Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1187/2024 01.07.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi hakim), Heydərov Tofiq Xudayar oğlu və X1 ibarət tərkibdə, Astara Rayon Məhkəməsinin e-2(018)-331/2024 saylı, 27 may 2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5525 manat vəsaitin, 500 manat vəkilə ödənilmiş xidmət haqqının, 500 manat nəqliyyat xərcinin və iddianın verilməsi üçün ödənilmiş 86 manat dövlət rüsumunun, cəmi 6611 manat vəsaitin alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Astara Rayon Məhkəməsinin 27 may 2024-cü il tarixli, e-2(018)-331/2024 saylı qərardadı ilə (sədrlik edən hakim Zamin İbrahimov) İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara Rayon Məhkəməsinin 27 may 2024-cü il tarixli, e-2(018)-331/2024 saylı qərardadının ləğv edilməsini və icraatı təzələyərək iddianın mahiyyəti üzrə baxılması barədə məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Astara Rayon Məhkəməsinin 30 may 2024-cü il tarixli, e-2(018)-331/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası barədə mülki iş üzrə Astara Rayon Məhkəməsinin 27 may 2024-cü il tarixli, 2(018)- 331/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmış, şikayətin 7 gün müddətində işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. MPM-in 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını və şikayəti nəzərdən keçirərək, belə nəticəyə gəlir ki, Astara Rayon Məhkəməsinin e-2(018)-331/2024 saylı, 27 may 2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilməli, mülki iş materialları qərardadın əsaslandırıcı hissəsində qeyd edilənlər nəzərə alınmaqla, sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsindən ötrü Astara Rayon Məhkəməsinə qaytarılmalıdır. Hazırda iddianın baxılmamış saxlanılması barədə qərardaddan şikayət verilən zaman dövlət rüsumu ödənilməmişdir. Birinci instansiya məhkəməsi iddiaçının iddianın baxılmamış saxlanılması barədə qərardaddan verdiyi şikayətə baxmış olsa da, bu cür qərardaddan şikayət verilməsi zamanı dövlət rüsumunun ödənilməli olması məsələsinə əhəmiyyət verməmişdir. Belə ki, “Dövlət rüsumu haqqında” Qanunun 8.5-ci maddəsinə əsasən, iddianın baxılmamış saxlanılması barədə qərardaddan şikayət verilməsinə görə 50 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Lakin işin hallarından İddiaçı dövlət rüsumu ödəməkdən azad edilmiş olması görünmür. Ona görə də, o, mübahisələndirmək istədiyi qərardaddan şikayət verən zaman dövlət rüsumu ödəməli idi. Mülki Prosessual Məcəllənin 267.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. MPM-in 267.2-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 267.3-cü maddəsinə əsasən, şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir. MPM-in 268.1-ci maddəsinə əsasən, şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Mülki Prosessual Məcəllənin 269.1-ci maddəsinə əsasən, şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Həmin Məcəllənin 269.2-ci maddəsinə əsasən, şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. MPM-in 269.3-cü maddəsinə əsasən, əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. Göründüyü kimi, prosessual qanunvericiliyin tələblərinə əsasən, qərardaddan verilən şikayətə onu qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılmalı, nəticəsindən asılı olaraq sonrakı prosessual hərəkətlər yerinə yetirilməlidir. Birinci instansiya məhkəməsi isə iddianın baxılmamış saxlanılması barədə qərardaddan şikayət verilməsinə görə 50 manat məbləğində dövlət rüsumunun ödənilməli olmasına diqqət yetirməmiş, şikayətə baxaraq onu həll etmişdir. Odur ki, Astara Rayon Məhkəməsinin e-2(018)-331/2024 saylı, 27 may 2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilməli, mülki iş materialları qərardadın əsaslandırıcı hissəsində qeyd edilənlər nəzərə alınmaqla, sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsindən ötrü Astara Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 267-269, 397 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Astara Rayon Məhkəməsinin e-2(018)-331/2024 saylı, 27 may 2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin. Mülki iş materialları qərardadın əsaslandırıcı hissəsində qeyd edilənlər nəzərə alınmaqla, sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsindən ötrü Astara Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1187/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1187/2024
01.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver