Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1187/2025 05.09.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, X4 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(020)-464/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurduğu maddi ziyana görə onun xeyrinə 450 manat məbləğində pul vəsaiti, 70 manat dərman preparatlarına verdiyi nağd pulun və 20 manat çəkdiyi xərcin, ödədiyi 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bərdə rayon, Qarayusifli kəndində ailəsi ilə yaşayır, iş yeri yoxdur və yaşadığı ünvanda xırda heyvandarlıq təsərrüfatı ilə məşğul olur. xx.xx.2024-cü il tarixdə xırdabuynuzlu heyvan almaq üçün Bərdə rayon mal bazarına getmiş, həmin müddət bazarda alver edən Cavabdeh 3 baş xırdabuynuzlu heyvanın ümumi qiymətinin cəmi 450 (dörd yüz əlli) manata almış və cavabdehlə heyvanın sağlam olması barədə söhbət etmişlər, hətta adını Şahin olaraq demişdir. 02 markalı jiquli avtomobillə heyvanları gətirmişdir. Cavabdeh ona bildirmişdir ki, ona satdığı heyvanlar tam sağlamdır və öz təsərrüfatında saxlayıb. O, razılaşmış və heyvanların sağlamlığı və cavabdehə məxsus olması barədə arayış istəmiş, lakin cavabdeh mal bazarına təcili gəldiyini bildirərək, telefon nömrəsini ona vermişdir. O, cavabdehin telefonuna zəng edib aktiv olduğuna əmin olmuş və heyvanları yaşadığı ünvana aparmaq üçün 20 manat avtomobilə vermiş və yaşadığı ünvana aparmış, heyvanların həyətə çatan vaxt halı dəyişmişdir. O, tez bir zamanda baytar həkimi çağırmış, heyvanları müalicə etdirmək üçün 70 manat dərman preparatları almış, buna baxmayaraq cavabdehdən aldığı heyvanın 2 başı həmin aldığı günün səhərisi ölmüş, dərhal o cavabdehin telefonuna zəng etmiş, lakin zəng açıb guya heç nə olmayıbmış kimi cavab vermiş, sonradan zəng çatsa da, telefonu götürməmiş, ona dələduzluq yolu ilə xəstə heyvanları verən cavabdeh barədə Azərbaycan Respublikasının Daxil İşlər Nazirliyinin “102” qaynar xəttinə məlumat vermişdir. Cavabdehin işlətdiyi telefon nömrəsi həyat yoldaşı X1 adına olmuşdur. Cavabdehdən ona vurduğu maddi ziyanı tələb etsə də, cavabdeh müəyyən bəhanələr edir, artıq onun yalan vədlərinə inanmır. Məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini, iddiaçını tanımadığını, ona xırdabuynuzlu heyvan satmadığını, Bərdə rayon mal bazarına getmədiyini bildirmişdir. Ona görə də iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X2 ifadəsində bildirmişdir ki, İddiaçı onun qonşusudur. xx.xx.2024-cü il tarixdə iddiaçı ilə Bərdə rayon mal bazarına getmişdilər. Cavabdeh də orda xırdabuynuzlu heyvan satırdı. İddaçı cavabdeh ilə razılığa gəlib, ondan 450 manata 3 baş xırdabuynuzlu heyvanı almışdır. Sonradan isə iddiaçı bildirmişdir ki, heyvan xəstə olduğundan ölmüş və bu barədə polisə məlumat vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(020)-464/2025 saylı qətnaməsi ilə (Hakim: Xatın Cabbarlı) İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiasının təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətində Cavabdeh məhkəmənin onun lehinə qərar qəbul edəcəyi təqdirdə belə, onu icra etməyəcəyini dediyini bildirmişdir. Hətta məhkəmə iclası zamanı şahidlə üzləşmə olmuş, cavabdeh bildirmişdir ki, istənilən rayonun mal-qara bazarına gedir, lakin Bərdə mal bazarına getmir, çoxsaylı sübut və şahidlər olmağına baxmayaraq, hətta telefon yazışmaları və zəng çıxarışlarına məhkəmə sübut kimi əhəmiyyət verməmişdir, bununla da konstitusion hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Qətnamədə göstərilir ki, guya cavabdeh onu tanımır, Bərdə mal bazarında olmamışdır, lakin qətnamadə göstərilir ki, ona təqdim etdiyi telefon nömrəsi həyat yoldaşının adına olmuşdur, o, məhkəmə iclas zalında cavabdehə bildirmişdir ki, onun həyat yoldaşının telefon nömrəsi onda necə ola bilər və şahid ifadəsi ilə də məlum olmuşdur ki, o, həmin xırdabuynuzlu heyvanları cavabdehdən almışdır. Bütün bunlar və yuxarıda sadaladığı maddi və prosessual hüquq normaları pozuntuları isə onu təsdiq edir ki, hazırkı mübahisə üzrə Beyləqan Rayon Məhkəməsi tərəfindən aparılmış icraat səthi və qanunsuz olmuşdur. Apellyasiya şikayətinin təmin edilməsini, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli, 2(020)-464/2024 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh məhkəmə iclasında izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(020)-464/2025 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, işə onun iştirakı olmadan baxılaraq ədalətli qərar verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən apellyatorun iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; 372.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası İddiaçı apellyasiya şikayətinin dəlilləri həddində, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(020)-464/2025 saylı qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 587.1-ci maddəsinə əsasən əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə alış qiymətinin mütənasib azaldılması; əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb etsin. 587.2-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. 587.3-cü maddəsinə əsasən bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər. 587.4-cü maddəsinə əsasən, komplektə daxil olan əşya hissələri lazımi keyfiyyətli olmadıqda alıcı əşyanın həmin hissəsi barədə bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində nəzərdə tutulan hüquqları həyata keçirə bilər. 587.5-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alğı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 588.1-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. 588.2-ci maddəsinə əsasən satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. 608-ci maddəsinə əsasən əgər bu paraqrafın aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar tətbiq edilir. 609.1-ci maddəsinə əsasən heyvan, quş və balıq satıcısı yalnız müqaviləyə aşağıda müəyyənləşdirilmiş uyğunsuzluqlar (başlıca qüsurlar) üçün və yalnız bu qüsurların konkret müddətlər (qarantiya müddətləri) ərzində aşkara çıxdığı halda məsuliyyət daşıyır. 609.2-ci maddəsinə əsasən faydalı və damazlıq heyvanların satıldığı halda cıdır və yük heyvanlarında - manqo, şüurun azalması ilə baş beyinin sağalmaz xəstəliyi, qırtlağın və ya traxeyanın və ya ağ ciyərlərin və ya ürəyin sağalmaz xəstəliyi nəticəsində tənəffüsün çətinləşməsi, habelə gözün daxili orqanlarının iltihablı dəyişməsi - 14 günlük qarantiya müddəti ilə; qaramalda - heyvanın vəziyyəti ümumən pisləşməklə vərəm xəstəliyi - 14 günlük qarantiya müddəti ilə, habelə ağ ciyərlərin tam iltihabı - 28 günlük qarantiya müddəti ilə; davarda - qoturluq - 14 günlük qarantiya müddəti ilə, qızıl yel - 3 günlük qarantiya müddəti ilə; taun - 10 günlük qarantiya müddəti ilə başlıca qüsurlar sayılır. 609.5-ci maddəsinə əsasən qarantiya müddəti riskin alıcıya keçdiyi günün sonundan başlanır. 611-ci maddəsinə əsasən qarantiya müddəti ərzində hər hansı başlıca qüsur aşkar edildikdə ehtimal olunur ki, həmin qüsur riskin alıcıya keçdiyi ana qədər mövcud idi. 612.1-ci maddəsinə əsasən, heyvanlarda, quşlarda və balıqlarda başlıca qüsurların olması nəticəsində alıcı yalnız müqavilənin ləğvini tələb edə bilər, qiymətin azaldılmasını isə tələb edə bilməz. 612.1.2-ci maddəsinə əsasən əgər müqavilə ləğv edilənədək alıcının cavabdeh olduğu hallar nəticəsində heyvanın, quşun və ya balığın vəziyyəti əhəmiyyətsiz dərəcədə pisləşmişdirsə, alıcı onun dəyərinin azalmasını kompensasiya etməlidir. Heyvandan, quşdan və ya balıqdan istifadə nəticəsində hər hansı faydanın əvəzini alıcı yalnız bu cür faydanı əldə etmiş olduğu halda ödəyir. 612.1.3-cü maddəsinə əsasən müqavilənin ləğv edildiyi halda satıcı alıcıya heyvanın yemlənməsinə və bəslənməsinə, baytarlıq müayinələrinə və qulluğuna çəkilmiş xərclərin, habelə heyvanın məcburən öldürülməsinə və uzaqlaşdırılmasına çəkilmiş xərclərin əvəzini ödəməlidir. 612.2-ci maddəsinə əsasən müəyyən cins əlamətləri olan heyvan, quş və ya balıq alıcısı müqavilənin ləğvi əvəzinə tələb edə bilər ki, müqaviləyə uyğun gəlməyən heyvanın, quşun və ya balığın əvəzinə ona müqaviləyə uyğun gələn heyvan verilsin. 612.3-cü maddəsinə əsasən əgər satıcı heyvanın, quşun və ya balığın hər hansı başlıca qüsurlarının olmadığına və ya hər hansı konkret xassələrinin olduğuna xüsusi qarantiya verirsə və onlar bu qarantiyaya uyğun gəlmirsə, alıcı müqavilənin ləğvini və ya icra edilməmə nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı apellyasiya şikayətində Beyləqan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(020)-464/2025 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(020)-464/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...” Məhkəmə kollegiyası gəlinəcək nəticənin daha aydın olması üçün aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan Bərdə RPŞ tərəfindən xx.xx.2024-cü il tarixdə İddiaçı ünvanlanmış məktubdan görünür ki xx.xx.2024-cü il tarixli ərizədə göstərmiş xüsusatlar mülki iddia xarakterli olduğundan aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etmək hüququ İddiaçı izah olunmuşdur. Baytar həkimi Qasımov Rafiq, Qarayusifli kənd sakinləri İddiaçı və Mahmudov Fizulinin iştirakı ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Bərdə rayonu, Qarayusifli kənd sakini İddiaçı həyətində olan və xx.xx.2024-cü il tarixində Bərdə rayon mal-qoyun bazarında alınmış 3 (üç) baş xırdabuynuzlu heyvanın biri həmin günü, qalan ikisi də xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə ölməsinə şahid olmuşlar. Odur ki, akt tərtib edib doğruluğunu öz imzaları ilə təsdiq etmişlər. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddia üzrə sübutetmə yükü üzərinə düşən iddiaçı, iddiasının faktiki əsası kimi istinad etdiyi halları, yəni 450 manat məbləğinə 3 baş qoyun almasını, 70 manat dərman preparatlarına ödədiyi pulu və 20 manat qoyunların aparılmasına görə maşına ödədiyi xərc tələb etsə də, tələbini biri digərini tamamlayan mötəbər dəlillərlə sübut edə bilməmişdir. Belə olan halda isə onun həmin dəlillərini əsaslı hesab etmək mümkün deyildir. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Həmçinin birinci instansiya məhkəməsi iş üzrə dindirilmiş şahid ifadəsi ilə bağlı qeyd etmişdir ki, həmin şahidin ifadəsi “əsaslı şübhədən kənar” sübut kimi qəbul edilə bilməz. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək qeyd edir ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir (“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarı). Yəni sübutetmədə bir qayda olaraq “sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktiki hallara, yəni iddia tələbinin faktiki əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. İş materiallarından göründüyü kimi, iddiaçı heyvanları məhz Cavabdeh alması, heyvanların alınmasına görə 450 manat ödəməsi, heyvanların ona məhz xəstə vəziyyətdə təhvil verilməsi və s. barədə mötəbər sübut təqdim etməmiş, cavabdeh isə iddianı etiraf etməmişdir. Ona görə də birinci instansiya məhkəməsi haqlı olaraq iddianı rədd etmişdir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayəti faktlar nöqteyi-nəzərdə qanuni və əsaslı olan məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(020)-464/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1187/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1187/2025
05.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver