Məhkəmə qərarları › İş №2(106)-1190/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1190/2025

11.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1190/2025 11.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı daşınmaz əmlakın inventarlaşması və texniki pasportun tərtib olunması üçün zəruri ölçmə işlərinin aparılmasına yaradılan maneələrin aradan qaldırılması və həmin işlərin aparılmasına edilən müdaxilələrin cavabdehlərə qadağan edilməsi tələbinə dair mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli 2(017)- 845/2024 saylı qətnaməsindən Cavabdeh1 nümayəndəsi-vəkili Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə iddiaçının nümayəndəsi-vəkili Nümayəndə2 iddia ərizəsindən imtina barədə ərizəsinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “daşınmaz əmlakın inventarlaşması və texniki pasportun tərtib olunması üçün zəruri ölçmə işlərinin aparılmasına yaradılan maneələrin aradan qaldırılması və həmin işlərin aparılmasına edilən müdaxilələrin cavabdehlərə qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, atası X3 xx.xx.2000-ci il tarixdə, anası Cavabdeh1 Qulam qızı xx.xx.2002-ci il tarixdə vəfat etmişlər. Mərhum atası Ağcabədi şəhəri H.Aslanov küçəsində özünə məxsus torpaq sahəsində ev tikdirib həmin evdə yaşamışdır. Arxivdən verilmiş xx.xx.2029-cu il tarixli 349 saylı arxiv arayışı ilə müəyyən olunur ki, Ağcabədi şəhər XDSnin 1963-1965-ci illərə aid 66 saylı təsərrüfatbasına kitabın 2171 saylı təsərrüfatında atası X1 adına 0,07 ha torpaq sahəsi olması barədə qeydiyyat var. Həmin torpaq sahəsində atasından qalma ev vardır. Atasından qalmış ev və torpaq sahəsinə münasibətdə vərəsəlik haqqında şəhadətnamə verilməsi ilə bağlı onunla ailə tərkibində olan qardaşı X2 notariat ofisinə müraciət etmiş, yaşayış evinə və torpaq sahəsinə aid hüquq müəyyənedici sənədlər olmadığından, şəhadətnamə verilməsi mümkün olmamışdır. Həmçinin həmin torpaq sahəsində 2023-cü ildə 2 otaq, 1 zal və digər yardımçı otaqlardan ibarət ev tikmişdir. Atasının adına 0,07 ha torpaq sahəsinin qeydiyyatı olsa da, istifadədə olan torpaq sahəsi 0,13 ha təşkil edir. Yəni 0,06 ha torpaq sahəsi qeydiyyatda olduğundan artıqdır və bələdiyyə torpaqlarına aiddir. Lakin bələdiyyəyə aid 0,06 ha torpaq sahəsinin ümumi torpaq sahəsinin hansı hissəsində olması müəyyən olunmamışdır. Həmin torpağın sərhədlərinin müəyyən olunduqdan sonra satın almaq və mülkiyyətinə keçirmək istəyir. Bu məqsədlə müraciəti əsasında Ağcabədi bələdiyyəsinin əməkdaşları baxış keçirmiş, lakin cavabdehlər ölçü işlərinin aparılmasına maneçilik törədərək mübahisə yaratmışlar. Ona görə də Ağcabədi şəhər XDS-nin 1963- 1965-ci illərə aid 66 saylı təsərrüfatbaşına kitabın 2171 saylı təsərrüfatında mərhum atası X1 adına 0,07 ha torpaq sahəsi, habelə həmin torpaq sahəsindən artıq 0,06 ha torpaq sahəsinin və həmin torpaq sahəsində tikdirdiyi yaşayış evinin inventarlaşdırılması və texniki pasportun tərtib olunması məqsədilə zəruri ölçmə işlərinin aparılmasına cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılan maneələrin aradan qaldırılması və həmin işlərin aparılmasına edilən müdaxilələrin cavabdehlərə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağcabədi Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli 2(017)-845/2024 saylı qətnaməsi ilə (hakim Etibar Quliyev) iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən Ağcabədi şəhəri, Həzi Aslanov küçəsi ev 12-də (yeni qaydalarla AZ 0400 Ağcabədi şəhəri, Həzi Aslanov küçəsi, giriş 22) yerləşən 0,0768 ha torpaq sahəsindən əlavə olan torpaq sahəsində zəruri ölçmə işlərinin aparılmasına yönəlmiş maneələrin aradan qaldırılması və həmin işlərin aparılmasına edilən müdaxilələrin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qadağan edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.Həmin Məcəllənin 365-ci maddəsinə əsasən, apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. 11 avqust 2025-ci il tarixdə keçirilən məhkəmə iclası zamanı iddiaçının nümayəndəsivəkili Nümayəndə2 EMİS vasitəsi ilə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “daşınmaz əmlakın inventarlaşması və texniki pasportun tərtib olunması üçün zəruri ölçmə işlərinin aparılmasına yaradılan maneələrin aradan qaldırılması və işlərin aparılmasına edilən müdaxiləlrin cavabdehlərə qadağan edilməsi” tələbinə dair mübahisə məhkəmədən kənar qaydada öz həllini tapdığını, odur ki, iddiadan imtina etdiklərini və həmin iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 370.2-ci maddəsinə əsasən ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Azərbaycan Respublikası 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Azərbaycan Respublikası 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən belə yekun nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı daşınmaz əmlakın inventarlaşması və texniki pasportun tərtib olunması üçün zəruri ölçmə işlərinin aparılmasına yaradılan maneələrin aradan qaldırılması və həmin işlərin aparılmasına edilən müdaxilələrin cavabdehlərə qadağan edilməsi tələbinə dair mülki iş üzrə iddiaçının nümayəndəsi-vəkili Nümayəndə2 tərəfindən verilmiş iddiadan imtina barədə ərizəsi qəbul edilməli, Ağcabədi Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli 2(017)-845/2024 saylı qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.5-ci maddəsinə əsasən apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 191, 370, 384.0.5, 400 və 402.2-402.3-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı nümayəndəsi-vəkili Nümayəndə2 iddiadan imtina barədə ərizəsi qəbul edilsin. Ağcabədi Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli 2(017)-845/2024 saylı qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı daşınmaz əmlakın inventarlaşması və texniki pasportun tərtib olunması üçün zəruri ölçmə işlərinin aparılmasına yaradılan maneələrin aradan qaldırılması və həmin işlərin aparılmasına edilən müdaxilələrin cavabdehlərə qadağan edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar