Məhkəmə qərarları › İş №2(106)-1233/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1233/2024

10.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1233/2024 10.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X4 ibarət məhkəmə tərkibində, X9 oğlunun katibliyi, İddiaçı nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin 2(018)-494/2024 saylı 02 may 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh verilmiş borca görə 6300 manat məbləğdə pul vəsaitinin və ödənilmiş 83 manat 40 qəpik dövlət rüsumunun alınaraq ona verilməsini xahiş etmişdir. İddiaçı iddia həcminin artırılması barədə ərizə ilə müraciət edərək Cavabdeh verilmiş borca görə 6300 manat pulun və ödənilmiş 83 manat 40 qəpik dövlət rüsumunun və hüquqi yardma görə ödənilmiş 300 manatın, ümumilikdə 6683 manat 40 qəpik məbləğdə pul vəsaitinin alınaraq ona verilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə əvvəllər yaxın münasibəti olmuşdur. Cavabdeh 05 iyul 2023-cü il tarixdə İddiaçı 18 iyul 2023-cü il tarixdə qaytarmaq şərti ilə 6300 manat borc pul istəmişdir. İddiaçı da həmin tarixdə Cavabdeh 6300 manat məbləğdə borc pul vermişdir. Cavabdeh bu barədə ona yazılı qəbz də vermişdir. Ancaq Cavabdeh vədinə əməl etməmiş hal-hazıra kimi ona olan borcunu qaytarmamışdır.Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iş üzrə mübahisələndirilən hadisə vaxtı Gülnardan sələmə pul götürmüşdür. Bundan sonra ona məlum olmuşdur ki, Gülnar yüksək faizə borc pul verir. Hazırda ona 6300 manatı qaytarmış və heç bir borcu qalmamışdır. Astara Rayon Məhkəməsinin 02 may 2024-cü il tarixli 2(018)-494/2024 saylı qətnaməsi ilə (hakim Mübariz Məmmədov) iddia təmin edilərək Cavabdeh verilmiş borca görə 6300 manat məbləğində və ödənilmiş dövlət rüsumuna görə 83 manat, 40 qəpik məbləğində pulun alınıb, İddiaçı verilməsi qət edilmiş, məhkəmənin iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə Astara Rayon Məhkəməsinin 02 may 2024-cü il tarixli 2(018)- 494/2024 nömrəli qətnaməsində buraxılmış yanlışlıqlar düzəldilərək qətnamənin nəticə hissəsində qeyd edilən “Cavabdeh verilmiş borca görə 6300 (altı min üç yüz) manat məbləğdə pul vəsaitinin və ödənilmiş dövlət rüsumuna görə 83 (səksən üç) manat, 40 (qırx) qəpik pulun alınıb, İddiaçı verilsin” sözlərinin “Cavabdeh verilmiş borca görə 6300 (altı min üç yüz) manat pulun, ödənilmiş dövlət rüsumuna görə 83 (səksən üç) manat, 40 (qırx) qəpik və hüquqi yardıma görə ödənilmiş 300 (üç yüz) manatın, ümumilikdə 6683 (altı min altı yüz səksən üç) manat, 40 (qırx) qəpik pulun alınıb, İddiaçı verilsin” sözləri ilə əvəz edilməsi qərara alınmışdır. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə əvvəllər yaxın münasibətdə olmuşlar. Pula ehtiyacı olduğu üçün 05 iyul 2023-cü il tarixdə iş üzrə iddiaçıdan 18 iyul 2023-cü il tarixdə qaytarmaq şərti ilə 5000 (beş min) manat faizlə pul istəmişdir. Həmin tarixdə yazılı qəbz əsasında həmin pul məbləğini ona vermişdir. Götüdüyü 5000 (beş min) manat pul məbləğini 18 iyul 2023-cü il tarixdə İddiaçı əmisi qızı X2 iştirakı və şahidliyi ilə qaytarmışdır. Bu barədə Astara Rayon Məhkəməsində keçirilən iclasda da şahid qismində izahat da verib. İddiaçının nümayəndəsi Vəkil məhkəmə iclasında bildirmişdir ki, apellyasiya şikayəti əsassızdır. Cavadeh rəsmi şəkildə qəbzə imza atmaqla iddiaçıdan 6300 manat məbləğdə borc pul vəsaiti almışdır. Cavabdeh birinci instansiya məhkəməsində də həmin qəbzin mövcudluğunu təsdiqləmişdir. Birinci instansiyasında dindirilən şahid də cavabdehin qohumu olduğuna görə onun lehinə izahat verib. İddiaçının həmin şahidə qarşı da Astara Rayon Məhkəməsində iddiası vardır. Onun şahid qismində ifadəsi mötəbər sayıla bilməz. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi vəkilin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarında olan qəbzdən məlum olur ki, Cavabdeh İddiaçı 05 iyul 2023-cü il tarixdə 18 iyul 2023-cü il tarixdə qaytarmaq şərti ilə 6300 (altı min üç yüz) manat borc pul almış və imzalamışdır. Birinci instansiya məhkəməsində şahid X5 ifadəsində göstərmişdir ki, Cavabdeh onun əmisi qızıdır. Cavabdeh 05 iyul 2023-cü il tarixdə İddiaçı 18 iyul 2023-cü il tarixdə qaytarmaq şərti ilə 6300 manat məbləğdə borc pul almasından məlumat olmuşdur. Ancaq Cavabdeh 18 iyul 2023-cü il tarixdə onun iştirakı ilə İddiaçı olan borcunu qaytarmışdır. MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Kollegiya hesab edir ki, hazırkı iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin əsassız və qanunsuz sayılması üçün yetərli əsas deyildir. MPM-in 81-ci tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 6.2 və 6.3-cü maddələrinə görə fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. MM-in 324.1, 324.2 və 324.3-cü maddələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. MM-in 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. MM-in 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Nəzərə alınmalıdır ki, MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bu baxımdan, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan redaksiyasına əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Habelə MM-in 740-ci maddəsində göstərilir ki, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Kollegiya qeyd edir ki, MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlir, işin müəyyən edilmiş faktiki hallarına, habelə qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə müvafiq düzgün hüquqi qiymət verilmişdir. Ona görə də, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Astara Rayon Məhkəməsinin 2(018)-494/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14, 76, 89, 217, 372, 384, 385, 392-393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin 2(018)-494/2024 saylı 02 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar