aldığı xəsarətlərdən sağalması üçün 750 manat məbləğdə xərc çəkmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə saat 20:30 radələrində Sabirabad şəhəri H.Əliyev prospektində idarə etdiyi “Renault Megane” markalı **-TP-*** dqn avtomobillə hərəkətdə olarkən qarşıda dayanmış ona məxsus və idarə etdiyi “Skoda Octavia” markalı ** SK *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Nəticədə iddiaçının avtomobilinə 3000 manat, sağlamlığına isə 750 manat məbləğində ziyan dəymişdir. Həmin məbləğ İddiaçı hesabına ödənilmiş və İddiaçı da bunu təsdiq etmişdir. Baş vermiş sığorta hadisəsi nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsi üçün bir digər ödəniş tələb etməyəcəyini, sığorta aktında nəzərdə tutulmuş sığorta ödənişi həyata keçiriləndən sonra onun "xxxx" ASC-yə qarşı heç bir tələbinin olmayacağını bildirmişdir. Belə ki, hazırda "xxxx" ASC tərəfindən iddiaçıya cəmi 375 manat məbləğində pulun ödənilməsinə baxmayaraq əsassız olaraq əlavə pul tələb edir. Belə olan halda, o hüquqlarının açıq-aşkar pozulduğunu hesab edir. Çünki iddiaçının tələbi "xxxx" ASC tərəfindən tam təmin olunmuşdur. Cavabdeh məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, Sabirabad Rayon Məhkəməsinin 24 fevral 2023-cü il tarixli 2(056)-33/2023 saylı qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə teleqram ünvanlyaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini Sabirabad Rayon Məhkəməsinin 24 fevral 2023-cü il tarixli 2(056)-33/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə iddiaçının və üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin halları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmadan, mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 24 fevral 2023-cü il tarixli 2(056)-33/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, iş materiallarında olan Sabirabad RPŞ-nin TB-nin təhqiqatçısı polis mayoru Məmmədzadə Abuşov tərəfindən qəbul edilmiş Cavabdeh və X3 əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi, Cavabdeh barəsində İXM-in 333.3 və 510-cu maddələri ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin aidiyyəti üzrə DYPB və İTB-yə göndərilməsi qərara alınmışdır. İşdə olan Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(056)-901/2022 saylı qərarının surətindən görünür ki, Cavabdeh İXM-in 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmaqla 17 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İşdə olan avtomobilə dəymiş ziyan haqqında fiziki şəxs X5 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 0031 saylı aktdan görünür ki, ** SK *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 5065 manat müəyyən edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində təkcə İddiaçı sağlamlığına dəymiş zərərə görə 750 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkənlərə dəymiş zərərə görə ümumilikdə 3750 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 9/8530 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı “Skoda Octavia” markalı ** SK *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 3948 manat məbləğdə müəyyən edilir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC tərəfindən Şirvan Apellyasiya Məhkəməsinə ünvanlanmış ərizəsində qeyd edilmişdir ki, “İcbari sığortalar haqqında” Qanunun 14.2.5-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində sığorta olunan və ya üçüncü şəxs az ağır və ya ağır xəsarət aldıqda sığorta məbləğinin 15 faizi nisbətində ödənilir (5000 manat bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə x 15% = 750 manat). "xxxx" ASC tərəfindən PXA 115486 və PXA 116669 saylı Sığorta aktlarına əsasən 3750 manat məbləğinə sığorta ödənişi İddiaçı edilmişdir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. MM-in 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki işin materialları ilə müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən idarə olunan “Renault Megane” markalı ** TP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “avtonəqliyyat vasitələrinin icbari sığortası” növü üzrə sığortalanmış “SKODA” markalı 90–SK–307 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 2022-ci il iyunun 28-də Sabirabad şəhəri H.Əliyev prospektində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Həmin hadisə ilə əlaqədar Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(056)-901/2022 saylı qərarı ilə Cavabdeh İXM-in 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2 il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmaqla 17 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023cü il tarixli 9/8530 saylı ekspert rəyinəəsasən nəzəri hesablama yolu ilə, iş materiallarında olan xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı “Skoda Octavia” markalı, ** SK *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 3948 manat məbləğ müəyyən edilir. Ancaq "xxxx" ASC-nin 27 avqust 2021-ci il tarixli sığorta aktına əsasən zərəçəkmiş nəqliyyat vasitəsinin təmiri üçün ümumilikdə 3000 manat və sağlamlığa dəymiş ziyana görə isə 750 manat məbləğində pul vəsaiti İddiaçı hesabına ödənilməsi qərara alınmışdır. Cavabdeh apellyasiya şikayəti verərkən şikayətinin dəlili olaraq dəymiş zərərin "xxxx" ASC tərəfindən iddiaçıya ödənildiyini bildirmişdir. MPM-in 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 9/8530 saylı ekspert rəyinə əsasən müəyyən edilmiş 3948 manat ziyanın isə 3000 manat hissəsi iddiaçıya ödənilmiş, ona görə də, iddia tələbi həmin hissədə qismən təmin edilərək cavabdehdən 948 manat məbəğində pul vəsaiti tutulmalması hissəsində məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun gəlir və maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmışdır. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi huququ konstitusiya hüquq və azadlıqlarının təminatlarına əsaslanır. Bu təminatın əsas mexanizmlərindən biri kimi çıxış edən MPM-də ədalət mühakiməsinin həyata keçirilməsinin konstitusiya prinsipləri öz əksini tapmış, hər kəsin Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqlarının səmərəli müdafiəsi nəzərdə tutulmuşdur. Bunun üçün isə mülki prosessual qanunvericiliyində məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yuxarı instansiya məhkəmələri tərəfindən yoxlanılmasının prosessual qaydaları müəyyən edilmişdir. Məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq bildirməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düz tətbiq etmişdir. “G.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15 aprel 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, hüquqi müəyyənlik prinsipi Konstitusiyanın Preambulasında əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanınır. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Əbilovun şikayəti üzrə 13 iyun 2008ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarları). Qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə qənaətə gəlməsini işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı hesab edir. Diqqətə çatdırılmalıdır ki, MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Kollegiya Cavabdeh apellyasiya şikayətinin dəlillərini formal mülahizə hesab edir. Şikayətdə ehtiva edilən dəlillər qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri nəzərə alınmaqla hazırkı məhkəmə qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə yekun nəticəyə gəlir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Sabirabad Rayon Məhkəməsinin 24 fevral 2023-cü il tarixli 2(056)-33/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14.2, 76, 77.1, 217.4, 372, 376.2, 385.1, 390, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin 24 fevral 2023-cü il tarixli 2(056)-33/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar