Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1244/2025 18.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, Cavabdeh X2 iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı pul tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 2(036)-1220/2025 saylı, 15 may 2025-ci il tarixli qətnaməsindən cavabdeh X6 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya qaydasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X8 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən qeyri - yaşayış sahəsinin icarə müqaviləsi əsasında istifadə etdiyi 150 kv.m. hissəsində sudan istifadəyə görə "Azərsu“ Açıq Səhmdar Cəmiyyətinin Bakı Şəhəri Nəsimi Rayon Sukanal İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 602239 nömrəli akta əsasən xx.xx.2023-cü il tarixə hesablanmış 3862.8 (üç min səkkiz yüz altmış iki manat səksən qəpik) manat məbləğində qalıq borcun və ödənilmiş 69 (altmış doquz) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdeh X1 alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda beş mərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən ümumi sahəsi 513.94 kv.m. təşkil edən qeyri-yaşayış sahəsi onun tam xüsusi mülkiyyətindədir. Notariusda təsdiq edilmiş xx.xx.2023-cü il tarixli icarə müqaviləsinə əsasən, icarəyə verən İddiaçı tərəfindən həmin qeyriyaşayış sahəsinin 150 kv.m. hissəsi xx.xx.2024-cü il tarixədək icarəçi cavabdeh X3 icarəyə verilmişdir. İcarə müqaviləsinin 11-ci bəndinin şərtinə əsasən, kommunal xidmətlərdən (elektrik, qaz. su. istilik, kanalizasiya və telefon abunə) istifadə edilməsinə görə haqlar, habelə şəhərlərarası və ödənişli telefon danışıqları haqqı, o cümlədən, əlavə vergi haqları icarəçi tərəfindən ödənilir. Cavabdeh X6 icarə istifadəsində olan qeyri-yaşayış sahəsində abonent kodu 054433 olmaqla, kafe fəaliyyətini təşkil etmişdir. Müqavilə şərtlərinə uyğun olaraq, həmin kafedə sudan istifadə də daxil olmaqla, bütün kommunal xidmət haqları icarəçi cavabdeh X6 tərəfindən ödənilməlidir. Qeyd edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Bakı Şəhəri Nəsimi Rayon Sukanal İdarəsinin (bundan sonra-"Azərsu“ ASC) nümayəndələri Rəşad Xanlarov, Şaiq Bəbirov və Əlisəfa Xələfov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 602239 nömrəli aktda icarəyə götürülmüş ünvan 2 ünvanda fiziki şəxs X7 tərəfindən kafedə sudan qeyri-qanuni istifadə edilməsi nəticəsində "xxxx"ASC-yə maddi ziyan vurulduğu bildirilmişdir. Akta əsasən, abonent kodu 054433, müqavilə nömrəsi 19090476 olan obyektə baxış keçirilən zaman obyektin sayğacının klapanının bağlı vəziyyətdə olduğu və obyektə məxsus həyətyanı sahədə sayğacı əhatə etməyən d=20 mm-lik su xətti aşkar edilmişdir. Bundan əlavə, obyektin sanitar qovşağında əhali kodunda olan sayğacın 49819184 nömrəli alfası tipli smart kart qurğusundan sudan istifadə edilir. Həmçinin qeyd edilən aktda su təchizatı və kanalizasiya xidmətlərindən qanunsuz istifadə nəticəsində dəymiş maddi ziyan hesablanaraq, 1 kubmetri 1.00 manat qiymətləndirilmiş, 2052 kubmetr sudan və 2052 kubmetr çirkab sudan istifadə edildiyi qeyd edilərək, ƏDV daxil olmaqla xx.xx.2023-cü il tarixə kafenin cəmi 4062.8 manat qalıq borcunun olduğu göstərilmişdir. "xxxx" ASC-nin işçiləri tərəfindən xx.xx.2023-cü il tarixdə aparılmış yoxlama nəticəsində tərtib edilmiş 602239 nömrəli akta əsasən cavabdeh tərəfindən icarəyə götürülmüş qeyri-yaşayış sahəsində xx.xx.2023-cü il tarixə 3862.8 manat borc hesablanmışdır. Aktda yazılanlarla razılaşmayan icarəçi hazırkı iddia ərizəsi üzrə cavabdeh X6 cavabdeh "xxxx" ASC-nə qarşı "aktın ləğv edilməsi və hesablanmış borcun silinməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, adıçəkilən kafe barədə cavabdehin işçiləri tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 602239 nömrəli aktın ləğv edilməsi və akta əsasən kafeyə xx.xx.2023-cü il tarixə hesablanmış 3862.8 (üç min səkkiz yüz altmış iki manat səksən qəpik) manat məbləğində qalıq borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1450/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh "xxxx" ASC-nə qarşı borcun silinməsi tələbinə dair iddiası təmin edilməmişdir. Məhkəmədə araşdırılmasında müəyyən edilmişdir ki, iddiaçı X6 ünvan 3 ünvanında yerləşən, ona mülkiyyət hüququ ilə məxsus, ümumi sahəsi 513.94 kv.m. olan qeyri-yaşayış sahəsinin 150 kv.m. hissəsini sonuncu ilə notarial qaydada bağladığı xx.xx.2023-cü il tarixli icarə müqaviləsi əsasında icarəyə götürmüş, xx.xx.2024-cü il tarixdə həmin müqavilə tərəflərin notarial qaydada qarşılıqlı razılığı ilə ləğv edilmişdir. 10 fevral 2023-cü il tarixli KY232006492 nömrəli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışa əsasən, xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə sayğacın göstəricisinin oxunması zamanı sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının müəyyən edilməsi əsası ilə plandankənar yoxlama təyin edilmiş, xx.xx.2023-cü il tarixdə ünvan 4 ünvanın 109B ilə eynilik təşkil etdiyini təsdiqlədi) ünvanında yoxlama aparılmış, xx.xx.2023-cü il tarixli 602239 nömrəli akt tərtib edilmişdir. Həmin akta əsasən, obyektin su təchizatına və sayğacına baxış keçirilərkən sayğac klapanın bağlı vəziyyətdə olması və ehtiyat su çəninin çıxış vintili bağlı olmasına baxmayaraq, obyektə məxsus həyətyanı sahədə olan tikilinin içərisində sayğacı əhatə etməyən 20 mm-lik diametrli su xətti aşkar olunmuşdur. 12 oktyabr 2023-cü il tarixli ******* 18 nömrəli qanunsuz istifadə fakturasına əsasən, xx.xx.2023-cü il tarixli 602239 nömrəli akta uyğun olaraq, 360 gün üçün 2052 kub metr su. 2052 kub metr çirkab su üçün ƏDV daxil olmaqla, 4104 manat dəymiş ziyan müəyyən edilmiş və abonent haqqında məlumata daxil edilmişdir. Məhkəmə həm də qeyd etmişdir ki, abonent haqqında məlumatda X4 adı qeyd olunsa, iş materialları əsasında təsdiq olunur ki, ünvan 3 ünvanında yerləşən 150 kv.m. sahəli qeyri - yaşayış sahəsi ********** qeydiyyat nömrəli reyestrdən çıxarışa əsasən, xx.xx.2019-cu il tarixdən ona mülkiyyət hüququ ilə məxsusdur və həmin qeyri-yaşayış sahəsi xx.xx.2023-xx.xx.2024-cü il tarixlərdə iddiaçı tərəfindən icarəyə götürülmüşdür. Hazırda mübahisələndirilən yoxlama məhz obyektin icarəçinin istifadəsində olduğu xx.xx.2023-cü il tarixdə aparılmışdır. Eyni zamanda, xx.xx.2023cü il tarixli icarə müqaviləsinin 11-ci bəndində kommunal xidmətlərdən (elektrik, qaz. su. istilik, kanalizasiya və telefon abunə) istifadə edilməsinə görə haqların, habelə şəhərlərarası və ödənişli telefon danışıqları haqqı, o cümlədən əlavə vergi haqlarını icarəçi tərəfindən ödənilməsi şərtləşdirilmişdir. Məhkəmə qətnaməsində eyni zamanda aparılan reyestrdə X4 adının qeyd edilməsinə münasibətdə isə bildirilmişdir ki, "Sudan istifadə Qaydalarımın 8.4-cü bəndinə əsasən, su ilə təchiz olunmuş obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildiyi günədək sudan istifadəyə görə olan borcunu ödəməli, STKM-dən borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) yeni müqavilənin bağlanılması üçün STKM-ə 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən 3 (üç iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə STKM arasında müqavilə bağlanılmalıdır. Göründüyü kimi, su təchizatı və tullantı sularının axıdılması haqqında qanunvericilikdə icarəçinin yeni müqavilənin bağlanılması üçün su təchizatı və kanalizasiya müəssisənə 10 iş günü müddətində yazılı müraciət etmə vəzifəsi təsbit edilmişdir. İddiaçı X6 isə belə bir müraciətin edilməsini təsdiq edən hər hansı sənədi məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda, nəzərə alınmalıdır ki, iddiaçı X6 icarəçi kimi yeni müqavilənin bağlanılması üçün müraciət etməməsinin riskini daşıyır. Həmçinin cavabdeh bu halda yoxlamanı ona məlum olan və müqavilə bağladığı sonuncu şəxs barəsində qeydə aldırmaqda haqlıdır. Məhkəmənin qətnaməsindən iddiaçı X6 apellyasiya şikayəti verməmiş və o, qanuni qüvvəyə minmişdir. Məlumdur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- MPM) 82.3-cü maddəsinin tələbinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qeyd edilməlidir ki, hüquqi nəticəsinə görə iddiaçı X6 Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 1450/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən apelyasiya şikayəti verməməklə, orada müəyyən edilmiş hallarla və gəlinən nəticə ilə razılaşmışdır. Qanuni qüvvəyə minmiş həmin məhkəmə qətnaməsi ilə onun icarəçi olduğu müddətdə “Azərsu" ASC-nin işçiləri tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 602239 nömrəli akta əsasən xx.xx.2023-cü il tarixə sudan istifadəyə görə hesablanmış 3862.8 manat qalıq borcun məhz X6 tərəfindən ödənilməli olması öhdəliyini yaradır. Nəzərə alınmalıdır ki, adıçəkilən obyektdə yoxlama cavabdeh X2 icarə istifadəsində olduğu vaxtda aparıldığına görə icarə müqaviləsinə və "Sudan istifadə Qaydaları"na əsasən, xx.xx.2023-cü il tarixli 602239 nömrəli akt üzrə hesablanmış 3862.8 manat məbləğində borc onun tərəfindən ödənilməlidir. Lakin, onunla cavabdeh X6 arasında yuxarıda göstərilən qeyri-yaşayış sahəsinə dair xx.xx.2023-cü il tarixdə bağlanmış icarə müqaviləsinə xx.xx.2024-cü il tarixdə müddət başa çatdığı üçün xitam verilməsinə baxmayaraq, cavabdeh müqavilə öhdəliklərinə müvafiq olaraq, sudan istifadəyə görə hesablanmış qalıq borcunu könüllü ödəmir. Hesablanmış borc məbləğinin ödənilməsi barədə ona edilmiş şifahi xəbərdarlıqlar nəticə vermədiyinə görə xx.xx.2024-cü il tarixdə cavabdeh X3 yazılı xəbərdarlıq göndərilmişdir. Məlumat üçün bildirir ki, sudan istifadəyə görə hesablanmış 3862.8 manat qalıq borcu tərəflərindən "xxxx" ASC-nə artıq ödənilmişdir. Belə ki, "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxsin Nəsimi Rayon Sukanal İdarəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli 054433 nömrəli üzləşmə aktından görünür ki, sudan istifadəyə və kanalizasiya xidmətinə görə fiziki şəxs X5 xx.xx.2025-ci il tarixə borcu qalmamışdır. Ancaq, cavabdeh X6 adıçəkilən ünvanda təşkil etdiyi kafenin fəaliyyəti dövründə sudan qeyriqanuni istifadə etmədiyini, ona görə də maddi zərər vurmadığını və yaranmış borcun onun tərəfindən ödənilməli olmadığını bildirərək, bu barədə ünvanına "Yazılı xəbərdarlığa etiraz cavab"ı göndərmişdir. Məhkəmə iclasında cavabdeh X6 bildirdi ki, obyekt sahibinin özlərinə aid sayğac var və həmin borc ona aiddir. Həmin borunun yenə də həmin ərazidən keçdiyini ona bildirmişlər. Ona bu barədə bu məsələnin ona aid olmadığını, obyekt sahibinə və "xxxx" ASC-ə aid olduğunu bildirmişlər. Ona görə də iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdi İddiaçı nümayəndəsi və vəkili Vəkil xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə baxış iclasında iştirak etməyəcəyini, lazım olan sübutlarını məhkəməyə təqdim etdiyini və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin 2(036)-1220/2025 saylı, 15 may 2025-ci il tarixli qətnaməsi (hakim Mahmud Orxan) ilə, iddianın təmin edilməsi, cavabdeh X1 3862.80 (üç min səkkiz yüz altmış iki manat səksən qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 69 (altmış doqquz) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh X6 tərəfindən apelyasiya şikayəti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 24 iyul 2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilərək, apellyasiya icraatına qəbul edilmişdir. Cavabdeh X6 apellyasiya icraatı zamanı verdiyi izahatında məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, İmişli Rayon Məhkəməsinin 2(036)-1220/2025 saylı, 15 may 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada iddiaçıya məhkəmə baxış iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə baxış iclasında iştirak etməmiş və iştirak etməmələrinin üzrlü səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prossesual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini iddia tələbinin əsaslı olması ilə əlaqələndirmişdir. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Bakı Kommersiya Məhkəməsinin 23 may 2024-cü il tarixli e-2-2(113)-1450/2024 nömrəli qətnaməsi ilə Bakı Şəhəri Nəsimi Rayon Sukanal İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 602239 nömrəli akta əsasən xx.xx.2023-cü il tarixə hesablanmış 3862.8 (üç min səkkiz yüz altmış iki manat səksən qəpik) manat məbləğində qalıq borcun məhz hazırki iş üzrə cavabdeh X2 təqsiri nəticəsində yaranması sübuta yetirildiyi üçün ddiaçı İddiaçı tərəfindən ödənilmiş həmin borc məbləğinin əvəzi cavabdeh X1 alınaraq iddiaçıya geri qaytarılmalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, iş materiallarında toplanmış və əlavə təqdim edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, hazırkı iddia ərizəsi birinci instansiya məhkəməsi tərəfindən icraata qəbul edilərkən məhkəmə aidiyyəti qaydaları pozulmuş, nəticədə iddia ərizəsinə səlahiyyəti olmayan (hüququ olmayan hakim) məhkəmə tərəfindən baxılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsinin icraata qəbul edilməsi zamanı yol vermiş pozuntuların aydın və anlaşılan olması üçün aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası MPM-nin 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Qeyd edilən maddənin birbaşa mənasından başa düşülür ki, məhkəmələr məhkəmə aidiyyətini müəyyən edərkən üç əsas xüsusiyəti – işdə iştirak edən şəxslərin subyektiv tərkibini (hüquqi, fiziki şəxslər və sahibkarlar), mübahisənin predmetini (iddia ərizəsində və ya ərizədə qoyulan tələbin xarakterini) və hüquq münasibətinin xarakterini (mübahisənin hansı hüquq münasibətindən yaranması, məs, mülki, ailə, iqtisad və.s) yoxlamalıdır. Bununla yanaşı hər üç xüsusiyyət bir-biri ilə birbaşa bağlı olduğundan, məhkəmə aidiyyəti müəyyən edilərkən, onların üçünün də yoxlanılması zəruridir. Halbuki, İmişli Rayon Məhkəməsi Azərbaycan Respublikası MPM-nin “hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanır” prinsipini rəhbər tutaraq, iddia ərizəsini icraata qəbul etsə də, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər arasında yaranan mübahisəyə hansı məhkəmədə baxılmasını (ümumi və ya kommersiya), yəni mübahisənin məhkəmə aidiyyətini nəzərdə tutan prosessual hüquq normalarını pozaraq, mübahisə üzrə işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətinin xarakterini nəzərə almalı olduğu halda, buna əməl etməmiş və qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası hazırkı mülki işi Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsində sadalanan xüsusiyyətlər üzrə araşdıraraq, işin məhkəmə aidiyyəti ilə bağlı aşağıdakı nəticələri müəyyən edir. İddia üzrə mübahisənin predmetinə nəzər yetirdikdə görünür ki, iddiaçı X6 cavabdeh "xxxx" Açıq Səhmdər Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə iddia qaldırmış və Bakı Kommersiya Məhkəməsinin 23 may 2024cü il tarixli e-2-2(113)-1450/2024 nömrəli qətnaməsi ilə iddiası təmin edilməmişdir. Həmin qətnamə ilə Bakı Şəhəri Nəsimi Rayon Sukanal İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 602239 nömrəli akta əsasən xx.xx.2023-cü il tarixə hesablanmış 3862.8 (üç min səkkiz yüz altmış iki manat səksən qəpik) manat məbləğində qalıq borcun məhz hazırki iş üzrə cavabdeh X2 təqsiri nəticəsində yaranması sübuta yetirildiyi üçün İddiaçı iddia tələbi ilə İmişli Rayon Məhkəməsinə müraciət etmişdir. Belə olan təqdirdə, iddia ərizəsində qoyulan tələbin predmeti, iki fərdi sahibkarlıq statusuna malik olan şəxs arasında yaranmış öhdəlik münasibətlərindən irəli gələn mübahisə ilə bağlıdır. Bundan əlavə qeyd edilməlidir ki, hər hansı bir iddia tələbinin yaranmasına subyektlər arasında müxtəlif sahələrdə (ailə, mülki, inzibati, iqtisad və.s) yaranan hüquq münasibətlərinin tənzimlənə bilməməsi səbəb olur. Hazırkı iddia tələbinin hansı hüquq münasibətindən yaranmasının müəyyənləşdirilməsi zamanı nəzərə alınmalı olan diqqətəlayiq əsas, onlar arasında sahibkarlıq fəaliyyətinin realizəsi (iş materiallarında olan şəxsi məlumatlardan görünür ki, həm iddiaçı həm də cavabdeh vergi ödəyicisi kimi qeydiyyatdadır.) zamanı iddiaçı tərəfindən cavabdehə icarə əsasında verilmiş obyektin istifadə olunması zamanı yaranan kommunal xərclərinin ödənilməsi ilə bağlıdır. Göründüyü kimi, iddia tələbi subyektiv tərkibinə, mübahisənin predmeti və hüquq münasibətinin xarakterinə görə ümumi məhkəmədə deyil, kommersiya məhkəməsində baxılmalıdır. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır (Azərbaycan Respublikası MPM-nin 26.1-ci maddəsi). “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 saylı, 18 sentyabr 2020-ci il tarixli qərarının 13-cü bəndində qeyd edilmişdir ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini icraata qəbul edərkən iddia tələbi üzrə tərəflərin subyektiv tərkibini, mübahisənin predmetini və hüquq münasibətlərinin xarakterini nəzərə alınmayaraq, özünü iddia tələbi üzrə baxmağa səlahiyyətli olması qənaətinə gəlməklə prosessual normanın tələblərini pozmuşdur. Halbuki hazırkı tələbə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələrində baxılmalıdır. Beləliklə məhkəmə kollegiyası qeyd edilənlər üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, iddia tələbi üzrə birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə aidiyyat qaydalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iddia tələbinə mahiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməli, apellyasiya şikayəti qətnamənin ləğv edilməklə iddia tələbinin rədd edilməsinə yönəldiyindən, lakin gəlinən nəticənin səlahiyyətli olmayan məhkəmə tərəfindən qəbul edilməsi həmin tələb üzrə yekun hüquqi dəyərləndirmə aparılmasını istisna etdiyindən, qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının və ya prossesual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 24.2, 26, 32, 44.2.2, 263, 264, 400 və 403-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏRARA ALDİ: Cavabdeh X6 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İmişli Rayon Məhkəməsinin 2(036)-1220/2025 saylı, 15 may 2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İş aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə, Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilməmişdirsə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1244/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1244/2025
18.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver