Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1192/2024 30.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apelyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Əliyev Orxan İsmayılm oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərər tələbinə dair mülki iş üzrə Neftçala Rayon Məhkəməsinin 2(053)-137/2024 saylı, 28 mart 2024-cü il tarixli qətnaməsindən İddiaçıtərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 30 sentyabr 2024-cü il tarixdə Şirvan Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək ona vurulmuş maddi zərərə görə 9.000 manat, mənəvi zərərə görə 500 manat məbləğində pulun və iddia ərizəsinə görə ödənilmiş 115 manat dövlət rüsumunun cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona məxsus “Folksvagen” markalı, 99- HV-302 dövlət qeydiyyat nişanlı avtomobildə xəbərdaredici qırmızı işıq yandığından servisə müraciət etmiş, servisdə kompyuterdə diaqnostika aparılmış, ciddi bir məsələ olmadığı, yalnız mühərrikin qapaq (krışka) hissəsinin dəyişdirilməsi zərurəti olduğu ona bildirilmişdir. “Everest” sevisdə usta kimi fəaliyyət göstərən Cavabdeh ilə qapağın dəyişdirilməsi barədə razılığa gəlmiş və o, avtomobili servisdə saxlamışdır. O, cavabdehə bildirmişdir ki, yalnız qapaq dəyişdirilməli, mühərrikdə problem yoxdur deyə mühərriki sökməməlidir. 2022-ci ilin sentyabr ayında o, avtomobili servisdən götürmüş, cavabdeh hər şeyin qaydasında olduğunu bildirmişdir. O, avtomobili sürərək getmiş, bir kilometr yol qət etməmişdir ki, avtomobilin mühərriki sıradan (“vurmuşdur”) çıxmışdır. Evakuator vasitəsilə avtomobili servisə aparmış və məlum olmuşdur ki, cavabdeh zərurət olmadığı halda avtomobilin mühərrikini sökmüşdür. Cavabdehin məqsədi əlavə pul məbləği əldə etmək olmuş, lakin mühərriki yığmaqda səriştəsi olmadığından mühərrikin sıradan çıxmasına zəmin yaratmışdır. Qeyd edir ki, o, məcbur qalaraq avtomobilin mühərrikinin yığılması üçün 4500 manat vəsait xərcləmiş və ehtiyat hissələrinin də alınmasına, usta və s. 4500 manat məbləğində pul xərcləmişdir. Cavabdehdən ona vurulmuş maddi ziyanı ödəməsini tələb etmiş, lakin cavabdeh bundan boyun qaçırmışdır. O, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə ərizə ilə müraciət etmiş, verilmiş cavabda ona iş mülki xarakterli olması səbəbindən məhkəməyə müraciət edilməsi bildirilmişdir. Cavabdehdən dəfələrlə vurulmuş maddi ziyanı ödəməsini tələb etsə də əhəmiyyət verməmiş və maddi zərəri ödəməkdən yayınmışdır. Eyni zamanda o, cavabdehin təqsiri üzündən çox ciddi stres keçirmiş, əsəb gərginliyinə məruz qalmağı səbəbindən mənəvi zərərə məruz qalmışdır. Maddi zərərə məruz qalmağı şüuruna mənfi psixoloji təsir göstərmiş, sağlamlığı pozulmuşdur. O xəstədir, mütəmadi olaraq müalicələr alır. Belə bir halın baş verməsi onun xəstəliyini daha da şiddətləndirmişdir. Bu səbəbdən cavabdeh tərəfindən vurulmuş mənəvi zərəri 500 manat dəyərində qiymətləndirir. İşin məhkəmə hazırlıq iclası zamanı İddiaçı iddiasını müdafiə edərək, bildirmişdir ki, mühərrikin qapağını alıb gətirəndə görmüşdür ki, usta mühərriki açmışdır. Mühərrikin sökülməsinə görə ustaya iradını bildirmiş, cavabdeh də cavabında mühərriki yığa bildiyini bildirmiş, o da razılaşmışdır. Mühərrik yığıldıqdan sonra avtomaşını sürmüş və qısa zamanda mühərrik (vurmuşdur) sıradan çıxmışdır. Mühərrikin yığılmasına 4500 manat xərci çıxmışdır. O, ustaya mühərriki sökülməsini deməmişdir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İddiasının tam təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə hazırlıq iclasında iddianı qəbul etməyərək etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, tərəfindən icarə əsasında istifadə etdiyi bakı şəəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi DSK yolunda yerləşən avtomobil təmir sexində təxminən bir il bundan əvvəl Akif adlı vətəndaş və oğlu ona məxsus avtomobilin mühərrikinin yağ göstəricisi sensorunun işığının yandığını bildirərək yaranmış problemi aradan qaldırmaq niyyəti ilə müraciət etmişlər. Avtomobilə baxış keçirdikdən sonra müştəriyə bildirmişdir ki, avtomobilin mühərliki sökülməlidir və yenidən təmir olunmalıdır. Bunun isə qarşılığında müştəriyə 450 manat zəhmət haqqı təyin edilmiş, halbuki, həmin işin qiyməti 700 manat civarındadır. Adı çəkilən müştərinin hadisədən əvvəl digər iki ədəd avtomobilinə aid mühərriki təmir etdiyinə görə müvafiq endirim etmiş, mühərrik iddiaçının razılığı ilə söküldükdən sonra detallar tokara gedib yoxlanıldıqda mühərrikin qalovka hissəsinin yaramadığı müəyyən edilmiş, həmin vaxt tokarda başqa mühərrik olduğunu bilən zaman təsadüfən Akif adlı vətəndaşla, yəni iddiaçı və qonşusu ilə orada rastlaşmış və tokardan qalovkanın işləyib-işləməyəcəyini soruşduqda tokar iddiaçının yanında bildirmişdir ki, qolovka işləməyəcək, hətta mühərriki işə salan zaman tutula bilər. Bu görülən işə zəmanət yoxdur. Xarab ehtiyat hissəsi dəyişdirilməlidir. Əks halda mühərrikin işləyəcəyinə zəmanət verilməsi mümkün deyildir. Bundan sonra sexə gəlmiş, Akif adlı vətəndaşa bildirmişlər ki, bu qalovka işə yaramır, işləməyəcək, mühərrik dağılacaqdır. O da onlara demişdir ki, təmir edin işləyəcək, o, əlli ildir ki, maşın sürür, yeni qalovkanı almağa da pulu yoxdur. O, Akifə təkidlə bildirmişdir ki, bu vəziyyətdə qalovka işləməyəcək. Akif yenə də siz təmir edin işləyəcək, mən razıyam demişdir. Onlar demişlər ki, bu qalovka olə mühərrik yığılsa da yenidən dağılacaq deyə zəmanət vermirlər. O da onlarla razılaşmış, hətta oğluna da zəng edib bildirmişdir ki, bu mühərrik işləməyəcək, o da demişdir ki, yığın inşallah işləyəcək və razılıq vermişlər. Mühərriki yığdıqdan sonra üçdörd gün keçmiş, Akif kişi zəng edərək bildirmişdir ki, maşında nasazlıq var. Sonra avtomaşını gətirmişdir. Onlar tərəfdən də müəyyən olunmuşdur ki, mühərrik yenidən deformasiyaya uğrayıb və xarab olub. Akif kişi demişdir ki, mühərriki təzədən yığmalısınız, 3000-3500 manat xərc qoymuşdur. Onlar da bildirmişlər ki, bu mühərrik işləməyəcək və zəmanət ona görə də verilmədi. Onlar tərəfdən köməklik kimi təklif olunmuşdur ki, başqa mühərrik alsın, quraşdırmağı tərəflərindən təmənnasız quraşdırılar, lakin Akif kişi razılaşmayaraq onlara hədə-qorxu gəlməyə başlayaraq nalayiq sözlər işlədib bildirmişdir ki, onun polis qohumları var, şikayət edib onları tutduracaqdır. Bundan 2-3 gün sonra onları polis bölməsinə dəvət edib, izahat almışlar. Qeyd edir ki, onlar tərəfindən görülən işə zəmanət verilməyib və Akif kişi buna razılaşmayıb bölməni tərk etmişdir. Bu hallardan sonra yenə də onlara hədə-qorxu gələrək hətta oğlu özü ilə üç nəfər də gətirib onlara hədə qorxu gələrək, məsələni yanındakılara iş necə olubsa danışdıqdan sonra yanındakılar iddiaçının oğlu Nofələ irad bildirmişlər ki, sizə usta her şeyi bildirib, ustanın günahı yoxdur. İkiüç gün sonra Akifin oğlu Nofəl yanında bir nəfərlə gəlmiş və bildirmişdir ki, əmisi oğludu, əmisi oğlu demişdir ki, dəyən ziyanı qaytarmalısınız. Məsələni olduğu kimi deyəndən sonra əmisi oğlu mövqelərinin yanlış olduğunu gördükdə bura səhv edib gəlmişəm deyə getmişdir. Bir müddətdən sonra Bakı şəhər Baş Polis İdarəsindən zəng gəlmiş və onun haqqında şikayət olduğu bildirilmiş və oraya dəvət olunmuşdur. Oraya getdikdə, edilən şikayəti oxuduqdan sonra görmüşdür ki, ona şər-böhtan atır və bildirir ki, 600 manat zəhmət haqqı almışlar, halbuki 450 manat zəhmət haqqı alınıb və 6000 manat məbləğində ziyan vurulduğunu yazıb, halbuki 3000- 3500 manat xərc çəkiblər. Onun tərəfdən izahat yazılanda yalan yazdığına görə iradını bildirmişdir. Uzun zaman keçdikdən sonra bildiriş gəlmiş, məhkəməyə çağırılmışdır. Bildirmək istəyir ki, Akif adlı vətəndaşın bildirdikləri hamısı yalandır və şər-böhtan atmaqla onları maddi ziyana uğratmaq istəyir. İddia tələbi ilə razı deyil. Əlavə olaraq qeyd etmişdir ki, iddiaçı və oğlu mühərrikdə problem olduğu bildiriləndə onlar açılmasına razılaşmış, qalovka Nərimanov rayonuna aparılmış, orada Nəriman adlı usta qalovkaya zəmanət verməmişdir. On dəfədən çox zəng etmiş ki, bu qalovka yaramayacaq. İddiaçı ilə oğlu ona təkid etmişlər ki, 450 manat verirlər bu qalovqanı qoyub mühərriki yığsın işləyəcək. Mühərrik açıldıqda kladişdə iz olduğunu görmüşdür. Həmçinin qeyd edir ki. o, cavabdehlə mühhərikin ancaq sökülüb yığılması barədə 450 manata razılığa gəlmişdir. Mühərrikdə olan nasazlığın aradan qaldırılması üçün isə iddiaçı özü şəxsən həmin xarab olan hissəni Nəriman deyilən ustaya aparmış, usta iddiaçıya qolovkanın yonulmasından sonra da yararsız olduğunu bildirməsinə baxmayaraq iddiaçı təkid edərək zəmanət verilməyi mümkün olmayan ehtiyyat hissəsinin mühərrikin üzərinə yığılmasını istəmişdir. Bir daha ona bu vəziyyətdə mühərrikin tezliklə sıradan çıxacağı bildirilmiş, görülən işə heç bir halda zəmanət verə bilməyəcəyini vurğulamışdır. Göstərilənləri nəzərə alaraq günahsız olduğunu və bu səbəbdən də iddianın əsassız olduğundan rədd olunmasını məhkəmədən xahiş edir. İddiaçı da eyni zamanda Nəriman ustanın onun tanışı olduğunu, qalovkanı ona göstərdikdə ona zəmanət vermədiyini məhkəmə hazırlıq iclasında etiraf etmişdir. İddiaçı işin məhkəmə baxışı iclasına gəlməmiş, teleqramlar göndərərək xx.xx.2024- cü il tarixə və xx.xx.2024-cü tarixlərinə təyin olunmuş məhkəmə baxışı iclasında xəstəliyi ilə əlaqədar iştirak edə bilməyəcəyini, iddia tələbini müdafiə etdiyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İşin 26 yanvar 2024-cü il tarixə təyin olunmuş məhkəmə hazırlıq iclasında Cavabdeh şahidləri olduğunu, onların dindirilməsi üçün məhkəmə iclasına dəvət olunmasını xahiş etmişdir. İşin məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X1 ifadə verərək bildirmişdir ki, Cavabdeh xalası oğludur. İddiaçı qalovka deyilən ehtiyyat hissəsini yondurmaq üçün Nəriman ustaya vermiş, Nəriman usta ona bildirmişdir ki, bu qalovka yonulsa da işə yaramayacaq. Akif ona demişdir ki, bu qalovkanı yığ düzəlt ver, sənin işin olmasın. Nə görübsə onu da danışır. İşin məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X3 ifadə verərək bildirmişdir ki, Cavabdeh yanında köməkçi işləmişdir. Akif avtomaşınla bağlı müştəriləri olmuşdur. Akiflə oğlu vasitəsilə tanış olmuşdur. Akif ona yaxınlaşıb avtomobilinin mühərrikini göstərmiş, nasazlıq olduğunu demiş, onlar da ona detalın dəyişilməsini tövsiyyə etmişlər. O, Nəriman usta ilə birlikdə dayanmış, ona demişdir ki, Nəriman usta bu detala zəmanət vermir. Nəriman ustadan birlikdə soruşmuşlar, o da zəmanət vermədiyini bildirmiş, zəhmət haqqı kimi 30 manat pul almışdır. Akif oğluna zəng edib bu barədə məlumat vermişdir. Oğlu da bildirdi ki, mühərriki yığın, problem olmaz. O da onlara bu vəziyyətlə razı olmadığını bildirmişdir. Habelə qeyd edir ki, Akif kişinin razılığı olmadan mühərriki aça bilməzdilər və bu mümkün də deyil. Müştəri istəmədiyi halda onların nəyinə lazımdır ki, özlərinin işini artırsınlar. İddiaçının oğlu Nofəl də bütün olanlardan məlumatlı idi. Oğlu razılıq verdi ki, mühərrik sökülsün. Mühərrik sökülən zaman da Akif orada olmuşdur. Ona əvvəlcədən deyilmişdir ki, bu qaydada mühərrikin yığılması işə yaramayacaqdır. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Neftçala Rayon Məhkəməsinin 2(053)-137/2024 saylı, 28 mart 2024-cü il tarixli qətnaməsi ilə (X5) İddiaçı Cavabdeh qarşı «Maddi və mənəvi zərər tələbinə dair» iddiası rədd edilmiş, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Gəlinən nəticə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. Neftçala Rayon Məhkəməsinin 2(053)-137/2024 saylı, 28 mart 2024-cü il tarixli qətnaməsini ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən iddiaçının apelyasiya şikayətinə etiraz daxil olmamışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı apellyasiya icraatı zamanı verdiyi izahatında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək Neftçala Rayon Məhkəməsinin 2(053)-137/2024 saylı, 28 mart 2024-cü il tarixli qətnaməsini ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya icraatı zamanı verdiyi izahatında iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, Neftçala Rayon Məhkəməsinin 2(053)-137/2024 saylı, 28 mart 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Apelyasiya baxışının hədləri; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, Məhkəmə kollegiyası İddiaçı apellyasiya şikayətinin dəlilləri həddində, Neftçala Rayon Məhkəməsinin 2(053)-137/2024 saylı, 28 mart 2024-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə görə sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 756.1-ci maddəsinə görə əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur. 759.1-ci maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 759.2-ci maddəsinə görə əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. 762.1-ci maddəsinə görə podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2-ci maddəsinə görə podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Neftçala Rayon Məhkəməsinin 2(053)-137/2024 saylı, 28 mart 2024cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə görə sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Həmin Məcəllənin 756.1-ci maddəsinə görə əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 759.1-ci maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 759.2-ci maddəsinə görə əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Həmin Məcəllənin 762.1-ci maddəsinə görə podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Həmin Məcəllənin 762.2-ci maddəsinə görə podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Həmin Məcəllənin 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Həmin Məcəllənin 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiyasıya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası MM-nin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənməlidir. Azərbaycan Respublikasının MM-nin 1096-cı maddəsi mülki hüquq pozuntusunu (delikt) hüquqla və qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl (hərəkət və ya hərəkətsizlik) kimi səciyyələndirir. Bu qanun normalarının mənasından görünür ki, delikt məsuliyyətinin yaranması üçün şəxsin əməlində deliktin (mülki hüquq pozuntusunun) əmələ gəlməsi üçün, zərər vurulmalı, zərər şəxsin hüquqa zidd hərəkətləri nəticəsində vurulmalı, vurulan zərərlə şəxsin hüquqa zidd hərəkətləri arasında səbəbli əlaqə olmalı, şəxsin zərərin vurulmasında təqsiri olmalıdır. Yuxarıda sadalanan maddi hüquq normalarını hazırki mübahisənin maddi hüququ əsası kimi müəyyənləşdirən məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında podrat müqaviləsi şifahi razılığa əsaslandığı üçün tərəflərin mübahisənin halları kimi təqdim etdikləri xüsusatlar ədalətli nəticəyə gəlmək üçün əhəmiyyətlidir. Belə ki, məhkəmə kollegiyası, iddiaçının avtomobilin mühərrikinin sıradan çıxması ilə ona dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı qeyd edir ki, iddiaçı 2022-ci ilin ikinci yarısİnda özünə məxsus “Folksvagen” markalı, **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobildə xəbərdaredici qırmızı işıq yandığından avtomobil təmiri servisinə müraciət etmiş, servisdə kompyuter diaqnostika aparılmış, ona mühərrikdə ciddi problem olduğu bildirilmiş, qolovka deyilən ehtiyat hissəsinin yenisi ilə əvəzlənməsi məsləhət görülmüş, iddiaçı isə bir məsələ olmadığını, yalnız mühərrikin qapaq (krışka) hissəsinin dəyişdirilməsi zərurəti olduğu ona bildirilmişdir. Bundan sonra iddiaçı mühərrikin özü həmin xarab olan hissəni özünün tanıdığı ustaya aparmış və yonduraraq yenidən mühərrikə yerləşdirilməsini istəmişdir. Ona yonulmadan sonra da mühərrikin işləməyəcəyi dəfəələrlə və qətiyyətlə bildirilsə də iddiaçı bunu tələb etmişdir.Bu zaman isə ehtiyat hissəsini təmir edən və cavabdeh bu halda görüləcək işə heç bir zəmanət verilməkdən söhbət gedə bilinməyəcəyini iddiaçıya bildirmiş, sonuncu da buna baxmayaraq yenidən mühərrikin yığılmasını tələb etmişdir. Halbuki o, görüləcək işə heç bir halda zəmanət verilə bilməyəcəyi barədə dəfələrlə xəbərdar olunmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1192/2024 saylı, 12 iyul 2024-cü il tarixli qərardadı ilə, mülki iş üzrə məhkəmə mühəndis-texniki və məhkəməəmtəəşünaslıq ekspertizaları təyin edilmiş və ekspert qarşısında Cavabdeh tərəfindən maşının mühərrikində qapaq (krışka) dəyişdirilməsindən başqa hansı işlərin aparılması, həmin qapağın (krışkanın) dəyişdirilməsi və ya mühərrikdə hər hansı işlərin aparılması mühərrikin sıradan çıxmasına səbəb olub-olmaması, əgər olmuşdursa iddiaçıya hansı məbləğdə zərərin dəyib-dəyməməsi araşdırılması ilə bağlı suallar qoyulmuşdur. Lakin Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuş məlumatdan görünür ki, yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olmayan, yəni nəqliyyat vasitəsinin ehtiyat hissələrində olan nasazlığın və onların yaranma səbəblərinin müəyyən edilməsi məhkəmə yol-nəqliyyat hadisələri ekspertinin səlahiyyətlərinə aid deyildir. Həmçinin məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə isəməhkəmə yol-nəqliyyat hadisələrinin ekspertizası hissəsində göstərilənlərə əsasən ekspert qarşısında qoyulan suallara cavab vermək mümkün olmamışdır. Məhkəmə kollegiyası işdə olan sübutların tədqiqi zamanı müəyyən etmişdir ki, İddiaçı Cavabdeh ilə aralarında mülki hüquq münasibətlərinin yaranma əsası qismində hər hansı müqavilənin bağlanmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməməklə yanaşı, Cavabdeh ona maddi zərərin vurulmasına dair təqsirli hərəkətlərinin mövcudluğunu və belə hərəkətlər nəticəsində həqiqətən də ona maddi zərər vurulmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə iddiaçının cavabdehdən avtomobilinin qüsurlu təmiri və bunun nəticəsində avtomobilinin mühərrikinin sıradan çıxaraq ona dəymiş maddi zayanın ödənilməsini iddia etsə də, tələbinin əsası kimi istinad etdiyi bu halı nə birinci instansiya məhkəməsində nə də ki, apelyasiya icraatı zamanı sübut edə bilməmiş, bununla bağlı hər hansı mötəbər dəlili məhkəməyə təqdim etməmişdir. Belə olan halda iddiaçının cavabdehdən xidmət göstərmədiyi təmirin qüsuru və həmin qüsur nəticəsində dəymiş ziyana görə üzərinə məsuliyyət qoyulması tələbi əsaslı sayıla bilməz. “T. Mənsurovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 4 oktyabr 2010-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 5 dekabr 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun bu hüquqla bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bundan başqa, iddiaçı cavabdehin hərəkətləri nəticəsində mənəvi zərərə məruz qalmasını, bu zərərin nədə ifadə olunmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002- ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, Mülki Məcəllənin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsiilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, “mənəvi zərər” anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. İş materiallarında cavabdehin hər hansı qanunsuz hərəkətlərinin baş verməsi, bunun nəticəsində isə iddiaçıların fiziki və mənəvi sarsıntılar keçirməsi barədə hər hansı mötəbər sübut yoxdur. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası yekun olaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tərəflərin qarşılıqlı münasibətinə uyğun düzgün qiymətləndirmiş, iddiaçının iddia tələbinin təmin olunmaması qənaətinə gəlməkdə haqlı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. İddiaçı apellyasiya şikayətinin dəlilləri isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizə hesab edir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, İddiaçı apellyasiya şikayətinin dəlilləri heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibarət olmaqla, Neftçala Rayon Məhkəməsinin 2(053)- 137/2024 saylı, 28 mart 2024-cü il tarixli qətnaməsinin ləğvi üçün əsas hesab oluna bilməz. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası; Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Neftçala Rayon Məhkəməsinin 2(053)-137/2024 saylı, 28 mart 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1192/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1192/2024
30.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver