Məhkəmə qərarları › İş №2(106)-1193/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1193/2023

15.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1193/2023 15.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X5 Əsədov (sədrlik edən və məruzəçi), Tale Suliddin oğlu Kərimov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, katib X4, tərəflərin iştirakı ilə, Cəlilabad Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında, İddiaçı cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı cavabdehlərdən 3000 ABŞ dolları pulun və ödənilmiş 85 manat dövlət rüsumunun alınaraq ona verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Cəlilabad Rayon Məhkəməsinin (hakim E.Əmirəliyev) 06 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı cavabdehlərdən 3000 ABŞ dolları pulun və ödənilmiş 85 manat dövlət rüsumunun alınaraq ona verilməsi tələbinə dair iddiası təmin edilməmiş, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 85 (səksən beş) manat dövlət rüsumu iddiaçıya aid edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. İşinhalları İddiaçı cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı cavabdehlərdən 3000 ABŞ dolları pulun və ödənilmiş 85 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini əsaslandırarkən göstərmişdir ki, Cəlilabad rayonu Maşlıq kəndində təsərrüfat işləri ilə məşğul olmaqla ailəsini dolandırır. 1998-ci ildə cavabdehlər mülkiyyətində olan torpaq sahəsini 3000 ABŞ dolları müqabilində ona satmışlar. O, 3000 ABŞ dolları ödəməklə torpaq sahəsini almışdır. Cavabdehlərə etibar etdiyi üçün rəsmi şəkildə alqı-satqı etməmişdir. Bunun əvəzində Dövlət aktını ona vermişlər. Həmin vaxtdan torpaq sahəsini əkibbecərir. Lakin hazırda cavabdehlər ona torpaq sahəsindən istifadə etməyə imkan vermir. Cavabdehlərin bu hərəkətindən sonra verdiyi 3000 ABŞ dolları pulu onlardan geri tələb etmiş, lakin cavabdehlər onun pulunu qaytarmamışlar. Birinci instansiya məhkəməsində Cavabdeh3 iddianı qəbul etməmiş, izahatında bildirmişdir ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 02 iyun 1998-ci il tarixli, 06 saylı qərarı ilə onun və ailə üzvlərinin mülkiyyətlərinə Cəlilabad rayonu Maşlıq kəndində 1 hektar pay torpaq sahəsi verilmişdir. Torpaq sahəsi birgə mülkiyyətdə olduğu üçün əvvəllər ailəlikcə torpaq sahəsini əkib-becərmişlər. Lakin sonradan maddi imkanı zəif olduğu üçün torpaq sahəsini icarəyə vermək qərarına gəlmişdir. 1998-ci ildən torpaq sahəsini İddiaçı icarəyə vermişdir. Lakin icarə müqaviləsini rəsmiləşdirməmişlər. İddiaçı onlar torpaq sahəsi satmamışlar. Buna görə də iddianı əsassız hesab edir. Birinci instansiya məhkəməsində digər cavabdehlər X3, Cavabdeh2 və Cavabdeh4 iştirak etmədiklərindən iddiaya dair mövqeləri bəlli olmamışdır. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən hesab etmişdir ki, iddiaçı öz tələbini sübuta yetirə bilməmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmə iş üzrə onun təqdim etdiyi sübutları, o cümlədən şahidlərin ifadələrini nəzərə almamışdır. İzahatlar Apellyasiya baxışında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı izahatında bildirmişdir ki, cavabdehlər 1998-ci ildə könüllü olaraq həmin torpaq sahəsini ona satıblar. O, hələ də həmin torpaq sahəsini əkib-becərir, cavabdehlər onu narahat edirlər, yenidən ondan pul istəyirlər. Apellyasiya baxışında iştirak edən cavabdeh X3 apellyasiya şikayətini əsassız sayaraq onun təmin edilməməsini xahiş etmiş, izahatında bildirmişdir ki, ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsini İddiaçı icarəyə vermişdir. Onlar torpaq sahəsini satmamışlar. Buna görə də iddianı əsassız hesab edir. İddiaçı onlara alqı-satqı ilə bağlı pul ödəməmişdir. İddiaçı torpağı icarəyə götürəndə torpaqdan müvəqqəti istifadə üçün cəmi 7 “Məmməd” pul vermişdir. Apellyasiya baxışında iştirak edən digər cavabdehlər- Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 eyni məzmunlu izahat vermişlər. Əsaslandırma Məhkəmə Kollegiyası, məruzəçinin işin halları barədə məruzəsini, izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin faktiki hallarından görünür ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 02 iyun 1998-ci il tarixli, 06 nömrəli qərarı ilə Cəlilabad rayon Maşlıq kəndində yerləşən 1 ha pay torpaq sahəsi X1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mülkiyyətlərinə verilmişdir. Onların adına JN 394 nömrəli, Kod 80617048 Dövlət aktı verilmişdir. İddiaçı tələbində cavabdehlərin mülkiyyətlərində olan 1 hektar torpaq sahəsini 3000 ABŞ dolları müqabilində cavabdehlərdən satın aldığını, lakin rəsmiləşdirmədiyini, cavabdehlərin torpaq sahəsindən onu çıxardığını iddia edərək torpaq sahəsinə görə ödədiyi pulu geri tələb etmişdir. İddiaçı baş tutmamış alqı-satqı müqaviləsinə görə ödədiyi pulun geri qaytarılmasını, ona vurulmuş ziyanı tələb etmişdir. İddiaçının tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091, 1092, 21-ci maddələri təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya, əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Kollegiya qeyd edir ki, tərəflərin arasında alqı-satqı münasibətlərinin olduğu, torpaq sahəsinin alqı-satqısına görə pul məbləğinin ödənildiyi və cavabdehlərin təqsiri üzündən alqısatqının baş tutmadığı təqdirdə iddiaçının tələbi özlüyündə keçərlidir. İddiaçının tələbinin təmin edilməsi üçün o tələb edilir ki, iddiaçı alqı-satqıya dair müvafiq razılaşmaya uyğun olaraq, cavabdehlərin mülkiyyətində olan torpaq sahəsinə görə müəyyən məbləğdə pulu cavabdehlərə ödəmiş olsun. Alqı-satqı müqaviləsi baş tutmadıqdan sonra iddiaçı öz verdiyi pulu cavabdehlərdən geri tələb edə blər. İlk növbədə qeyd edilməlidir ki, əvvəllər torpaq sahəsinə dair tərəflərin arasında sövdələşmə olduğu müəyyən edilmir, belə ki, bu barədə hər-hansı yazılı sənəd yoxdur. Bununla yanaşı, iddiaçı şahid ifadələrinə əsaslanaraq cavabdehlərə şifahi razılaşmaya uyğun olaraq pul məbləğinin ödənildiyini iddia etmişdir. Kollegiya ilk növbədə Azərbaycan Respublikasının MPM-nin 81-ci maddəsini xatırladır. Həmin maddənin tələbinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Digər tərəfdən, birinci instansiya məhkəməsində iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X6 və X9 ifadələrində cavabdehlərin 1998-ci ildə Bakı şəhərinə köçərək orada yaşamağa başladıqlarını, Bakı şəhərinə gedən zaman Ələddin Hüseynovun torpaq sahəsini İddiaçı satdığını, həmin vaxtdan torpaq sahəsinin İddiaçı istifadəsində olduğunu bildirmişlər. Lakin şahidlər ödənilən pul vəsaitinin miqdarı barədə hər-hansı məlumat verməmişlər. Torpaq sahəsinə görə, torpaq sahəsinin mülkiyyətə verilməsi üçün cavabdehlərə 3000 ABŞ dollarının ödənilməsi barədə iddiaçı hər-hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya qeyd edir ki, hazırkı halda sübut etmə yükü iddiaçının üzərindədir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Kollegiya hesab edir ki, iddiaçı öz tələbini əsaslandıran halları sübuta yetirə bilməmişdir. Beləliklə, apellyasiya şikayətini təmin etmək üçün əsas yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Cəlilabad Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 2(073)-1550/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar