Məhkəmə qərarları › İş №2(106)-1175/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1175/2025

13.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1175/2025 13.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X3 və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Laçın Rayon Məhkəməsinin 22 may 2025-ci il tarixli 2(047)-168/2025 saylı qətnaməsindən (hakim C.İbrahimov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Laçın Rayon Məhkəməsinə müraciət edərək, 1147.15 manat dəymiş ziyan, mediasiya xərci üçün ödənilmiş 60 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsi ilə o satıcı kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2023-cü il tarixli 21 saylı əmrlə administrator vəzifəsinə keçirilmiş və “X4” haqqında müqavilə imzalanmışdır. xx.xx.2024-cü il il tarixli 8-x saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2024-cü il tarixində İddiaçı MMC-nin OBA Ramana 25 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdehnın cəmiyyətə zərər vurması müəyyən edilmiş, xx.xx.2024-cü il tarixli “İnventarizasiya Nəticələrinə” dair akta əsasən yekun ziyanın məbləği 9518.14 manat təşkil etmişdir. Sözügedən inventarizasiya yoxlaması şəxsən Cavabdehnın iştirakı ilə keçirilmiş, iltizamnaməyə imza atmaqla kəsr gələn mallara heç bir etiraz bildirməmişdir. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 1147.15 manat borc qalmışdır. Qalıq borcun ödənilməsi cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Həmçinin işin mediasiya mərhələsində həll edilməsi üçün Cavabdeh ünvanına xx.xx.2024-cü il tarixində mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmişdir. Mediasiya mərhələsində tərəflər arasında barışıq olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Laçın Rayon Məhkəməsinin 22 may 2025-ci il tarixli 2(047)-168/2025 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi hüquqi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı tərəfindən məhkəmə baxışı zamanı “Oba-Ramana 25” mağazasında zərərin cavabdehin qanunsuz hərəkət və yaxud hərəkətsizliyi nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olmasına dair mötəbər sübutlar təqdim edilməmişdir. Tərtib olunmuş xx.xx.2024-cü il tarixli inventarizasiya aktında cavabdehin imzası olmadığından, cavabdehin həmin çatışmazlıqlara dair izahatı alınmadığından, ümumiyyətlə həmin akt cavabdehin iştirakı ilə tərtib olunsa da, çatışmazlığı qeyd olunan malların cavabdehə təhvil verilməsi sübuta yetirilmədiyindən iddiaçı tərəfindən “Oba-Ramana 25” mağazasına dəymiş ziyanla bağlı məhkəməyə təqdim edilmiş sənədlər mötəbər sübut kimi qəbul oluna bilməz. İddiaçı bir tərəfdən cavabdehin maddiməsul şəxs olaraq xx.xx.2024-cü il tarixdə aparılan inventarizasiyanın nəticəsi olaraq cəmiyyətə böyük məbləğdə, yəni 1147.15 manat məbləğində zərər vurduğunu bildirir, digər tərəfdən isə cavabdehin onun əmlakına maddi zərər vurduğunu bilə-bilə cavabdehi həmin inventarizasiya aktının tərtib edildiyi tarixdən sonra, yəni 30 yanvar 2024-cü il tarixində Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi (təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması əsası) ilə deyil, 68-ci maddəsinin ikinci hissəsinin "b" bəndi (əmək müqaviləsi müddətinin bitməsi əsası) ilə işdən azad edir. Qeyd olunan hal isə iddiaçının iddia tələbinin cavabdehdən 1147.15 manat məbləğində zərərin tutulması hissəsində əsassız olmasının əlavə sübutudur. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək ləğv olunması və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnaməni və əsassız hesab edir. Cavabdeh tam maddi məsul şəxs kimi İddiaçı MMC-də çalışdığı müddət ərzində “X4 haqqında müqavilə” ilə üzərinə götürdüyü öhdəliklərinə qeyri-ciddi və məsuliyyətsiz yanaşmışdır. “X4 haqqında” müqavilədə deyilir ki, maddi məsul şəxs ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürür. Həmin müqavilənin 2.2-ci bəndində deyilir ki, işəgötürən qəbul edilmiş qaydalar əsasında inventarizasiyanı həyata keçirməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu maddəsinin “a” bəndində göstərilmişdir ki, saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X4 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda işçi X4 daşıyır. Cavabdehin iş fəaliyyətinin yoxlanması məqsədilə onun barəsində xx.xx.2024-cü il tarixində inventarizasiya yoxlaması həyata keçirilmişdir. xx.xx.2024-cü il tarixli “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 9518.14 manat məbləğində zərər vurması məlum olmuşdur. İş materiallarında olan maliyyə arayışından məlum olur ki, zərər vurulmuş 9518.14 manat çatışmamazlıqdan müvafiq güzəştlər tətbiq edildikdən sonra yekun olaraq cavabdehin şirkət qarşısında 1147.15 manat qalmışdır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Hesab edir ki, belə əməlləri törədən şəxsləri yenidən həmin əməlləri törətməkdən çəkindirmək üçün onlar qanun naminə tənbeh edilməli, ziyankarlığa qarşı mübarizə aparılmalıdır. Hazırki vəziyyətdə Cavabdehnın barəsində mülki qaydada qanuna müvafiq tədbir görülməsə, onun həmin əməlləri digər mağazalarda da törətmə ehtimalı yarana bilər. Cavabdehin vəzifə borcunu yerinə yetirməməsi iş materiallarına əlavə edilmiş mötəbər sübutlarla tam təsdiq edilməsinə baxmayaraq birinci instansiya məhkəməsi qərəzli olaraq iddia tələbini rədd etmişdir. Odur ki, faktiki hallar qətnamənin ləğv edilməsi üçün əsasdır. Laçın Rayon Məhkəməsi cavabdehin administrator kimi vəzifə funksiyalarının nədən ibarət olmasını həmin vəzifə təlimatı konteksində qiymətləndirmədən iddianı rədd etmişdir. Halbuki cavabdehin vəzifə təlimatı ürə iddiaçı təşkilatda hansı funksiyanı yerinə yetirməli olub-olmaması, həmin təlimat üzrə cavabdehin hər hansı pozuntuya yol verib-verməməsinin müəyyən edilməsi iddianın qanuni həlli baxımından əhəmiyyət kəsb etmişdir. Məhz cavabdehin vəzifə təlimatı üzrə funksiyası və bu funksiyanı pozub-pozmaması müəyyən ediləndən sonra işdəki aktların cavabdehin məsuliyyətini təsdiq edən yetərli sübut kimi qəbul edilib-edilməməsinə qiymət verilməli idi. Bundan başqa Laçın Rayon Məhkəməsi İddiaçı MMC ilə Cavabdeh arasında rəsmiləşdirilmiş “X4” haqqında müqaviləyə də münasibət bildirməmişdir. Laçın Rayon Məhkəməsi bu qənaətə gəlmişdir ki, 1147.15 manat məbləğində əksikgəlmənin Cavabdeh tərəfindən vurulması sübut edilməmişdir. Yuxarıda qeyd edilənə cavab olaraq bildiririk ki, Cavabdeh ilə işəgötürən İddiaçı MMC arasında bağlanmış və iş materiallarına əlavə edilmiş “X4 haqqında” müqavilənin 3.3cü bəndində göstərilir ki, işçinin işəgötürənə vurduğu ziyanın məbləği barədə akt tərtib olunur və işçi aktla tanış edilir. İşçinin aktla tanış olmaqdan və ya ziyanla əlaqədar izahat verməkdən imtina etməsi onu maddi məsuliyyətdən azad etmir. Bu aspektdən çıxış edərək qeyd etmək lazımdır ki, cavabdehin borcu etiraf etməməsi onu maddi məsuliyyətdən azad etmir. Laçın Rayon Məhkəməsi qətnamə qəbul edərkən sübutlara düzgün hüquqi qiymət verməmiş, həmçinin işlərin məhkəmə iclasında məhkəmə araşdırmaları aparılmasına, mahiyyəti üzrə işə baxılıb qətnamə qəbul edilməsinə yönələn bütün lazım olan hərəkətləri etməmişdir. Laçın Rayon Məhkəməsi, İnventarizasiya siyahısının tərkib hissəsində göstərilmiş və hər biri Cavabdeh tərəfindən təhvil alınmış malların qaimə-fakturalrının mövcudluğuna münasibət bildirməmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli yekun inventarizasiya yoxlama aktından görünür ki, ziyan həqiqətən də Cavabdeh təqsirli hərəkətləri nəticəsində baş vermişdir. Bundan başqa iş materiallarında olan iltizamnamədən də görünür ki, inventarizasiya yoxlanmasında Cavabdeh iştirakı təmin edilmiş və yoxlamanın nəticəsinə dair heç bir etiraz bildirməmişdir. Həmçinin, ziyan vurma faktının aşkar olunduğu xx.xx.2024 il tarixli Yekun Aktda sözügedən malların hər biri ayrı-ayrılıqda barkodu qeyd edilməklə cavabdeh tərəfindən imzalanmaqla qaimə-faktura əsasında cavabdehə verilmişdir. Həmin qaimə-fakturalar mövcuddur. Buna görə də hesab edirlər ki, Laçın Rayon Məhkəməsi məhkəmə araşdırması aparılmasına, mahiyyəti üzrə işə baxılıb qətnamə qəbul edilməsinə yönələn bütün lazım olan hərəkətləri etməmişdir və sözügedən prosessual normanın tələblərini pozmuşdur. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək başqa məhkəmə prosesləri ilə əlaqədar məhkəmədə iştirak edə bilməyəcəyini, apellyasiya şikayətini müdafiə etdiklərini bildirib, işə iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış cavabdeh məhkəmədə iştirak etməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə müvafiq olaraq mülki iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddiasının tam təmin olunmasını xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еtmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən qətnamənin apellyasiya qaydasında ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan prosessual hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan sənədlərlə aşağıdakılar müəyyən edilmişdir: xx.xx.2022-ciil tarixli müqavildən, əmrdən çıxarışdan və bildirişdən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında əmək müqaviləsi bağlanmış, o, satıc-kassir vəzifəsinə işə qəbul edilmiş və bu müvaqfiq qaydada rəsmiləşdirilmişdir. xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əlavədən, əmrdən çıxarışdan, bildirişdən və X4 haqqında müqavilədən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli 21 saylı əmrlə administrator vəzifəsinə keçirilmiş və onunla X4 daşıması barədə müqavilə bağlanmışdır. İddiaçı MMC üzrə xx.xx.2024-cü il tarixli 8x saylı əmrdən çıxarışdan və bildirişdən görünür ki, Cavabdeh əmək müqaviləsinin müddətinin qurtarması ilə işdən azad edilmiş və bu müvafiq qaydada rəsmiləşdirilmişdir. İnventarzasiya nəticələrinə dair aktdan və imtina aktından görünür ki, “Oba-Ramana 25” mağazasında komissiya üzvləri tərəfindən yoxlama aparılaraq 9518.54 manat əksikgəlmə müəyyən edilmiş, Cavabdeh maddi məsul şəxs kimi qeyd edilmiş, lakin cavabdeh inventarizasiyanın aparılmasında iştirak etsə də, sənədlərə heç bir imza etməmiş və izahat verməmişdir. xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil təslim işlərinin nəticəsi olaraq hesabında xx.xx.2024-cü il tarixində 9518.54 manat çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əskikgəlmələrə görə ümumi olaraq 1147.15 manat borcu qalmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixə İddiaçı MMC-yə olan ümumi borcu 1147.15 manat təşkil edir. Cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə göndərilmiş ərizənin məzmunundan görünür ki, İddiaçı MMC ona qarşı qaldırdığı iddia tələbini qəbul etmir. İnventarizasiyanın aparılmasında iştirak etməmiş, heç bir sənədə imza etməmiş və onun İddiaçı MMC-yə heç bir borcunun olmamasını qeyd etmişdir. X2 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan və ödəniş qəbzindən görünür ki, İddiaçı MMC Cavabdeh ilə arasında olan əmək mübahisəsinin həll edilməsi ilə bağlı Bakı 20 saylı Mediasiya Təşkilatına müraciət etsə də Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyindən bu barədə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış tərtib edilmiş və buna görə İddiaçı MMC tərəfindən 60 manat məbləğində mediasiya xərci ödənilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə əsasən “Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur”. Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətlənidirlməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin ç bəndinə əsasən, əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindən biri də işə götürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaqdır. 72-ci maddəsinin c bəndinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. 70-ci maddəsinin ç bəndi işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsini, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmasını əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edlilməsi əsaslarından biri kimi müəyyən etmişdir. 198-ci maddəsinə əsasən bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. 199-cu maddəsinin 1-ci hissəsinin a və ç bəndlərinə əsasən saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X4 götürməsi haqqında işə götürənlə yazılı müqavilə bağlandıqda, işçi qanuna zidd hərəkətləri ilə əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə işə götürənə digər üsulla qəsdən ziyan vurduqda, vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. 203-cü maddəsinin 1-ci bəndinə əsasən işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. 205.2-ci maddəsinə əsasən əgər ziyan işçi tərəfindən X4 daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2.3-cü maddəsinə əsasən, ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Mülki Məcəllənin 14.1. və 14.2.1-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 386.1-ci maddəsinin məzmununa görə, öhdəliyin əmələ gəlmə əsaslarından biri də zərər vurulmasıdır. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Kollegiya hesab edir ki, işin müəyyən olunan hallarından iddiaçı tərəfindən məhkəmə baxışı zamanı “Oba-Ramana 25” mağazasında zərərin cavabdehin qanunsuz hərəkət və yaxud hərəkətsizliyi nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olmasına dair mötəbər sübutlar təqdim edilməmişdir. İddiaçının birinci instansiya məhkəməsinin qətnaməsində maddi və prosessual hüquq normalaranın pozulması və düzgün tətbiq edilməməsi, habelə qətnamədə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki halların aydınlaşdırılmaması fikri yanlışdır. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi ona münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki tələb üzrə iddianın qiyməti 5000 manatan az olduğundan, prosessual qanunvericiliyə əsasən qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 385.2, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Laçın Rayon Məhkəməsinin 22 may 2025-ci il tarixli 2(047)-168/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov İlham Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar