Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1206/2024 24.07.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), X6 və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Qəribov Nahid Vidadi oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi Vəkil3, cavabdehin nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 2(032)-29/2024 saylı, 04 aprel 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apellyasiya icraatı qaydasında, Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin təqsiri üzündən sağlamlığına vurulmuş xəsarət nəticəsində xəstəxanaya ödədiyi 15000 manat, müalicə və müayinə xərcləri üçün 5000 manat, sağlamlığına vurulmuş ziyan həcmi olaraq 10000 manat pulun və dövlət rüsumu kimi ödənilmiş pulun tutularaq ona ödənilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1962-ci ildə Qazı-Məmməd (hazırkı – Hacıqabul) şəhərində anadan olmuşdur. Səhhətində yaranmış problemlə bağlı xx.xx.2023-cü ildə X3 Mərkəzində “Heriotomiya. Hernioplastika” cərrahi əməliyyatı olunmuşdur. xx.xx.2023-cü ildə uğursuz əməliyyat nəticəsi olan ağırlaşma “Peritonit. Daxili qanaxma” yaranmışdır. Cərrahi əməliyyatı aparmış cavabdeh cərrahın məsuliyyətsizliyi nəticəsində kritik ağır vəziyyətdə yaxın qohumlarının iştirakı ilə təcili tibbi yardım vasitəsilə Bakı şəhərinə “X11” xəstəxanasına aparılmışdır. xx.xx.2023-cü ildə orada yenidən endotraxeal anesteziya altında “Reloparatomiya. Sanasiya. Geniş sağtərəfli hemikoletomiya. İleotravsverozoanastomoz. Qarın boşluğunun çoxsaylı drenajı” cərrahi əməliyyatı olunmuşdur. Cərrahi əməliyyat Rəşad Cəfərov tərəfindən uğurla icra olunmuş və ilkin cərrahi əməliyyatı icra etmiş cərrahın məsuliyyətsizliyi nəticəsində nazik bağırsağın və müsariqəsinin çoxsaylı zədələnmələri, peritonit, daxili qanaxma hallarının olması müəyyən olunmuşdur. Məhz ikinci cərrahi əməliyyatdan sonra iddiaçı yenidən həyata qayıtmış və bağırsağının 1 metrdən çox hissəsi amputasiya olunmuşdur. Məhz bunun nəticəsidir ki, onun ifrazat problemi yaranmışdır və bu hal onda ömürlük davam edəcəkdir. Cərrahi əməliyyat zamanı uğursuzluğun olması stasionar xəstənin tibbi kartasından çıxarışda öz əksini tapır. Belə ki, ******* nömrəli çıxarışda göstərilir ki, “... qarın boşluğunun KT müayinəsi zamanı qarın boşluğunda maye təsdiqləndi. Konsilium aparıldı. Relaparotamiya qərara alındı. Xəstə anestezioloq, kardioloq müayinə olundu. Xəstənin qohumlarının təkidi ilə ixtisaslaşdırılmış müayinə və müalicə müəssisəsinə göndərildi”. Beləliklə, cavabdeh cərrahın uğursuz əməliyyatı nəticəsində iddiaçının səhhətinə xəsarət yetirilmiş, orqanı amputasiya olunmuş, xərcləri çıxmışdır. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Şirvan Şəhər Məhkəməsinin 04 aprel 2024-cü il tarixli, 2(032)-29/2024 saylı qətnaməsi ilə (sədrlik edən hakim Ceyhun Mustafayev) iddia təmin edilməmiş, məhkəmə xərcləri iddiaçıya aid edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Şirvan Şəhər Məhkəməsinin 04 aprel 2024-cü il tarixli, 2(032)-29/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şirvan Şəhər Məhkəməsi qətnamə qəbul edərkən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, sübutları tam və obyektiv qiymətləndirməmiş və işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verərək düzgün olmayan nəticəyə gəlmişdir. İddiaçı səhhətində yaranmış problemlərlə bağlı xx.xx.2023-cü ildə X3 Mərkəzində “Heriotomiya. Hernioplastika” cərrahi əməliyyatı olunmuşdur. xx.xx.2023-cü ildə uğursuz əməliyyat nəticəsində ağırlaşma Peritonit Daxili qanaxma yaranmışdır. Cərrahi əməliyyatı aparmış cavabdeh cərrahın məsuliyyətsizliyi nəticəsində iddiaçı kritik ağır vəziyyətdə yaxın qohumlarının iştirakı ilə təcili tibbi yardım vasitəsi ilə Bakı şəhərində yerləşən “X11” xəstəxanasına aparılmışdır. xx.xx.2023-cü il tarixdə yenidən endotraxeal anesteziya altında “Reloparatomiya. Sanasiya. geniş sağ tərəfli Hemikoletomiya. İleotravsverozoanastomoz. qarın boşluğunun çoxsaylı drenajı” cərrahi əməliyyatı olunmuşdur. Cərrahi əməliyyat həkim Rəşad Cəfərov tərəfindən uğurla icra olunmuş və ilkin cərrahi əməliyyatı icra etmiş cərrahın məsuliyyətsizliyi nəticəsində nazik bağırsaq və müsariqəsinin çoxsaylı zədələnmələri, pertonit daxili qanaxma hallarının olması müəyyən olunmuşdur. Məhz cərrahın məsuliyyətsizliyi səbəbindən iddiaçıda ömürlük ifrazat problemi yaranmışdır. İddiaçını ikinci dəfə əməliyyat etmiş Rəşad Cəfərov da iddiaçının səhhətində baş vermiş problemin həkim səhvindən baş verdiyini bildirmişdir. İddiaçını ikinci dəfə əməliyyat edən həkim cərrah X7 da bildirir ki, iddiaçı 2023-cü ilin fevral-mart ayında onun qəbulunda olmuşdur. Xəstəni müayinə edən zaman onun göbək nahiyəsində yırtıq əmələ gəldiyini aşkar etmişdir. Həmin yırtıqla bağlı müvafiq qaydada cərrahi əməliyyat olunmasını məsləhət görmüşdür. Xəstə ilk öncə həmin cərrahi əməliyyatın “X11” xəstəxanasında onun tərəfindən icra olunmasını istəmiş, lakin xəstəxana özəl klinika olduğu üçün ödənişin çox olduğunu bildirib cərrahi əməliyyatı TƏBİB-in tabeliyində olan xəstəxanada etdirəcəyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçının yaxın qohumu onunla telefon əlaqəsi saxlayaraq xəstənin vəziyyətinin pis olduğunu, cərrahi əməliyyatdan sonra vəziyyətinin kritikləşdiyini bildirmişdir. O, ilkin olaraq xəstənin cərrahı ilə əlaqə saxlamış və xəstənin vəziyyətini sorğu-sual etmişdir. Həmin cərrahın dedikləri əsasında həkim xəstənin qarın boşluğunu yenidən açmasını məsləhət görmüşdür. Lakin həmin cərrah, yəni Cavabdeh hələ ki gözləyəcəyini, 2 saat sonra isə xəstə yaxınlarının xəstənin yenidən həmin xəstəxanada əməliyyat olunmasına qarşı olduqlarını bildirmişdir. O da xəstə yaxınlarına xəstəni ən tez müddətdə Bakı şəhərinə çatdırmalarını bildirmişdir. Həmin gün təxminən günortadan sonra təcili tibbi yardım avtomobili ilə xəstəni “X11” xəstəxanasına çatdırmışlar. Xəstəni ilkin müayinə edən zaman vəziyyətinin çox kritik olduğunu müəyyən etmiş və dərhal reanimasiya şöbəsinə yerləşdirmişdir. Xəstənin rəngi tam ağarmış, çoxlu qan itirmişdir. Dərhal onun bədəninə qan köçürmüş və vəziyyətinin nisbətən stabilləşməsini gözləyib dərhal cərrahi əməliyyata başlamışlar. Xəstənin cərrahi əməliyyatını ümumi anesteziya vasitəsilə etmişlər. Xəstədə əməliyyat olunmuş sahəni yenidən açmışdır. Xəstənin qarın boşluğu nəcisli, qanlı, möhtəviyyatla dolu olmuşdur. Cərrahi əməliyyat zamanı xəstənin nazik bağırsağının iki yerdən deşildiyini aşkar etmişdir. Birinci nahiyə əməliyyat sahəsində bağırsağın bitişik olduğu yer olmuşdur. İkinci nahiyə isə nazik bağırsağın yoğun bağırsağa açılan yeri olmuşdur. Həmin nahiyələrdə bağırsaqların damarlarının zədələnməsi qanaxmanın səbəbi olmuşdur. Xəstədə ikinci problem zədələnmiş bağırsaq hissəsinin kəsilib-götürülməməsi olmuşdur. Həmin nahiyələri tikməklə bağlamaq mümkün olmadığı üçün aparılmış və cərrahi əməliyyat yekunlaşdırılmışdır. Xəstə reanimasiyaya yerləşdirilmiş, təxminən bir həftə reanimasiyada yatırılmışdır. Həmçinin, 3-4 gün süni nəfəs aparatına qoşulu qalmışdır. Reanimasiyadan sonra xəstə palataya köçürülmüş və bir müddət orada qaldıqdan sonra evə buraxılmışdır. İlk nöqsan natamam reviziya olmuşdur. Natamam reviziya qarından çıxan zaman qarın boşluğunu tam şəkildə yoxlamadan qarın boşluğunu tikərək cərrahi əməliyyatı sonlandırmaqdır. İkinci nöqsan xəstədə cərrahi əməliyyatdan sonra ilk saatlarda qanaxma olmasını müəyyən edə bilməməkdir. Xəstəni cərrahi əməliyyatdan sonra müşahidə etmək lazımdır. Həmin müşahidə baş tutmamışdır. Göründüyü kimi, xəstənin təkrar əməliyyat olunmasına səbəb cavabdehin uğursuz və nöqsanlı əməliyyatı olmuşdur. Birinci instansiya məhkəməsi bu halları araşdırmamış, yalnız komisyon məhkəmə-tibbi ekspertizasının rəyini əsas tutaraq iddia tələbini rədd etmişdir. Birinci instansiya məhkəməsi həkim cərrah X2 cavabını sübut kimi qəbul etməmiş və qətnamədə onu əsaslandırmamışdır. Halbuki, iddiaçını təkrar əməliyyat edən həkim də bildirmişdir ki, əməliyyatdan sonra baş verən bu hallar həkim səhlənkarlığından baş vermişdir. Birinci instansiya məhkəməsi ekspert rəyini əsas götürərək iddia tələbini rədd etmiş və ekspert rəyi ilə müəyyən etmişdir ki, iddiaçının üzərində icra edilmiş əməliyyatlar taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmiş, iddiaçıya aparılmış müalicələr təyin edilmiş diaqnoza uyğun olmuşdur, iddiaçıya göstərilmiş tibbi yardımlar onun vəziyyəti də və göstərilmiş tibbi xidmət Səhiyyə sistemində qüvvədə olan mövcud təlimat qaydalarına uyğun olmuşdur, iddiaçı üzərində aparılmış əməliyyatların nöqsanlarla icra edilməsi halı öz təsdiqini tapmamışdır. Halbuki, iddiaçının təkrar əməliyyat olunmasına səbəb cərrahi əməliyyat zamanı xəstənin nazik bağırsağının iki yerdən deşilməsi, qarın boşluğunun nəcisli, qanlı, möhtəviyyatla dolu olması, bağırsaqların damarlarının zədələnməsi qanaxmanın səbəbi olmuş, zədələnmiş bağırsaq hissəsinin kəsilib-götürülməməsi, ilk nöqsanın natamam reviziya olmuşdur. Natamam reviziya qarından çıxan zaman qarın boşluğunun tam şəkildə yoxlamadan qarın boşluğunu tikərək cərrahi əməliyyatı sonlandırmaqdır. İkinci nöqsan xəstədə cərrahi əməliyyatdan sonra ilk saatlarda qanaxma olmasını müəyyən edə bilməməkdir. Xəstəni cərrahi əməliyyatdan sonra müşahidə etmək lazımdır. Həmin müşahidə baş tutmamışdır. Lakin birinci instansiya məhkəməsi bu halları nəzərə almamış, maddi hüquq normalarının tələblərini pozaraq əsassız qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi mülki işin faktiki hallarını araşdırarkan tərəflərin qarşılıqlı münasibətini nəzərə almamış və iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Birinci instansiya məhkəməsi təqdim olunmuş sübutlara işin müəyyən edilmiş halları üzrə tam olaraq düzgün hüquqi qiymət verməmiş, iddianın rədd olunması barədə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi işi hərtərəfli, tam və obyektiv tədqiq etmədən, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmadan, yuxarıda göstərilən işin faktiki hallarına qiymət vermədən qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Şirvan Şəhər Məhkəməsi qətnamə qəbul edərkən məhkəmə qərarlarının əsaslılıq meyarı ilə bağlı mülki prosessual qanunvericiliklə müəyyən edilmiş göstərişlərə riayət etməmiş, bununla da Mülki Prosessual Məcəllənin tələblərinin pozulması ilə nəticələnən qətnaməni qəbul etmişdir. Həmçinin, məhkəmənin müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlməsi, məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması hesab edilməklə, həmin qətnamənin ləğv edilməsi əsaslarından biri kimi çıxış edir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması da məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. İş üzrə iddianın əsaslılığını şübhə altında saxlayan suallara aydınlıq gətirilməsi üçün təkrar ekspertiza təyin edilməli, ekspertizanı aparmış həkimlər və iddiaçını əməliyyat etmiş cərrah həkimlər Cavabdeh və X7 məhkəmə iclasında dindirilməli, iddia tələbinin əsaslılığı tam və hərtərəfli araşdırılmalı və iş üzrə obyektiv qərar qəbul edilməlidir. Lakin birinci instansiya məhkəməsi həmin halları araşdırmamışdır. Birinci instansiya məhkəməsi cavabdeh tərəfindən iddiaçıya 5000 manat pul verilməsini nəzərə almamış və sübut etməmişdir. Əgər cavabdehin cərrahi əməliyyat zamanı hər hansı bir nöqsanı yox idisə, onda iddiaçıya niyə 5000 manat pul verirdi? Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticəsi işin hallarına uyğun gəlmir. Belə ki, cavabdeh tərəfindən aparılmış cərrahi əməliyyat uğurlu olsaydı, iddiaçının nazik bağırsağı iki yerdən deşilməzdi, qarın boşluğu nəcislə, qanla, möhtəviyyatla dolu olmazdı, bağırsaqların damarlarının zədələnməsi qanaxmaya səbəb olmazdı, zədələnmiş bağırsaq hissəsi kəsilib götürülməzdi və iddiaçı təkrar əməliyyata alınmazdı. Apellyasiya məhkəməsinin iclasında iştirak edən İddiaçı apellyasiya şikayətində göstərilənlərə uyğun çıxş edərək bildirdi ki, X3 Mərkəzində əməliyyat olunduqdan sonra onun səhhətində yaranmış problemlərin səbəbi cavabdeh həkimin təqsiri olmuşdur. Bunu onu sonradan əməliyyat etmiş həkim Rəşad Cəfərov da təsdiq etmişdir. Buna görə də o, birinci instansiya məhkəməsi tərəfindən alınmış ekspert rəyi ilə razı deyil. Bundan başqa, həkim səhvi nəticəsində onun səhhətinə zərər vurulması ilə bağlı Şirvan şəhər prokurorluğunda araşdırma aparılsa da, o, həmin araşdırmanın nəticələri ilə də razı deyil. Hesab edir ki, iş üzrə təkrar məhkəmə ekspertizası keçirilsəydi, ilkin ekspert rəyinin doğru olmadığı öz təsdiqini tapardı. Əgər təkrar ekspertiza nəticəsində də onun səhhətində yaranmış problemin həkim səhvi ilə əlaqəli olması öz təsdiqini tapmazsa, o, həmin ekspert rəyi ilə razılaşacaqdır. Bununla yanaşı, qeyd edir ki, hazırkı iş materiallarında olan xəstəlik tarixləri və digər tibbi sənədlər diqqətlə araşdırılarsa, ekspert rəyinin düzgün olmadığı müəyyən olunacaqdır. Ona görə də o, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil3 apellyasiya şikayətində göstərilənlərə uyğun çıxış edərək, ekspert rəyi ilə razılaşmadığını və iş üzrə təkrar məhkəmə ekspertizası keçirilməsinin zəruri olduğunu bildirmişdir. Bununla yanaşı, iş materiallarında olan xəstəlik tarixlərindən və digər tibbi sənədlərdən də göründüyü kimi, ekspert rəyi işin hallarına uyğun deyil. Ona görə də o, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil1 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, iddiaçının apellyasiya şikayətində göstərdikləri əsassızdır. Belə ki, əməliyyatdan sonra iddiaçının səhhətində problemlərin olmasının səbəbi həkim olan cavabdehin səhvi ilə bağlı olmamışdır. Bu hal ekspert rəyi ilə də öz təsdiqini tapır. Ona görə də o, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı iş üzrə iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb və sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan “X11” xəstəxanasının 05 iyun 2023-cü il tarixli, 2508/23 saylı epikrizindən görünür ki, xx.xx.2023-cü il tarixdə İddiaçı ““Heriotomiya. Hernioplastika” əməliyyatından sonrakı vəziyyət. Peritonit. Daxili qanaxma” diaqnozu qoyulmuş, xx.xx.2023-cü ildə endotraxeal anesteziya altında “Relaparatomiya. Sanasiya. Geniş sağtərəfli hemikolektomiya. İleotravsverzoanastomoz. Qarın boşluğunun çoxsaylı drenajı” əməliyyatı icra edilmişdir. Əməliyyatdan sonrakı dövr fəsadsız keçmişdir. xx.xx.2023-cü il tarixdə xəstə kafi vəziyyətdə evə, sonrakı ambulator müalicəyə yazılmışdır. İş materiallarında olan ******* saylı X3 X4 Tibb Kartasından çıxarışda göstərilir ki, xx.xx.1962-ci ildə doğulmuş, ünvan 1 ünvanında yaşayan, təqaüdçü İddiaçı xx.xx.2023-cü il tarixdə stasionara daxil olmuş, xx.xx.2023-cü il tarixdə çıxmışdır. Ona “qarının ön divarının əməliyyatdan sonrakı yırtığı (orta laparotomiya)” diaqnozu qoyulmuşdur. Qısa anamnez, diaqnostik müayinələr, xəstəliyin gedişi, aparılmış müalicə, göndərilmə və çıxarılan zaman xəstənin vəziyyəti: xəstə qarının ön divarında olan, əməliyyat nahiyəsində vaxtaşırı şişkinlikdən, ağrılardan, qəbizlikdən şikayət edir. Deməsinə görə bir neçə il əvvəl mədənin perforasiyasına görə əməliyyat olunmuş əməliyyatın gedişində Nefrektomiya aparılmışdır. Histoloji böyrəyin adenokarsinoması diaqnozu təsdiqlənib. Boyu 180 sm, çəkisi 92.00 kq, dəri, görünən selikli qişaları çəhrayıdır. Xəstəyə xx.xx.2023-cü il tarixdə ümumi endotraxeal narkoz altında “Herniolaparotomiya. Bitişmələrin ayrılması. Yırtıq kisəsinin ləğvi. Yırtıq qapısının alloplastikası” cərrahi əməliyyatı icra olunub. Cərrahi əməliyyatdan sonrakı dövrdə xəstədə köp olmuş, qusmadan sonra nisbi yüngülləşmə olmuşdur. Səhər yoxlaması zamanı xəstə narahat olmuş, A/T 90/60 mm.c.st, nəbz 130 dəq-dir. Xəstə təmizləyici imalə olundu. Nisbi yüngülləşmə oldu. Qarın boşluğunun KT müayinəsi zamanı qarın boşluğunda maye təsdiqləndi. Konsilium aparıldı, relaparotomiya qərara alındı. Xəstə anestezioloq, kardioloq müayinə olundu. Xəstənin qohumlarının təkidi ilə ixtisaslaşdırılmış müayinə və müalicə müəssisəsinə göndərilir. Döş qəfəsinin Rgskopiyası: Ağciyərdə kökətrafı sahənin ağciyər şəkli güclənib. Diafraqma hərəkətlidir. Sinuslar sərbəstdir. Ürək normaldır. EKQ: PS=80. ÜEO N-dır. Sol mədəciyin hipertrofiyası. Çıxarış şöbə müdiri E.S.Kərimov və müalicə həkimi Cavabdeh tərəfindən imzalanmışdır. İş materiallarının 19-cu vərəqində olan “X11”nın xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 15000 manat ödəniş edilmişdir. İş materiallarının 23-cü vərəqində olan “X11”nın xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 5000 manat ödəniş edilmişdir. İşdəki 04 aprel 2024-cü il tarixli, 2(032)-29/2024 saylı məhkəmə baxış iclasının protokolundan görünür ki, həmin məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, iddiaçı onun qardaşıdır. Qardaşı İddiaçı əməliyatından bir gün əvvəl Nəsib doktorun otağına getmiş, onunla danışmışdır. Nəsib doktor ona narahat olmamağı bildirmişdir. O, Nəsib doktora 300 manat pul vermiş, əməliyyatı yaxşı etməyi xahiş etmişdir. Onlar 3 saata yaxın qardaşının əməliyyatdan çıxmasını gözləmişlər. O, bütün prosesləri videoyazıya almışdır. Nəsib doktor əməliyyatı Oktay doktorla bir yerdə etmişdir. Qardaşını palataya yerləşdirdikdən sonra o, Oktay doktora yaxınlaşmış və qardaşının ağrılarının çox olduğunu, qarnında nə isə qaldığından şübhələndiyini bildirmişdir. Sonra onlar lazım olan dərmanları almaq üçün aptekə getmişlər. Daha sonra o, işə getmiş, işdən sonra qardaşına baş çəkməyə gəldikdə qardaşının yenə çox ağrındığını görmüşdür. Tibb bacısı ona ağrıkəsici dərman vurmuşdur. Axşam qardaşının vəziyyəti pisləşmiş, o qədər qusmuşdur ki, hətta ağzından nəcis gəlmişdir. Səhər saat 08:30-da gəlinləri ilə birlikdə xəstəxanaya getmiş, qardaşının qarnının şişdiyini görmüşdür. Həkimə qardaşının qarnının şişdiyini demiş və onun KT olunmasını tələb etmişdir. Nəsib doktor gəlmiş, Oktay doktorla öz aralarında nə isə danışmışlar. Oktay doktor ona narahat olmamağını, xəstəni KT edəcəklərini bildirmişdir. Qardaşı İddiaçı KT olunduqdan sonra onun qarnının içinin tamamilə qan olduğu görünmüşdür. Həkimlər İddiaçı yenidən əməliyyat etmək istəmiş, lakin onlar icazə verməmişlər. Təcili tibbi yardım çağırıb onu Bakı şəhərinə aparmışlar. Onlar Bakı şəhərinə gedərkən Oktay doktor İddiaçı həyat yoldaşını çağırıb onun verdiyi 300 manatı geri qaytarmışdır. Onlar Bakı şəhərinə çatdıqda doktor Rəşad Cəfərov onları qarşılamışdır. Rəşad Cəfərov onlara xəstəxanaya 15000 manat köçürmə etmələrini və xəstənin qarın boşluğunu açacağını, əgər qan xəstənin bağırsaqlarını tutubsa onluq bir şey olmadığını bildirmişdir. İddiaçı bağırsağından 2 metrə yaxın hissəsi kəsilib götürülmüşdür. Əməliyyatdan sonra İddiaçı 4 gün komada qalmışdır. Onu palataya köçürmək üçün xəstəxana 5000 manat ödəniş tələb etmişdir. Onlar Nəsib doktora müraciət etmiş, o da 10000 manat verəcəyini bildirmişdir. Palata xərci olan 5000 manatı Nəsib doktor Səfərov Fərhad doktorun vasitəsilə onlara vermişdir. Nəsib doktor 5000 manatı onlara verdikdən sonra o, Nəsib doktoru bir daha görməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X5” publik hüquqi şəxsinin 17 yanvar 2024-cü il tarixli, KEŞ-992 saylı komisyon ekspert rəyində göstərilir ki, 1962-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: 1-2. Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, İddiaçı xx.xx.2023-cü il tarixdə “X3 Mərkəzi” PHŞ-yə daxil olmuş və ona “Qarının ön divarının əməliyyatdan sonrakı yırtığı” diaqnozu aparılmış müvafiq müayinələrə əsasən düzgün təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq xx.xx.2023-cü il tarixdə “Herniolaparotomiya; Bitişmələrin ayrılması; Yırtıq kisəsinin ləğvi; Yırtıq qapısının alloplastikası” cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyatın texniki icrası zamanı yırtıq qapısına böyük piyliyin bir hissəsi sağ tərəfdə, sol tərəfdə isə yırtıq qapısına nazik bağırsağın bir ilgəyi bitişmişdir. Hər iki təmas nahiyəsi yırtıq qapısından iti və küt üsulla ayrıldıqdan sonra hemostaz aparılmışdır. Əməliyyat sonlandırılmış, həmin gün xəstə reanimasiya şöbəsinə verilmiş və hər hansı bir ağırlaşma olmamışdır. Lakin xx.xx.2023-cü il tarixdə saat 01:00 radələrindən başlayaraq xəstənin səhhətində narahatlıqlar yaranmış və səhərə qədər davam etmişdir. Kompyüter tomoqrafiya müayinəsinə əsasən qarın boşluğunda maye aşkarlanmış və “Relaparotomiya” cərrahiyyə əməliyyatının aparılmasına qərar verilmişdir. Xəstə və yaxınları təkrar əməliyyatdan imtina etmiş və “X11” Klinikasına getmişlər. Qeyd olunanları nəzərə alaraq baş vermiş ağırlaşmanı ilkin cərrahiyyə əməliyyatının texniki qüsuru ilə əlaqələndirmək olmaz. Belə ki, bitişmə xəstəliyi fonunda və bitişmə təması olan nahiyələrdə sonradan nekroz və perforasiya yarana bilər.
3. İddiaçı üzərində xx.xx.2023-cü il tarixdə “X3 Mərkəzi” PHŞ-də aparılmış “Herniotomiya; Hernioplastika” əməliyyatı ilə və xx.xx.2023-cü il tarixdə “X11”da aparılmış “Reloparatomiya; Sanasiya; Geniş sağtərəfli hemikoletomiya; İleotravsverzoanastomoz; Qarın boşluğunun çoxsaylı drenajı” cərrahiyyə əməliyyatları arasında mövcud olan əlaqə ilkin cərrahiyyə əməliyyatda mövcud olan patologiya, yəni daxili orqanların bitişmələri hesabına yaranmışdır.
4. İddiaçı üzərində xx.xx.2023-cü il tarixdə aparılmış cərrahiyyə əməliyyatından sonra onda bitişmə xəstəliyi hesabına nazik bağırsağın və nazik bağırsaq müsariqəsinin nekrozu ilə ağırlaşmış perforasiya qeyd edilmişdir. Bu da təkrar cərrahi yolla aradan qaldırılmışdır. İş materiallarında surəti olan Şirvan şəhər prokurorluğunun xx.xx.2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, İddiaçı müraciəti ilə əlaqədar toplanmış 23-3-2-2-453-2566 283C-23 nömrəli material üzrə Cavabdeh əməlində cinayət tərkibi müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarda araşdırma aparılarkən komisyon məhkəmə-tibb ekspertizasının 28 noyabr 2023-cü il tarixli, 783/KEŞ nömrəli rəyində göstərilmişdir ki, İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı keçirilmiş cərrahiyyə əməliyyatlarının izlərindən başqa, onun bədəni üzərində hər hansı travmatik xəsarət və ya xəsarət izi müəyyən edilməmişdir. Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən İddiaçı xx.xx.2023-cü il tarixdə X3 Mərkəzi PHŞ-yə daxil olmuş və aparılmış müvafiq müayinədən sonra ona “Qarının ön divarının əməliyyatdan sonrakı yırtığı” diaqnozu düzgün təyin edilmişdir. İddiaçı təyin edilmiş diaqnoza əsasən ona operativ müalicə taktikası seçilmiş və üzərində “Herniolaparotomiya. Bitişmələrin ayrılması. Yırtıq kisənin ləğvi. Yırtıq qapısının alloplastikası” cərrahiyyə əməliyyatının aparılması planlaşdırılmışdır. Planlı cərrahiyyə əməliyyatından öncə xəstəyə kliniki, laborator və instrumental müayinələr aparılmışdır. İddiaçı aparılmış müvafiq müayinələrdən sonra onun üzərində icra olunacaq operativ müdaxiləyə hər hansı bir əksgöstəriş olmamışdır. İddiaçı üzərində ilkin cərrahiyyə əməliyyatının aparılmasına tibbi göstəriş olmuşdur. Belə ki, mövcud olan patologiyanın kliniki gedişi, artıq kisənin şişməsi və nazik bağırsağın boğulma ehtimalını nəzərə alaraq bunun qarşısının alınması yalnız cərrahi yolla mümkün idi. İddiaçı üzərində “Herniolaporotomiya. Bitişmələrin ayrılması. Yırtıq kisənin ləğvi. Yırtıq qapısının alloplastikası” cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyatın texniki icrası zamanı yırtıq qapısına nazik bağırsağın bir ilgəyi bitişmişdir. Hər iki təmas yırtıq qapısından iti və küt üsulla ayrıldıqdan sonra hemostaz aparılmışdır. Əməliyyat sonlandırılmış, həmin gün xəstə reanimasiya şöbəsinə verilmiş və hər hansı bir ağırlaşma olmamışdır. Lakin xx.xx.2023-cü il tarixdə, saat 01 radələrindən başlayaraq xəstənin səhhətində narahatlıqlar yaranmış və səhərə qədər davam etmişdir. Aparılmış kompyüter tomoqrafiya müayinəsinə əsasən qarın boşluğunda maye aşkarlanmış və “Relaparotomiya” cərrahiyyə əməliyyatına qərar verilmişdir. Xəstə və yaxınları təkrar əməliyyatdan imtina etmiş və “X11” Klinikasına getmişlər. Beləliklə, qeyd olunanları nəzərə alaraq ilkin cərrahiyyə əməliyyatının texniki icrasından sonra yaranmış patoloji vəziyyət bitişmə xəstəliyi fonunda və yırtıq kisəsinin sərbəstləşdirilmiş nahiyələrində inkişaf etmiş kiçik ölçülü nekrotik sahə sonradan perforasiya ilə dərinləşmişdir. Yaranmış patoloji vəziyyət vaxtında aşkar edilmiş və zəruri olan təkrari əməliyyatın aparılması təklif edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə "X11” Klinikasına daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona “Herniotomiya və hernioplastika əməliyyatından sonrakı vaziyyət (xx.xx.2023). Peritonit. Daxili qanaxma” diaqnozu düzgün təyin edilmişdir. Peritonit və daxili qanaxma səbəbi ilə təkrar cərrahi əməliyyat aparılmışdır. İddiaçı keçirdiyi ilkin cərrahiyyə əməliyyatından sonra yaranmış patoloji vəziyyəti birbaşa ilkin cərrahiyyə əməliyyatının texniki qüsuru ilə əlaqələndirmək olmaz. Belə ki, mövcud olan yırtıq qapısına böyük piyliyin bir hissəsi və nazik bağırsağın bir ilgəyi bitişmişdir. Həmin nahiyələr küt və iti üsulla ayrılmışlar. Bitişmə təması olan nahiyələr sonradan nekroza və perforasiyaya səbəb ola bilərdi. İddiaçı keçirdiyi ilkin cərrahiyyə əməliyyatından sonra onda cərrahi ağırlaşma yaranmış, bu da təkrar əməliyyatının aparılmasına səbəb olmuş və aradan qaldırılmışdır. Tibbi manipulyasiyalarda sağlamlığa zərərvurmanın dərəcəsinin təyini nəzərdə tutulmayıb. İddiaçı aparılmış tibbi müdaxilələr və üzərində icra edilmiş cərrahiyyə əməliyyatları tibbi göstəriş əsasında və səhiyyə sistemində mövcud təlimat qaydalarının tələblərinə uyğun olaraq yerinə yetirmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçının 25 may 2023-cü ildə X3 Mərkəzində həkim işləyən cavabdeh tərəfindən əməliyyat olunması işin mübahisəsiz halıdır. İddiaçı hazırda sağlamlığına vurulmuş xəsarət nəticəsində xəstəxanaya ödədiyi 15000 manat, müalicə və müayinə xərcləri üçün 5000 manat, sağlamlığına vurulmuş ziyan həcmi olaraq 10000 manat pulun ödənilməsini tələb edir. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 57-ci maddəsinə əsasən, vətəndaşların sağlamlığına zərər vurulduqda təqsirkar şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada və həcmdə ziyanı ödəməyə borcludurlar. Vurulan ziyanın ödənilməsi tibb və əczaçılıq işlərini qanunla nəzərdə tutulmuş intizam, inzibati, yaxud cinayət məsuliyyətindən azad etmir. Həmin Qanunun 59-cu maddəsinə əsasən, tibb və əczaçılıq işçiləri öz peşə vəzifələrini lazımi səviyyədə yerinə yetirmədikdə, sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması hallarında qanuna uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1112-ci maddəsinə əsasən, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. MM-in 1118.1-ci maddəsinə əsasən, fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. “"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 aprel 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: 1) törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; 2) törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; 3) ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. Beləliklə, məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər. Birinci instansiya məhkəməsində aparılan icraat zamanı əldə olunmuş 17 yanvar 2024-cü il tarixli, KEŞ-992 saylı komisyon ekspert rəyi ilə iddiaçıya “Qarının ön divarının əməliyyatdan sonrakı yırtığı” diaqnozunun aparılmış müvafiq müayinələrə əsasən düzgün təyin edildiyi, təyin edilmiş diaqnoza uyğun olaraq xx.xx.2023-cü il tarixdə “Herniolaparotomiya; Bitişmələrin ayrılması; Yırtıq kisəsinin ləğvi; Yırtıq qapısının alloplastikası” cərrahiyyə əməliyyatı icra edildiyi, iddiaçının üzərində xx.xx.2023-cü il tarixdə “X3 Mərkəzi” PHŞ-də aparılmış “Herniotomiya; Hernioplastika” əməliyyatı ilə və xx.xx.2023-cü il tarixdə “X11”da aparılmış “Reloparatomiya; Sanasiya; Geniş sağtərəfli hemikoletomiya; İleotravsverzoanastomoz; Qarın boşluğunun çoxsaylı drenajı” cərrahiyyə əməliyyatları arasında mövcud olan əlaqənin ilkin cərrahiyyə əməliyyatda mövcud olan patologiya, yəni daxili orqanların bitişmələri hesabına yarandığı və bunun təkrar cərrahi yolla aradan qaldırıldığı müəyyən edilmiş, qeyd edilmişdir ki, baş vermiş ağırlaşmanı ilkin cərrahiyyə əməliyyatının texniki qüsuru ilə əlaqələndirmək olmaz. İddiaçı apellyasiya şikayətinin əsas dəlili kimi iş üzrə alınan ekspert rəyinin əsassız olmasını iddia edir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Odur ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən iş üzrə alınmış ekspert rəyinə istinad etməklə, MPMin 88-ci, 101.7-ci və 103-cü maddələrinin tələblərinə riayət etmişdir. Bundan əlavə, iş materiallarından göründüyü kimi, İddiaçı Cavabdeh barəsində Şirvan şəhər prokurorluğuna müraciəti ilə əlaqədar aparılmış araşdırma zamanı komisyon məhkəmə-tibb ekspertizasının 28 noyabr 2023-cü il tarixli, 783/KEŞ nömrəli rəyi əldə olunmuş, həmin rəydə də müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə X3 Mərkəzində müvafiq müayinədən sonra iddiaçıya “Qarının ön divarının əməliyyatdan sonrakı yırtığı” diaqnozu düzgün təyin edilmiş, ona təyin edilmiş diaqnoza əsasən operativ müalicə taktikası seçilmiş və üzərində “Herniolaparotomiya. Bitişmələrin ayrılması. Yırtıq kisənin ləğvi. Yırtıq qapısının alloplastikası” cərrahiyyə əməliyyatının aparılması planlaşdırılmışdır. İddiaçı keçirdiyi ilkin cərrahiyyə əməliyyatından sonra yaranmış patoloji vəziyyəti birbaşa ilkin cərrahiyyə əməliyyatının texniki qüsuru ilə əlaqələndirmək olmaz. İddiaçı keçirdiyi ilkin cərrahiyyə əməliyyatından sonra onda cərrahi ağırlaşma yaranmış, bu da təkrar əməliyyatın aparılmasına səbəb olmuş və aradan qaldırılmışdır. İddiaçı aparılmış tibbi müdaxilələr və üzərində icra edilmiş cərrahiyyə əməliyyatları tibbi göstəriş əsasında və səhiyyə sistemində mövcud təlimat qaydalarının tələblərinə uyğun olaraq yerinə yetirmişdir. Hazırkı iş üzrə alınmış 17 yanvar 2024-cü il tarixli ekspert rəyinin xüsusi biliyə malik olan komissiya üzvləri tərəfindən verildiyini, eləcə də, cinayət işi ilə bağlı araşdırma zamanı alınmış 28 noyabr 2023-cü il tarixli ekspert rəyində də eyni nəticələrin öz əksini tapmasını nəzərə alan məhkəmə kollegiyası bildirir ki, hazırkı iş üzrə təkrar məhkəmə ekspertizasının keçirilməsi üçün əsas yoxdur. İddiaçının ağırlaşmadan sonrakı əməliyyatını “X11” Klinikasında icra etmiş Rəşad Cəfərovun ilkin əməliyyat nəticəsində ağırlaşmanın həkim səhlənkarlığından irəli gəlməsi barədə bildirdikləri isə ekspert rəyləri ilə təkzib olunmuşdur. Göstərilənlər onu deməyə əsas verir ki, iddiaçının sağlamlığında baş vermiş ağırlaşma cavabdeh tərəfindən icra olunan ilkin cərrahiyyə əməliyyatının texniki qüsuru ilə əlaqəli olmamış, bununla da həmin ağırlaşmanın cavabdehin təqsiri üzündən baş verməsi müəyyən olunmamışdır. İddiaçı apellyasiya şikayətində cavabdehin ona 5000 manat pul verdiyini, əgər cavabdehin hər hansı bir təqsiri yox idisə, 5000 manat pul verməsinin mümkün olmadığını qeyd etmişdir. Birinci instansiya məhkəməsinin 04 aprel 2024-cü il tarixli iclasında şahid qismində dindirilmiş iddiaçının bacısı Mətanət Məmmədova da ifadəsində qeyd etmişdir ki, palata xərci olan 5000 manatı Nəsib doktor Fərhad Səfərovun vasitəsilə onlara vermişdir. Məhkəmə kollegiyası bildirir ki, həkimin xəstəsi olan şəxsə müəyyən xərclərin qarşılanması ilə əlaqədar pul verməsi onun əməliyyat zamanı səhvlərə yol verməsini təsdiq edən hal olmamaqla yanaşı, humanizm və vicdanlılıq prinsipləri çərçivəsində etdiyi bu cür hərəkət sonradan yalnız bu əsasla həkimin mülki hüquqi məsuliyyətinin yaranması ilə nəticələnə bilməz. Bundan əlavə, məhkəmə kollegiyası bildirir ki, iddiaçı çəkilmiş xərclərlə bağlı 2 qəbz təqdim etmiş, həmin qəbzlərdən birincisi 15000 manat, digəri isə 5000 manat məbləğində köçürmənin edilməsi ilə bağlı olmuşdur. İddiaçının bacısının ifadəsində 5000 manat palata xərcinin məhz cavabdeh tərəfindən onlara verilməsi ilə bağlı bildirdikləri nəzərə alındıqda isə iddiaçının ona ödənilmiş pulun yenidən cavabdehdən tutulmasını tələb etməsinə dair əsaslı şübhə də yaranır. Beləliklə, məhkəmə kollegiyası ilkin əməliyyatdan sonra iddiaçının səhhətində baş vermiş ağırlaşmanın cərrahi əməliyyatın texniki qüsuru ilə əlaqəli olmadığını, bu halın mötəbər sübut olaraq qəbul edilən ekspert rəyi ilə təsdiq olunduğunu, iddiaçının həmin ekspert rəyinin qeyri-mötəbər hesab edilməsi üçün hər hansı başqa mötəbər sübut təqdim etmədiyini, iddiaçının yalnız təkrar ekspertiza keçirilərkən həmin ekspert rəyində də eyni nəticənin veriləcəyi halda bununla razılaşacağını bildirməsini nəzərə alaraq bildirir ki, iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuş, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmamış, düzgün tətbiq etmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun olmuşdur. MPM-in 107-ci və 119.1-ci maddələrini də nəzərə alan məhkəmə kollegiyası bildirir ki, iddia tələbi təmin edilmədiyindən, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi ilə bağlı da birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslandığından, iş üzrə qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin 04 aprel 2024-cü il tarixli, 2(032)-29/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, şikayət verilmədikdə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.