Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1217/2024 23.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X2, (sədrlik edən, məruzəçi), Həşimov Yaşar Xanoğlan oğlu, Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil4, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc pul tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin 2(018)-271/2022 saylı, 04 oktyabr 2022-ci il tarixli qətnaməsindən (hakim M.Məmmədov) cavabdehlər və onların vəkili Vəkil1 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnamə qəbul edildi. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 29500 manat verilmiş borcun və ödənilmiş 126 manat dövlət rüsumunun alınaraq onun xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun cavabdehlər ilə yaxın münasibətləri olmuşdur. Onlar ayrı-ayrı vaxtlarda müxtəlif səbəblərə görə iddiaçıdan borc pul istəmişlər. Səbəb kimi isə faizə borc götürdüklərini və onu qaytarmaq istədiklərini bildirmişlər. Həm də 2018-ci ildə yeznəsi X3 həbs edildiyindən onu qurtarmaq üçün pul lazım olduğunu bildirmişlər. Cavabdehlər iddiaçının torpaqlarını satdığını və onda pul olduğunu bilirdilər. İddiaçı da etibar etdiyinə görə qaytarmaq şərtilə cavabdehlərə 29500 manat borc pul vermişdir. Hətta aralarındakı münasibətlər yaxşı olduğundan onlardan qəbz də almamışdır. Sonradan aradan müəyyən müddət keçdiyi üçün borcunun qaytarılmasını tələb etmişdir. Cavabdehlər iddiaçını şərəfi və ləyaqətini ləkələyən ifadələrlə təhqir etdikləri üçün o, "102” xidmətinə 22 aprel 2021-ci il tarixdə zəng etmiş, onların hərəkətləri barədə məlumat vermişdir. Astara RPŞ-də şikayət araşdırılarkən cavabdehlər yaxınlaşaraq ondan xahiş etmişlər ki, borc pul barədə iddiaçıya qəbz verirlər və iddiaçı da şikayətini geri götürsün. İddiaçı razılaşmış, cavabdehlər də qəbz yazaraq ona vermişlər. Cavabdehlər borclarını könüllü qaytarmaq istəmədikləri üçün iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində cavabdehlərin vəkili və nümayəndəsi Vəkil1 izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. İddiaçı cavabdehlərə qarşı məhkəmədə 2018-2019-cu il tarixlərdə iddia tələbləri qaldırmış, sonunculardan 6500 manat məbləğində və 7000 manat məbləğində pul tələb etmişdir. Hər iki tələb üzrə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmış və həmin qətnamələr yuxarı instansiya məhkəmələrində dəyişdirilmədən saxlanılmışdır. Həmin mülki işlər yuxarı instansiya məhkəmələrində araşdırılarkən belə iddiaçı cavabdehlərdən 29500 manat məbləğində pulu tələb etməmişdir. Lakin sonradan iddiaçının cavabdehlərə şəxsi qərəzliyi yarandığından sonunculara qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmiş və guya cavabdehlərin iddiaçıya 2018-ci il tarixdən 29500 manat məbləğində borcları olduğunu iddia etmişdir. İddia ərizəsinə əlavə edilən qeyd edilən qəbzlər cavabdehlər tərəfindən imzalanmamışdır. Həmçinin qeyd etmişdir ki, iddiaçı 2018-ci il tarixdə borc pulu cavabdehlərdən tələb edə bilməz. Belə ki, Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə əsasən iddiaçı məhkəmədə iddia qaldırılması üçün iddia müddətini ötürmüşdür. Ona görə də, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Astara Rayon Məhkəməsinin 2(018)-271/2022 saylı, 04 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Mübariz Məmmədov) iddia təmin olunmuş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 29500 manat məbləğində olan pulun və ödənilmiş 126 manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi, 16 may 2022-ci il tarixli, 4/398 nömrəli ekspert rəyinin verilməsi üçün ekspertiza xərcini təşkil edən 126 manat məbləğindəki pulun və 04 avqust 2022-ci il tarixli, 4/1050 nömrəli ekspert rəyinin verilməsi üçün ekspertiza xərcini təşkil edən 127 manat məbləğindəki pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat: İddiaçı apellyasiya şikayətinə yazılı qaydada etiraz etmiş, etirazında Astara Rayon Məhkəməsinin 2(018)-27l/2022 saylı, 04 oktyabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçı etirazını onunla əsaslandırmışdır ki, cavabdehlər ondan borc aldıqları pulu könüllü qaytarmadıqları üçün məhkəməyə müraciət etmişdir. Yazılmış qəbzləri özləri imza etmişlər. İmzaların cavabdehlər tərəfindən imza edilməsinin müəyyən edilməsi üçün vəsatətlərinə əsasən iki dəfə məhkəmə tərəfindən ekspertiza təyin edilmiş və ekspert rəylərinə əsasən qəbzlərdə olan imzaların onlar tərəfindən imza edildiyi müəyyən olunmuşdur. Hər iki ekspert rəyi başqa ekspertlər tərəfindən verilmişdir. Ekspert rəyləri kifayət qədər aydın və tamdır, məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilmişdir. Ekspert rəyləri məhkəmədə tədqiq olunmuş və digər sübutlarla qiymətləndirilmişdir. Cavabdehlərin ekspert rəylərinə etiraz etmələrinə heç bir əsas yoxdur. Apellyasiya məhkəməsinin iclasında cavabdehlər Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək, onun təmin edilməsini xahiş etdilər. Həmçinin, bildirdilər ki, iddiaçı tərəfindən təqdim edilmiş əlyazma qəbzlərdə olan imzalar onlara məxsus deyil, onlar iddiaçıdan hər hansı məbləğdə borc almamışlar. Birinci instansiya məhkəməsində aparılan icraat zamanı 2 dəfə məhkəmə-xətşünaslıq ekspertizası keçirilsə də, hər 2 rəydə də sözügedən qəbzlərdəki imzaların onlar tərəfindən icra olunduğu qeyd edilmişdir. Lakin cavabdehlər bildirir ki, bundan sonra lazım olsa 10 dəfə də ekspertiza keçirilməlidir, çünki qəbzlərdəki imzalar onlara məxsus deyil. Həmçinin, onlar qeyd etdilər ki, iddiaçı ilə aralarında əvvəllər də məhkəmə çəkişmələri olmuş, lakin həmin vaxt iddiaçı hazırda tələb etdiyi borc məbləği ilə bağlı hər hansı tələb irəli sürməmiş, bu barədə heç bir şey deməmişdir. İşə cavabdehlər tərəfindən birgə verilmiş apellyasiya şikayəti əsasında baxılmış, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər S.Mayılov, P.Əhmədov, İ.Əsədov) 15 fevral 2023-cü il tarixli qətnaməsi apellyasiya şikayəti təmin edilməmiş, Astara Rayon Məhkəməsinin 2(018)-271/2022 saylı, 04 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya instansiyası məhkəməsində birinci icraat: Cavabdehlər (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və yenidən araşdırılması üçün təkrar apellyasiya baxışın göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası mübahisəni hərtərəfli, tam və obyektiv tədqiq etməmiş və iş üzrə təqdim edilmiş dəlillərə heç bir qiymət verməmişdir. Belə ki, qətnamədə cavabdehlərə aid sübutlara hər hansı formada münasibət bildirilməmişdir. Məhkəmə kollegiyası sübutların araşdırılması və onlara düzgün hüquqi qiymət verilməsindən ibarət vəzifəsini lazimi qaydada icra etməmiş, bu isə qanunsuz və əsassız qətnamənin çıxarılmasına gətirib çıxarmışdır. Bu da öz növbəsində kassatorların hüquqlarının pozulmasına gətirib çıxaran qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Məhkəmə kollegiyası işdə olan ekspert rəyini Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri qaydasında qiymətləndirməmişdir. İşə baxan kassasiya instansiyası məhkəməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin etmiş və Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-202/2023 saylı, 15 fevral 2023-cü il tarixli qətnaməsini ləğv edərək işi yeni apellyasiya baxışına qaytarmışdır. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat: Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1461/2023 nömrəli, 16 noyabr tarixli qətnaməsi ilə Astara Rayon Məhkəməsinin 2(018)-271/2022 saylı, 04 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilərək İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 29500 manat borc pul və 126 manat dövlət rüsumunun əvəzinin geri qaytarılması tələbinə dair iddiası təmin edilməmişdir. Kassasiya instansiyası məhkəməsində ikinci icraat: Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-977/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1461/2023 nömrəli, 16 noyabr tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: c) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Astara Rayon Məhkəməsinin 2(018)-271/2022 saylı, 04 oktyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbi tamamilə əsassızdır. İddiaçı əvvəllər də dəfələrlə cavabdehlərə qarşı müxtəlif məzmunlu iddialarla məhkəməyə müraciət etmiş və demək olar ki, bütün hallarda iddiaları əsassız hesab edilərək təmin edilməmişdir. Belə ki, iddiaçı 31 yanvar 2018-ci ildə Astara Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər X3, Cavabdeh1 və Cavabdeh2 heç bir qanuni əsas olmadan əsassız varlanma nəticəsində 2014-2016-cı illərdə ondan aldıqları 6500 manat pul, borc aldıqları dövrdən hazırkı dövrə kimi həmin pulu özlərində saxlamaqla götürdükləri və ya götürməli olduqları gəlirlərin hesabına 3500 manat pul və dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 10030 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada alınaraq ona verilməsini xahiş etmişdir. Astara Rayon Məhkəməsinin 06 mart 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 6500 manat məbləğində borc pul və 30 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 6530 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada alınması qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdehlər apellyasiya şikayəti vermiş, Şirvan Apellyasiya Məhkəməsinin 08 avqust 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Astara Rayon Məhkəməsinin sözügedən qətnaməsi ləğv edilmiş, həmin qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilsə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin 21 dekabr 2018ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin 08 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilən mülki işdə bütün məhkəmə instansiyalarının qəbul etdikləri aktlar 2018-ci ilə aid olsa da, həmin məhkəmə iclaslarının heç birində, o cümlədən iddiaçı tərəfindən verilmiş şikayətlərdə cavabdehlərin ondan həmin puldan əlavə olaraq 2018-ci ildə, yaxud ondan əvvəlki illərdə 29500 manat borc almaları barədə heç nə qeyd edilməmişdir. Təbii ki, əgər vermiş olsaydı, mütləq göstərərdi. Belə ki, onun hazırkı tələb etdiyi məbləğ o vaxt tələb etdiyi məbləğdən 4 dəfədən çox olan məbləğdir. Bundan başqa, iddiaçı Cavabdeh2 qarşı "verilmiş ərzaq məhsullarının pulunun geri qaytarılması tələbinə dair” iddia ilə 2019-cu ildə yenidən Astara Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin Astara Rayon Məhkəməsinin 13 iyun 2019-cu il tarixli qətnaməsi ilə iddia rədd edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, Astara Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin mülki iş üzrə də hazırkı tələb olunan məbləğ barədə hər hansı bir qeyd edilməmişdir. Cavabdehlər ekspert rəyləri ilə razılaşmır və həmin rəylərin şübhəli olduğunu bildirirlər. Belə ki, ekspertlər həmin saxta qəbzlərdəki saxta imzaların cavabdehlər tərəfindən icra edildiyi barədə rəy vermişlər. Hazırda Cavabdeh2 məhkəmə iclasından sonra ona qarşı edilən haqsızlıqlarla əlaqədar intihara cəhd etməsi səbəbindən Astara Rayon Prokurorluğunda AR Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə araşdırma aparılır. Eləcə də, məhkəmə qətnaməsindən sonra digər Cavabdeh1 psixi durumu pisləşərək "psixi əlamətlərlə müşahidə olunan şizofreniyaya bənzər pozuntu” diaqnozu ilə Astara rayon Mərkəzi xəstəxanası publik hüquqi şəxsində anonim müalicədədir. Cavabdeh tərəf hesab edir ki, iddiaçı ya özü tərəfindən, ya da başqa biri tərəfindən sözügedən qəbzləri yazdırmış və cavabdehlərin əvəzindən onların imzalarına uyğun imzalar çəkdirmişdir. Maraqlıdır ki, iddiaçı xəstəxanada xadimə işlədiyi halda haradan o qədər və əvvəlki iddialarda qaldırdığı məbləğləri heç bir qohumluğu, yaxın münasibəti olmadığı halda tanımadığı şəxslərə borc olaraq vermişdir. O da maraqlıdır ki, iş materiallarının 6 və 7-ci vərəqlərində iki qəbz mövcuddur. İki eyni məzmunlu qəbzin yazılmasının hansı zərurətdən irəli gəlməsi müəyyən edilmir. Bundan başqa, həmin iki qəbzdəki cavabdehlərin adlarının qarşısındakı imzaların özü belə biri digərindən fərqlənir. Eləcə də, həmin qəbzlər əgər həqiqəti əks etdirirsə, hansı səbəbdən həmin qəbzlərdə alınan borcun, əgər alınmışsa, nə vaxt alınacağı və qaytarılacağı qeyd edilməmiş, həmçinin, qəbzdə tarix qoyulmamışdır. Bütün bunlar həmin qəbzlərin ikisinin də saxta olmasından xəbər verir. Cavabdeh tərəf özəl ekspertiza mərkəzində tədqiqat aparılması üçün vəsatət versə də, vəsatət təmin edilməmişdir. Bundan başqa, iddiaçı tərəfindən 3 illik iddia müddəti ötürülmüşdür. Məhkəmə cavabdeh tərəfin təqdim etdiyi sübutları qiymətləndirməmiş, iddiaçı tərəfin verdiyi saxta sübutları isə sübut kimi qəbul edərək sözügedən qətnaməni qəbul etmişdir. Ekspert rəyi məhkəmə üçün məcburi xarakter daşımadığı halda məhkəmə tamamilə şübhəli olmaqla həqiqəti özündə əks etdirməyən ekspert rəylərini əsas götürərək qətnamə qəbul etmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə prosesində iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kollegiyanın iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) Vəkil4 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kollegiyanın iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdehlər verdikləri apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişlər. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehlərə münasibətdə tam yохlanılmasını düzgün hеsab еdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 380-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-977/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1461/2023 nömrəli, 16 noyabr tarixli qərarına əsasən apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilmiş və yeni baxışa qaytarılmışdır. Belə ki, iş materiallarının 6-cı və 7-ci vərəqlərində olan əlyazma qəbzlərdə kiril əlifbası ilə "Mən Cavabdeh1 və qızım Cavabdeh2 Sücaət qızı 2018-ci il tarixdə Astara şəhəri Qum küçəsində yaşayan İddiaçı ayrı-ayrı vaxtlarda ümumilikdə 29 min 500 manat borc pul almışam” sözləri icra edilmiş, mətnin aşağısında isə kiril əlifbası ilə "Cavabdeh1 q.” sözlərinin qarşısında "imza” qeyd edilərək imza icra olunmuş, onun aşağısında isə "Cavabdeh2 Sücaət q.” sözlərinin qarşısında "imza” qeyd edilərək imza icra olunmuşdur. Ən sonda isə "AZE 18530928” və "aA 0878995” yazıları icra olunmuşdur. Əvvəlki apellyasiya baxışında təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizası üzrə ekspert Zaur Nəsirov tərəfindən rəy verilmişdir. İş materiallarında olan məhkəməxətşünaslıq ekspertizasının 4/398 saylı, 16 may 2022-ci il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 2(018)-271/2022 nömrəli mülki işin 6-cı və 7-ci vərəqələrində olan "Mən husejnova Nazilə Məçid qızı...” yazıları ilə başlayıb "... AZE 185309** AA ***8995” yazıları ilə qurtaran qəbzlərdəki "husejnova Nazilə Məçid q” yazıları önündəki imzalar Cavabdeh1 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş 2(018)- 271/2022 nömrəli mülki işin 6-cı və 7-ci vərəqələrində olan "Mən husejnova Nazilə Məçid qızı...” yazıları ilə başlayıb "... AZE 185309** AA ***8995” yazıları ilə qurtaran qəbzlərdəki "husejnova Kulnur Suçaət q” yazıları önündəki imzalar Cavabdeh2 Sücaət qızı tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş 2(018)-271/2022 nömrəli mülki işin 6-cı və 7-ci vərəqələrində olan "Mən husejnova Nazilə Məçid qızı...” yazıları ilə başlayıb "... AZE 185309** AA ***8995” yazıları ilə qurtaran qəbzlərdəki yazılar Cavabdeh1 tərəfindən yox, Cavabdeh2 Sücaət qızı tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 126 manat təşkil edir. Cavabdehlər sonradan iş üzrə təkrar məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməsi barədə vəsatət vermişlər. Astara Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Təyin edilmiş təkrar məhkəmə-xətşünaslıq ekspertizası üzrə ekspert Nəsimi Əfəndiyev tərəfindən rəy verilmişdir. İş materiallarında olan məhkəmə-xətşünaslıq ekspertizasının 4/1050 saylı, 4 avqust 2022-ci il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş mülki işin 6-7-ci vərəqlərində Cavabdeh1 və Cavabdeh2 Sücaət qızının adlarından olan borc qəbzlərində "husejnova Nazilə Məçid q.” sözlərinin qarşısındakı imzalar Cavabdeh1 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş mülki işin 6-7ci vərəqlərində Cavabdeh1 və Cavabdeh2 Sücaət qızının adlarından olan borc qəbzlərində "husejnova Kulnur Suüaət q.” sözlərinin qarşısındakı imzalar Cavabdeh2 Sücaət qızı tərəfindən icra olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 127 manat təşkil edir. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1217/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Həmin qərardad əsasında tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 4/1458 nömrəli ekspert rəyindən görünür ki, nəticənin «1.» bəndində göstərilən tədqiq olunan yazıları və imzaları Cavabdeh2 xətt və imza nümunələri ilə; nəticənin «2.» bəndində göstərilən tədqiq olunan yazıları və imzaları Cavabdeh1 xətt və imza nümunələri ilə müqayisə etdikdə ümumi və xüsusi əlamətlərdə həmin cədvəldə gəstərilən fərqlər müəyyən olundu, Cədvəldə («Fərqlər») göstərilən fərqlər dəyərli və əhəmiyyətli olub, hər bir şəxs üçün ayrı- ayrılıqda elə müxtəlif məcmular təşkil edirlər ki, bu da nəticənin «1.» bəndində göstərilən tədqiq olunan yazıların və imzaların Cavabdeh2 tərəfindən yox, başqa şəxslər tərəfindən; nəticənin «2.» bəndində göstərilən tədqiq olunan yazıların və imzaların Cavabdeh1 tərəfindən yox, başqa şəxslər tərəfindən icra olunması fikrinə gəlmək üçün kifayət qədər əsas verir. Hazırda məhkəmə kollegiyası qeyd edir ki, işin halları ilə müəyyən edilir ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 739.1-ci maddəsi təşkil edir. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddənin dispozitiv şərtlərindən göründüyü kimi bu müqavilə əsasında borcluya konkret məbləğdə pulun verilməsini sübut etmək öhdəliyini kreditor daşıyır. İddiaçı cavabdehlərə 29.500 manat pulun borc verilməsini onunla əsaslandırır ki, cavabdehlər 29.500 manat pulun ondan borc almalarına dair yazılı qəbz veriblər və bu qəbz onların hər ikisi tərəfindən imzalanmışdır. Məhkəmə tərəfindən keçirilmiş 16 may 2022-ci il və 23 iyun 2022-ci il tarixli ekspert rəyləri ilə iddiaçının təqdim etdiyi qəbzdəki imzaların Cavabdeh1 və Cavabdeh2 Sücaət qızı tərəfindən icra edildiyi müəyyən edilmişdir. İşə baxan birinci instansiya məhkəməsi qeyd edilən ekspertiza rəylərinə istinad etməklə, bu nəticəyə gəlmişdir ki, 29.500 manat pulun cavabdehlərə borc olaraq verilməsi sübuta yetirildiyindən və cavabdehlər həmin borcun iddiaçıya qaytarılmasını sübut edə bilmədiyindən iddia təmin edilməlidir. Lakin, cavabdehlər iddia tələbinə qarşı etirazlarında, məhkəmə iclaslarında verdikləri izahatlarda, eyni zamanda, birinci instansiya məhkəməsinin qətnaməsindən verdikləri apellyasiya şikayətlərində iddiaçıdan 2018-ci ildə 29.500 manat pul borc almadıqlarını və bunun, yəni 2018-ci ildə iddiaçıdan 29.500 manat pulun borc alınmasının işin hallarına uyğun olmadığını göstərmişlər. Belə ki, cavabdehlərin öz dəlilləri ilə bağlı iş materiallarına əlavə edilmiş sübutlarla təsdiq edilir ki, tərəflər arasında 2018-ci ilə qədər münaqişəli münasibət olmuşdur. Hazırkı iş üzrə icraatdan əvvəl, yəni 31 yanvar 2018-ci ildə iddiaçı İlhamə X1 və hazırkı iş üzrə cavabdehlərə qarşı 6500 manat borc və 3500 manat əldən çıxmış fayda tələbinə dair iddia qaldırmış və qüvvədə olan Şirvan Apellyasiya Məhkəməsinin 8 avqust 2018-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsinə dair Astara Rayon Məhkəməsinin qətnaməsi ləğv edilərək iddianın rədd edilməsi qət edilmişdir. Bu icraatdan sonra 2019-cu ildə İddiaçı hazırkı iş üzrə cavabdehlərə qarşı 7000 manat pul tələbinə dair yenidən iddia qaldırıb. Bu iddia da Astara Rayon Məhkəməsinin 13 iyun 2019-cu il tarixli qətnaməsi ilə rədd edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, Astara Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin işlərə baxılarkən İddiaçı 2018-ci ildə cavabdehlərə qarşı yenidən 29.500 manat pul verməsi və sonuncuların həmin pulu qaytarmaması barədə qeyd edilən iddia ərizələrində, o cümlədən, məhkəmə proseslərində hər hansı bir dəlil irəli sürməyib. Belə ki, digər sübutlar nəzərə alınmadan ekspert rəyinin sübut kimi qəbul edilməsi onu ehtiva edir ki, 2018-ci ilə qədər verilmiş 6500 manat borcun tutulması barədə 31 yanvar 2018-ci ildə iddia qaldıran zaman iddiaçı münaqişəli münasibətdə olduğu, eyni zamanda onun 6.500 manat məbləğində borcunu qaytarmayan və qaytarmaqdan imtina edən şəxslərə 2018-ci ildə daha böyük məbləğdə borc vermişdir. Bundan başqa, təkrar apellyasiya baxışı zamanı məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2587/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarında əks olunan göstərişlərin icrası məqsədilə əlavə ekspertiza təyin etmişdir. Çünki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2587/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarında əks olunmuş hüquqi mövqeyə görə məhkəmələr ekspert rəyi ilə kifayətlənməməli, mübahisəyə digər sübutlarla yanaşı baxılmalı olmasını bildirmişdir. İddiaçının müraciəti əsasında Astara rayon Polis Şöbəsində toplanmış materiallar hazırki müllki işə əlavə edilmişdir. Həmin materiallarda iddiaçının tələb etdiyi borcun cavabdehlər tərəfindən etirafı ilə bağlı izahat və qəbzlər vardır. İddiaçı da həmin sənədlərə əsaslanaraq hazırki iddianı qaldırmışdır. Lakin, məhkəmə iclasında iştriak edən cavadeh Cavabdeh2 iş materiallarında olan qəbz və izahatlarda olan yazıların və imzaların onun tərəfindən icra edilmədiyini, ümumiyyətlə polis şöbəsində həmin məzmunda izahatın verilmədiyini və qəbzi imza etmədiyini bildirmişdir. Xüsusilə qeyd edilməlidir ki, iş materiallarında olan İddiaçı DİN 102 xidmətinə etdiyi müraciətin baxılmasının nəticələrinə dair Astara RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı Vüqar Mirzəyevin tərtib etdiyi xx.xx.2021-ci il tarixli arayışın məzmunundan görünür ki, İddiaçı DİN 102 xidmətinə müraciəti pul tələbi ilə bağlı deyil, cavabdehlərin onu təhqir etməsi ilə bağlı olmuş və araşdırma həmin istiqamətdə aparılmışdır. Bu baxımdan 29500 manat borcun olmasına dair izahat və qəbzlərin cavabdehlər tərəfindən yazılıb-yazılmadığını və həmin sənədlərdə olan imzaların onlara məxsus olubolmadığını müəyyən edilməsi zərurəti yaranmışdır. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1217/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı əsasında tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 4/1458 nömrəli ekspert rəyindən görünür ki, tədqiq olunan yazıların və imzaların Cavabdeh2 və Cavabdeh1 tərəfindən yox, başqa şəxslər tərəfindən icra olunması fikrinə gəlmək üçün kifayət qədər əsas verir. Onu da qeyd etmək lazımdır ki, sonuncu ekspertiza ilə tədqiq olunan qəbzlər ilə əvvəlki (birinci instansiya zamanı keçirilmiş) ekspertiza ilə tətqiq olunan qəbzlər fərqli qəbzlərdir. Məhkəmə kollegiyası ekspertiza rəylərində fərqli nəticələrin olması və hansı rəyin daha qəbul edilən olması ilə bağlı onu qeyd edir ki, iddiaçının marağına uyğun əvvəlki (birinci instansiyada aparılan icraat zamanı keçirilmiş) ekspertiza rəyini sübut kimi qəbul edilmiş olsa belə, bu hal iddianın əsaslı hesab olunması ilə nəticələnməyəcəkdir. Başqa sözlə, sonuncu ekspertizanın mənfi nəticələri nəzərə alınmasa belə, bu hal iddianın əsaslığı nəticəsini doğurmayacaqdır. Çünki, yuxarıda qeyd edildiyi kimi digər sübutlar nəzərə alınmadan yalnız ekspert rəyinin sübut kimi qəbul edilməsi onu ehtiva edir ki, 2018-ci ilə qədər verilmiş 6500 manat borcun tutulması barədə 31 yanvar 2018-ci ildə iddia qaldıran zaman iddiaçı münaqişəli münasibətdə olduğu, eyni zamanda onun 6.500 manat məbləğində borcunu qaytarmayan və qaytarmaqdan imtina edən şəxslərə 2018-ci ildə daha böyük məbləğdə borc vermişdir. Bu isə ağlabatan və inandırıcı olmamaqla yanaşı, digər subutlarla öz təsdiqini tapmır. Buna görə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Beləliklə, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Mülki Prosessual Məcəllənin 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadıqda məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 385.1.3-cü maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 389-cu maddəsinə əsasən, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 119.1-ci mаddəsində deyilir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münаsib оlаrаq işdə iştirаk edən şəxslərə аid edilir. İddia təmin edilmədiyindən ödənilmiş iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 126 manat dövlət rüsumu iddiaçının özünə aid edilir. Eyni zamanda apellyasiya və kassasiya şikayətlərinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş dövlət rüsumlarının əvəzi 126 manat pul məbləği iddiaçıdan tutularaq müştərək qaydada cavabdehlərə ödənilməlidir. Həmçinin iddia təmin edilmədiyindən 16 may 2022-ci il tarixli, 4/398 nömrəli ekspert rəyinin verilməsi üçün ekspertiza xərcini təşkil edən 126 manat məbləğindəki pulun, 04 avqust 2022-ci il tarixli, 4/1050 nömrəli ekspert rəyinin verilməsi üçün ekspertiza xərcini təşkil edən 127 manat məbləğindəki pulun və xx.xx.2024-cü il tarixli ekspert rəyinin verilməsi üçün ekspertiza xərcini təşkil edən 126 manat məbləğindəki pulun İddiaçı alınaraq dövlət büdcəsinə ödənilməlidir. Apelyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar qeyri-mötəbər və ziddiyyətli sübutlarla təsdiq edildiyindən və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından, eləcə də prosessual hüquq normalarının pozulması da düzgün olmayan qətnamənin çıxarılmasına səbəb olduğundan cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdehlər tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilsin. Astara Rayon Məhkəməsinin 2(018)-271/2022 saylı, 04 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 29500 manat borc pul və 126 manat dövlət rüsumunun əvəzinin geri qaytarılması tələbinə dair iddiası təmin edilməsin. 16 may 2022-ci il tarixli, 4/398 nömrəli ekspert rəyinin verilməsi üçün ekspertiza xərcini təşkil edən 126 manat məbləğindəki pul, 04 avqust 2022-ci il tarixli, 4/1050 nömrəli ekspert rəyinin verilməsi üçün ekspertiza xərcini təşkil edən 127 manat məbləğindəki pul, və xx.xx.2024-cü il tarixli ekspert rəyinin verilməsi üçün ekspertiza xərcini təşkil edən 126 manat məbləğindəki pul İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatının kodu:142595, büdcə səviyyəsinin kodu:3, hesab: AZ34CTRE******************) köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1217/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1217/2024
23.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver